Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 28

NƏĞMƏ 123 Allahın qoyduğu nizama tabe olaq

Həqiqəti yalandan ayıra bilirsiniz?

Həqiqəti yalandan ayıra bilirsiniz?

«Həqiqət qurşağını belinizə bağlayıb... dəyanətlə dayanın» (EFES. 6:14, 15).

ƏSAS FİKİR

Məqalədə Yehovadan öyrəndiyimiz həqiqətləri Şeytan və onun davamçılarının yaydığı yalanlardan ayırd etməyin yolunu öyrənəcəyik.

1. Həqiqət barədə nə düşünürsünüz?

 YEHOVANIN xalqı Onun Kəlamından öyrəndiyi həqiqətləri sevir. Biz imanımızı bu həqiqətlər üzərində qurmuşuq (Rom. 10:17). Yehovanın təsis etdiyi məsihi yığıncağının «həqiqətin sütunu və dayağı» olduğuna əmin olmuşuq (1 Tim. 3:15). Bundan başqa, bizə rəhbərlik edənlərə məmnuniyyətlə tabe oluruq, çünki onlar Müqəddəs Kitabdakı həqiqətləri bizə izah edir və Yehovanın iradəsinə uyğun olan göstərişlər verirlər (İbr. 13:17).

2. Yaqub 5:19 ayəsinə əsasən həqiqəti öyrənəndən sonra hansı təhlükə ilə üzləşə bilərik?

2 Baxmayaraq ki, biz həqiqəti qəbul etmişik, Yehovanın təşkilatına və verdiyi göstərişlərə etibar edirik, yenə də yolumuzu aza bilərik. (Yaqub 5:19 ayəsini oxuyun.) Şeytanın ən böyük məqsədi ürəyimizdə Müqəddəs Kitaba və təşkilatdan gələn göstərişlərə etibarımızı sarsıtmaqdır (Efes. 4:14).

3. Nəyə görə həqiqətdən bərk yapışmalıyıq? (Efeslilərə 6:13, 14).

3 Efeslilərə 6:13, 14 ayələrini oxuyun. Şeytan tezliklə güclü təbliğatı vasitəsilə bütün xalqları aldadaraq Allaha qarşı qaldıracaq (Vəhy 16:13, 14). Həmçinin o, Yehovanın xalqını aldatmaq üçün əvvəlkindən daha çox cəhd göstərəcək (Vəhy 12:9). Buna görə də biz həqiqətlə yalan arasındakı fərqi ayırd etməyi öyrənməliyik və həqiqətə uyğun yaşamalıyıq (Rom. 6:17; 1 But. 1:22). Böyük müsibət zamanı bizim xilasımız bundan asılı olacaq!

4. Bu məqalədə nələri müzakirə edəcəyik?

4 Bu məqalədə iki xüsusiyyətə nəzər salacağıq. Bu xüsusiyyətlər bizə Allahın Kəlamındakı həqiqətləri ayırd etməyə və Yehovanın təşkilatından gələn göstərişlərə itaət etməyə kömək edəcək. Həmçinin üç məsləhət sayəsində həqiqətdən həmişə bərk yapışmağın yollarını öyrənəcəyik.

HƏQİQƏTİ AYIRD ETMƏYƏ KÖMƏK EDƏN XÜSUSİYYƏTLƏR

5. Allah qorxusu həqiqəti ayırd etməyə necə kömək edir?

5 Allah qorxusu. Allah qarşısında sağlam qorxusu olan insan Onu o qədər çox sevir ki, hansısa hərəkəti ilə heç vaxt Onu kədərləndirmək istəməz. Biz nəyin səhv, nəyin doğru olduğunu, nəyin həqiqət, nəyin yalan olduğunu öyrənmək üçün əlimizdən gələni edirik. Çünki Yehovanın razılığını qazanmaq istəyirik (Məs. 2:3—6; İbr. 5:14). Heç vaxt yol verməməliyik ki, insan qorxusu Yehovaya sevgimizin önünə keçsin. Belə etsək, insanları razı salmağa çalışacağıq. İnsanları razı salan şeylər isə çox vaxt Yehovanın narazılığına səbəb olur.

6. On kəşfiyyatçı insan qorxusu ucbatından həqiqəti necə təhrif etdi?

6 Əgər biz Allahdan çox insanlardan qorxsaq, həqiqət yolundan saparıq. Gəlin 12 kəşfiyyatçının nümunəsi üzərində düşünək. Onlar Yehovanın israillilərə verməyi vəd etdiyi torpağa casusluq etməyə getmişdilər. On kəşfiyyatçının kənanilərdən qorxusu Yehovaya məhəbbətlərini üstələyirdi. Onlar israillilərə dedilər: «Biz onlara bata bilmərik, onlar bizdən güclüdürlər» (Say. 13:27—31). İnsan gözü ilə baxanda bu, doğrudan da belə idi. Amma onlar düşmənə qalib gələ bilməyəcəklərini deməklə Yehovanı unutduqlarını göstərmişdilər. Bu on kəşfiyyatçı diqqətini Yehovanın israillilərdən nə istədiyinə cəmləməli idi. Onlar həm də Yehovanın bir müddət bundan əvvəl nələr etdiyi barədə düşünməli idi. Onda başa düşərdilər ki, kənanilərin gücü böyük qüdrət sahibi Yehovanın qarşısında heç nədir. Bu imansız kəşfiyyatçılardan fərqli olaraq Yuşə və Kalib Yehovanı razı salmaq istəyirdi. Belə ki, onlar xalqa dedilər: «Əgər Yehova bizdən razıdırsa, onda bizi mütləq süd-bal axan o diyara aparıb oranı bizə verəcək» (Say. 14:6—9).

7. Bizdə Allah qorxusunun güclü olması üçün nə edə bilərik? (Həmçinin şəklə baxın.)

7 Bizdə Allah qorxusunun güclü olması üçün hansısa qərarı verməzdən əvvəl Yehovanın bundan razı qalıb-qalmayacağını fikirləşməliyik (Zəb. 16:8). Müqəddəs Kitabdan hansısa hadisəni oxuyanda bu sual üzərində düşünün: «Əgər həmin vəziyyətdə mən olsaydım, hansı qərarı verərdim?» Məsələn, təsəvvür edin, on kəşfiyyatçının gətirdiyi bəd xəbəri siz də eşidirsiniz. Onların dediklərinə inanıb insan qorxusuna qapılardınız, yoxsa Yehovaya sevginiz və Onu razı salmaq istəyi qalib gələrdi? İsraillilər Yuşə ilə Kalibin dediklərinin həqiqət olduğuna inanmadı. Bunun da nəticəsində onlar Vəd edilmiş diyara daxil olmaq imkanını itirdilər (Say. 14:10, 22, 23).

Kimə inanardınız? (7-ci abzasa baxın)


8. Özümüzdə hansı xüsusiyyəti yetişdirməyə çalışmalıyıq və nəyə görə?

8 Təvazökarlıq. Yehova həqiqəti təvazökar insanlara açır (Mət. 11:25). Biz həqiqəti öyrənmək üçün göstərilən köməyi təvazökarlıqla qəbul etmişik (Həv. 8:30, 31). Amma qürurlanmamaq üçün ehtiyatlı olmalıyıq. Qürurlu olsaq, elə düşünərik ki, bizim fikirlərimiz Müqəddəs Kitab prinsipləri və Yehovanın təşkilatından gələn göstərişlər qədər düzgündür.

9. Təvazökarlığımızı necə qoruya bilərik?

9 Təvazökar qalmaq üçün Yehova ilə müqayisədə nə qədər kiçik olduğumuzu yadımızda saxlamalıyıq (Zəb. 8:3, 4). Həmçinin dua edə bilərik ki, Yehova bizə daha təvazökar və öyrənməyə hazır olmağa kömək etsin. Yehova Kəlamı və təşkilatı vasitəsilə bizə Onun fikirlərini öz fikirlərimizdən üstün tutmağa kömək edəcək. Müqəddəs Kitabı mütaliə edəndə Yehovanın təvazökarlığı sevdiyi, qürura, təkəbbürə, məğrurluğa nifrət etdiyini göstərən fikirlərə diqqət yetirin. Əsas da hansısa məsuliyyəti alanda və başqaları buna görə sizə xüsusi yanaşanda təvazökar qalmağa daha çox cəhd göstərin.

HƏQİQƏTDƏN BƏRK YAPIŞMAĞIN YOLLARI

10. Yehova xalqına göstərişləri kimlər vasitəsilə verib?

10 Yehovanın təşkilatından gələn göstərişlərə etibar edin. Qədim dövrdə Yehova əvvəlcə Musa peyğəmbər, sonra isə Yuşə vasitəsilə İsrail xalqına Öz əmrlərini çatdırırdı (Yuş. 1:16, 17). İsraillilər bu insanların Yehovanın təmsilçisi olduğunu qəbul edəndə işləri yaxşı gedirdi. Əsrlər sonra məsihi yığıncağı yarananda göstərişləri 12 həvari verirdi (Həv. 8:14, 15). Sonralar onların sırasına Yerusəlimdəki ağsaqqallar da qoşuldu. Yığıncaqlar bu imanlı insanların dediklərinə əməl edəndə «imanda möhkəmlənir və günü-gündən böyüyürdü» (Həv. 16:4, 5). Eyni şeyi bizim dövrümüz haqda da demək olar. Biz də Yehovanın təşkilatından gələn göstərişlərə əməl edəndə bunun xeyrini görürük. Bəs Yehovanın təyin etdiyi bu şəxsləri qəbul etməsək, O buna necə yanaşar? Bu suala cavab tapmaq üçün gəlin görək israillilər Vəd edilmiş diyara gedəndə nə baş vermişdi.

11. Yehovanın başçı təyin etdiyi Musa peyğəmbərə hörmətsizlik edənlərin axırı nə oldu? (Həmçinin şəklə baxın.)

11 İsraillilər Vəd edilmiş diyara getdiyi vaxt xalqın arasında nüfuzlu kişilər Musaya qarşı çıxdılar və onun Yehova tərəfindən təyin olunduğunu sual altına qoydular. Onlar belə deyirdilər: «[Təkcə Musa yox] hamı müqəddəsdir, bütün icma. Yehova onların da arasındadır» (Say. 16:1—3). Düzdür, Yehovanın gözündə «bütün icma» müqəddəs idi, amma O, xalqına başçılıq etmək üçün Musa peyğəmbəri seçmişdi (Say. 16:28). Onlar Musanı pisləməklə, əslində, Yehovanı pisləmiş olurdular. Bu insanlara Allahın nə istədiyi maraqlı deyildi, fikirləri-zikirləri daha çox səlahiyyət, daha çox şöhrət qazanmaq idi. Yehova həm bu üsyana başçılıq edənləri, həm də onlara qoşulan minlərlə insanı məhv etdi (Say. 16:30—35, 41, 49). Əminliklə deyə bilərik ki, Yehova bu gün də təşkilatından gələn göstərişlərə hörmətsizlik edənlərə qarşıdır.

Kimin tərəfini tutardınız? (11-ci abzasa baxın)


12. Nəyə görə Yehovanın təşkilatına etibar etmək olar?

12 Yehovanın təşkilatına etibarımızı qoruya bilərik. Hansısa həqiqətə və ya xidmətimizlə bağlı hansısa sahəyə dəyişiklik etmək lazım gələndə Rəhbərlik Şurası bunu tərəddüdsüz edir (Məs. 4:18). Çünki onlar üçün hər şeydən vacib Yehovanı razı salmaqdır. Bundan əlavə, onlar var gücləri ilə çalışırlar ki, verdikləri bütün qərarlar Müqəddəs Kitaba əsaslansın. Çünki Müqəddəs Kitab Yehovanın bütün xidmətçiləri üçün nümunədir, etalondur.

13. «Sağlam sözlər nümunəsi» nədir və biz nə etməliyik?

13 «Sağlam sözlər nümunəsindən ayrılma»yın (2 Tim. 1:13). «Sağlam sözlər nümunəsi» deyiləndə İsanın öyrətdiyi təlimlər, eləcə də Müqəddəs Kitabdakı bütün təlimlər nəzərdə tutulur (Yəh. 17:17). Etiqadımızın təməlində məhz bu təlimlər durur. Yehovanın təşkilatı öyrədir ki, inandığımız hər bir şey sağlam sözlər nümunəsinə əsaslansın. Belə etsək, ruhani cəhətdən hifz olunarıq.

14. Bəzi məsihilərin «sağlam sözlər nümunəsindən» uzaqlaşmasına nə səbəb ola bilərdi?

14 «Sağlam sözlər nümunəsindən» uzaqlaşsaq, nə baş verər? Bir nümunəyə baxaq. Birinci əsrdə bəzi məsihilər arasında şayiə gəzirdi ki, guya Yehovanın günü gəlib çatıb. Ola bilsin, belə fikir söyləmələrinə səbəb Bulusun yazdığı hesab edilən məktub idi. Saloniki yığıncağındakı bəzi məsihilər faktları araşdırmamış bu yalana inanmışdılar, hətta onu başqalarına da yayırdılar. Bulusun onların yanında olarkən öyrətdiklərini yadda saxlasaydılar, bu yalana aldanmazdılar (2 Salon. 2:1—5). Bulus onlara eşitdikləri hər şeyə inanmamağı məsləhət gördü. Gələcəkdə belə bir şeyin təkrarlanmaması üçün o, salonikililərə yazdığı ikinci məktubunu bu sözlərlə yekunlaşdırdı: «Mən Bulus salamımı öz əlimlə yazıram. Bu, bütün məktublarımda bir nişanədir. Bu, mənim xəttimdir» (2 Salon. 3:17).

15. Həqiqət kimi görünən yalanlardan özümüzü necə qoruya bilərik? Nümunə çəkin. (Həmçinin şəkillərə baxın.)

15 Bulusun salonikililərə yazdığı məktubdan hansı nəticəni çıxarırıq? Ola bilsin, Müqəddəs Kitabdan öyrəndiklərimizlə uzlaşmayan hansısa fikri eşidək, ya da sensasiyalı bir xəbər qulağımıza çatsın. Bu zaman ağılla davranmaq lazımdır. Keçmiş Sovet İttifaqında düşmənlərimiz qardaşlarımıza guya baş idarədən olan məktub vermişdilər. Məktub bəzi qardaşları təşkilatdan ayrılıb müstəqil qurum kimi fəaliyyət göstərməyə sövq etdi. Məktub öz-özlüyündə saxtaya oxşamırdı. Amma sadiq qardaşlar məktubda yazılanlara aldanmadılar. Onlar başa düşürdülər ki, oradakı fikirlər indiyə kimi öyrəndikləri ilə üst-üstə düşmür. Bu gün də həqiqətin düşmənləri müasir texnologiyadan istifadə edərək bizi çaşqınlığa salmağa və aramızda parçalanma yaratmağa çalışırlar. Biz bu kimi şeylərin ağlımızı asanlıqla çaşdırmasına yol vermirik. Oxuduğumuz və ya eşitdiyimiz məlumatın bu günə kimi öyrəndiyimiz həqiqətlərlə üst-üstə düşüb-düşmədiyini götür-qoy edirik (2 Salon. 2:2; 1 Yəh. 4:1).

Həqiqət kimi görünən yalanlara aldanmayın (15-ci abzasa baxın) a


16. Romalılara 16:17, 18 ayələrinə əsasən həqiqətdən sapan insanlara qarşı hansı mövqeyi tutmalıyıq?

16 Yehovaya sadiq insanlarla aranızdakı birliyi qoruyun. Yehova istəyir ki, biz dindaşlarımızla birlik içində Ona ibadət edək. Nə qədər ki həqiqətə bağlıyıq, bu birliyi qoruyacağıq. Həqiqətə zidd fikirlər yayan insanlar isə yığıncaqda parçalanma yaradır. Ona görə də Yehova bizə onlardan uzaq gəzməyi buyurur. Əks halda, biz özümüz həqiqətdən uzaqlaşarıq. (Romalılara 16:17, 18 ayələrini oxuyun.)

17. Həqiqəti ayırd etməyin və ona bağlı qalmağın hansı xeyrini görürük?

17 Biz həqiqəti ayırd etsək və ona bağlı qalsaq, Yehova ilə münasibətlərimizi qoruyacağıq və imanımız güclü olacaq (Efes. 4:15, 16). Şeytanın saxta təlimləri və təbliğatı bizi azdırmayacaq. Böyük müsibət zamanı isə Yehovanın qanadları altında təhlükəsizlikdə olacağıq. Odur ki, doğru olan şeylərdən bərk-bərk yapışın, «onda sülh Allahı sizinlə olacaq» (Filip. 4:8, 9).

NƏĞMƏ 122 Mətin qalın, sarsılmaz olun!

a ŞƏKLİN İZAHI. Səhnələşdirilmiş şəkildə Sovet dövrü təsvir olunub. Qardaşlar baş idarədən gəldiyi güman olunan məktub alırlar. Əslində bu məktubu yazan düşmənlərimiz idi. Bizim dövrümüzdə də düşmənlərimiz internetdən istifadə edərək Yehovanın təşkilatı haqqında yalan məlumatlar yaya bilərlər.