Kontentə keç

Mündəricatı göstər

Şeytanın tələsinə qarşı etibarlı müdafiə

Şeytanın tələsinə qarşı etibarlı müdafiə

QƏDİM İsrail xalqı Yehovanın onlara vəd etdiyi diyara girmək üçün İordan çayını keçməyə hazırlaşırdı. Bu zaman onların bəzi qonaqları peyda olur. Bu qonaqlar yadelli qadınlar idi, onlar israilli kişiləri şənliyə dəvət etməyə gəlmişdilər. Bu təklif çox möhtəşəm görünürdü. Yeni dostlar, rəqs, dadlı yeməklər olduqca cəlbedici səslənirdi. Yadelli qadınların əxlaq dəyərləri və adət-ənənələri Yehovanın israillilərə verdiyi Qanunla uzlaşmasa da, görünür, israilli kişilərdən bəziləri «biz təsirə düşmərik, ehtiyatlı olacağıq» deyə düşünmüşdü.

Bəs nə baş verdi? Allahın Kəlamında deyilir: «Xalq Muab qızları ilə zina etməyə başladı». Əslində, bu qadınlar israilli kişilərin saxta allahlara ibadət etməsini istəyirdi. Belə də oldu! Və haqlı olaraq, «Yehovanın İsrailə qəzəbi tutdu» (Say. 25:1—3).

Bu israillilər Allahın Qanununu ikitərəfli pozdu: onlar bütlərə səcdə qıldı və cinsi əxlaqsızlıq etdilər. Minlərlə insan itaətsizlik ucbatından həyatını itirdi (Çıx. 20:4, 5, 14; Qan. 13:6—9). Ən dəhşətlisi isə bu faciənin nə zaman baş verməsi idi. Əgər israillilər Allahın Qanununu pozmasaydılar, qısa bir zamanda İordan çayını keçib Vəd edilmiş diyara daxil olacaqdılar (Say. 25:5, 9).

Bu hadisələrlə bağlı həvari Bulus yazmışdı: «Bütün bunlar ibrət kimi onların başına gəldi və bu dövrün sonunda yaşayan bizlər üçün xəbərdarlıq məqsədilə yazılıb» (1 Kor. 10:7—11). Şübhəsiz, bu israillilərin ciddi günaha yol verməsi və nəticədə Vəd edilmiş diyara girə bilməməsi Şeytanın ürəyincə idi. İsraillilərin səhvindən ibrət götürməyimiz olduqca vacibdir, çünki Şeytanın ən böyük arzusu bizi Allahın vəd etdiyi Cənnətə daxil olmaqdan məhrum etməkdir!

TƏHLÜKƏLİ TƏLƏ

Şeytan məsihiləri ovlamaq üçün yaxşı bildiyi və işə yarayan tələlərdən istifadə edir. Qeyd olunduğu kimi, israilliləri tələyə salmaq üçün o, cinsi əxlaqsızlıqdan istifadə etmişdi. Əxlaqsızlıq bu gün də təhlükəli tələlərdən biri olaraq qalır. Bizi əxlaqsızlıq tələsinə sürükləyəcək ən güclü vasitələrdən biri pornoqrafiyadır.

Bu gün heç kimin xəbəri olmadan pornoqrafiyaya baxmaq mümkündür. Əvvəllər pornoqrafiyaya baxmaq istəyənlər namünasib filmlər izləmək üçün kinoteatra getməli, yaxud da pornoqrafik məzmunlu kitabların satıldığı mağazalara üz tutmalı idi. Bir çoxları çox güman ki, kiminsə onları görəcəyindən utandığı üçün bu kimi yerlərdən uzaq dururdu. Amma indi internet vasitəsilə işdə, yaxud maşında oturub pornoqrafiyaya baxmaq mümkündür. Bir çox ölkələrdə isə istər kişilərin, istərsə də, qadınların elə öz evlərindəcə pornoqrafiyaya baxmaq imkanı var.

Hələ bu harasıdır. Elektron cihazlar pornoqrafiyaya baxmağı daha da asanlaşdırıb. İnsanlar küçədə gəzəndə, avtobusda, yaxud qatarda elektron cihazlarında əxlaqsız şəkillərə baxa bilir.

Bu gün pornoqrafiyaya baxmaq və bunu gizlətmək asan olduğu üçün əvvəlki dövrə nisbətdə daha çox insan zərər görür. Pornoqrafiyaya aludə olan saysız-hesabsız insan ailə həyatına, özünəhörmət hissinə və vicdanına xələl yetirir. Ən betəri isə, onlar Allahla münasibətlərini təhlükə altına atır. Əmin ola bilərsiniz ki, pornoqrafiya ona baxan insana böyük zərər verir. Əksər hallarda isə insana dərin emosional yara vurur. Bu yaralar yavaş-yavaş sağalsa da, izləri uzun illər qala bilir.

Şeytanın bu tələsinə düşməmək üçün Yehovanın təqdim etdiyi müdafiədən agah olmalıyıq. Əgər Onun müdafiəsində olmaq istəyiriksə, israilli kişilərdən fərqli olaraq, Yehovaya «hər şeydə» itaət etməliyik (Çıx. 19:5). Biz dərk etməliyik ki, Yehova pornoqrafiyaya nifrət edir. Bunu nəyin əsasında demək olar?

YEHOVA KİMİ SİZ DƏ NİFRƏT EDİN

Gəlin bir faktı nəzərə alaq ki, Yehovanın İsrail xalqına verdiyi qanunlar həmin dövrdə yaşayan digər xalqların qanunlarından fərqlənirdi. Bu qanunlar, sanki bir sədd kimi, israilliləri ətraf xalqlardan və onların pis əməllərindən qoruyurdu (Qan. 4:6—8). Onlar vacib bir həqiqəti aydın göstərirdi: Yehova cinsi əxlaqsızlığa nifrət edir.

Yehova ətraf xalqların əxlaqsız davranışlarını sadaladıqdan sonra israillilərə demişdi: «Sizi apardığım Kənan diyarındakı əməlləri təkrarlamayın... Onların torpağı da murdardır. Mən o torpağın sakinlərini günahlarına görə cəzalandıracağam». Doğrudan da, kənanilərin həyat tərzi İsrailin müqəddəs Allahının gözündə o qədər mənfur idi ki, O, onların yaşadığı torpağı da natəmiz, murdar hesab edirdi (Lav. 18:3, 25).

Yehova kənaniləri cəzalandırsa da, digər xalqlar hələ də əxlaqsızlıq etməyə davam edirdi. Bundan təxminən 1500 il sonra həvari Bulus məsihilərin dövründə yaşayan başqa xalqları belə təsvir etmişdi: «Onlar abır-həyanı büsbütün itirərək acgözlüklə hər cür natəmiz iş görmək üçün özlərini azğınlıq girdabına qərq ediblər» (Efes. 4:17—19). Bu gün də çoxları əxlaqsızlıq edir və bundan xəcalət çəkmir. Həqiqi məsihilər hər yanda nümayiş olunan əxlaqsız səhnələri görməmək üçün əllərindən gələni etməlidir.

Pornoqrafiya Allaha qarşı böyük hörmətsizlikdir. Allah insanları Öz surətində və Özünə bənzər yaradıb. O, bizə ləyaqət hissi bəxş edib. Yehovanın cinsi münasibətlərlə bağlı qoyduğu məhdudiyyətlər hikmətlidir. O, cinsi münasibəti nikah daxilində ər-arvada həzz gətirməsi üçün bəxş edib (Yar. 1:26—28; Məs. 5:18, 19). Bəs pornoqrafik materialları istehsal edən və ya insanları onlara baxmağa təşviq edənlər nə edir? Onlar Allahın əxlaq dəyərlərini rədd edir. Bəli, pornoqrafiyanı təbliğ edənlər Yehova Allaha qarşı böyük hörmətsizlik edir. Pornoqrafik materiallar istehsal edərək, yaxud başqalarını onlara baxmağa səsləyərək Allahın əxlaq dəyərlərinə məhəl qoymayanlar Onun hökmünə düçar olacaq (Rom. 1:24—27).

Bəs bilərəkdən pornoqrafiyaya baxanlar və ya bu məzmunlu nəşrlər oxuyanlar haqda nə demək olar? Bəziləri bunun zərərsiz olduğunu düşünə bilər. Əslində isə onlar Yehovanın qanunlarını heçə sayanları dəstəkləmiş olurlar. Bəlkə də, pornoqrafiyaya baxmağa başlayanda onların məqsədi bu olmayıb. İstənilən halda, Müqəddəs Kitab aydın göstərir ki, Allahın həqiqi xidmətçiləri pornoqrafiyadan ikrah etməlidirlər. Kəlamda yazılıb: «Ey Yehovanı sevənlər, pisliyə nifrət edin» (Zəb. 97:10).

Lakin pornoqrafiyaya baxmağı tərgitmək istəyənlər buna çətinlik çəkə bilər. Biz qeyri-kamilik və natəmiz cinsi arzulara qarşı mübarizə aparmalı oluruq. Üstəlik, xain ürəyimiz bizi Allahın qanunundan kənara çıxmaq üçün bəhanə axtarmağa təhrik edə bilər (Ərm. 17:9). Amma sonradan məsihi olan bir çoxları bu döyüşdən qalib çıxa biliblər. Bunu bilmək pornoqrafiya ilə mübarizə aparanların ona qarşı durmaq əzmini möhkəmləndirəcək. Gəlin görək Allahın Kəlamı bizi Şeytanın pornoqrafiya tələsindən necə qoruyur.

ƏXLAQSIZ DÜŞÜNCƏLƏRƏ QAPILMAYIN

Qeyd olunduğu kimi, israilli kişilərin çoxu yanlış arzularının onları fəlakətə sürükləməsinə yol verdi. Bu gün də eyni şey baş verə bilər. İsa Məsihin qardaşı Yaqub təhlükəni belə təsvir etmişdi: «Hər kəs öz nəfsi ilə tovlanıb aldanaraq sınanır. Sonra nəfs boylu qalıb günah doğur» (Yaq. 1:14, 15). Əgər insan ürəyində yanlış arzuların boy atmasına yol verərsə, çox güman ki, günah işləyəcək. Odur ki, əxlaqsız fikirlərdən azad olmalı, bu haqda düşünməməliyik.

Görsəniz ki, natəmiz fikirlərdən qurtula bilmirsiniz, qəti tədbirlər görün. İsa Məsih demişdi: «Əgər əlin və ya ayağın səni günaha sürükləyirsə, onu kəs at... Həmçinin əgər gözün səni günaha sürükləyirsə, onu çıxar at» (Mət. 18:8, 9). O, bu sözləri hərfi mənada demirdi. İsa bununla bizi günaha sürükləyən şeyin mənbəyini dərhal və qətiyyətlə aradan qaldırmalı olduğumuzu nəzərdə tuturdu. Bu məsləhəti pornoqrafiya məsələsinə necə tətbiq etmək olar?

Əgər pornoqrafiyaya rast gəlsəniz, «bu, mənə təsir etməz» deyə düşünməyin. Dərhal üzünüzü çevirin. Cəld televizoru söndürün. Kompüter və ya elektron cihazınızı yubanmadan söndürün. Fikrinizi pak, məqbul şeylərə kökləyin. Belə etsəniz, yanlış arzular sizi yox, siz onları idarə edəcəksiniz.

MÜBARİZƏYƏ DAVAM

Bəs pornoqrafiyaya baxmaq vərdişindən qurtulduqdan sonra belə, keçmişdə baxdığınız səhnələr vaxtaşırı gözünüzdə canlanırsa, onda necə? Pornoqrafik şəkillər və ya fikirlər uzun müddət insanın yaddaşında qala bilir. Onlar istənilən an çağırılmamış qonaq kimi peyda olur. Bu zaman insanda masturbasiya kimi natəmiz əməllərə istək yarana bilər. Odur ki, bu cür fikirlərin hər an peyda ola biləcəyini nəzərə alın və onlarla mübarizə aparmağa hazırlıqlı olun.

Allahın iradəsinə uyğun düşünməyə və davranmağa daha da qətiyyətli olun. «Bədənimə cəfa verib onu kölə kimi özümə tabe etdirirəm» deyən həvari Bulusa bənzəməyə çalışın (1 Kor. 9:27). Natəmiz istəklərin sizi idarə etməsinə yol verməyin! «Düşüncənizi yeniləşdirərək büsbütün dəyişin ki, Allahın yaxşı, xoş və kamil iradəsini dərk edəsiniz» (Rom. 12:2). Yadda saxlayın: Allahın iradəsinə uyğun düşünmək və davranmaq günahlı istəklərə təslim olmaqdan daha böyük məmnunluq gətirir.

Allahın iradəsinə uyğun düşünmək və davranmaq günahlı istəklərə təslim olmaqdan daha böyük məmnunluq gətirir

Müqəddəs Kitabdan bəzi ayələri əzbərləməyə çalışın. Ağlınıza əxlaqsız fikirlər gələndə özünüzü həmin ayələr barədə düşünməyə məcbur edin. Zəbur 119:37; Əşiya 52:11; Mətta 5:28; Efeslilərə 5:3; Koloslulara 3:5 və 1 Salonikililərə 4:4—8 kimi ayələr sizə kömək edəcək ki, Yehova kimi pornoqrafiyaya nifrət edəsiniz və Onun sizdən nə gözlədiyini anlayasınız.

Bəs əxlaqsız şeylərə baxmaq və onlar haqda düşünmək istəyi həddindən artıq güclüdürsə, nə edə bilərsiniz? Bizim üçün örnək olan İsa Məsihin nümunəsini addımbaaddım izləyin (1 But. 2:21). Vəftiz olunduqdan sonra Şeytan onu ard-arda sınağa çəkir. İsa nə edir? O, hər dəfəsində müqavimət göstərir. İsa ayə dalınca ayə sitat gətirərək Şeytanın sınaqlarına qarşı durur. O: «Rədd ol, Şeytan!» deyir və Şeytan ondan əl çəkir. İsa Məsih İblislə mübarizədə təslim olmadı, siz də təslim olmayın! (Mət. 4:1—11). Şeytan və onun dünyası bundan sonra da ağlınızı əxlaqsız fikirlərlə doldurmağa çalışacaq, təslim olmayın, mübarizəni davam edin! Siz pornoqrafiyaya qalib gələ bilərsiniz. Yehova sizə düşməninizi məğlub etməyə kömək edəcək.

DUA EDİN VƏ YEHOVAYA TABE OLUN

Yehovaya durmadan dua edin və kömək istəyin. Həvari Bulus deyirdi: «Hər məsələ barədə diləyinizi... Allaha bildirin. Onda Allahın hər bir ağıldan üstün olan sülhü ürəyinizi və fikirlərinizi Məsih İsa vasitəsilə qoruyacaq» (Filip. 4:6, 7). Allahın sülhü günaha qarşı mübarizənizi asanlaşdıracaq. Siz Yehovaya yaxınlaşdıqca, «O da sizə yaxınlaşacaq» (Yaq. 4:8).

Şeytanın tələlərindən müdafiə olunmağın ən gözəl yolu Kainatın Hökmdarı ilə yaxın olmaqdır. İsa Məsih demişdi: «Bu dünyanın hökmdarı [Şeytan] gəlir. Onun mənim üzərimdə hakimiyyəti yoxdur» (Yəh. 14:30). İsada bu əminlik haradan idi? O izah etmişdi: «Məni göndərən mənimlədir. O, məni tək qoymayıb, çünki mən həmişə Onun bəyəndiyi işləri görürəm» (Yəh. 8:29). Yehovanın bəyəndiyi işləri gördüyünüz təqdirdə, O, sizi də atmayacaq. Pornoqrafiya tələsindən uzaq dursanız, Şeytan üzərinizdə ağalıq edə bilməyəcək.