Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 30

Məhəbbətinizi artırın

Məhəbbətinizi artırın

«Gəlin… hər şeydə məhəbbətlə inkişaf edək» (EFES. 4:15).

NƏĞMƏ 2 Yehovadır ismin

İCMAL a

1. Müqəddəs Kitabı araşdırmağa başlayanda hansı həqiqətləri öyrənmişdiniz?

 MÜQƏDDƏS KİTABI ilk öyrəndiyiniz vaxtları xatırlayırsınız? Ola bilsin, Allahın adının olduğunu biləndə təəccüblənmişdiniz. Allahın cəhənnəm odunda insanlara əzab vermədiyini öyrənmişdiniz və ürəyiniz xeyli rahatlaşmışdı. Üstəlik, ümidiniz yaranmışdı ki, yaxınlarınız diriləcək və onlarla birlikdə yer üzündə cənnətdə yaşayacaqsınız.

2. Müqəddəs Kitabı öyrənəndən bəri hansı sahələrdə inkişaf etmisiniz? (Efeslilərə 5:1, 2).

2 Allahın Kəlamını öyrəndikcə Yehovaya məhəbbətiniz artırdı. Bu məhəbbət sizi öyrəndiklərinizə uyğun yaşamağa təşviq etdi. Müqəddəs Kitabdakı prinsiplər əsasında daha yaxşı qərarlar verməyə başladınız. Allahı razı salmaq istədiyiniz üçün düşüncənizdə, davranışınızda dəyişiklik etdiniz. Uşaq valideyninə bənzəməyə çalışdığı kimi, siz də səmavi Atanıza bənzəməyə çalışırdınız. (Efeslilərə 5:1, 2 ayələrini oxuyun.)

3. Hansı sualların üzərində düşünə bilərik?

3 Növbəti sualların üzərində düşünün: «Yehovaya məhəbbətim vəftiz olunanda güclü idi, yoxsa indi? O vaxtdan bəri Yehovaya daha çox bənzəyərək bacı-qardaşlara məhəbbət göstərirəm?» Əvvəlki məhəbbətinizin soyuduğunu hiss edirsinizsə, ruhdan düşməyin. Bu, birinci əsrdəki məsihilərlə də baş vermişdi, amma İsa onlardan ümidini üzmədi. O bizdən də ümidini üzmür (Vəhy 2:4, 7). İsa bilir ki, biz həqiqəti öyrənəndə duyduğumuz məhəbbəti yenidən alovlandıra bilərik.

4. Bu məqalədə nə haqda danışacağıq?

4 Bu məqalədə öyrənəcəyik ki, Yehovaya və insanlara məhəbbətimizi necə artıra bilərik. Sonra isə bunun bizə və başqalarına hansı nemətlər gətirdiyi haqda danışacağıq.

YEHOVAYA MƏHƏBBƏTİNİZİ ARTIRIN

5, 6. Xidməti boyunca Bulus hansı çətinliklərlə üzləşmişdi və Yehovaya xidmətini davam etdirməyə ona nə kömək etmişdi?

5 Həvari Bulus Yehovaya xidmət etməkdən sevinc duyurdu, amma bu o demək deyil ki, onun çətinlikləri yox idi. Bulus tez-tez uzun səyahətlərə çıxırdı. Amma həmin dövrdə səyahət etmək heç də asan deyildi. O, bəzən «çaylarda təhlükə» ilə, «quldurların əlindən təhlükə» ilə üzləşirdi. Hətta elə olurdu ki, düşmənləri onu döyürdü (2 Kor. 11:23—27). Bəzən isə Bulus bacı-qardaşların uğrunda çəkdiyi zəhmətin qarşılığında heç «çox sağ ol» da eşitmirdi (2 Kor. 10:10; Filip. 4:15).

6 Bəs Bulusa xidmətini davam etdirməyə nə kömək etmişdi? O həm Müqəddəs Yazılardan oxuduqlarından, həm də şəxsi təcrübəsindən Yehova haqda çox şey öyrənmişdi. Bulus əmin olmuşdu ki, Yehova Allah onu sevir (Rom. 8:38, 39; Efes. 2:4, 5). Elə o özü də Yehovanı sevirdi. Bunu müqəddəslərə xidmət etməklə göstərirdi (İbr. 6:10).

7. Yehovaya sevgimizi artırmağın bir yolu hansıdır?

7 Biz Allaha sevgimizi necə artıra bilərik? Onun Kəlamını cidd-cəhdlə mütaliə etməklə. Çalışın oxuduğunuz hər hissədən Yehova haqqında nəsə öyrənəsiniz. Növbəti sualların üzərində düşünün: «Bu ayələrdən Yehovanın məni sevdiyi necə görünür? Oxuduğuma əsasən mənim Yehovanı sevmək üçün hansı əsasım var?»

8. Dua Yehovaya məhəbbətimizi artırmağa necə kömək edir?

8 Yehovaya məhəbbətimizi artırmağın digər yolu hər gün dua edib ürəyimizi Ona açmaqdır (Zəb. 25:4, 5). Yehova da dualarımızı cavabsız qoymayacaq (1 Yəh. 3:21, 22). Asiyada yaşayan Kən b adlı bacı deyir: «Əvvəllər Allaha sevgim aldığım biliklərə əsaslanırdı. Amma sonradan Yehovanın dualarıma cavab verdiyini gördükcə Onu ürəkdən sevməyə başladım. Yehovanı sevdiyim üçün istəyirdim Onu razı salan işləri görüm».

İNSANLARA MƏHƏBBƏTİNİZİ ARTIRIN

9. Timutinin bacı-qardaşlara məhəbbətini artırdığı nədən görünürdü?

9 Bulus təbliğ səyahətlərinin birində Timuti adlı bir gənclə tanış olur. Timuti həm Yehovanı, həm də insanları çox sevirdi. Görün Bulus bir neçə il sonra filippililərə Timuti barədə nə demişdi: «Onun kimi can-dildən sizin qeydinizə qalacaq başqa heç kimim yoxdur» (Filip. 2:20). Bulus burada Timutinin natiqlik, təşkilatçılıq qabiliyyətindən danışmırdı. O, Timutinin bacı-qardaşları nə qədər sevdiyini görürdü və elə yəqin ki, onun məhz bu xüsusiyyətinə heyran olmuşdu. Şübhəsiz ki, Timutinin xidmət etdiyi yığıncaqlar onun ziyarətlərini səbirsizliklə gözləyirdilər (1 Kor. 4:17).

10. Anna ilə həyat yoldaşı bacı-qardaşları çox istədiklərini necə göstərmişdilər?

10 Biz də iman bacı-qardaşlarımıza kömək etmək üçün yollar axtarırıq (İbr. 13:16). Gəlin ötən məqalədə adı çəkilən Anna bacının nümunəsinə baxaq. Şiddətli qasırğadan sonra o, yoldaşı ilə birlikdə bir məsihi ailəyə baş çəkdi. Gördülər ki, bu ailənin evinin damı uçub, bu səbəbdən təmiz paltarları da qalmayıb. Anna deyir: «Biz onların paltarlarını evimizə aparıb yuduq, ütülədik, qatladıq və geri qaytardıq. Bu bizim üçün çətin bir şey deyildi. Amma bundan sonra biz həmin ailə ilə möhkəm dost olduq və bu dostluq bu günə qədər davam edir». Anna və həyat yoldaşı bacı-qardaşları sevdikləri üçün onlara kömək etmişdilər (1 Yəh. 3:17, 18).

11. a) İnsanlara məhəbbət göstərməyimiz onlara necə təsir edə bilər? b) Məsəllər 19:17 ayəsinə əsasən Yehova başqalarına məhəbbət göstərməyimizə necə yanaşır?

11 Biz başqalarına xeyirxahlıq və sevgi göstərəndə onlar görürlər ki, biz Yehovaya bənzəməyə çalışırıq. Ola bilsin, onlar bizə heç ağlımıza gəlməyən qədər minnətdar olsunlar. Yuxarıda adı çəkilən Kən ona kömək edən kəsləri xoş hisslərlə xatırlayır. O deyir: «Məni xidmətə aparan bütün bacılara o qədər minnətdaram ki! Onlar gəlib məni evdən götürürdülər, məni qəlyanaltıya və ya nahara dəvət edirdilər və sonra evə gətirirdilər. İndi başa düşürəm ki, bunları etmək üçün onlar nə qədər əziyyət çəkiblər. Üstəlik, bütün bunları ürəkdən edirdilər». Təbii ki, etdiklərimizə görə hər kəs minnətdarlığını bildirməyəcək. Kən ona kömək edənlər barədə belə deyir: «Kaş, mənə etdikləri bu qədər yaxşılığın xəcalətindən çıxa bilərdim. Heyif ki, bu bacıların harada yaşadığını bilmirəm. Amma Yehova bilir və mən dua edirəm ki, Yehova onlara bunun əvəzini versin». Kən haqlıdır. Yehova bizim başqaları üçün etdiyimiz ən xırda yaxşılığı belə görür. O buna dəyərli bir qurban və əvəzini verəcəyi bir borc kimi baxır. (Məsəllər 19:17 ayəsini oxuyun.)

Yehovaya xidmətdə inkişaf edən insan başqalarına kömək etmək üçün yollar axtarır (12-ci abzasa baxın)

12. Qardaşlar yığıncağa sevgilərini necə göstərə bilərlər? (Həmçinin şəkillərə baxın.)

12 Əgər qardaşsınızsa, bacı-qardaşlara məhəbbət göstərmək, onlara kömək etmək üçün nələr edə bilərsiniz? Cordan adlı gənc qardaş bir dəfə ağsaqqalından soruşmuşdu ki, yığıncaq üçün nələr edə bilər. Ağsaqqal onu indiyə kimi etdiyi inkişafa görə təriflədi və daha çox şey edə bilməsi üçün bəzi tövsiyələr verdi. Ona məsləhət gördü ki, ibadət evinə tez gəlib hamını salamlasın. Görüş zamanı şərh versin, təbliğ qrupu ilə müntəzəm olaraq əməkdaşlıq etsin və düşünsün ki, kimə necə kömək etmək olar. Cordan bu məsləhətə əməl etdi. Bunun sayəsində o bu sahələrdə daha da püxtələşdi, ən əsası isə bacı-qardaşları daha çox sevməyi öyrəndi. Cordan başa düşdü ki, hansısa qardaş yığıncaq xidmətçisi olanda o, bacı-qardaşlara kömək etməyə başlamır, buna davam edir (1 Tim. 3:8—10, 13).

13. Kristian adlı qardaş nəyin sayəsində yenidən ağsaqqal ola bildi?

13 Bəs əgər artıq yığıncaq xidmətçisi və ya ağsaqqal kimi xidmət etmirsinizsə, onda necə? Yehova keçmişdə etdiyiniz işləri, göstərdiyiniz məhəbbəti unutmur (1 Kor. 15:58). Elə indi göstərdiyiniz məhəbbət də Onun gözündən yayınmır. Kristian adlı qardaşın ağsaqqal təyinatı dayananda o, çox məyus olmuşdu. Buna baxmayaraq, görün o nə deyir: «Mən qərar verdim ki, ağsaqqal olsam da, olmasam da Yehovaya xidmətdə əlimdən gələni edəcəyəm». Bir müddət sonra o, yenidən ağsaqqal təyin olundu. Kristian sözünə əlavə edir: «Bu təyinatı qəbul etməyə ürək etmirdim. Amma fikirləşdim ki, əgər Yehova mənə yenidən ağsaqqal kimi xidmət etməyi lütf edibsə, onda Onu və bacı-qardaşlarımı sevdiyimə görə bunu edəcəyəm».

14. Gürcüstandan olan bacının sözlərindən nə öyrəndiniz?

14 Yehovanın xidmətçiləri başqa insanları da sevirlər (Mət. 22:37—39). Məsələn, Gürcüstanda yaşayan Elena adlı bacı deyir: «Əvvəllər mən sırf Yehovanı sevdiyim üçün təbliğ edirdim. Amma səmavi Atama məhəbbətim artdıqca insanlara da məhəbbətim artdı. Düşünürdüm: “Onlar hansı problemlərlə üzləşirlər? Hansı mövzular onlara daha maraqlı ola bilər?” Belə düşündükcə onlara kömək etmək istəyim get-gedə artdı» (Rom. 10:13—15).

MƏHƏBBƏT GÖSTƏRMƏK NEMƏTLƏR GƏTİRİR

Bir yaxşı hərəkət çox adama fayda gətirə bilər (15 və 16-cı abzaslara baxın)

15, 16. Şəkillərdə təsvir olunduğu kimi başqalarına kömək etmək hansı nemətlərə yol açır?

15 Bacı-qardaşlara məhəbbət göstərməyimizin təkcə onlara xeyri dəymir. COVID-19 pandemiyası başlayanda Paulo qardaşla yoldaşı yaşlı bacı-qardaşlara kömək edirdilər. Onlar bacı-qardaşlara elektron cihazları vasitəsilə təbliğ etməyi öyrədirdilər. Əvvəl-əvvəl bir yaşlı bacıda bu, heç cür alınmırdı. Amma sonradan o bunu bacardı. Bunun sayəsində bacı qohumlarını anma mərasiminə dəvət edə bildi və onlardan 60-ı videokonfrans vasitəsilə görüşə qatıldı. Paulo ilə yoldaşının çəkdiyi zəhmət sayəsində həm bacı, həm də onun qohumları böyük fayda əldə etdilər. Həmin bacı sonralar Pauloya belə sözlər yazmışdı: «Çox sağ olun ki, yaşlıları öyrədirsiniz. Yehovanın qayğısını və sizin əməyinizi heç vaxt unutmaram».

16 Paulo bu kimi hadisələrdən vacib bir şey öyrəndi: məhəbbət göstərmək bilikli və istedadlı olmaqdan qat-qat vacibdir. O deyir: «Mən bir zamanlar rayon nəzarətçisi kimi xidmət edirdim. İndi anlayıram ki, bacı-qardaşlar nitqlərimi unutsalar belə onlara göstərdiyim köməyi hələ də xatırlayırlar».

17. Məhəbbət göstərməyimiz daha kimə fayda gətirəcək?

17 Başqalarına məhəbbət göstərməklə gözləmədiyimiz nemətlər ala bilərik. Yeni Zelandiyada yaşayan Conatan adlı qardaş bu fikirlə razıdır. Bir dəfə şənbə günü günorta Conatan görür ki, bir öncül qardaş qızmar havada tək təbliğ edir. O, qərar verir ki, növbəti şənbə günləri həmin qardaşla xidmətə çıxsın. Amma heç xəbəri yox idi ki, bu yaxşılığının onun özünə nə qədər xeyri olacaq. Qardaş deyir: «O vaxtlar sahə xidmətini sevmirdim. Amma bu qardaşın necə təlim verdiyinə qulaq asdıqca, xidmətinin nə qədər bəhrəli olduğunu gördükcə təbliğ işi mənə zövq verməyə başladı. Həmçinin mən gözəl bir dost qazandım. O mənə ruhani cəhətdən böyüməyə, təbliğ işini sevməyə və Yehova ilə münasibətimi möhkəmləndirməyə kömək etdi».

18. Yehova nə etməyimizi istəyir?

18 Yehova istəyir ki, Ona və insanlara sevgimiz getdikcə artsın. Öyrəndiyimiz kimi Yehovaya məhəbbətimizi artırmaq üçün Onun Kəlamını oxuyub üzərində düşünməli və müntəzəm olaraq duada Onunla söhbət etməliyik. Bacı-qardaşlara məhəbbətimizi artırmaq üçün isə müxtəlif yollarla onlara kömək etməliyik. Sevgimiz artdıqca biz həm Yehova ilə, həm də ruhani ailəmizlə daha yaxın olacağıq və bu dostluğumuz əbədi sürəcək.

NƏĞMƏ 109 «Bir-birinizi səmimi qəlbdən, hərarətlə sevin»

a Həqiqətə çoxdan və ya təzə gəlməyimizdən asılı olmayaraq, hər birimiz daima inkişaf etməliyik. Bəs bunu necə edə bilərik? Yehovaya və insanlara sevgimizi artırmaqla. Məqalənin mövzusu elə bu barədədir. Oxuyarkən fikir verin ki, hansı sahələrdə inkişaf etmisiniz və hələ nələrin üzərində işləməlisiniz.

b Bəzi adlar şərtidir.