Kontentə keç

Mündəricatı göstər

Kərənayın səsinə hay verək!

Kərənayın səsinə hay verək!

HAMIMIZ bilirik ki, Yehova Allah bu axırzamanda Öz xalqına rəhbərlik verir və ruhani cəhətdən hər şeylə təmin edir (2 Tim. 3:1). Təbii ki, hər birimizdən itaətkarlıq tələb olunur. Bugünkü vəziyyəti israillilərin səhrada üzləşdiyi vəziyyətə bənzətmək olar. Onlar kərənayın səsinə hay verməli idi.

Yehova Musa peyğəmbərə buyurmuşdu ki, «icmanı toplamaq, yaxud düşərgəni yığmaq» üçün döymə gümüşdən iki kərənay düzəltsin (Say. 10:2). Kərənayların hər dəfə necə çalınmasından xalq nə etməli olduğunu bilirdi (Say. 10:3—8). Müasir dövrdə də Yehova xalqına müxtəlif üsullarla göstərişlər verir. Gəlin qədim İsraildəki kərənay səsini xatırladan bu üsullardan üçünü araşdıraq. Bu gün Allahın xalqı böyük toplantılara dəvət olunur, ağsaqqallar təlim alır və bütün yığıncaqlar üçün göstərişlərə düzəliş olunur və ya dəyişdirilir.

BÖYÜK TOPLANTILARA DƏVƏT ÇAĞIRIŞI

Yehova istəyirdi ki, kahinlər kərənayları çalanda «bütün icma» Hüzur çadırının şərq girişində toplaşsın (Say. 10:3). Çadırın ətrafında dörd bölük halında düşərgə salan bütün qəbilələr bu səsi eşidirdi. Girişin yaxınlığında düşərgə salanlar kərənayın səsini eşidən kimi toplaşa bilirdi. Amma bir az aralıda olanlara ora getmək üçün daha çox vaxt sərf etmək və daha çox zəhmət çəkmək lazım gəlirdi. Hər necə olsa da, Yehova istəyirdi ki, hamı toplaşsın və verdiyi buyruqları eşitsin.

Bu gün heç bir çadırın qarşısında toplaşmırıq, amma bizdən Allahın xalqının toplantılarına yığışmaq gözlənilir. Bura mühüm fikirlər eşitdiyimiz və rəhbərlik aldığımız regional toplantılar və digər xüsusi mərasimlər daxildir. Bütün dünyada Yehovanın xalqı eyni təlimi alır. Buna görə də dəvətə hay verənlər böyük, xoşbəxt bir icmaya qoşulur. Bəziləri başqalarına nisbətən daha uzun məsafə qət etməli olur. Buna rəğmən, dəvətə hay verən hər kəs razıdır ki, çəkilən zəhmətə dəyər.

Bəs ucqar ərazilərdə olanlar bu böyük toplantılardan necəsə faydalana bilir? Müasir texnologiya sayəsində ucqar ərazidə olanların bir çoxu eyni təlimi ala bilir, hətta özlərini sanki böyük toplantılarda hiss edirlər. Məsələn, baş idarənin nümayəndəsinin ziyarətlərindən biri zamanı proqram Benin filialından Böyük Səhrada yerləşən mədən şəhəri Arlitə (Niger) yayımlandı. Proqrama qulaq asmaq üçün iyirmi bir bacı-qardaş və maraqlananlar bir yerə toplaşmışdı. Onlar ucqar ərazidə olsalar da, özlərini 44 131 nəfərin arasında hiss edirdilər. Bir qardaş yazmışdı: «Bu mərasimi yayımladığınız üçün sizə ürəkdən minnətdarıq. Bir daha əmin olduq ki, qəlbinizdə bizə də yer var».

AĞSAQQALLARA ÜNVANLANAN ÇAĞIRIŞ

İsrailli kahin kərənayın birini çalanda Hüzur çadırının önündə «yalnız İsrail kütlələrinin böyükləri, başçılar toplaşmalı» idi (Say. 10:4). Onlar orada Musa peyğəmbərdən təlim və göstərişlər ala bilərdi. Bu onlara qəbilələrində üzərlərinə düşən məsuliyyətləri yerinə yetirməyə kömək edəcəkdi. Əgər siz bu başçılardan biri olsaydınız, çadıra gəlib orada deyilənləri eşitmək üçün əlinizdən gələni etməzdiniz?

Bu gün yığıncağın ağsaqqalları «başçı» deyillər. Onlar Allahın əmanət etdiyi sürü üzərində ağalıq etmirlər (1 But. 5:1—3). Amma sözsüz ki, onlar sürüyə nəzarət etmək üçün əllərindən gələni edirlər. Odur ki, ağsaqqallar əlavə təlim almağa, məsələn Məsul Qardaşlar üçün Məktəbə dəvət olunanda canla-başla qəbul edirlər. Bu dərslər zamanı ağsaqqallar yığıncaq işlərini daha səmərəli görməyi öyrənir. Bu təlim həm ağsaqqalları, həm də bütün yığıncağı Yehova Allaha daha da yaxınlaşdırır. Hətta bu kimi məktəblərdə təlim almamısınızsa, təlim alanların təcrübəsindən yararlana bilərsiniz.

DƏYİŞİKLİK ETMƏYƏ ÇAĞIRIŞ

Hərdən israilli kahinlər kərənayı «zilə-bəmə qalxıb-düşən» ahəngdə çalırdı. Kərənayın çalınması buluddan asılı idi. Bu, o demək idi ki, Yehova bütün düşərgənin yola düşməsini istəyir (Say. 10:5, 6). Düşərgənin yola düşməsi yüksək mütəşəkkilliklə həyata keçirilirdi. Amma bunun üçün hər kəsdən böyük zəhmət tələb olunurdu. Bəzi israillilər başqa yerə köçəcəklərinə görə narahatçılıq keçirirdilər. Nə üçün?

Ola bilsin, bəziləri köçmək barədə çağırışın çox tez-tez və ya gözlənilmədən olduğunu düşünürdü. Hərdən bulud çadırın üstündə «yalnız axşamdan səhərə qədər», hərdən isə iki gün, bir ay, yaxud da lap çox dayanırdı (Say. 9:21, 22). Bəs düşərgə ümumi neçə dəfə köçmüşdü? Saylar kitabının 33-cü fəslində israillilərin düşərgə saldığı təxminən 40 ərazinin adı çəkilir.

Bəzən israillilərin düşərgə saldığı yer kölgəli yer olurdu. «Ucsuz-bucaqsız, vahiməli səhra»da kölgəlik tapdıqlarına görə yəqin sevinirdilər (Qan. 1:19). Buna görə də köç edəndə əlverişsiz ərazidə məskunlaşacaqlarını düşünüb narahat ola bilərdilər.

Qəbilələr köçməyə başlayanda bəzilərinə öz növbələrini gözləmək çətin gələ bilərdi. Kərənayın «zilə-bəmə qalxıb-düşən» səsini hamı eşidirdi, amma hamı birdən yola düşə bilməzdi. Kərənayın bu səsi şərqdə düşərgə salanların, Yəhuda, Yəsakir, Zəbulun qəbilələrinin yola düşməli olduğunu bildirirdi (Say. 2:3—7; 10:5, 6). Onlar köçəndən sonra kahin ikinci dəfə bu ahənglə kərənay çalırdı və bu, cənubda düşərgə salan üç qəbilə üçün çağırış idi. Kahinlər bütün düşərgə yola düşənə qədər bu cür davam edirdi.

Ola bilsin, təşkilatdakı bəzi dəyişikliklərə görə narahatlıq keçirmisiniz. Bəlkə də, ard-arda çoxlu gözlənilməz dəyişikliklər sizi bir qədər yorub. Ola bilsin, bəzi qaydalara öyrəşmişdiniz və dəyişilməsini istəməzdiniz. Səbəb nə olur-olsun, dəyişikliyə uyğunlaşana qədər səbrimizi basmaq çətin gələ bilər. Buna rəğmən, lazım olan tərzdə davransanız, əlbət ki, dəyişikliyin xeyrinizə olduğunu və Yehovanın sizdən razı qaldığını görəcəksiniz.

Musa peyğəmbərin dövründə Yehova milyonlarla kişiyə, qadına və uşağa səhra boyu bələdçilik etmişdi. Yehovanın qayğısı, rəhbərliyi olmadan onlar sağ qala bilməzdilər. Bu gün də biz Yehovanın rəhbərliyi sayəsində ruhani cəhətdən sağ qalırıq. Nəinki sağ qalırıq, hətta ruhən güclənirik! Odur ki, qədimdəki mömin israillilərdən örnək alaraq, gəlin hər birimiz kərənayın səsinə hay verək!