Bioqrafiya
İnsana diqqət göstərmək sonsuz nemətlər gətirir
«ANQLİKAN kilsəsi həqiqəti öyrətmir. Həqiqəti axtarmağa davam et». Bu sözləri həmin kilsənin üzvü olan nənəm anama demişdi. Bundan sonra anam həqiqi dini axtarmağa başladı. Amma o, Yehovanın Şahidləri ilə danışmaq istəmirdi. Hətta mənə də demişdi ki, onlar evimizə gələndə gizlənim. Biz Kanadanın Toronto şəhərində yaşayırdıq. 1950-ci ildə anamın kiçik bacısı Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırmağa başladı. Anam da ona qoşuldu. Onlar xalamgildə dərs keçirdilər. Bir müddət sonra onlar vəftiz olundular.
Atam kilsə ağsaqqalı idi. Buna görə də hər bazar bacımla məni kilsənin nəzdində olan məktəbə göndərirdi. Daha sonra saat 11-də onunla birlikdə kilsə xidmətinə gedirdik. Günorta isə anam bizi ibadət evinə aparırdı. Biz bu iki dinin arasındakı fərqi çox aydın görürdük.
Anam yeni etiqadı barədə çoxdandır dostluq etdiyi Bob və Merion Haçeson ailəsinə danışdı. Onlar da Yehovanın Şahidi oldular. Bob və Merion 1958-ci ildə məni üç oğulları ilə birlikdə Nyu-York şəhərində keçirilən toplantıya apardılar. Bu, səkkiz gün davam edən «Allahın iradəsi» adlı beynəlxalq toplantı idi. İndi başa düşürəm ki, məni özləri ilə aparmaq üçün onlar nə qədər zəhmət çəkiblər. Bu toplantı həyatımda ən yadda qalan hadisələrdən biri oldu.
GÖRDÜYÜM QAYĞI GƏLƏCƏYİMƏ İSTİQAMƏT VERDİ
Yeniyetməlik illərimdə biz fermada yaşayırdıq. Heyvanlara qulluq etməkdən xoşum gəlirdi. Buna görə də ağlıma qoymuşdum ki, baytar olacağam. Anam bunu yığıncağımızdakı ağsaqqala dedi. Qardaş mənimlə mehriban danışıb izah etdi ki, biz axırzamanda yaşayırıq (2 Tim. 3:1). Soruşdu ki, illərimi universitetə sərf etməyim Yehova ilə münasibətimə necə təsir edəcək? Bu söhbətdən sonra universitetdə təhsil almaq istəyimdən vaz keçdim.
Amma hey fikirləşirdim ki, orta məktəbi bitirəndən sonra hansı işin qulpundan yapışım. Düzdür, hər həftəsonu xidmətə çıxırdım. Amma təbliğ etməkdən xoşum gəlmirdi və öncül olmaq fikrim yox idi. İmanıma şərik olmayan atam və əmim mənə deyirdilər ki, Torontoda aparıcı bir sığorta şirkətində işə düzəlim. Əmim orada yüksək vəzifədə işləyirdi, buna görə də mən bu işə razılaşdım.
Torontoda olanda vaxtımın çoxu işə gedirdi. Həm də imanıma şərik olmayan insanlarla oturub-dururdum. Buna görə də yığıncaqda, xidmətdə müntəzəm iştirak edə bilmirdim. Əvvəl-əvvəl Yehovanın Şahidi olmayan babamla yaşayırdım. O öləndən sonra isə qalmaq üçün başqa yer tapmalı idim.
Bob və Merion mənə övladları kimi yanaşırdılar. Buna görə də onlara köçməyi təklif etdilər. Onlar mənə Yehova ilə dostluğumu möhkəmləndirməyə kömək etdilər. 1960-cı ildə oğulları Con ilə birlikdə vəftiz olundum. Con öncül kimi xidmət etməyə başladı və bu məni təşviq etdi ki, xidmətdə daha çox iştirak edim. Ruhani inkişafım qardaşların diqqətindən yayınmadı. Bir müddət sonra onlar məni Teokratik Xidmət Məktəbinin nəzarətçisi təyin etdilər a.
GÖZƏL HƏMDƏM TAPIRAM VƏ ÖNCÜL XİDMƏTİNƏ BAŞLAYIRAM
1966-cı ildə mən Randi Berclə ailə həyatı qurdum. O, böyük həvəslə öncül kimi xidmət edirdi və tələbat olan əraziyə köçmək arzusunda idi. Səyyar nəzarətçi bizimlə yaxından maraqlanırdı. O bizi təşviq etdi ki, Orilliyadakı (Ontario) yığıncağa kömək edək. Biz dərhal yığışıb ora köçdük.
Orilliyaya köçən kimi mən də Randiyə qoşulub öncül kimi xidmət etməyə başladım. Onun xidmətə olan şövqü artıq məndə də həvəs oyatmışdı. Bir öncül kimi püxtələşməyə çalışdıqca görürdüm ki, Müqəddəs Kitabdan daha yaxşı istifadə edirəm və insanlar həqiqəti dərk edir. Sözsüz ki, buna görə sevinirdim. Ən böyük xoşbəxtlik də o idi ki, Orilliyada yaşayan bir ər-arvada həyatlarını dəyişib Yehovanın xidmətçisi olmağa kömək etmişik.
YENİ DİL, YENİ MƏDƏNİYYƏT
Bir dəfə Torontoya gedəndə Beyteldə xidmət edən Arnold Maknamara adlı qardaşla tanış oldum. O məndən soruşdu: «Xüsusi öncül olmaq istəyərdiniz?» Mən dərhal dedim: «Əlbəttə. Kvebekdən başqa hara desəniz gedərik». Həmin vaxt mən ölkədə olan müəyyən siyasi fikirlərin təsiri altında belə demişdim. Kanadanın ingilisdilli əhalisi Kvebek əyalətində yaşayan fransızdilli əhaliyə pis münasibət bəsləyirdi. O vaxt Kvebekdə müstəqillik uğrunda separatçı hərəkat baş qaldırmışdı.
Arnold dedi: «İndi filial xüsusi öncülləri yalnız Kvebekə təyin edir». Mən dərhal ora getməyə razılıq verdim. Bilirdim ki, orada xidmət etmək Randinin könlündən keçir. Bu bizim həyatda verdiyimiz ən gözəl qərarlardan biri idi.
Biz beşhəftəlik fransız dili kursuna getdik. Sonra isə Randi ilə mən başqa bir ər-arvadla birlikdə Monrealdan təxminən 540 kilometr şimal-şərqdə yerləşən Rimuski şəhərinə yola düşdük. Dili öyrənməyə hələ çox var idi. Bir dəfə yığıncaqda elanları oxuyanda buna daha da əmin oldum. Mən demək istəyirdim ki, növbəti toplantıda çoxlu «avstriyalı qonaqlarımız» olacaq. Amma oxşar səslənən söz işlədib demişdim ki, bizim çoxlu «dəvəquşu qonaqlarımız» olacaq.
Rimuskidə dördümüzlə yanaşı dörd subay bacı və iki qızları ilə birlikdə Hyuberdolar ailəsi xidmət edirdi. Bu ailə yeddi yataq otağı olan böyük bir evi kirayə götürmüşdü və orada yaşayan bütün öncüllər kirayə pulunu ödəməyə kömək edirdi. Biz bu evi «Ağ ev» adlandırırdıq. Çünki bu evin fasadı ağ idi və ağ sütunları var idi. Adətən bu evdə 12—14 nəfər yaşayırdı. Randi ilə mən xüsusi öncül olduğumuz üçün həm səhər, həm günorta, həm də axşam xidmətə çıxırdıq. Buna görə də sevinirdik ki, xidmət etmək üçün həmişə, hətta soyuq qış axşamlarında da əməkdaşımız olurdu.
Bu sadiq öncüllərlə o qədər dostlaşdıq ki, artıq bir ailə kimi idik. Biz tez-tez ocağın ətrafında toplaşırdıq. Bəzən «vareniki günləri» təşkil edirdik. Həmin gün hamımız müxtəlif içlikləri olan varenikilər hazırlayırdıq. Qardaşlardan biri musiqiçi idi, buna görə də çox vaxt şənbə günləri axşam oxuyub oynayırdıq.
Rimuski çox bəhrəli ərazi idi. Beş ilin içində xeyli şagird ruhən inkişaf edib vəftiz olundu. Yığıncaqda təbliğçilərin sayı haradasa 35-ə çatmışdı.
Kvebekdə biz bir təbliğçi kimi püxtələşdik. Yehova bizə həm təbliğ işində dayaq olurdu, həm də maddi ehtiyaclarımızın qeydinə qalırdı. Bundan əlavə, biz fransızdilli insanları, onların dilini, mədəniyyətini sevməyə başladıq. Bunun nəticəsində biz digər mədəniyyətləri də sevməyə başladıq (2 Kor. 6:13).
Gözlənilmədən filial bizə Nyu-Bransuikin şərq sahilində yerləşən Trakadiyə köçməyi təklif etdi. Bu, asan deyildi. Biz təzəlikcə mənzilin kirayəsi ilə bağlı müqavilə imzalamışdıq. Həmçinin məktəbdə həftədə bir neçə saat müəllim işləmək üçün müqavilə bağlamışdım. Bundan əlavə, şagirdlərimizin bəziləri təzəlikcə təbliğçi olmuşdular. İbadət evinin tikintisi də başa çatmamışdı, hələ işin yarısı görülmüşdü.
Bütün həftəsonu bu barədə dua etdik və Trakadinin necə bir yer olduğunu görmək üçün ora getdik. Bura Rimuskidən xeyli fərqlənirdi. Yehova bizim burada olmağımızı istəyirdi, buna görə də bura köçmək qərarına gəldik. Biz Yehovanı sınadıq və gördük ki, O, hər bir maneəni aradan qaldırdı (Məl. 3:10). Həmişəki kimi Randinin ruhən möhkəm olması, fədakarlığı və yumor hissi bizim köçməyimizi asanlaşdırdı.
Yeni yığıncağımızda cəmi bir ağsaqqal var idi. Onun adı Robert Ros idi. O, yoldaşı Linda ilə öncül kimi xidmət edirdi. İlk uşaqları dünyaya gələndən sonra da onlar burada qalmaq qərarına gəldilər. Körpə uşaqları ola-ola onlar bizə qonaqpərvərlik göstərirdilər və təbliğ işində şövqlə çalışırdılar. Bu bizi çox ruhlandırırdı.
TƏLƏBAT OLAN İSTƏNİLƏN ƏRAZİDƏ XİDMƏT ETMƏKDƏN SEVİNC DUYURUQ
Trakadidə iki il öncül kimi xidmət etdik. Sonra isə yenə də bizə gözlənilməz təklif gəldi. Biz səyyar xidmətə dəvət olunduq. Yeddi il ingilisdilli rayonlarda xidmət etdik. Sonra isə Kvebekdə fransızdilli rayona təyin olunduq. Kvebekdəki vilayət nəzarətçimiz Leons Krapo b nitqlərimə görə həmişə məni tərifləyərdi. Amma tərifləyəndən sonra hər dəfə mənə belə bir sual verərdi: «Səncə, nə edə bilərdin ki, nitqin daha praktiki olsun?» Qardaşın şəxsən mənimlə maraqlanması mənə kömək etdi ki, nitqlərim daha konkret və aydın olsun.
Mənim ən yadda qalan təyinatlarımdan biri 1978-ci ildə olub. Həmin vaxt Monrealda keçirilən «Qalib gələn iman» adlı beynəlxalq toplantıda Ərzaq təchizatı şöbəsində xidmət edirdim. Toplantıya 80 000 nəfərin gələcəyi gözlənilirdi. Üstəlik, onlar üçün yeməyi yeni üsulla hazırlamalı idik. Hər şey yeni idi: həm avadanlıq, həm menyu, həm də hazırlanma üsulu. Bizim 20 ədəd böyük soyuducu qoşqumuz var idi. Amma bəzən onlar işləmirdi. Üstəlik, toplantıdan əvvəlki gün stadionda idman tədbiri planlaşdırılmışdı. Buna görə hazırlıq işləri görmək üçün biz gecəyarısından tez stadiona daxil ola bilməzdik. Həmçinin səhər yeməyini hazırlamaq üçün sobaları alaqaranlıqda yandırmalı idik. Hamımız çox yorğun idik. Amma kömək edən bacı-qardaşların zəhmətkeşliyindən, yetkinliyindən, yumor hissindən özüm üçün dərs götürdüm. Biz çox yaxın olduq. Onlarla dostluğumuz indiyə kimi davam edir. Kvebekdə keçirilən bu tarixi toplantıda olmaq böyük bir xoşbəxtlik idi. Axı 1940—1950-ci illərdə bu əyalətdə amansız təqiblər olmuşdu.
Monrealda keçirilən böyük toplantılar zamanı mən digər nəzarətçilərdən çox şey öyrəndim. Bir il toplantı bürosuna hal-hazırda Rəhbərlik Şurasında xidmət edən Deyvid Spleyn qardaş nəzarət
etdi. Növbəti toplantı zamanı həmin məsuliyyət mənə həvalə olunanda Deyvid qardaş mənə canla-başla dəstək oldu.Randi və mən 36 il səyyar xidmətdə olduq. 2011-ci ildə mənə Yığıncaq Ağsaqqalları üçün Məktəbdə müəllim kimi xidmət etmək təklif olundu. Randi ilə mən iki il ərzində 75 çarpayı dəyişmişik. Amma hər bir qurbanı verməyə dəyərdi. Hər həftənin sonunda ağsaqqalların ürəyi minnətdarlıqla dolurdu, çünki görürdülər ki, Rəhbərlik Şurası onların ruhən möhkəm olması üçün çox çalışır.
Sonralar mən Padşahlıq Müjdəçiləri Məktəbində dərs deməyə başladım. Şagirdlər çox vaxt məktəbin sıx qrafikindən yorulurdular. Onlar gün ərzində yeddi saat sinifdə oturmalı idilər, axşam üç saat ev tapşırığını etməli idilər, hələ həftədə dörd-beş dəfə də şagird tapşırıqları var idi. Mən və o biri müəllim şagirdlərə izah edirdik ki, Yehovanın köməyi olmadan onlar bütün bunların öhdəsindən gələ bilməzlər. Şagirdlərin təəccübünü heç vaxt unutmaram: onlar Yehovaya güvənmələri sayəsində mümkünsüz gördükləri şeylərdən də artığını edirdilər.
İNSANLARA ŞƏXSƏN MARAQ GÖSTƏRMƏK SONSUZ NEMƏTLƏR GƏTİRİR
Anam hər kəsə ayrı-ayrılıqda diqqət göstərirdi. Bunun sayəsində onun dərs keçdiyi şagirdlər ruhani cəhətdən inkişaf edirdilər. Hətta atamın da həqiqətə münasibəti yumşaldı. Anam öləndən üç gün sonra atam bizi mat-məəttəl qoydu. O, açıq nitqi dinləmək üçün ibadət evinə gəldi. Atam ta o vaxtdan 26 il ərzində ibadət görüşlərində iştirak etdi. Düzdür, atam heç vaxt vəftiz olunmadı, amma ağsaqqallar deyirdi ki, o, hər həftə yığıncağa hamıdan tez gəlir.
Anam öz övladlarına da gözəl nümunə olub. Bacılarımın üçü də həyat yoldaşları ilə birlikdə Yehovaya sədaqətlə xidmət edir. Onların ikisi filialda xidmət edir: biri Portuqaliyada, biri də Haitidə.
Hal-hazırda Randi ilə mən Hamiltonda (Ontario) xüsusi öncülük. Səyyar xidmətdə olanda biz bacı-qardaşlarla onların təkrar söhbətlərinə, Müqəddəs Kitab dərslərinə gedirdik. Amma indi bizim öz şagirdlərimiz var və onların ruhani inkişafını görmək çox gözəl bir hissdir. Biz yeni yığıncaqdakı bacı-qardaşlarla yaxın dost olmuşuq. Görürük ki, Yehova onlara həm xoş günlərində, həm dar günlərində dayaq olur. Bu bizi çox ruhlandırır.
Bu illər ərzində bizə göstərilən diqqətə, qayğıya görə bütün bacı-qardaşlara çox minnətdarıq. Biz də öz növbəmizdə başqaları ilə ürəkdən maraqlanmışıq, onları Yehovanın yolunda daha çox iş görməyə təşviq etmişik (2 Kor. 7:6, 7). Məsələn, bir ailədə ana, oğul və qızı öncül kimi xidmət edirdi. Mən atadan soruşdum: «Nə vaxtsa öncül olmaq barədə düşünmüsən?» O dedi ki, üç nəfərin öncül kimi xidmət etməsinə dəstək olur. Mən də ona belə bir sual verdim: «Sən onlara Yehovadan daha yaxşı dəstək ola bilərsən?» Bu sözlərlə onu təşviq etdim ki, ailəsinin duyduğu sevinci o da dadsın. Bu söhbətdən altı ay keçməmiş o, öncül oldu.
Randi və mən «gələcək nəslə» Yehovanın «heyrət doğuran işləri» barədə danışmağa davam edirik (Zəb. 71:17, 18). Ümid edirik ki, bizim kimi onlar da Yehovaya xidmətdən sevinc duyacaqlar.
a İndi «Məsihi həyatı və ibadəti görüşü»nün nəzarətçisi adlanır.
b Leons Krapo qardaşın bioqrafiyası «Gözətçi qülləsi» jurnalının 2020-ci il fevral sayının 26—30 səhifələrində yerləşir.