Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 31

«Mətin qalın, sarsılmaz olun»

«Mətin qalın, sarsılmaz olun»

«Əziz qardaşlarım, mətin qalın, sarsılmaz olun» (1 KOR. 15:58).

NƏĞMƏ 122 Mətin qalın, sarsılmaz olun!

İCMAL a

1, 2. Nəyə görə məsihini göydələnə bənzətmək olar? (1 Korinflilərə 15:58).

 1978-Cİ İLDƏ Tokioda 60 mərtəbəli göydələn inşa edilirdi. İnsanları maraqlandırırdı ki, görəsən, bu boyda bina tez-tez baş verən zəlzələlərə necə tab gətirəcək. Mühəndislər binanı elə layihələndirmişdilər ki, o həm möhkəm, həm də elastik olsun və beləcə, seysmik təkanlar zamanı uçmasın. Məsihilər də bu göydələnə bənzəyirlər. Hansı mənada?

2 Məsihi mətin olmalıdır, amma eyni zamanda vəziyyətə uyğunlaşmağı da bacarmalıdır. O, möhkəm və sarsılmaz olmalıdır ki, Allahın qayda-qanunlarına əməl etsin. (1 Korinflilərə 15:58 ayəsini oxuyun.) O, «itaətkardır» və əqidəsindən bir addım belə geri çəkilmir. Eyni zamanda o, «mülayimdir», yəni mümkün, yaxud lazım olduğu halda vəziyyətə uyğunlaşmağı bacarır (Yaq. 3:17). Tarazlı olmağı öyrənən məsihi nə çox sərt olacaq, nə də həddən artıq yumşaq. Bu məqalə bizə mətin və sarsılmaz olmağı öyrədəcək. Həmçinin Şeytanın qətiyyətimizi sındırmaq üçün istifadə etdiyi beş üsuldan danışacağıq və onun cəhdlərini boşa çıxarmağın yollarını araşdıracağıq.

MƏTİN OLAQ

3. Həvarilərin işləri 15:28, 29 ayələrində Ali Qanunvericinin hansı qanunları yazılıb?

3 Yehova Ali Qanunvericidir. O, həmişə xalqına aydın qanunlar verib (Əşy. 33:22). Məsələn, birinci əsrdəki rəhbərlik şurası məsihilərə üç sahədə dəyanətli olmağın vacibliyini vurğulamışdı: 1) bütpərəstlikdən uzaq durub yalnız Yehovaya ibadət etməliyik, 2) qanın müqəddəsliyinə hörmət etməliyik, 3) Yehovanın yüksək əxlaq normalarına riayət etməliyik. (Həvarilərin işləri 15:28, 29 ayələrini oxuyun.) Gəlin görək bu gün məsihilər bu üç sahədə necə qətiyyətli ola bilər.

4. Yehovaya tam sədaqət göstərdiyimiz nədən görünür? (Vəhy 4:11).

4 Biz bütpərəstlikdən uzaq durub yalnız Yehovaya ibadət edirik. İsraillilər Yehovaya tam sədaqət göstərməli idi (Qan. 5:6—10). İsa da Şeytana açıq-aydın demişdi ki, biz yalnız Yehovaya ibadət etməliyik (Mət. 4:8—10). Odur ki, biz bütlərə sitayiş etmirik. Bundan əlavə, biz insanları da bütləşdirmirik. Heç bir din xadimini, siyasətçini, idmançını, aktyoru və ya müğənnini ilahiləşdirmirik. Biz yalnız «hər şeyin yaradanı» olan Yehovaya ibadət edirik və Onun tərəfini tuturuq. (Vəhy 4:11 ayəsini oxuyun.)

5. Nəyə görə biz həyatın və qanın müqəddəsliyi ilə bağlı qanuna tabe oluruq?

5 Biz həyatın və qanın müqəddəsliyi ilə bağlı qanuna tabe oluruq. Nəyə görə? Çünki Yehova deyir ki, qan həyatı təmsil edir və həyat Yehovanın bizə bəxş etdiyi qiymətli hədiyyədir (Lav. 17:14). Yehova ilk dəfə insanlara heyvanın ətindən yeməyə izin verəndə onlara buyurmuşdu ki, qanı yeməsinlər (Yar. 9:4). O, israillilərə Musanın qanununu verəndə bunu təkrarlamışdı (Lav. 17:10). Həmçinin Yehova birinci əsrdəki rəhbərlik şurası vasitəsilə bütün məsihilərə əmr etmişdi ki, qandan uzaq dursunlar (Həv. 15:28, 29). Biz müalicə ilə bağlı qərarlar verəndə bu əmrə qətiyyətlə tabe oluruq b.

6. Yehovanın qoyduğu yüksək əxlaq normalarına riayət etmək üçün nə edirik?

6 Biz Yehovanın qoyduğu yüksək əxlaq normalarına riayət edirik (İbr. 13:4). Həvari Bulus məcazi dillə demişdi ki, bədən üzvlərimizi «öldürək». Bu o deməkdir ki, biz nəfsimizi kökündən məhv etmək üçün ciddi tədbirlər görməliyik. Biz cinsi əxlaqsızlığa gətirib çıxaran heç bir şeyə baxmırıq və heç bir hərəkətə yol vermirik (Kol. 3:5; Əyy. 31:1). Bizdə nəfsani istəklər yarananda dərhal Yehova ilə münasibətimizi korlayacaq fikirləri və hərəkətləri özümüzdən uzaqlaşdırırıq.

7. Nə etməyə qərarlı olmalıyıq və nəyə görə?

7 Yehova istəyir ki, biz Ona ürəkdən itaət edək (Rom. 6:17). Onun buyruqları həmişə bizim xeyrimizədir və dəyişilməzdir (Əşy. 48:17, 18; 1 Kor. 6:9, 10). Biz var gücümüzlə çalışırıq ki, Yehovanın qəlbini sevindirək və məzmurçu kimi deyək: «Özüm üçün qərar vermişəm ki, daima, sonadək qayda-qanununa tabe olum» (Zəb. 119:112). Amma Şeytan çalışacaq ki, bizi qərarımızdan döndərsin. Bəs o bunun üçün hansı üsullardan istifadə edir?

ŞEYTANIN ƏL ATDIĞI ÜSULLAR

8. Şeytan qətiyyətimizi zəiflətmək üçün təqiblərdən necə istifadə edir?

8 Təqiblər. Şeytan qətiyyətimizi sındırmaq üçün fiziki və mənəvi zorakılığa əl atır. Onun məqsədi bizi «udmaqdır», yəni Yehova ilə münasibətlərimizi korlamaqdır (1 But. 5:8). Birinci əsrdəki məsihilər mövqelərində qəti olduqlarına görə təhdid olunurdular, döyülürdülər və öldürülürdülər (Həv. 5:27, 28, 40; 7:54—60). Şeytan indi də təqiblərdən istifadə edir. Belə bir şey Rusiyada və digər ölkələrdə baş verir. Orada hökumət Yehovanın Şahidləri ilə qəddar davranır. Həmçinin bacı-qardaşlarımız başqa növ təqiblərlə də üzləşirlər.

9. Bizə qarşı gizli hücumların olduğunu göstərən nümunə çəkin.

9 Gizli hücumlar. Şeytan bizə açıq hücum etməklə yanaşı, hiyləyə də əl atır (Efes. 6:11). Robert adlı qardaşla baş verənlərdən bunu aydın görmək olar. O, ciddi əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirilmişdi. Qardaş həkimlərə bildirmişdi ki, heç bir halda ona qan köçürülməsin. Cərrah onun qərarına hörmət edərək razılaşdı. Amma əməliyyatdan bir gün qabaq ailəsi evə gedəndən sonra anestezioloq gecə onun yanına gəldi. Ona dedi ki, böyük ehtimal, Robertə qan köçürülməyəcək, amma qanı hər ehtimala əllərinin altında saxlayacaqlar. Ailəsi Robertin yanında olmadığı üçün, bəlkə də həkim onun fikrindən daşınacağını düşünürdü. Amma Robert mətin qalaraq həkimə bildirdi ki, nə olursa olsun ona qan köçürülməsin.

10. Nəyə görə insan düşüncəsi təhlükəlidir? (1 Korinflilərə 3:19, 20).

10 İnsan fikirləri. Əgər biz məsələyə insan düşüncəsi ilə baxsaq, onda Yehovaya və Onun qanunlarına saymazyana yanaşarıq. (1 Korinflilərə 3:19, 20 ayələrini oxuyun.) Çox vaxt «bu dünyanın müdrikliyi» bizi cismani arzularımızı təmin etməyə səsləyir. Perqam və Tiatirada yaşayan bəzi məsihilər oradakı bütpərəst və əxlaqsız insanların fikirlərinin təsiri altına düşmüşdülər. İsa hər iki yığıncağı əxlaqsızlığa göz yumduqlarına görə məzəmmət etmişdi (Vəhy 2:14, 20). Bu gün insanlar çalışır ki, yanlış fikirləri bizim beynimizə yeritsin. Ailə üzvlərimiz və dostlarımız bizdə elə hiss oyada bilərlər ki, sanki biz çox sərt mövqe tutmuşuq və bizi Allahın qayda-qanununu pozmağa təhrik edə bilərlər. Məsələn, onlar deyə bilər ki, təmiz əxlaqı qorumağın bir mənası yoxdur və Allahın Kəlamındakı normalar köhnəlib.

11. Nədən qaçınmalıyıq?

11 Bəzən bizə elə gələ bilər ki, Yehovanın göstərişləri kifayət qədər açıq deyil. Hətta bizdə yazılanlardan kənara çıxmaq istəyi ola bilər (1 Kor. 4:6). İsanın dövründəki din xadimləri belə bir günahı işlətmişdilər. Onlar Musanın qanununa öz qaydalarını əlavə etmişdilər. Bununla da sadə xalqın üzərinə əlavə yük qoymuşdular (Mət. 23:4). Yehova Kəlamı və təşkilatı vasitəsilə bizə açıq-aydın göstərişlər verir. Əlavə qaydalar qoymağımıza ehtiyac yoxdur (Məs. 3:5—7). Odur ki, biz Allahın Kəlamında yazılanlardan kənara çıxmırıq və şəxsi məsələlərlə bağlı dindaşlarımıza qaydalar qoymuruq.

12. Şeytan «puç və yanlış fikirlər»i necə yayır?

12 Yalan məlumatlar. Şeytan «dünyanın baxışları», həmçinin «puç və yanlış fikirlər» vasitəsilə insanları azdırmağa, aralarında parçalanma yaratmağa çalışır (Kol. 2:8). Birinci əsrdə yalan fikirlərə insan düşüncəsinə əsaslanan fəlsəfə və Müqəddəs Kitab əsası olmayan yəhudi təlimləri daxil idi. Həmçinin belə bir fikir var idi ki, məsihilər Musanın qanununa tabe olmalıdırlar. Bütün bunlar yalan idi, çünki həqiqi hikmətin mənbəyi olan Yehova Allah kölgədə qalırdı. Bu gün isə Şeytan media və sosial şəbəkələr vasitəsilə konspirasiya nəzəriyyələri və siyasətçilərin maraqlarına xidmət edən saxta xəbər məlumatları yayır. COVID-19 pandemiyası zamanı bu kimi məlumatlara tez-tez rast gəlirdik c. Yalan məlumatlara qulaq asıb narahatçılıq keçirən insanlardan fərqli olaraq, təşkilatdan gələn göstərişlərə riayət edən məsihilər özlərini narahatçılıqdan qorumuşdular (Mət. 24:45).

13. Nəyə görə fikrimizin yayınmaması üçün diqqətli olmalıyıq?

13 Fikrimizi yayındıran şeylər. Biz fikrimizi daha vacib şeylərə cəmləməliyik (Filip. 1:9, 10). Diqqətimizi yayındıran şeylər gücümüzü və vaxtımızı alır və faydalı işlər qıraqda qalır. Hətta adi şeylər, məsələn, yemək, içmək, istirahət və iş həyatımızda əsas yeri tutsa, diqqətimiz yayınacaq (Luka 21:34, 35). Bundan əlavə, biz hər gün addımbaşı sosial münaqişələr və siyasi məsələlərlə bağlı xəbərlərə rast gəlirik. Bu cür debatların bizi yayındırmasına imkan verməməliyik. Əks halda, ürəyimizdə tərəf tutmağa başlayacağıq. Şeytan yuxarıda qeyd etdiyimiz bütün üsullar vasitəsilə düzgün davranmaq qətiyyətimizi zəiflətməyə çalışır. Gəlin görək onun cəhdlərini boşa çıxarmaq və möhkəm qalmaq üçün nə edə bilərik.

MÖHKƏM OLUN

Möhkəm qalmaq üçün həsr olunmağımız və vəftizimiz barədə düşünməliyik, Allahın Kəlamını mütaliə edib üzərində düşünməliyik, ürəyimiz mətin olmalıdır və Yehovaya etibar etməliyik (14—18 abzaslara baxın)

14. Yehovanın yolunda mətin qalmağınıza kömək edən amillərdən biri hansıdır?

14 Həsr olunmağınız və vəftiziniz barədə düşünün. Siz bu qərarı niyə vermişdiniz? Çünki Yehovanın tərəfini tutmaq istəyirdiniz. Yadınıza salın, həqiqəti tapdığınıza necə əmin olmuşdunuz? Siz Yehova haqda dəqiq bilik almışdınız, getdikcə Onu sevməyə, Ona ehtiram bəsləməyə başlamışdınız. Sonra sizdə iman yarandı və bu sizi tövbə etməyə təşviq etdi. Siz Yehovanın nifrət etdiyi işlərdən uzaq olub Onun bəyəndiyi kimi yaşamağa başladınız. Yehovanın sizi bağışladığını hiss edəndə qəlb rahatlığı tapdınız (Zəb. 32:1, 2). Yığıncaqlara gəlməyə, öyrəndiyiniz gözəl həqiqətləri başqaları ilə bölüşməyə başladınız. İndi isə həsr olunub vəftiz olunmuş bir məsihi kimi həyata aparan yolda yeriyirsiniz və bu yoldan sapmamaq qətiyyətindəsiniz (Mət. 7:13, 14).

15. Nəyə görə mütaliə etmək xeyrimizədir?

15 Allahın Kəlamını mütaliə edib üzərində düşünün. Ağacın kökü dərindirsə, o, möhkəm dayanacaq. Eynilə bizim də imanımız möhkəmdirsə, mətin dura biləcəyik. Ağac böyüdükcə kökü daha da dərinə gedir və şaxələnir. Biz də Allahın Kəlamını mütaliə edəndə imanımız möhkəmlənir və daha da əmin oluruq ki, Onun qanun və prinsipləri mükəmməldir (Kol. 2:6, 7). Yehovanın öyüd-nəsihətlərinin, verdiyi müdafiənin keçmişdə xidmətçilərinə necə kömək etdiyi barədə düşünün. Misal üçün, Hizqiyal görüntüdə mələyin məbədi ölçdüyünü görmüşdü və buna diqqət kəsilmişdi. Bu görüntü onu möhkəmləndirdi. Biz bu görüntüdən öyrənirik ki, Yehovanın pak ibadət üçün qoyduğu qanunlara necə riayət etməliyik d (Hizq. 40:1—4; 43:10—12). Biz də Allahın Kəlamındakı dərinlikləri mütaliə etmək, üzərində düşünmək üçün vaxt ayıranda böyük fayda əldə edirik.

16. Ürəyinin mətin olması Roberti necə qorudu? (Zəbur 112:7).

16 Qoy ürəyiniz mətin olsun. Davud padşah nəğmədə Yehovaya belə demişdi: «Ürəyim mətindir, ey Allah» (Zəb. 57:7). O bununla Yehovaya məhəbbətinin sarsılmaz olduğunu bildirmişdi. Bizim də tam arxayınlıqla Yehovaya güvənməyimiz mümkündür. (Zəbur 112:7 ayəsini oxuyun.) Gəlin görək bu cür ürəyə sahib olmaq bayaq adı çəkilən Robert qardaşa necə kömək etmişdi. Həkim ona deyəndə ki, qan hər ehtimala əllərinin altında olacaq, o, dərhal belə cavab vermişdi: «Əgər mənə qan köçürmək ehtimalı az da olsa varsa, mən elə bu dəqiqə xəstəxanadan çıxacağam». Həmin hadisə ilə bağlı sonralar Robert belə demişdi: «Ürəyimdə cüzi də olsa nə tərəddüd, nə də narahatçılıq var idi».

İmanımızı möhkəmləndirmişiksə, hansı sınaqla üzləşməyimizdən asılı olmayaraq, mətin qalacağıq (17-ci abzasa baxın)

17. Robertdən nə öyrənirsiniz? (Həmçinin şəklə baxın.)

17 Nəyin sayəsində Robert belə mətin idi? Çünki o, xəstəxanaya düşməzdən uzun müddət əvvəl qərar vermişdi ki, möhkəm dayanacaq. Bu qərarı verməyə ona nə kömək etmişdi? Birincisi, o, Yehovanın qəlbini sevindirmək istəyirdi. İkincisi, o, Müqəddəs Kitabda və nəşrlərimizdə qanın müqəddəsliyi ilə bağlı yazılanları dərindən mütaliə etmişdi. Üçüncüsü, o əmin olmuşdu ki, Yehovanın qanununa itaət etməsi ona əbədi nemətlər gətirəcək. Biz də hansı sınaqla üzləşiriksə üzləşək mətin ola bilərik.

Bərəqlə adamları cəsarətlə Sisarın ordusunu qovur (18-ci abzasa baxın)

18. Bərəqin nümunəsindən Yehovaya etibar etməklə bağlı nə öyrənirik? (Üz qabığındakı şəklə baxın.)

18 Yehovaya etibar edin. Gəlin görək Bərəq Yehovanın göstərişinə etibar etdiyi üçün necə uğur qazandı. Həmin vaxt ölkədə nə bir qalxan, nə bir nizə gözə dəymirdi. Amma Yehova Bərəqə buyurdu ki, Kənan ordusunun başçısı olan Sisara qarşı çıxsın. Sisarın ordusu isə yaxşı silahlanmışdı (Hak. 5:8). Peyğəmbər Dəburə Bərəqə dedi ki, düzəngaha enib Sisar və onun 900 arabası ilə qarşı-qarşıya dursun. Bərəq bilirdi ki, düzəngahda arabalara qarşı vuruşmaq çox çətin olacaq. Buna baxmayaraq, o, itaət etdi. İsraillilər Tabur dağından enən vaxt Yehova güclü leysan göndərdi. Ona görə də Sisarın arabaları palçıqda ilişib qaldı və Yehova Bərəqə qələbə verdi (Hak. 4:1—7, 10, 13—16). Eynilə əgər biz Yehovadan və Onun təşkilatından gələn göstərişlərə etibar etsək, Yehova bizə qələbə qazandıracaq (Qan. 31:6).

MƏTİN QALMAĞA QƏRARLI OLUN

19. Nəyə görə mətin qalmaq niyyətindəsiniz?

19 Hələ ki biz bu şər dünyada yaşayırıq, mətin qalmaq üçün mübarizə aparmalı olacağıq (1 Tim. 6:11, 12; 2 But. 3:17). Gəlin Yehovaya sadiq qalmağa, qanunlarına itaət etməyə əzmli olaq, möhkəm dayanaq. Qoymayaq ki, təqiblər, gizli hücumlar, insan fikirləri, yalan məlumatlar və fikrimizi yayındıran şeylər bizi sarsıtsın (Efes. 4:14). Bununla yanaşı, biz dərrakəli olmalıyıq. Növbəti məqalədə Yehova və İsanın bu sahədə qoyduğu mükəmməl nümunəni araşdıracağıq.

NƏĞMƏ 129 Dözüm göstərəcəyik

a Adəmlə Həvvadan bəri Şeytan insanlara təlqin edir ki, nəyin düz, nəyin səhv olduğuna insan özü qərar verməlidir. O istəyir ki, biz Yehovanın qanunlarına və təşkilatdan gələn istənilən göstərişə bu cür yanaşaq. Bu məqalə bizə kömək edəcək ki, Şeytan dünyasından fərqli olaraq, Yehovanın qanunlarına saymazyana yanaşmayaq və qətiyyətlə Yehovanın tərəfində duraq.

b Qana Yehova kimi yanaşmağı öyrənmək üçün «Əbədi xoşbəxt həyat!» kitabının 39-cu dərsinə baxın.

c jw.org saytındakı «Özünüzü dezinformasiyadan qoruyun» adlı məqaləyə baxın.

d Ətraflı məlumat almaq üçün «Pak ibadət dirçəlir!» kitabının 1314-cü fəsillərinə baxın.