Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 25

«Mən Özüm qoyunlarımı axtarıb tapacağam»

«Mən Özüm qoyunlarımı axtarıb tapacağam»

«Mən Özüm qoyunlarımı axtarıb tapacağam, onlara baxacağam» (HİZQ. 34:11).

NƏĞMƏ 105 Allah məhəbbətdir

İCMAL

1. Nə üçün Yehova Özünü anaya bənzədir?

«HEÇ ana südəmər körpəsini unudar?» Yehova Allah bu sualı Əşiya peyğəmbərin yaşadığı dövrdə vermişdi. O, İsrail xalqına demişdi: «Ana uşağını unutsa belə, Mən səni heç vaxt unutmaram» (Əşy. 49:15). Yehovanın Öz hisslərini ana hisslərinə bənzətməsinə Müqəddəs Kitabda çox az rast gəlinir. Burada Yehova ana ilə bala arasındakı bağlılığı nümunə çəkərək xidmətçilərini nə qədər dərin məhəbbətlə sevdiyini ifadə edir. Əksər analar bir bacının dediyi sözlərə şərikdir: «Uşaq əmizdirən ana ilə bala arasında ömürlük davam edən xüsusi bağlılıq hissi yaranır».

2. Xidmətçilərindən birinin belə Yehovadan uzaqlaşması Ona necə təsir edir?

2 Hətta bircə xidmətçisinin də yığıncaqla əlaqəsini kəsməsi və təbliğdə iştirak etməməsi Yehovanın diqqətindən yayınmır. Görün hər il minlərlə xidmətçisinin qeyri-fəal olduğunu görmək Yehovanın qəlbini nə qədər kədərləndirir.

3. Yehovanın istəyi nədir?

3 Qeyri-fəal olmuş bacı-qardaşlarımızın bir çoxu yığıncaqlara qayıdır və biz buna çox sevinirik! Yehova onların geri dönməsini istəyir, elə biz də (1 But. 2:25). Bəs onlara geri qayıtmağa necə kömək edə bilərik? Bu suala cavab verməzdən öncə gəlin görək bəziləri təbliğ etməyi və yığıncağa gəlməyi nəyə görə dayandırır.

NƏYƏ GÖRƏ BƏZİLƏRİ YEHOVAYA XİDMƏT ETMƏYİ DAYANDIRIR?

4. İş bəzilərinin həyatına necə təsir göstərir?

4 Bəziləri işə həddindən çox vaxt ayırmağa başlayıb. Cənub-Şərqi Asiyada yaşayan Hünq adlı bir qardaş deyir: «Bütün vaxtımı, gücümü işə sərf edirdim. Ağılsızcasına özümü inandırmışdım ki, maddi vəziyyətim yaxşı olsa, Yehovaya daha yaxşı xidmət edə biləcəyəm. Buna görə də daha çox işləyirdim. Yavaş-yavaş yığıncaqları buraxmağa başladım və sonda yığıncaqla bütün əlaqəmi kəsdim. Şeytan bu dünyada hər şeyi elə qurub ki, insanı yavaş-yavaş Allahdan uzaqlaşdırsın».

5. Ard-arda başına gələn problemlər bir bacıya necə təsir etmişdi?

5 Bəzi bacı-qardaşlarımızı problemlər əldən salıb. Britaniyadan olan Anna adlı bacı beş uşaq anasıdır. O deyir: «Uşaqlarımdan biri ciddi qüsurlarla dünyaya gəlib. Sonralar qızımın biri yığıncaqdan kənar olundu, oğlumun birində isə əqli xəstəlik yarandı. O qədər məyusluğa qapılmışdım ki, nə yığıncaqlara gedirdim, nə də təbliğə. Nəticədə, qeyri-fəal oldum». Bizim Anna bacıya və bu kimi problemləri olan digər dindaşlarımıza ürəyimiz yanır.

6. Koloslulara 3:13 ayəsindəki məsləhətə əməl etməmək insanı Yehovadan necə uzaqlaşdıra bilər?

6 Koloslulara 3:13 ayəsini oxuyun. Yehovanın bəzi xidmətçiləri hansısa dindaşının hərəkətindən inciyib. Həvari Bulus qeyd etmişdi ki, ola bilsin, bəzən birimizin «digərindən şikayət» etməyə əsaslı səbəbi olacaq. Hətta ola bilsin, dindaşımız bizə qarşı ədalətsizlik edib. Ehtiyatı əldən versək, ürəyimizdə kin yarana bilər. Acıqlı qalmaq insanı tədricən Yehovanın xalqından uzaqlaşdıra bilər. Cənubi Amerikadan olan Pablo adlı bir qardaşın hadisəsinə nəzər salaq. Bir nəfər ona böhtan atıb günah işlətməkdə ittiham etmişdi. Günahsız olduğu halda, Pablo yığıncaqdakı məsuliyyətlərini itirdi. Bəs o, necə davrandı? Qardaş deyir: «Çox acıqlı idim. Yavaş-yavaş yığıncaqdan uzaqlaşdım».

7. Vicdan əzabı insana necə təsir edə bilər?

7 Yaxud ola bilər ki, keçmişdə günah işləmiş şəxsin vicdanı ona əzab versin və o, Allahın məhəbbətinə layiq olmadığını düşünsün. Tövbə etməsinə və lütf görməsinə rəğmən, o, Allahın xidmətçisi olmağa layiq olmadığını düşünə bilər. Fransisko adlı bir qardaş məhz belə hisslər keçirirdi. O deyir: «Cinsi əxlaqsızlıq etdiyim üçün töhmət almışdım. Əvvəl-əvvəl yığıncaqlara getsəm də, sonradan məyusluğa qapıldım, özümü Yehovanın xalqı arasında olmağa layiq bilmirdim. Vicdanım məni rahat buraxmırdı, əmin idim ki, Yehova məni bağışlamayıb. Bir vaxt sonra yığıncaqdan tamam uzaqlaşdım». Bu cür vəziyyətlərlə üzləşən bacı-qardaşlara qarşı hansı hisslər keçirirsiniz? Onların halına acıyırsınız? Ən vacibi, Yehova onlara necə yanaşır?

YEHOVA QUZULARINI SEVİR

İsrailli çoban itmiş quzusuna görə çox narahat olurdu (8 və 9-cu abzaslara baxın)

8. Yehova bir zamanlar Ona xidmət etmiş bəndələrini unudur? İzah edin.

8 Yehova bir zamanlar Ona xidmət etmiş, amma müəyyən müddət xalqından uzaqlaşan bəndələrini unutmur. Həmçinin bəndələrinin Ona xidmətdə etdiklərini də yadından çıxarmır (İbr. 6:10). Əşiya peyğəmbər Yehovanın Öz xalqını necə sevdiyini göstərmək üçün gözəl bir müqayisədən istifadə etmişdi. O yazmışdı: «Çoban kimi sürüsünə baxacaq, əli ilə quzularını bir yerə toplayacaq, onları qoynunda aparacaq» (Əşy. 40:11). Quzularından biri sürüdən uzaqlaşanda Böyük Çobanımız hansı hissləri keçirir? İsa Məsihin şagirdlərinə verdiyi sualdan Yehovanın keçirdiyi hissləri açıq-aydın görmək olar: «Necə bilirsiniz, yüz qoyunu olan adamın bir qoyunu itsə, məgər o, doxsan doqquz qoyunu dağda qoyub azmış qoyunu axtarmağa getməz? Əgər onu tapsa, inanın, doxsan doqquz azmamış qoyundan daha çox o qoyuna görə şadlanacaq» (Mət. 18:12, 13).

9. Yaxşı çoban sürüsünə necə yanaşır? (Üz qabığındakı şəklə baxın.)

9 Yehova Allahı hansı mənada çobana bənzətmək olar? Qədimdə yaxşı çoban üçün qoyunları çox dəyərli idi. Məsələn, Davud sürüsünü qorumaq üçün şirlə, ayı ilə vuruşurdu (1 İşm. 17:34, 35). Yaxşı çoban sürüdən bircə quzunun belə itməsini sezərdi (Yəh. 10:3, 14). O, doxsan doqquz qoyunu ağıla salıb, yaxud başqa çobana tapşırıb itmiş bircə qoyununu axtarmağa gedərdi. İsa Məsih bu misal vasitəsilə vacib bir həqiqəti öyrətmək istəyir: «Mənim göydəki Atam bu kiçiklərdən bircəciyinin belə məhv olmasını istəmir» (Mət. 18:14).

İsrailli çoban itmiş quzusunu tapdıqdan sonra onun qeydinə qalır (9-cu abzasa baxın)

YEHOVA QUZULARINI AXTARIR

10. Hizqiyal 34:11—16 ayələrinə əsasən, Yehova itmiş qoyunları üçün nə edəcəyini vəd edib?

10 Yehova sürüdən uzaq düşmüş «kiçiklər» də daxil olmaqla, hər birimizi çox sevir. O, Hizqiyal peyğəmbər vasitəsilə vəd etmişdi ki, itmiş qoyunlarını axtaracaq və onlara ruhani sağlamlıqlarını bərpa etməyə kömək edəcək. Həmçinin onları qurtarmaq üçün hansı addımlar atacağını da bildirmişdi. Bu addımlar israilli çobanın qoyunu itən zaman gördüyü tədbirlərə bənzəyir. (Hizqiyal 34:11—16 ayələrini oxuyun.) Əvvəlcə, çoban qoyunu axtarmağa başlayır; bu, çobanın çoxlu vaxtını və gücünü ala bilər. İtmiş qoyunu tapandan sonra çoban onu sürüyə qaytarır. Daha sonra, işdir, qoyun yaralı, yaxud ac olsa, çoban onun yarasını sarıyır, onu qoynunda gəzdirir və yedizdirir. Yehovanın sürüsünün çobanı olan ağsaqqallar da yığıncaqdan uzaqlaşan istənilən adama kömək etmək üçün eyni addımları atmalıdır (1 But. 5:2, 3). Ağsaqqallar onları axtarıb tapır, sürüyə dönməyə kömək edir və ruhani cəhətdən dəstək olaraq məhəbbət göstərirlər.

11. Qədimdə yaxşı çoban nəyi bilirdi?

11 Qədimdə yaxşı çoban bilirdi ki, qoyun itə bilər. İşdir, qoyun sürüdən uzaqlaşardısa, çoban onunla sərt davranmırdı. Gəlin görək Yehova Ondan bir müddətlik uzaqlaşmış xidmətçilərinə necə kömək etmişdi.

12. Yehova Yunus peyğəmbərə qarşı necə davranmışdı?

12 Yunus peyğəmbər Yehovaya itaətsizlik edib Neynəvaya getməmişdi. Buna baxmayaraq, Yehova onun üstündən xətt çəkməyə tələsmədi. Yaxşı çobantək onu qurtardı və tapşırığını yerinə yetirmək üçün güc verdi (Yun. 2:7; 3:1, 2). Daha sonra balqabaq bitkisi vasitəsilə Yunusa insan həyatının nə qədər dəyərli olduğunu başa saldı (Yun. 4:10, 11). Bundan nə öyrənirik? Ağsaqqallar qeyri-fəal olmuş təbliğçidən əllərini üzməyə tələsməməlidir. Əksinə, onun yığıncaqdan uzaqlaşmasına nəyin səbəb olduğunu müəyyən etməlidir. Həmin şəxs Yehovaya geri dönəndən sonra isə ona məhəbbət və diqqət göstərməyə davam etməlidir.

13. Yehova Zəbur 73-cü məzmurun yazarının sözlərinə necə yanaşdı və biz bundan nə öyrənə bilərik?

13 Zəbur 73-cü məzmurun yazarı pislərin firavan yaşadığını zənn etdiyi üçün ruhdan düşmüşdü (Zəb. 73:12, 13, 16). Bəs Yehova nə etdi? O, məzmurçunu mühakimə etmədi. Hətta onun sözlərini Müqəddəs Kitaba yazdırdı. Məzmurçu nəhayətdə Yehova ilə yaxşı münasibətlərə sahib olmağın həyatda hər şeydən daha dəyərli olduğunu başa düşdü (Zəb. 73:23, 24, 26, 28). Bundan nə öyrənirik? Ağsaqqallar Yehovaya xidmətin nemətlər bəxş etdiyini sual altına qoyan şəxslər barədə hökm çıxarmağa tələsməməlidir. Onları mühakimə etməkdənsə, yaxşı olar ki, nə üçün bu cür danışdıqlarını, bu cür davrandıqlarını anlamağa çalışsınlar. Yalnız bundan sonra ağsaqqallar Müqəddəs Kitab vasitəsilə onları ruhlandıra bilər.

14. İlyas peyğəmbərin nə üçün köməyə ehtiyacı var idi və Yehova ona necə kömək etdi?

14 İlyas peyğəmbər məlikə İzəbildən qaçmışdı (1 Pad. 19:1—3). O düşünürdü ki, Yehovaya xidmət edən bir peyğəmbər də qalmayıb və onun indiyədək etdiklərinin hamısı mənasız imiş. Peyğəmbər o qədər pərişan idi ki, ölmək istəyirdi (1 Pad. 19:4, 10). Lakin Yehova onu məzəmmət etmədi, əksinə, əmin etdi ki, o, tək qalmayıb, Onun gücünə etibar edə bilər və hələ görüləsi çox iş var. İlyas narahatlığı barədə danışarkən Yehova diqqətlə dinlədi və ona yeni tapşırıq verdi (1 Pad. 19:11—16, 18). Bundan nə öyrənirik? Hər birimiz Yehovanın quzuları ilə mehriban davranmalıyıq. Bu, xüsusilə də ağsaqqallardan gözlənilir. Dərdini bölüşən insanın acıqlı danışmasından, yaxud Yehovanın mərhəmətinə layiq olmadığını düşünməsindən asılı olmayaraq, ağsaqqallar onu diqqətlə dinləməlidir. Sonra onu əmin etməlidir ki, Yehova üçün çox dəyərlidir.

YEHOVANIN İTMİŞ QUZULARINA NECƏ YANAŞMALIYIQ?

15. Yəhya 6:39 ayəsinə əsasən, İsa Məsih Yehovanın xidmətçilərinə necə yanaşırdı?

15 Yehova itmiş quzularına necə yanaşmağımızı istəyir? Bu sahədə İsa Məsihin nümunəsini izləyə bilərik. O bilirdi ki, Yehova üçün xidmətçiləri çox dəyərlidir. Buna görə də «İsrail evinin itmiş qoyunlarının» Yehovaya geri dönməsinə kömək etmək üçün əlindən gələni edirdi (Mət. 15:24; Luka 19:9, 10). İsa yaxşı çoban idi və var gücü ilə çalışırdı ki, Yehovanın sürüsündən bircə qoyunu belə itirməsin. (Yəhya 6:39 ayəsini oxuyun.)

16, 17. Ağsaqqallar Yehovadan uzaq düşmüş kəslərə kömək etmək məsələsinə necə yanaşmalıdır? (« Yehovadan uzaq düşənlərin keçirdiyi hisslər» adlı çərçivəyə baxın.)

16 Həvari Bulus Efes yığıncağının ağsaqqallarını İsa Məsihdən örnək götürməyə təşviq etmişdi. O demişdi: «Zəiflərə kömək etməlisiniz və Ağamız İsanın dediyi sözləri, “vermək almaqdan daha çox xoşbəxtlik gətirir” sözlərini unutmamalısınız» (Həv. 20:17, 35). Bu sözlər aydın göstərir ki, ağsaqqalların üzərinə vacib bir öhdəçilik düşür. İspaniyada ağsaqqal kimi xidmət edən Salvador qardaş deyir: «Yehovanın itmiş qoyunlarını nə qədər çox sevdiyi haqda düşünəndə əlimdən gələn qədər onlara kömək etmək istəyirəm. Bilirəm ki, Yehova məndən bir ruhani çoban kimi onların qeydinə qalmağı gözləyir».

17 Məqalə boyu haqqında bəhs etdiyimiz insanların hamısı aldıqları kömək sayəsində Yehovaya geri dönüblər. Hal-hazırda bir çoxları da bu addımı atmaq istəyir. Növbəti məqalədə onlara Yehovaya geri dönməyə kömək etmək üçün nə edə biləcəyimizi ətraflı araşdıracağıq.

NƏĞMƏ 139 Özünü yeni dünyada təsəvvür et

Nəyə görə bəzən Yehovaya uzun illər sədaqətlə xidmət edənlər yığıncaqdan uzaqlaşır? Allah onlara necə yanaşır? Məqalədə bu sualları araşdıracağıq. Həmçinin görəcəyik ki, qədimdə Yehova müəyyən müddət Ondan uzaqlaşmış xidmətçiləri ilə necə rəftar etmişdi və biz bundan nə öyrənə bilərik.

BƏZİ İFADƏLƏRİN İZAHI. Qeyri-fəal təbliğçi altı ay və ya daha çox müddət ərzində təbliğ hesabatı verməyən təbliğçidir. Qeyri-fəal olsalar belə, onlar hələ də bizim bacı-qardaşımızdır və biz onları çox sevirik.

Bu məqalədəki bəzi adlar şərtidir.

Növbəti məqalədə ağsaqqalların bu üç addımı necə ata biləcəkləri ətraflı müzakirə olunur.

ŞƏKLİN İZAHI: İsrailli çobanın qoyunu itəndə o, çox narahat olurdu, qoyununu axtarırdı və tapıb sürüyə qaytarırdı. Bu gün ağsaqqallar da eyni cür davranır.

ŞƏKLİN İZAHI: Qeyri-fəal olan bacı avtobusun yola düşməsini gözləyərkən iki Yehovanın Şahidinin gülərüzlə ictimai şahidlik verdiyini görür.