Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 23

Diqqətli olun ki, heç kəs sizi əsir almasın!

Diqqətli olun ki, heç kəs sizi əsir almasın!

«Diqqətli olun ki, heç kəs sizi... insan ehkamlarına əsaslanan fəlsəfə ilə, puç və yanlış fikirlər vasitəsilə əsir almasın» (KOL. 2:8).

NƏĞMƏ 96 Allahın Kəlamı bir xəzinədir

İCMAL *

1. Koloslulara 2:4, 8 ayələrinə əsasən, Şeytan zehnimizi necə əsir almağa çalışır?

ŞEYTAN bizim Yehovadan üz döndərməyimizi istəyir. Məqsədinə nail olmaq üçün düşüncəmizə təsir etməyə, nəticə etibarilə, zehnimizi əsir alıb öz düşüncəsinə uyğunlaşdırmağa çalışır. Tovlanıb onun ardı ilə getməyimiz üçün Şeytan bizi cəlb edən şeylərdən istifadə edir. (Koloslulara 2:4, 8 ayələrini oxuyun.)

2, 3. a) Nəyə görə Koloslulara 2:8 ayəsində yazılan xəbərdarlığa ciddi yanaşmalıyıq? b) Bu məqalədə nəyi araşdıracağıq?

2 Doğrudanmı Şeytana aldanmaq kimi ciddi təhlükə ilə üz-üzəyik? Elədir ki, var! Gəlin unutmayaq ki, həvari Bulusun Koloslulara 2:8 ayəsində yazdığı xəbərdarlıq sözləri imansızlara ünvanlanmamışdı. Bulus bu sözləri müqəddəs ruhla məsh olunmuş məsihilərə yazmışdı (Kol. 1:2, 5). Həmin vaxt onlar təhlükə altında idilər, biz isə daha böyük təhlükə altındayıq (1 Kor. 10:12). Nəyə görə? Çünki Şeytan yer üzünə atılıb və onun fikri-zikri Allahın sadiq xidmətçilərini yoldan çıxarmaqdır (Vəhy 12:9, 12, 17). Üstəlik, biz pis və fırıldaqçı adamların daha betər işlər gördüyü bir dövrdə yaşayırıq (2 Tim. 3:1, 13).

3 Bu məqalədə Şeytanın «puç fikirlər» vasitəsilə düşüncəmizə necə təsir etməyə çalışdığını araşdıracağıq. Onun əl atdığı üç hiylədən danışacağıq (Efes. 6:11). Növbəti məqalədə isə Şeytanın düşüncəmizə vurduğu zərəri aradan qaldırmağın yollarını öyrənəcəyik. Gəlin ilk növbədə Şeytanın Vəd edilmiş diyara daxil olan israilliləri necə aldatdığına və bundan nə öyrənə biləcəyimizə nəzər salaq.

ŞEYTAN BÜTPƏRƏSTLİYƏ TƏHRİK ETDİ

4—6. Qanunun təkrarı 11:10—15 ayələrinə əsasən, Vəd edilmiş diyarda məskunlaşan israillilər əkin-biçin işində hansı dəyişikliyi etməli idi?

4 Şeytan böyük məharətlə israilliləri bütpərəstliyə təhrik etdi. Necə? Onların qida tələbatından istifadə edərək. İsraillilər Vəd edilmiş diyara daxil olandan sonra əkin-biçin üsullarını dəyişməli idilər. Misirdə olanda onlar əkin sahələrini Nil çayının suları ilə suvarırdılar. Lakin Vəd edilmiş diyarda böyük çay sistemi olmadığına görə məhsul şeh və mövsüm yağışlarının suyu ilə yetişdirilirdi. (Qanunun təkrarı 11:10—15 ayələrini oxuyun; Əşy. 18:4, 5.) Buna görə də israillilər yeni əkinçilik üsullarını öyrənməli idi. Bu, o qədər də asan olmayacaqdı, çünki əkin-biçin işindən az-çox başı çıxanlar artıq səhrada ölmüşdülər.

Şeytan israillilərin düşüncə tərzini dəyişməyə necə müvəffəq oldu? (4—6 abzaslara baxın) *

5 Yehova xalqına şəraitin dəyişdiyini izah etmişdi. Sonra isə ilk baxışdan əkin-biçin mövzusuna aid olmayan bir xəbərdarlıq söyləmişdi: «Diqqətli olun ki, ürəyiniz aldanmasın, yolunuzu azıb başqa allahlara sitayiş etməyəsiniz, onlara səcdə qılmayasınız» (Qan. 11:16, 17). Yehova nəyə görə yeni əkinçilik üsulları barədə danışarkən başqa allahlara sitayişlə bağlı xəbərdarlıq vermişdi?

6 Yehova bilirdi ki, israillilər ətraflarındakı bütpərəst xalqlardan əkin-biçinlə bağlı nələrsə öyrənmək istəyəcək. Əlbəttə, qonşuları bu sahədə daha təcrübəli idi və Allahın xalqı onların bəzi bacarıqlarından faydalana bilərdi, lakin bir təhlükə də var idi. Kənani əkinçilərin düşüncə tərzini Baala sitayiş formalaşdırmışdı. Onlar Baalın səmanın sahibi olduğuna və yağışı onun yağdırdığına inanırdılar. Yehova xalqının bu cür saxta inanclara aldanmasını istəmirdi. Lakin israillilər təkrar-təkrar Baala ibadət etməyi seçirdilər (Say. 25:3, 5; Hak. 2:13; 1 Pad. 18:18). İndi görün Şeytan israilliləri əsir almağa necə nail olur.

İSRAİLLİLƏRİ ƏSİR ALMAQ ÜÇÜN ŞEYTANIN İŞLƏTDİYİ ÜÇ HİYLƏ

7. Vəd edilmiş diyara daxil olan israillilərin imanı necə sınandı?

7 Şeytanın istifadə etdiyi ilk hiylə israillilərin təbii istəkləri idi: onlar torpağı suvarmaq üçün yağış yağmasını istəyirdilər. Vəd edilmiş diyarda aprelin sonlarından sentyabra kimi yağış az yağırdı. Dolanışıq və bol məhsul adətən oktyabrda başlayan yağışlardan asılı olurdu. Şeytan israilliləri inandırmışdı ki, yaxşı dolanmaq üçün onlar ətraflarındakı bütpərəst xalqların ayinlərini yerinə yetirməlidirlər. Bütpərəst xalqlar allahlarını yağış yağdırmağa təşviq etmək üçün müəyyən ayinləri icra etməli olduqlarını düşünürdü. Yehovaya imanı zəif olanlar uzun sürən quraqlıqdan qurtulmağın yeganə yolunu bunda görüb Baalın şərəfinə keçirilən bütpərəst ayinlərə qoşuldular.

8. Şeytanın istifadə etdiyi ikinci hiylə hansı idi? İzah edin.

8 Şeytanın istifadə etdiyi ikinci hiylə əxlaqsız istəklər idi. Bütpərəst xalqlar ibadət zamanı olduqca əxlaqsız hərəkətlər edirdi. Bu iyrənc ibadət formasına həm qadınların, həm də kişilərin məbəd fahişəliyi də daxil idi. Homoseksuallıq və cinsi əxlaqsızlığın digər növlərinə nəinki göz yumulurdu, hətta normal yanaşılırdı! (Qan. 23:17, 18; 1 Pad. 14:24). Bütpərəstlərin inanclarına görə, bu ayinlərdən sonra allahları torpağı bəhrəli edirdi. Onların əxlaqsız ayinləri bir çox israillini yoldan çıxartdı və beləcə, israillilər saxta allahlara ibadətə qurşandılar. Bu isə onların Şeytanın əsarətinə düşməsi demək idi.

9. Huşə 2:16, 17 ayələrinə əsasən, Şeytan israillilərin Yehova haqqında fikirlərini necə təhrif etmişdi?

9 Şeytan Allahın xalqına qarşı üçüncü hiyləni işlətdi. O, israillilərin Yehova haqqında fikirlərini təhrif etdi. Ərəmya peyğəmbərin günlərində Yehova bəyan etmişdi ki, saxta peyğəmbərlər «Baala görə» xalqa Onun adını unutdurmuşdu (Ərm. 23:27). Görünür, xalq artıq Yehovanın adını çəkmir, əvəzində «Sahib», yaxud «Ağa» mənasını verən Baal sözünü işlədirdi. Bununla da israillilərin Yehova ilə Baal arasındakı fərqi ayırd etməsi çətinləşmişdi. Nəticədə onlar Baala ibadətdə icra olunan ayinləri asanlıqla Yehovaya ibadətə qatdılar. (Huşə 2:16, 17 ayələrini haşiyə ilə birgə oxuyun.)

ŞEYTANIN BUGÜNKÜ HİYLƏLƏRİ

10. Şeytan bu gün hansı hiylələri işlədir?

10 Şeytan bu gün də eyni hiylələri işlədir. O, insanları əsir almaq üçün onların təbii istəklərindən istifadə edir, cinsi əxlaqsızlığı normal bir şey kimi qələmə verir və onlarda Yehova haqda təhrif olunmuş fikirlər yaradır. Gəlin əvvəlcə üçüncü hiylədən danışaq.

11. Şeytan insanların Yehova haqda fikirlərini necə təhrif edib?

11 Şeytan insanların Yehova haqda fikirlərini təhrif edir. İsa Məsihin həvarilərinin ölümündən sonra dönüklər peyda olub yalan təlimlər yaymağa başladı (Həv. 20:29, 30; 2 Salon. 2:3). Bu dönüklər var olan tək Allahın kimliyini təhrif edirdilər. Misal üçün, onlar Müqəddəs Kitabın nüsxələrində Allahın adının yerinə «Ağa», «Rəbb» və digər sifətləri işlətməyə başladılar. Allahın məxsusi adının Onun sifətləri ilə əvəz olunması nəticəsində oxucunun Kəlamdakı digər allahlarla Yehova arasındakı fərqi ayırd etməsi çətin oldu (1 Kor. 8:5). Dönüklər «Rəbb» sözünü həm Yehovaya, həm də İsa Məsihə aid etdiyindən Yehova ilə Oğlunun ayrı-ayrı varlıqlar olduğunu və müxtəlif mövqelərə sahib olduğunu anlamaq qəlizləşdi (Yəh. 17:3). Bu qarışıqlıq Allahın Kəlamında adı belə çəkilməyən Üç üqnum təliminin yaranmasına səbəb oldu. Nəticədə bir çoxları Allahın müəmmalı varlıq olduğunu və Onu tanımağın mümkün olmadığını düşünür. Necə də dəhşətli yalandır! (Həv. 17:27).

Şeytan insanların əxlaqsız istəklərini təmin etmək üçün yalan dindən necə istifadə edir? (12-ci abzasa baxın) *

12. Yalan din nəyi aşılayır və Romalılara 1:28—31 ayələrinə əsasən, bu, nə ilə nəticələnir?

12 Şeytan əxlaqsız istəklərdən istifadə edir. Qədimdə Şeytan əxlaqsızlığı yalan din vasitəsilə aşılayırdı. Bu gün də eyni şeyi edir. Yalan dinlər əxlaqsız əməllərə göz yumur, hətta əxlaqsızlığı normal bir şey kimi qələmə verir. Bu səbəbdən Allaha ibadət etdiyini iddia edənlərin çoxu Onun əxlaqa dair aydın normalarına əməl etmir. Həvari Bulus romalılara yazdığı məktubda bunun nə ilə nəticələndiyini qeyd etmişdi. (Romalılara 1:28—31 ayələrini oxuyun.) O, insanların tutduğu «nalayiq işlər» sırasında homoseksuallıqdan tutmuş hər cür cinsi əxlaqsızlığı misal çəkmişdi (Rom. 1:24—27, 32; Vəhy 2:20). Odur ki, Müqəddəs Kitabın aydın göstərişlərinə bağlı qalmağımız olduqca vacibdir!

13. Şeytan daha hansı hiyləni işlədir?

13 Şeytan təbii istəklərdən istifadə edir. İnsanın özünü və ailəsini təmin etmək üçün müəyyən bacarıqlara yiyələnmək istəyi təbiidir (1 Tim. 5:8). Adətən məktəbə gedib yaxşı oxumaqla müəyyən bacarıqlara yiyələnirik. Lakin ehtiyatı əldən verməməliyik. Bir çox ölkələrin təhsil sistemində təkcə praktiki bacarıqlar yox, həm də insan fəlsəfəsi öyrədilir. Tələbələrə Allahın varlığını sual altına qoymaq və Müqəddəs Kitaba önəm verməmək aşılanır. Həmçinin onlara öyrədilir ki, savadlı insanlar həyatın təkamül nəticəsində yarandığına inanır (Rom. 1:21—23). Bu kimi təlimlər Allahın hikməti ilə uzlaşmır (1 Kor. 1:19—21; 3:18—20).

14. İnsan fəlsəfəsi nəyi aşılayır?

14 İnsan fəlsəfəsi Yehovanın salehlik normalarına məhəl qoymur, ya da onlara zidd gedir. Bu fəlsəfə Allahın ruhunun bəhrəsini yox, «günahlı bədənin əməlləri»ni yetişdirir (Qal. 5:19—23). O, insanlarda təkəbbür, lovğalıq yaradır, bu da onların xudbinləşməsinə gətirib çıxarır (2 Tim. 3:2—4). Bu xüsusiyyətlər Allahın Öz bəndələrində görmək istədiyi həlimlik və təvazökarlıq kimi xüsusiyyətlərə ziddir (2 İşm. 22:28). Ali məktəblərdə oxuyan bəzi məsihilər düşüncələrini Allahın düşüncəsinə uyğunlaşdırmaq yerinə, insan fəlsəfəsinin onlara sirayət etməsinə yol veriblər. Gəlin görək bu, nə ilə nəticələnə bilər.

İnsan fəlsəfəsi düşüncəmizi necə korlaya bilər? (14—16 abzaslara baxın) *

15, 16. Bir bacının hadisəsindən nə öyrənirsiniz?

15 On beş ildən çoxdur tamvaxtlı xidmətdə olan bir bacı deyir: «Vəftiz olunmuş bir məsihi kimi ali təhsil almağın təhlükələri barədə həm oxumuşdum, həm də eşitmişdim, amma bu xəbərdarlıqlara fikir vermədim. Düşünürdüm ki, bu məsləhət mənə aid deyil». O, hansı çətinliklərlə üzləşdi? Bacı etiraf edir: «Dərslər bütün gücümü və vaxtımı alırdı. O qədər məşğul olurdum ki, Yehovaya əvvəlki kimi dua etmirdim, yorğunluqdan başqaları ilə Müqəddəs Kitab əsasında söhbətlər aparmağa həvəsim olmurdu, yığıncaqlara hazırlaşmağa halım qalmırdı. Nə yaxşı ki, bir gün bütün diqqətimi ali təhsilə cəmləməyin Yehova ilə dostluğuma xələl gətirdiyini dərk etdim. Başa düşdüm ki, dayanmaq vaxtıdır. Belə də etdim».

16 Ali təhsil bacının düşüncəsinə necə təsir etmişdi? O deyir: «Utanaraq etiraf edim ki, ali təhsil başqalarına, xüsusilə də bacı-qardaşlarıma tənqidi yanaşmağı, onlardan bacardıqlarından artığını tələb etməyi və mümkün qədər gen gəzməyi aşılamışdı. Bu düşüncələri başımdan çıxarmaq xeyli vaxt apardı. Bu acı təcrübə nəticəsində səmavi Atamızın təşkilatı vasitəsilə verdiyi xəbərdarlığa məhəl qoymamağın nə qədər təhlükəli olduğunu anladım. Yehova məni məndən yaxşı tanıyır. Kaş ki, Ona qulaq asardım!»

17. a) Nəyə qəti qərarlı olmalıyıq? b) Növbəti məqalədə nəyi araşdıracağıq?

17 Şeytan dünyasının sizi «fəlsəfə ilə, puç və yanlış fikirlər vasitəsilə» əsir almasına əsla yol verməyin! Özünüzü onun hiylələrindən qorumağa davam edin (1 Kor. 3:18; 2 Kor. 2:11). Şeytana yol verməyin ki, Yehova haqda fikirlərinizi təhrif edərək Ona məqbul tərzdə ibadət etməyinizə mane olsun. Yehovanın yüksək əxlaq normalarına uyğun yaşayın. Və qoymayın ki, Şeytan sizi Yehovanın məsləhətlərini rədd etməyə təhrik etsin. Bəs əgər bu dünyanın düşüncə tərzi artıq sizə sirayət edibsə, onda necə? Növbəti məqalədə görəcəyik ki, Allahın Kəlamı hətta güclü istehkama bənzər düşüncə və vərdişlərimizi yıxmağa qadirdir (2 Kor. 10:4, 5).

NƏĞMƏ 49 Yehovanın ürəyini sevindirək

^ abz. 5 Şeytan insanları aldatmaqda mahirdir. O, insanları azad olduqlarına inandırıb, həqiqətdə isə onları özünə əsir edib. Bu məqalədə Şeytanın insanları aldatmaq üçün istifadə etdiyi bir neçə hiyləyə nəzər salacağıq.

^ abz. 48 ŞƏKLİN İZAHI. İsraillilərin kənanilərlə münasibətləri Baala ibadət etmələrinə və əxlaqsızlığa gətirib çıxardı.

^ abz. 51 ŞƏKLİN İZAHI. Reklam lövhəsindəki rənglər kilsənin homoseksuallığa tolerant yanaşdığını göstərir.

^ abz. 53 ŞƏKLİN İZAHI. Bir bacı ali məktəbdə təhsil alır. Bacı tələbə yoldaşları ilə birgə elm və texnologiyanın bəşəriyyətin problemlərini həll etməyə qadir olduğunu aşılayan professorun fikirlərinə aldanır. Başqa bir vaxt ibadət evində araşdırılan mövzu ona maraqsız gəlir və bacı-qardaşlara tənqidi yanaşır.