TƏLİM MƏQALƏSİ 26
Stress keçirənlərə dayaq olun
«Hamınız həmfikir, bir-birinizin dərdinə şərik, qardaşsevən, şəfqətli və təvazökar olun» (1 BUT. 3:8).
NƏĞMƏ 107 İlahi məhəbbət örnəyi
İCMAL *
1. Məhəbbətli Atamız Yehovaya necə bənzəyə bilərik?
YEHOVA ALLAH bizə dərin məhəbbət bəsləyir (Yəh. 3:16). Biz də məhəbbətli Atamıza bənzəmək istəyirik. Odur ki, hər kəsin, «ələlxüsus, iman qardaşlarımız»ın «dərdinə şərik, qardaşsevən, şəfqətli və təvazökar» olmağa çalışırıq (1 But. 3:8; Qal. 6:10). Ruhani ailəmizin üzvləri stressli anlar yaşayanda onlara kömək etmək istəyirik.
2. Bu məqalədə nəyi araşdıracağıq?
2 Yehova Allahın ailəsinin üzvü olmaq istəyən hər bir kəs stressli vəziyyətlərlə üzləşəcək (Mark 10:29, 30). Bu dünyanın sonu yaxınlaşdıqca, çox güman ki, çətinliklərimiz daha da artacaq. Bəs bir-birimizə necə dayaq ola bilərik? Gəlin görək Müqəddəs Kitabda adı çəkilən Lut, Əyyub və Naimənin hadisəsindən nə öyrənirik. Həmçinin bu gün dindaşlarımızın üzləşdiyi bəzi çətinliklərdən və onlara kömək etməyin yollarından danışacağıq.
SƏBİRLİ OLUN
3. 2 Butrus 2:7, 8 ayələrinə əsasən, Lut hansı yanlış qərarı verdi və bu, nə ilə nəticələndi?
3 Lut pozğun sakinləri olan Sədum şəhərində yaşamağı seçməklə yanlış qərar verdi. (2 Butrus 2:7, 8 ayələrini oxuyun.) Sədumun torpağı bərəkətli olsa da, ora köçmək Luta baha başa gəldi (Yar. 13:8—13; 14:12). Görünür, bu şəhər, yaxud onun bəzi sakinləri Lutun arvadının o qədər xoşuna gəlirdi ki, buna görə Yehovaya itaətsizlik etdi. Yehova Səduma atəş və kükürd yağdıranda Lutun arvadı həyatını itirdi. Lutun iki qızını bir düşünün. Onların nişanlıları Sədumda ölənlərin arasında idi. Lut evini, mal-mülkünü, ən dəhşətlisi isə həyat yoldaşını itirdi (Yar. 19:12—14, 17, 26). Bu keşməkeşli dövrdə Yehovanın Luta qarşı səbri tükəndi? Xeyr.
4. Yehovanın Luta qarşı səbri nədən görünür? (Üz qabığındakı şəklə baxın.)
4 Lut Sədumda yaşamağa qərar versə də, Yehova ona şəfqət göstərdi: onu ailəsi ilə birgə xilas etmək üçün mələklərini göndərdi. Lakin Lut Sədumu təcili şəkildə tərk etmək göstərişi verən mələklərə dərhal itaət etmək əvəzinə, ləng tərpəndi. Odur ki, mələklər onların əllərindən tutaraq şəhərdən qaçmağa kömək etdi (Yar. 19:15, 16). Sonra mələklər onlara dağlara qaçmağı tapşırdı. Lakin Yehovaya itaətkarlıq göstərmək əvəzinə, Lut yaxınlıqdakı şəhərə getməyi xahiş etdi (Yar. 19:17—20). Yehova onu səbirlə dinlədi və həmin şəhərə getməsinə izin verdi. Amma çox keçməmiş Lut həmin şəhərdə yaşamağın təhlükəli olduğunu görüb dağlıq əraziyə, Yehovanın ona əvvəlcədən buyurduğu yerə köçdü (Yar. 19:30). Yehova Luta qarşı necə də böyük səbir göstərmişdi! Bəs biz Onu necə təqlid edə bilərik?
5, 6. 1 Salonikililərə 5:14 ayəsini tətbiq edərək, Yehovadan necə örnək ala bilərik?
5 Ola bilsin, ruhani ailəmizin üzvlərindən kimsə Lut kimi yanlış qərar verərək başına ciddi problemlər açsın. Bu zaman biz necə davranacağıq? Bəlkə də, içimizdən «nə əkmisən, onu da biçirsən» demək gələcək (Qal. 6:7). Hər nə qədər haqlı olsaq da, daha yaxşı davranmaq olar. Yehovanın Lutla rəftarından örnək götürə bilərik. Necə?
6 Yehova mələklərini sadəcə Lutu xəbərdar etmək üçün göndərməmişdi. Mələklər Luta Sədumun başına gələcək bəladan qurtulmağa kömək etmişdilər. Eynilə, dindaşımızın yanlış yola qədəm qoyduğunu görəndə onu xəbərdar etməklə yanaşı, hər hansı yolla kömək də edə bilərik. Hətta o, Müqəddəs Kitab əsasında verilmiş məsləhəti dərhal tətbiq etməsə belə, səbirli olmalıyıq. Çalışaq həmin iki mələk kimi davranaq. Dindaşımızdan əlimizi üzməyək, ona kömək etmək üçün praktiki yollar axtaraq (1 Yəh. 3:18). Ola bilsin, məcazi dillə desək, onun əlindən tutub verilən məsləhətə əməl etməsinə kömək etməyimiz lazım gəlsin. (1 Salonikililərə 5:14 ayəsini oxuyun.)
7. Yehovanın Luta münasibətindən necə örnək ala bilərik?
7 Yehova diqqətini Lutun səhvlərinə cəmləmədi. Əksinə, sonralar həvari Butrusu ilhamlandıraraq Lutun saleh adam olduğunu qeyd etdirdi. Xoşbəxtik ki, Yehova bizim səhvlərimizi bağışlayır! (Zəb. 130:3). Bəs biz Yehovanın Luta münasibətindən örnək ala bilərik? Bacı-qardaşlarımızın müsbət cəhətlərini görməyə çalışsaq, onlara qarşı daha səbirli olacağıq. Onda köməyimizi qəbul etmək onlara daha asan olacaq.
ŞƏFQƏTLİ OLUN
8. Şəfqət hissi bizi nəyə təşviq edir?
8 Lutdan fərqli olaraq, Əyyubun çəkdiyi əziyyətlər öz səhv qərarının nəticəsi deyildi. Bununla belə, onun başına böyük müsibətlər gəlmişdi: mal-mülkünü, cəmiyyətdəki ad-sanını, sağlamlığını itirmişdi. Ən betəri isə bütün övladları ölmüşdü. Üstəlik, üç saxta dostu da
onu ittiham edirdi. Nəyə görə Əyyubun dostları ona şəfqət göstərməmişdi? Səbəblərdən biri odur ki, onlar vəziyyəti kənardan dəyərləndirirdilər. Buna görə də tez- tələsik yanlış nəticə çıxarıb, Əyyubu rəhmsizcəsinə mühakimə etmişdilər. Onların səhvini təkrarlamamaq üçün nə edə bilərik? Yadda saxlayın ki, insanın vəziyyəti barədə bütün faktları yalnız Yehova bilir. Əzab çəkən dindaşınızı diqqətlə dinləyin. Onun dediyi sözləri eşitməklə kifayətlənməyin, çəkdiyi iztirabı duymağa çalışın. Yalnız bu halda dindaşınızın dərdinə şərik ola biləcəksiniz.9. Şəfqətli olmaq bizi nədən saxlayacaq və bu, nə üçün vacibdir?
9 Şəfqət hissi bizi başqalarının problemləri haqda qeybət etməkdən saxlayacaq. Qeybətçilər yığıncağı möhkəmləndirmir, əksinə, parçalayır (Məs. 20:19; Rom. 14:19). Qeybət edən şəxs xeyirxahlıq yox, düşüncəsizlik edir. Onun sözləri əzab çəkən insanın yarasına duz səpə bilər (Məs. 12:18; Efes. 4:31, 32). Yaxşı olar ki, insanın gözəl xüsusiyyətlərinə fikir verib, çətinliklərinin öhdəsindən gəlməyə kömək edək.
10. Əyyub 6:2, 3 ayələrindən nə öyrənirik?
10 Əyyub 6:2, 3 ayələrini oxuyun. Əyyub kitabında yazılıb ki, peyğəmbərin düşünmədən danışdığı anlar olub. Lakin o, sonradan dediyi sözləri geri götürmüşdü (Əyy. 42:6). Bu gün də çətinliklər ucbatından stress yaşayanlar Əyyub kimi, sonradan peşman olacağı sözlər deyə bilər. Bəs biz necə cavab verməliyik? Tənqidi yanaşmaq əvəzinə, şəfqətli davranmalıyıq. Yadda saxlayın ki, Yehovanın niyyətində bizim çətinliklərlə, stresslə üzləşməyimiz yox idi. Odur ki, Yehovanın imanlı bəndəsinin gərgin vaxtda düşünülməmiş sözlər söyləməsini anlamaq olar. Hətta o, Yehova haqda, yaxud bizim barəmizdə yanlış bir şey desə belə, dərhal əsəbləşməməli və ya onu mühakimə etməməliyik (Məs. 19:11).
11. Ağsaqqallar kiməsə düzəliş edən zaman Əlihudan necə örnək ala bilər?
11 Bəzən çətinliklər ucbatından stress yaşayan insana hər hansı məsləhət vermək və ya düzəliş etmək lazım gələ bilər (Qal. 6:1). Ağsaqqallar bunu necə edə bilər? Onlar Əyyubu canıyananlıqla dinləyən Əlihudan örnək almalıdır (Əyy. 33:6, 7). Əlihu yalnız Əyyubun düşüncəsini anladıqdan sonra ona düzəliş vermişdi. Ondan örnək alan ağsaqqallar da insanı diqqətlə dinləməyə və onun vəziyyətini anlamağa çalışacaq. Beləcə, məsləhət verərkən onun ürəyinə yol tapa biləcəklər.
TƏSKİNLİK VERİN
12. Ərinin və iki oğlunun ölümü Naiməyə necə təsir etmişdi?
12 Naimə Yehovanı sevən sədaqətli qadın idi. Lakin ərinin və iki oğlunun ölümündən sonra o qədər pərişan idi ki, insanların onu «acı» mənasını verən «Mara» deyə çağırmasını istəmişdi (Rut 1:3, 5, 20, haş., 21). Naimənin gəlini Rut bu çətin anlarında onun yanında idi. Rut ona həm əməldə köməyini göstərirdi, həm də sözləri ilə təskinlik verirdi. O, Naiməni sevdiyini, ona dayaq olduğunu sadə, səmimi sözlərlə ifadə etmişdi (Rut 1:16, 17).
13. Nəyə görə həyat yoldaşı vəfat edənlərin dəstəyimizə ehtiyacı var?
13 Ruhani ailəmizin üzvlərindən kiminsə həyat yoldaşı vəfat edəndə dəstəyimizə ehtiyac duyur. Ər-arvadı yan-yana əkilmiş iki ağaca bənzətmək olar. İllər ötdükcə, bu ağacların kökləri bir-birinə möhkəm sarmaşır. Ağaclardan biri qoparılanda, digər ağac da ciddi zədələnir. Eynilə, amansız ölüm kiminsə həyat yoldaşını əlindən alanda o, uzun müddət ağır iztirab çəkir. Əri qəflətən ölüm yuxusuna gedən Paula * deyir: «Həyatım alt-üst oldu. Özümü tamamilə gücsüz hiss edirdim. Ən yaxın dostumu itirmişdim. Yoldaşımla hər şey barədə danışırdım. O, xoş günümdə sevincimi paylaşır, dar günümdə mənə arxa-dayaq olurdu. Məni diqqətlə dinləyirdi. Onsuz, sanki iki yerə bölünmüşdüm».
14, 15. Həyat yoldaşı vəfat edənlərə necə təskinlik verə bilərik?
14 Həyat yoldaşı vəfat edən şəxsə necə təskinlik verə bilərik? İlk vacib addım odur ki, sizə çətin gəlsə də, nə deyəcəyinizi bilməsəniz də, onunla danışasınız. Paula deyir: «Başa düşürəm ki, kimsə öləndə adam nə deyəcəyini bilmir. Sözlərinin pis təsir edəcəyinə görə narahat olur. Amma nəsə demək, heç nə deməməkdən daha yaxşıdır». Yaslı adam bizdən qeyri-adi bir söz gözləmir. Paula deyir: «Dostlarımın sadəcə “üzləşdiyin itkiyə görə çox üzülürəm” demələri mənim üçün böyük şey idi».
15 Bir neçə il əvvəl həyat yoldaşını itirən Vilyam qardaş deyir: «Başqaları həyat yoldaşımla bağlı xoş təəssüratlarını bölüşəndə fərəhlənirəm. Onun sevildiyinə, hörmət qazandığına əmin oluram. Bu cür dəstək mənim üçün olduqca dəyərlidir. Onların sözlərindən böyük təsəlli tapıram, çünki yoldaşım mənim
üçün çox əziz idi, o, həyatımın bir parçası idi». Bianka adlı dul bacımız deyir: «Mənimlə birgə dua edəndə, mənə bir-iki ayə oxuyanda təsəlli alıram. Kimsə ərim haqqında danışanda və mənim onun haqda danışdıqlarıma qulaq asanda ürəyim rahatlıq tapır».16. a) Əzizini itirən kəs üçün nə etməliyik? b) Yaqub 1:27 ayəsinə əsasən, üzərimizdə hansı məsuliyyət var?
16 Dul qalmış Naiməni tərk etməyən Rut kimi, biz də əziz adamını itirənlərə davamlı dəstək olmalıyıq. Yuxarıda adı çəkilən Paula deyir: «Ərim vəfat edəndə mənə dayaq olan çox idi. Zaman keçdikcə, hamı əvvəlki həyatına qayıtdı. Amma mənim həyatım tamamilə dəyişmişdi. Yaslı adamın aylar, hətta illər sonra belə, dəstəyə ehtiyac duyduğunu kiminsə anlaması böyük köməkdir». Əlbəttə ki, hər kəs fərqlidir. Kimisi başqalarına nisbətdə yeni vəziyyətinə tez uyğunlaşır. Kimisi də, bir vaxtlar əzizi ilə birgə gördüyü işi tək görəndə xatirələrə dalıb pis olur. Hərə kədərini bir cür ifadə edir. Gəlin yadda saxlayaq ki, Yehova hər birimizə həyat yoldaşlarını itirən kəslərə qayğı göstərmək kimi şərəfli və məsuliyyətli iş tapşırıb. (Yaqub 1:27 ayəsini oxuyun.)
17. Nə üçün həyat yoldaşı tərəfindən tərk edilənlərin köməyimizə ehtiyacı var?
17 Bəziləri həyat yoldaşları tərəfindən tərk edildiyi üçün güclü iztirab və stress keçirir. Başqa qadına görə əri tərəfindən
tərk edilən Coys bacı deyir: «Boşananda elə əzab çəkdim ki, ərim ölsəydi, bundan yaxşı idi. Bilsəm ki, hansısa bədbəxt hadisədə, yaxud xəstəlikdən ölüb, başa düşərdim ki, ondan asılı olan bir şey deyil. Lakin məni tərk etməyi o özü istəyib. Özümü təhqir olunmuş, alçaldılmış hiss edirdim».18. Daha həyat yoldaşı olmayan kəslər üçün nə edə bilərik?
18 Daha həyat yoldaşı olmayan kəslərə kiçik bir xeyirxahlıq edəndə onları sevdiyimizə əmin olurlar. İndi onların yaxşı dostlara həmişəkindən daha çox ehtiyacı var (Məs. 17:17). Bəs sizin yaxşı dost olduğunuz nədən görünəcək? Sadə süfrə açıb onları evinizə dəvət edə bilərsiniz. Bir az vaxt ayırıb onlarla istirahət edə, yaxud sahə xidmətinə çıxa bilərsiniz. Yaxud vaxtaşırı onları ailəvi ibadətinizə dəvət edə bilərsiniz. Beləcə, siz «qəlbisınıqlara yaxın», «dul qadınlara arxa» olan Allahımız Yehovanı sevindirəcəksiniz (Zəb. 34:18; 68:5).
19. 1 Butrus 3:8 ayəsini rəhbər tutaraq, siz nə etməyə qərarlısınız?
19 Tezliklə Allahın Padşahlığı yer üzündə hökmranlıq edəcək və bütün «dərdlər unudulacaq». Köhnə şeylərin yada düşməyəcəyi, daha xatırlanmayacağı günü necə də böyük həsrətlə gözləyirik (Əşy. 65:16, 17). O günə qədər isə gəlin bir-birimizə dayaq olmağa, eləcə də, həm sözdə, həm də əməldə ruhani ailəmizi çox sevdiyimizi göstərməyə davam edək. (1 Butrus 3:8 ayəsini oxuyun.)
NƏĞMƏ 111 Yehova — sevinc mənbəyimiz
^ abz. 5 Lut, Əyyub və Naimə Yehovaya sədaqətlə xidmət edirdi. Bununla belə, bəzən stress keçirdikləri anlar olurdu. Bu məqalədə onların başına gələnlərdən nə öyrənə biləcəyimiz müzakirə olunur. Həmçinin çətin anlar yaşayan dindaşlarımıza qarşı səbirli və şəfqətli olmağın, onlara təskinlik verməyin vacibliyi vurğulanır.
^ abz. 13 Bu məqalədəki adlar şərtidir.
^ abz. 57 ŞƏKLİN İZAHI. Bir qardaş çox qəmgindir və düşünülməmiş sözlər söyləyir, ağsaqqal isə səbirlə dinləyir. Qardaş bir müddət sonra sakitləşir və ağsaqqal ona məsləhət verir.
^ abz. 59 ŞƏKLİN İZAHI. Gənc ailə bu yaxınlarda həyat yoldaşı vəfat edən qardaşla ünsiyyət edir. Onlar şəkillərə baxaraq qardaşın həyat yoldaşı haqda xoş xatirələrini bölüşürlər.