TƏLİM MƏQALƏSİ 30
Sizə aidiyyəti olan qədim peyğəmbərlik
«Səninlə qadın arasına... düşmənçilik qoyacağam» (YAR. 3:15).
NƏĞMƏ 15 Yehovanın İlkinə təzim edək!
İCMAL a
1. Adəmlə Həvvanın günah işləməsindən çox keçməmiş Yehova nə etdi? (Yaradılış 3:15).
ADƏMLƏ Həvvanın günah işləməsindən çox keçməmiş Yehova onların nəslinə ümid vermək üçün vacib bir peyğəmbərlik söylədi. Bu, Yaradılış 3:15 ayəsində yazılıb. (Ayəni oxuyun.)
2. Bu peyğəmbərliyi xüsusi edən nədir?
2 Bu peyğəmbərlik Müqəddəs Kitabın ilk bölməsində yazılıb. Bu, xüsusi peyğəmbərlikdir, çünki Müqəddəs Kitabın digər bölmələri bu və ya digər yolla onunla əlaqəlidir. Spirallı dəftərlərdə spiral bütün səhifələri bir yerdə birləşdirdiyi kimi, Yaradılış 3:15 ayəsi də Müqəddəs Kitabın bütün bölmələrini bir mövzuda birləşdirir. Bu mövzu odur ki, Xilaskar zühur edəcək, İblisi və onun bütün bədxah tərəfdarlarını məhv edəcək b. Yehovanı sevənlər üçün bu, əsl bayram olacaq!
3. Bu məqalədə nə haqda danışacağıq?
3 Bu məqalədə biz Yaradılış 3:15 ayəsindəki peyğəmbərliklə bağlı bu sualları araşdıracağıq: «Ayədəki personajlar kimləri təmsil edir? Bu peyğəmbərlik necə yerinə yetib? Bu bizim üçün hansı əhəmiyyəti daşıyır?»
AYƏDƏKİ PERSONAJLAR KİMLƏRİ TƏMSİL EDİR?
4. «İlan» kimdir və bunu haradan bilirik?
4 Yaradılış 3:14, 15 ayələrində hansı personajlar var? Bu, «ilan», ilanın «övladı», «qadın» və qadının «övladı»dır. Müqəddəs Kitab onların hər birinin kimliyini müəyyən etməyə kömək edir c. Gəlin «ilandan» başlayaq. Şüursuz canlı olan ilan Yehovanın Ədən bağında dediklərini başa düşə bilməzdi. Deməli, burada Yehovanın hökmünə düçar olacaq şüurlu varlıqdan söhbət gedir. Kimdən? Vəhy 12:9 ayəsi onun kimliyinə dair şübhə yeri qoymur. Orada aydın deyilir ki, «qədim ilan» Şeytan İblisdir. Bəs ilanın övladı kimdir?
5. İlanın övladı kimdir?
5 Müqəddəs Kitabda övlad məcazi mənada işlənəndə kiminsə öz düşüncəsi və hərəkəti ilə məcazi atasına bənzədiyi nəzərdə tutulur. Deməli, ilanın övladı Şeytan kimi, Allaha və Onun xalqına qarşı çıxan ruhani varlıqlar və insanlardan ibarətdir. Bura həm Nuh peyğəmbərin dövründə göydəki məskənlərini tərk edib yer üzünə gələn mələklər, həm də ataları İblis kimi davranan şər insanlar daxildir (Yar. 6:1, 2; Yəh. 8:44; 1 Yəh. 5:19; Yhd. 6).
6. Nəyə görə peyğəmbərlikdəki «qadın» Həvva ola bilməz?
6 İndi gəlin peyğəmbərlikdəki «qadının» kimliyini müəyyən edək. Bu, Həvva ola bilməzdi. Nəyə görə? Gəlin cəmi bir səbəbi nəzərdən keçirək. Peyğəmbərlikdə deyilir ki, qadının övladı ilanın başını «əzəcək». Bir az öncə də müzakirə etdiyimiz kimi, ilan ruhani varlıq Şeytandır. Həvvanın qeyri-kamil övladlarından heç biri Şeytanı məhv etməyə qadir deyil. Deməli, söhbət başqa bir varlıqdan gedir.
7. Vəhy 12:1, 2, 5, 10 ayələrinə əsasən, Yaradılış 3:15 ayəsindəki «qadın» kimdir?
7 Yaradılış 3:15 ayəsindəki qadının kimliyi Müqəddəs Kitabın sonuncu bölməsində açıqlanır. (Vəhy 12:1, 2, 5, 10 ayələrini oxuyun.) Bu, adi qadın deyil! Onun ayağı altında ay, başında isə 12 ulduzdan ibarət tac var. O, qeyri-adi bir övlad dünyaya gətirir. Bu, Allahın Padşahlığıdır. Allahın Padşahlığı göydə olduğu üçün «qadın» da göydədir. «Qadın» Yehovanın təşkilatının sadiq ruhani varlıqlardan ibarət səmavi hissəsini təmsil edir (Qal. 4:26).
8. Kim və nə vaxtdan qadının övladının əsas hissəsidir? (Yaradılış 22:15—18).
8 Müqəddəs Kitab həmçinin bizə qadının övladının əsas hissəsini müəyyən etməyə kömək edir. O, İbrahim peyğəmbərin nəslindən gəlməli idi. (Yaradılış 22:15—18 ayələrini oxuyun.) Belə də oldu, İsa Məsih İbrahim peyğəmbərin nəslindən gəldi (Luka 3:23, 34). Lakin övlad adi insandan daha qüdrətli olmalı idi ki, Şeytan İblisi əzib tamamilə məhv etsin. Belə ki, İsanın təxminən 30 yaşı olanda o, Allahın müqəddəs ruhu ilə məsh olundu. Məsh olunanda İsa qadının övladının əsas hissəsi oldu (Qal. 3:16). İsa diriləndən sonra Allah onun başına «şərəf və izzət tacı qoydu» və ona «göydə və yerdə bütün hakimiyyət»i verdi. Onun səlahiyyətinə «İblisin işlərini dağıtmaq» da daxildir (İbr. 2:7; Mət. 28:18; 1 Yəh. 3:8).
9, 10. a) Kimlər və nə vaxtdan qadının övladının bir hissəsi olur? b) İndi nəyi araşdıracağıq?
9 Amma bu övladın ikincidərəcəli hissəsi də var. Onun kimliyi həvari Bulusun yəhudi və qeyri-yəhudi məsh olunmuş məsihilərə dediyi sözlərdən məlum olur. O demişdi: «Əgər Məsihə məxsussunuzsa, onda, həqiqətən, İbrahimin övladısınız və vədə görə varissiniz» (Qal. 3:28, 29). Yehova məsihini müqəddəs ruhla məsh edəndə o, qadının övladının bir hissəsi olur. Deməli, «övlad» İsa Məsihdən və onun 144 000 həmvarisindən ibarətdir (Vəhy 14:1). Onların hamısı Ataları Yehova Allahın xüsusiyyətlərini əks etdirir.
10 Biz Yaradılış 3:15 ayəsində bəhs olunan personajların kimliyini müəyyən etdik. İndi gəlin görək Yehova mərhələli şəkildə bu peyğəmbərliyi necə yerinə yetirdi və bunu bilməyin bizim üçün hansı əhəmiyyəti var.
PEYĞƏMBƏRLİK NECƏ YERİNƏ YETİR?
11. Hansı mənada qadının övladının «dabanı» zədələndi?
11 Yaradılış 3:15 ayəsində yazılan peyğəmbərliyə əsasən, ilan qadının övladının «dabanından» çalmalı idi. Şeytan yəhudiləri və romalıları Məsihi öldürməyə sövq edəndə bu peyğəmbərlik yerinə yetdi (Luka 23:13, 20—24). İnsanın dabanı yaralananda bir müddət ayağını yerə basıb gəzə bilmədiyi kimi, Məsihin ölümü də onun fəaliyyətini bir müddət dayandırdı; onun cansız bədəni üç günə yaxın məzarda qaldı (Mət. 16:21).
12. İlanın başı necə və nə vaxt əziləcək?
12 Yaradılış 3:15 ayəsindəki peyğəmbərliyin yerinə yetməsi üçün İsa məzarda həmişəlik qala bilməzdi. Nəyə görə? Çünki peyğəmbərlikdə deyilirdi ki, övlad ilanın başını əzəcək. Deməli, İsanın dabanının yarası sağalmalı idi. Bu, belə də oldu! Ölümünün üçüncü günü İsa ölməz ruhani varlıq kimi dirildi. Allahın təyin etdiyi vaxtda o, Şeytanı məhv edəcək (İbr. 2:14). Məsihin həmvarisləri onunla birgə ilanın övladının, başqa sözlə, Allahın bütün düşmənlərinin kökünü yer üzündən kəsəcək (Vəhy 17:14; 20:4, 10) d.
BU PEYĞƏMBƏRLİYİN BİZİM ÜÇÜN ƏHƏMİYYƏTİ
13. Nəyə görə bu peyğəmbərliyin yerinə yetməsi bizim üçün əhəmiyyətlidir?
13 Əgər siz Allahın həsr olunmuş xidmətçisisinizsə, bu peyğəmbərliyin yerinə yetməsi sizin üçün də əhəmiyyətlidir. İsa yer üzünə gəldi, Atasının xüsusiyyətlərini mükəmməl surətdə əks etdirdi (Yəh. 14:9). Beləcə, onun vasitəsilə biz Yehova Allahı tanıdıq və sevdik. Həmçinin onun öyrətdiyi təlimlərin, yığıncağa verdiyi göstərişlərin böyük xeyrini görürük. O bizə Allahın bəyəndiyi kimi yaşamağı öyrətdi. İsanın dabanının sancılması, yəni ölməsi hamımızın xeyrinə oldu. İsa diriləndən sonra kamil qurbanlığı, fidyəni Yehovaya təqdim etdi, beləcə, onun qanı bizi bütün günahlardan təmizləyir (1 Yəh. 1:7).
14. Ədən bağındakı peyğəmbərlik nəyə görə dərhal yerinə yetə bilməzdi?
14 Yehovanın Ədən bağında dediyi peyğəmbərlikdən aydın idi ki, bu sözlərin yerinə yetməsi üçün müəyyən vaxt keçməli idi. Qadının vəd edilmiş övladının dünyaya gəlməsi, İblisin öz tərəfdarlarını toplaması və bu iki qrup arasında düşmənçiliyin yaranması üçün vaxt lazım idi. Bu peyğəmbərliyi başa düşməyimiz çox vacibdir. Çünki bu peyğəmbərlikdən Şeytanın idarə etdiyi dünyanın Yehovanın xidmətçilərinə nifrət edəcəyini öyrənirik. Sonralar İsa da şagirdlərini bu barədə xəbərdar etmişdi (Mark 13:13; Yəh. 17:14). Biz xüsusilə də son 100 il ərzində peyğəmbərliyin bu hissəsinin yerinə yetdiyini aydın görürük. Gəlin baxaq.
15. Nəyə görə dünyanın bizə nifrəti artıb, bəs Şeytandan qorxmamağımız üçün hansı səbəbimiz var?
15 İsa Məsih 1914-cü ildə padşah təyin ediləndən qısa müddət sonra Şeytan yer üzünə atıldı. İndi o, yer üzünün hüdudlarından kənara çıxa bilmir və məhvini gözləyir (Vəhy 12:9, 12). Amma o, əl-qolunu yanına salıb gözləmir. Şeytan çarəsizdir, qəzəbdən alışıb-yanır və bütün qəzəbini Allahın xalqının üzərinə tökür (Vəhy 12:13, 17). Elə bu səbəbdən dünyanın Allahın xalqına nifrəti daha da artıb. Bununla belə, Şeytandan və onun tərəfdarlarından qorxmaq üçün heç bir səbəbimiz yoxdur. Əksinə, biz də həvari Bulus kimi əminliklə deyə bilərik: «Allah bizimlədirsə, kim bizə qarşı çıxa bilər?» (Rom. 8:31). Biz Yehovaya tamamilə güvənə bilərik, çünki gördüyümüz kimi, Yaradılış 3:15 ayəsində yazılan peyğəmbərliyin çox hissəsi artıq yerinə yetib.
16—18. Yaradılış 3:15 ayəsini başa düşməyin Körtis, Ursula və Cesikaya hansı faydası olub?
16 Yehovanın Yaradılış 3:15 ayəsindəki vədi üzləşdiyimiz istənilən sınağın öhdəsindən gəlməyə bizə kömək edə bilər. Quamda xüsusi təyinatlı müjdəçi kimi xidmət edən Körtis qardaş deyir: «Həyatımda çətinliklərlə, məni məyus edən hadisələrlə üzləşmişəm və bunlar mənim Yehovaya sədaqətimi sınayıb. Lakin Yaradılış ayəsindəki peyğəmbərliyin üzərində düşünmək səmavi Atama etibarımı möhkəm saxlamağıma kömək edib». Körtis Yehovanın bütün sınaqlarımıza son qoyacağı günü səbirsizliklə gözləyir. 3:15
17 Bavariyada yaşayan Ursula adlı bacı deyir ki, Yaradılış 3:15 ayəsini başa düşməsi sayəsində Müqəddəs Kitabın Allahdan ilham aldığına əmin olub. Həmçinin bacı bütün peyğəmbərliklərin bu peyğəmbərliklə bağlı olduğunu gördü və bu, onu heyran qoydu. Bacı deyir: «Bəşəriyyətin ümidsiz qalmaması üçün Yehovanın dərhal hərəkətə keçdiyini biləndə Ona məhəbbətim daha da artdı».
18 Mikroneziyada yaşayan Cesika deyir: «Həqiqəti tapdığımı anlayanda keçirdiyim hisslər hələ də yadımdadır! Yaradılış 3:15 ayəsində yazılan peyğəmbərliyin yerinə yetdiyini görürdüm. Dərk etdim ki, Allah bizim bu cür əzablı həyat yaşamağımızı heç vaxt istəməyib. Bu peyğəmbərlik mənim bir şeyə də imanımı artırıb: Yehovaya xidmət etdiyim üçün mən indi mümkün olan ən gözəl həyatı yaşayıram, gələcəkdə isə məni bundan da gözəl həyat gözləyir».
19. Peyğəmbərliyin sonuncu hissəsinin də yerinə yetəcəyinə nəyə görə əmin ola bilərik?
19 Gördüyümüz kimi, Yaradılış 3:15 ayəsi hal-hazırda yerinə yetir. Qadının övladının və ilanın övladının kimliyi bəllidir. Qadının övladının əsas hissəsi olan İsa Məsih aldığı daban yarasından sağalıb və əzəmətli, ölməz padşah kimi hakimiyyət sürür. Övladın ikincidərəcəli hissəsini təşkil edən kəslərin seçimi bitmək üzrədir. Peyğəmbərliyin birinci hissəsi yerinə yetdiyi üçün əmin ola bilərik ki, ikinci hissəsi də mütləq yerinə yetəcək, ilanın başı əziləcək. Bir təsəvvür edin, Şeytan məhv olunanda sadiq insanlar necə rahat nəfəs alacaqlar! Həmin vaxt yetişənə qədər isə təslim olmayın. Yehovaya etibar edin, O, etibara layiqdir! Yehova qadının övladı vasitəsilə «yer üzünün bütün xalqları»na saysız-hesabsız nemətlər bəxş edəcək (Yar. 22:18).
NƏĞMƏ 23 Padşahlıq hakimiyyəti başladı
a Yaradılış 3:15 ayəsindəki peyğəmbərliyi başa düşməsək, Müqəddəs Kitabda yazılanları tam anlaya bilmərik. Bu peyğəmbərliyi araşdırmaq bizim Yehovaya imanımızı möhkəmləndirəcək və Onun bütün vədlərini yerinə yetirəcəyinə əminliyimizi artıracaq.
b «Yeni Dünya Tərcüməsi»ndə «Müqəddəs Kitabın əsas mövzusu» adlı B1 əlavəsinə baxın.
c «Yaradılış 3:14, 15 ayələrindəki personajlar» adlı çərçivəyə baxın.
d « Yaradılış 3:15 ayəsindəki peyğəmbərliyin icrası» adlı çərçivəyə baxın.