Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

Ruhun bəhrəsinə yalnız Qalatiyalılara 5:22, 23 ayələrində sadalanan xüsusiyyətlər daxildir?

Bu ayələrdə doqquz xüsusiyyət sadalanır: «Ruhun bəhrəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, iman, mülayimlik, özünə hakim olmaq». Amma düşünməməliyik ki, Allahın müqəddəs ruhu bizə yalnız bu doqquz xüsusiyyəti yetişdirməyə kömək edir.

Həvari Bulusun bundan öncəki ayələrdə nə yazdığına diqqət yetirək: «Günahlı bədənin əməlləri... əxlaqsızlıq, natəmizlik, azğınlıq, bütpərəstlik, cindarlıq, ədavət, münaqişə, kin, qəzəb, nifaq, parçalanma, təriqətçilik, paxıllıq, sərxoşluq, kef məclisləri və sairədir» (Qal. 5:19—21). Həvari Bulusun «və sairə» sözünü işlətməsindən görmək olar ki, o, günahlı bədənin əməllərinə daxil olan digər xüsusiyyətləri, məsələn, Koloslulara 3:5 ayəsindəki xüsusiyyətləri də sadalaya bilərdi. Eyni şeyi ruhun bəhrəsi haqda da demək olar. Bulus doqquz xüsusiyyəti sadalayandan sonra demişdi: «Bunlara qarşı çıxan qanun yoxdur». Orijinal dildə «bunlara» kimi tərcümə olunan sözü «bu kimi şeylərə» kimi də tərcümə etmək olar. Bəli, Bulus müqəddəs ruhun köməyi ilə yetişdirə biləcəyimiz bütün yaxşı xüsusiyyətləri sadalamamışdı.

Həvari Bulusun sadaladığı xüsusiyyətləri Efes yığıncağına yazdıqları ilə tutuşduranda bu, daha da aydın olur: «Nurun bəhrəsi isə hər cür yaxşılıq, salehlik və həqiqətdir» (Efes. 5:8, 9). Gördüyümüz kimi, «salehlik və həqiqət» xüsusiyyətləri ilə yanaşı «yaxşılıq» xüsusiyyəti də «nurun bəhrəsi»nə daxildir. «Yaxşılıq» həmçinin «ruhun bəhrəsi»nə də daxildir. Deməli, həvari Bulus Qalatiyalılara 5:22, 23 ayələrində «salehlik və həqiqət» xüsusiyyətlərini də qeyd edə bilərdi.

Digər nümunəyə baxaq. Həvari Bulus Timutini «salehliyə, möminliyə, imana, məhəbbətə, mətinliyə və mülayimliyə» can atmağa təşviq etmişdi (1 Tim. 6:11). Gəlin bu altı xüsusiyyəti «ruhun bəhrəsi» ilə tutuşduraq. Bunlardan yalnız üçü (iman, məhəbbət, mülayimlik) ruhun bəhrəsinə daxil olan xüsusiyyətlərin sırasında sadalanır. Təbii ki, Timutiyə salehliyi, möminliyi, mətinliyi özündə yetişdirmək üçün də müqəddəs ruhun köməyi gərək idi. (Koloslulara 3:12; 2 Butrus 1:5—7 ayələri ilə tutuşdurun.)

Gördüyümüz kimi, Qalatiyalılara 5:22, 23 ayələrində «ruhun bəhrəsi»nə daxil olan bütün xüsusiyyətlər sadalanmayıb. Müqəddəs ruh bizə «ruhun bəhrəsi»nə daxil olan doqquz xüsusiyyəti yetişdirməyə kömək edir. Amma bir məsihi kimi yetkinləşmək və «Allahın iradəsinə əsasən və həqiqi salehliklə sədaqətə uyğun yaradılmış yeni şəxsiyyətə» bürünmək üçün özümüzdə daha çox xüsusiyyət inkişaf etdirməliyik (Efes. 4:24).