Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

İsa Məsih «elə bilməyin ki, mən yer üzünə sülh gətirməyə gəlmişəm» deyəndə nəyi nəzərdə tuturdu?

İsa Məsih insanların bir-biri ilə sülhdə olmasını təbliğ edirdi. Amma bir dəfə o, həvarilərinə belə demişdi: «Elə bilməyin ki, mən yer üzünə sülh gətirməyə gəlmişəm. Mən yer üzünə sülh yox, qılınc gətirməyə gəlmişəm. Mən oğulu atadan, qızı anadan, gəlini qayınanadan ayırmağa gəlmişəm» (Mət. 10:34, 35). İsa Məsih bu sözlərlə nəyi nəzərdə tuturdu?

O, ailə üzvlərini bir-birindən ayırmaq istəmirdi, amma bilirdi ki, təlimləri bəzi ailələrdə parçalanma yaradacaq. Buna görə də vəftiz olunub Məsihin şagirdi olmaq istəyən insan gözə almalıdır ki, imanda olmayan həyat yoldaşı və ya digər ailə üzvü ona qarşı çıxa bilər və bu zaman Məsihin təlimlərinə sadiq qalmaq asan olmaya bilər.

Müqəddəs Kitab məsihiləri «hamı ilə sülhdə olmağa» səsləyir (Rom. 12:18). Amma bəzi ailələrdə İsanın təlimləri «qılınc» kimi olur: ailənin bir üzvü Məsihin təlimlərini qəbul edir, digərləri isə buna qarşı çıxır. Bu zaman həqiqəti öyrənən insanın qohumları, yəni öz evindəkilər onun «düşməni» olur (Mət. 10:36).

Dini cəhətdən bölünmüş ailədə yaşayan məsihilər bəzən Yehovaya və İsaya sədaqətlərini sınayan vəziyyətlərlə üzləşirlər. Məsələn, məsihinin imanına şərik olmayan qohumları onu dini bayramları qeyd etməyə təşviq edə bilər. Bu zaman o kimi razı salacaq? İsa Məsih demişdi: «Atasını ya anasını məndən çox istəyən mənə layiq deyil» (Mət. 10:37). Əlbəttə, o demək istəmirdi ki, ona layiq olmaq üçün şagirdləri valideynlərini daha az sevməlidirlər. Onun sözünün canı o idi ki, şagirdləri həyatda nəyə üstünlük verməli olduqlarını bilməlidirlər. İmanımıza şərik olmayan ailə üzvlərimiz bizim Yehovaya ibadət etməyimizə mane olsa da, biz onları yenə də sevirik, amma başa düşürük ki, Allaha sevgimiz hər şeydən üstündür.

Söz yox ki, ailə tərəfindən təqiblə üzləşmək insana çox ağır gəlir. Amma İsanın sözlərini unutmamalıyıq: «İşgəncə dirəyini götürüb mənim ardımca gəlməyən mənə layiq deyil» (Mət. 10:38). Başqa sözlə, məsihilər ailə tərəfindən üzləşdikləri təqiblərə Məsihin davamçılarının dözməli olduğu sınaqlardan biri kimi baxırlar. Eyni zamanda onlar ümid edirlər ki, gözəl davranışları imanlarına şərik olmayan ailə üzvlərinin ürəyini yumşaldacaq və onların da Müqəddəs Kitaba marağı yaranacaq (1 But. 3:1, 2).