Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 22

Şagirdin vəftiz olunmasına kömək edin

Şagirdin vəftiz olunmasına kömək edin

«Qoy hər kəs... vəftiz olunsun» (HƏV. 2:38).

NƏĞMƏ 72 Həqiqəti insanlara əyan edək

İCMAL *

1. Birinci əsrdə İsa Məsihin şagirdləri böyük bir izdihama nə demişdi?

YERUSƏLİMƏ müxtəlif diyarlardan kişili-qadınlı böyük bir izdiham gəlib. Onlar fərqli dillərdə danışır. Həmin gün qeyri-adi bir şey baş verir: bir qrup yəhudi birdən-birə qonaqların dillərində danışmağa başlayır! Amma bu yəhudilərin və həvari Butrusun danışdıqları onları lap məəttəl qoyur. Onlar öyrənirlər ki, xilas olunmaq üçün İsa Məsihə iman gətirməlidirlər. Bu onları yaman düşündürür. Belə ki, onlar soruşurlar: «Biz nə edək?» Butrus onlara deyir: «Qoy hər kəs... vəftiz olunsun» (Həv. 2:37, 38).

Qardaş həyat yoldaşı ilə birgə bir cavan oğlana Müqəddəs Kitab dərsi keçir. Oğlan əlində «Əbədi xoşbəxt həyat!» adlı kitabı tutub (2-ci abzasa baxın)

2. Bu məqalədə nə haqda danışacağıq? (Üz qabığındakı şəklə baxın.)

2 Bundan sonra möhtəşəm bir şey baş verir. Həmin gün təxminən 3000 nəfər vəftiz olunub Məsihin şagirdi olur. Həmin vaxtdan başlayan şagird hazırlamaq işi ta bu günə, XXI əsrə qədər davam edir. Düzdür, bizim dövrümüzdə insanın bir neçə saatın içində vəftizə yararlı olması mümkün deyil. Bunun üçün aylar, bir il, hətta bundan da çox vaxt lazım gələ bilər. Əgər hal-hazırda kiməsə dərs keçirsinizsə, bu işin zəhmət tələb edən iş olduğunu yaxşı bilərsiniz. Bu məqalədən öyrənəcəyik ki, dərs keçdiyimiz insana Məsihin vəftiz olunmuş şagirdi olmağa necə kömək edə bilərik.

ŞAGİRDƏ ÖYRƏNDİKLƏRİNƏ ƏMƏL ETMƏYƏ KÖMƏK EDİN

3. Mətta 28:19, 20 ayələrinə əsasən, şagird vəftiz olunmaq üçün nə etməlidir?

3 Şagird vəftiz olunmazdan öncə Müqəddəs Kitabda yazılanları tətbiq etməlidir. (Mətta 28:19, 20 ayələrini oxuyun.) Öyrəndiklərinə əməl edən şagird dərin qazıb evini daş üzərində tikən «ağıllı adama» bənzəyir (Mət. 7:24, 25; Luka 6:47, 48). Bəs biz şagirdə öyrəndiklərini tətbiq etməyə necə kömək edə bilərik? Gəlin üç məsləhəti nəzərdən keçirək.

4. Şagirdin tədricən vəftizə yararlı olmasına necə kömək edə bilərsiniz? (« Şagirdinizə məqsədlər qoymağa və onlara çatmağa kömək edin» adlı çərçivəyə baxın.)

4 Məqsədlər qoymağa kömək edin. Bu nəyə görə vacibdir? Gəlin bir nümunəyə baxaq. Təsəvvür edin ki, səfərə çıxırsınız. Yol sizə uzun gəlməsin deyə gözəl yerlərdə dayanmaq qərarına gəlirsiniz. Eynilə şagird qarşısına yaxın zamanda nail ola biləcəyi məqsədlər qoysa, görəcək ki, vəftiz olunmaq məqsədinə də çata bilər. «Əbədi xoşbəxt həyat!» kitabındakı «Məqsəd» çərçivəsi vasitəsilə şagirdinizə inkişaf etməyə kömək edin. Hər dərsin sonunda bu məqsədin indi öyrəndikləri ilə necə əlaqəli olduğunu müzakirə edin. Əgər şagirdinizin başqa məqsəd qoymasını istəyirsinizsə, onda həmin məqsədi «Digər» adlı hissəyə yazın. Bu çərçivənin köməyi ilə mütəmadi olaraq şagirdinizlə yaxın zamanda və gələcəkdə nail ola biləcəyi məqsədlər haqda danışın.

5. Mark 10:17—22 ayələrində qeyd olunduğu kimi, İsa bir varlı adama nə dedi və nəyə görə?

5 Həyatında dəyişikliklər etməyə kömək edin. (Mark 10:17—22 ayələrini oxuyun.) İsa bilirdi ki, varlı adama hər şeyini satmaq asan olmayacaq (Mark 10:23). Amma yenə də ona bu cür böyük dəyişiklik etməli olduğunu dedi. Nəyə görə? Çünki oğlan İsanın ürəyinə yatdı. Bəzən düşünürük ki, şagirdimiz hansısa dəyişikliyi etməyə hələ hazır deyil, buna görə də onunla bu barədə danışmırıq. Amma insanın köhnə vərdişindən əl çəkib yeni şəxsiyyəti geyinməsi üçün müəyyən vaxt lazımdır (Kol. 3:9, 10). Buna görə də onunla bu barədə nə qədər tez danışsaq, bir o qədər də tez dəyişiklik etməyə başlayacaq. Bu onu düşündüyünüzü göstərəcək (Zəb. 141:5; Məs. 27:17).

6. Nəyə görə şagirdin fikrini öyrənmək üçün suallar verməliyik?

6 Şagirdin mövzu barədə fikrini öyrənmək üçün suallar verin. Bunun sayəsində onun nəyi başa düşdüyünü, nəyə inandığını biləcəksiniz. Bunu müntəzəm etsəniz, onunla çətin qəbul edəcəyi mövzular barədə söhbət etmək daha rahat olacaq. «Əbədi xoşbəxt həyat!» kitabında şagirdin fikrini öyrənmək üçün çoxlu suallar var. Məsələn, dördüncü dərsdə belə bir sual var: «Necə düşünürsünüz, siz Yehovanın adını çağıranda O hansı hissləri keçirir?» Doqquzuncu dərsdə isə belə bir sual var: «Nələr barədə dua etmək istəyərdiniz?» Əvvəl-əvvəl şagirdiniz bu kimi suallara cavab verməkdə çətinlik çəkə bilər. Ona kömək etmək üçün ayələr və şəkillər üzərində düşünməyi öyrədə bilərsiniz.

7. Həyat hekayələrindən effektiv şəkildə necə istifadə edə bilərik?

7 Şagirdə necə davranmalı olduğunu izah edəndən sonra həyat hekayələri vasitəsilə onu öyrəndiklərini tətbiq etməyə təşviq edin. Məsələn, əgər şagirdiniz yığıncaqlarda müntəzəm iştirak etmirsə, 14-cü dərsdə olan «Əlavə məlumat» çərçivəsindəki «Yehova mənim qayğımı çəkdi» adlı videonu göstərin. «Əbədi xoşbəxt həyat!» kitabının bir çox dərsində ya «Dərinliyə varın», ya da «Əlavə məlumat» bölməsində bu kimi həyat hekayələri tapa bilərsiniz *. Amma ehtiyatlı olun ki, şagirdinizi müqayisə edərək deməyəsiniz: «O bacardısa, sən də bacararsan». Qoy o özü bu nəticəyə gəlsin. Videodakı insana Müqəddəs Kitabdan öyrəndiyini tətbiq etməyə kömək edən əsas məqamlara diqqəti yönəldin. Məsələn, əsas ayəni və ya həmin insanın atdığı konkret bir addımı vurğulaya bilərsiniz. Yeri düşəndə, Yehovanın həmin insana necə kömək etdiyini qeyd edin.

8. Şagirdin ürəyində Yehovaya sevgi necə oyada bilərik?

8 Ürəyində Yehovaya sevgi oyadın. Bunu necə etmək olar? Hər fürsətdən istifadə edib şagirdinizin diqqətini Yehovanın keyfiyyətlərinə cəmləyin. Qoy şagirdiniz görsün ki, Yehova Onu sevənlərə dayaq olan xoşbəxt Allahdır (1 Tim. 1:11; İbr. 11:6). Şagirdinizə izah edin ki, öyrəndiklərinə əməl etmək onun xeyrinədir, bu, Yehovanın ona məhəbbətinin izharıdır (Əşy. 48:17, 18). Şagirdin Yehovaya məhəbbəti artdıqca, lazımi dəyişikliklər etmək istəyi də artacaq (1 Yəh. 5:3).

ŞAGİRDİNİZİ BACI-QARDAŞLARLA TANIŞ EDİN

9. Mark 10:29, 30 ayələrinə əsasən, şagirdə qurbanlar verməyə nə kömək edə bilər?

9 Şagird vəftizə doğru irəliləmək üçün müəyyən şeyləri qurban verməlidir. İsanın yanına gələn varlı adam kimi, bəzi şagirdlərə də maddi şeyləri qurban vermək lazımdır. Məsələn, şagird Müqəddəs Kitab prinsiplərinə zidd olan işdə işləyirsə, işini dəyişmək lazım gələ bilər. Bəziləri Yehovanı sevməyən dostlarından uzaqlaşmalıdır. Kimisinin də ailə üzvləri Yehovanın Şahidlərini sevmir və ola bilər ki, ondan üz döndərsinlər. İsa Məsih demişdi ki, bəzilərinə bu cür qurbanlar vermək çətin olacaq. Amma vəd etmişdi ki, onlar lazımi qurbanlar verib onun ardınca getsələr, peşman olmayacaqlar. Yehova mükafat olaraq onlara sevgi dolu ruhani ailə bəxş edəcək. (Mark 10:29, 30 ayələrini oxuyun.) Şagirdə bu gözəl ailənin içində olmağa necə kömək edə bilərsiniz?

10. Manuelin sözlərindən nə öyrənirik?

10 Şagirdinizlə dostlaşın. Şagird sizin səmimi məhəbbətinizi görməlidir. Nəyə görə? Meksikada yaşayan Manuel adlı qardaş onunla dərs keçilən vaxtı xatırlayaraq deyir: «Hər dərsdən əvvəl müəllimim məndən hal-əhval tuturdu. Elə şərait yaradırdı ki, sıxılmayım, istənilən mövzu haqda rahat danışım. Onun həqiqətən də mənim qeydimə qaldığını hiss edirdim».

11. Birgə vaxt keçirməyimizin şagirdə hansı xeyri dəyə bilər?

11 İsa Məsih davamçıları ilə vaxt keçirdiyi kimi, siz də şagirdlərinizlə vaxt keçirin (Yəh. 3:22). Əgər münasibdirsə, ruhani cəhətdən inkişaf edən şagirdinizi evinizə çay və ya yemək süfrəsinə dəvət edə bilərsiniz, yaxud birlikdə JW televiziyasının aylıq proqramına baxa bilərsiniz. Dost-tanışları bayram qeyd edən vaxt şagirdi evinizə dəvət etsəniz, ona çox xoş olar, özünü tənha hiss etməz. Uqandada yaşayan Kazibve deyir: «Deyərdim ki, dərs zamanı Yehova haqda nə qədər şey öyrənmişəmsə, bir o qədər də müəllimimlə vaxt keçirəndə öyrənmişəm. Yehovanın Öz xalqını necə sevdiyini, onların necə xoşbəxt olduğunu gördüm. Mən də bu cür həyat istəyirdim».

Şagirdinizə müxtəlif təbliğçilərlə dərs keçsəniz, ona yığıncaqlara qatılmaq daha asan olacaq (12-ci abzasa baxın) *

12. Nəyə görə Müqəddəs Kitab dərsinə müxtəlif təbliğçiləri dəvət etməliyik?

12 Dərsə müxtəlif təbliğçiləri dəvət edin. Bəzən bizim üçün dərsi tək keçmək və ya eyni təbliğçi ilə əməkdaşlıq etmək daha rahat ola bilər. Amma vaxtaşırı müxtəlif təbliğçilərlə dərs keçməyin şagirdə böyük köməyi dəyə bilər. Moldovada yaşayan Dmitri deyir: «Mənimlə dərs keçməyə gələn hər təbliğçi dərsi özünəməxsus tərzdə izah edirdi. Bu mənə mövzuya müxtəlif yönlərdən baxmağa kömək edirdi. Üstəlik, birinci dəfə yığıncağa gələndə elə də çox sıxılmadım, çünki çoxlarını artıq tanıyırdım».

13. Nəyə görə şagirdə yığıncağa qatılmağa kömək etməliyik?

13 İbadət görüşlərinə qatılmağa kömək edin. Bu nəyə görə vacibdir? Çünki yığıncaqlarda iştirak etmək Yehovanın əmridir. Bu, ibadətimizin bir hissəsidir (İbr. 10:24, 25). Üstəlik, bacı-qardaşlar bizim ruhani ailəmizdir. Onlarla birlikdə yığıncaqda olanda sanki evdə gözəl süfrə arxasında əyləşib dadlı yemək yeyirik. Şagirdə yığıncağa gəlməyə kömək etsəniz, onu vəftizə aparan ən vacib addımlardan birini atmağa kömək etmiş olacaqsınız. Amma ola bilər ki, müəyyən səbəblərə görə ona yığıncaqlara gəlmək çətindir. Görəsən «Əbədi xoşbəxt həyat!» kitabı ona bu sahədə kömək edə bilər?

14. Şagirdi yığıncaq görüşlərində iştirak etməyə necə təşviq edə bilərik?

14 «Əbədi xoşbəxt həyat!» kitabının 10-cu dərsinin köməyilə şagirdinizi yığıncağa gəlməyə təşviq edə bilərsiniz. Bu kitab dərc olunmamışdan qabaq təcrübəli təbliğçilərdən bu dərsi sınaqdan keçirmək xahiş olundu. Onlar qeyd etmişdilər ki, bu dərsin köməyilə şagirdləri yığıncaq görüşlərinə dəvət etmək çox yaxşı alınıb. Təbii ki, şagirdi yığıncağa dəvət etmək üçün 10-cu dərsə qədər gözləmək lazım deyil. Onu mümkün qədər tez dəvət edin və mütəmadi olaraq bunun vacibliyini vurğulayın. Hər şagirdin öz çətinliyi var. Buna görə də müəyyən edin ki, şagirdinizə yığıncağa gəlməyə nə mane olur və ona necə kömək edə bilərsiniz. Şagirdiniz tez bir zamanda yığıncaqlara qatılmasa, ruhdan düşməyin. Səbirli olun, amma dəvət etməyə davam edin.

ŞAGİRDƏ QORXULARINI AŞMAĞA KÖMƏK EDİN

15. Şagirdinizin hansı qorxuları ola bilər?

15 Ola bilsin, bir zamanlar siz özünüz Yehovanın Şahidi olmağa qorxmusunuz. Bəlkə də, heç vaxt təbliğ edə bilməyəcəyinizi düşünürdünüz, yaxud ailə üzvlərinizin, dostlarınızın sizdən üz döndərəcəyinə görə narahat idiniz. Əgər bu cür hisslər keçirmisinizsə, şagirdinizi başa düşərsiniz. İsa Məsih bilirdi ki, bəzilərinin belə qorxuları olacaq. Lakin İsa davamçılarını xəbərdar etmişdi ki, qorxuya qapılıb Yehovaya xidmətlərini dayandırmasınlar (Mət. 10:16, 17, 27, 28). Bəs o, davamçılarına qorxularını aşmağa necə kömək etdi və biz onun nümunəsindən nə öyrənə bilərik?

16. Şagirdə imanı haqda başqaları ilə danışmağı necə öyrədə bilərik?

16 Tədricən şagirdinizə başqaları ilə imanı barədə danışmağı öyrədin. İsa davamçılarını təbliğ etməyə göndərəndə, ola bilsin, onlar həyəcan keçirirdilər. Amma İsa onları köməksiz qoymadı, harada təbliğ etmək, nə deməklə bağlı məsləhətlər verdi (Mət. 10:5—7). Biz də İsa Məsihdən örnək götürərək şagirdimizə başa sala bilərik ki, o harada təbliğ edə bilər. Məsələn, soruşmaq olar ki, öyrəndiyi bu həqiqətin tanışları arasından kimə köməyi dəyə bilər. Sonra ona bu həqiqəti sadə şəkildə deməyin yolunu göstərin. Yeri düşdükcə, «Əbədi xoşbəxt həyat!» kitabındakı «Bəzi insanlar deyir» və «Bəzi insanlar soruşur» adlı çərçivələr əsasında məşq edin. Bu zaman şagirdinizə Müqəddəs Kitab vasitəsilə sadə və nəzakətli cavablar verməyi öyrədin.

17. Mətta 10:19, 20, 29—31 ayələri vasitəsilə şagirdə Yehovaya etibar etməyə necə kömək edə bilərik?

17 Yehovaya etibar etməyi öyrədin. İsa davamçılarını əmin etmişdi ki, Yehova onları sevir, buna görə də onlara kömək edəcək. (Mətta 10:19, 20, 29—31 ayələrini oxuyun.) Şagirdinizi Yehovanın ona da kömək edəcəyinə əmin edin. Yehovaya güvənməsinə kömək etmək üçün onunla birgə məqsədləri barədə dua edin. Polşada yaşayan Fransişek deyir: «Müəllimim həmişə mənim məqsədlərim barədə dua edirdi. Yehovanın onun etdiyi dualara cavab verdiyini görəndə mən də dərhal dua etməyə başladım. Yığıncaqlarda və toplantılarda iştirak etmək üçün yeni iş yerimdən icazə alanda Yehovanın mənə necə kömək etdiyini gördüm».

18. Yehova dərs keçən təbliğçilərin əməyinə necə yanaşır?

18 Müqəddəs Kitabı öyrənən insanlar Yehova üçün çox dəyərlidir. Yehova bilir ki, insanların Ona yaxınlaşmasına kömək etmək üçün təbliğçilər necə böyük zəhmət çəkir və buna görə onları çox sevir (Əşy. 52:7). Əgər hal-hazırda heç kimə dərs keçmirsinizsə, başqa təbliğçilərlə əməkdaşlıq edib onların şagirdlərinin vəftizə doğru irəliləməsinə kömək edə bilərsiniz.

NƏĞMƏ 60 Həyatları xilas edən müjdə

^ abz. 5 Bu məqalədən öyrənəcəyik ki, İsa Məsih insanlara onun davamçısı olmağa necə kömək edirdi və biz ondan necə örnək ala bilərik. Həmçinin «Əbədi xoşbəxt həyat!» adlı yeni kitabın bəzi cəhətlərindən danışacağıq. Bu kitab şagirdə vəftizə doğru irəliləməyə kömək etmək üçün nəzərdə tutulub.

^ abz. 7 Digər həyat hekayələrini tapmaq üçün 1) «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaitində «Müqəddəs Kitab», sonra «Praktiki dəyəri», daha sonra «Müqəddəs Kitab həyatları dəyişir» («Gözətçi qülləsi»ndə silsilə məqalələr) başlığına baxın, yaxud 2) «JW Library®» tətbiqində «Multimedia»ya daxil olub «Müsahibə və həyat hekayələri» bölməsinə baxın.

^ abz. 62 ŞƏKLİN İZAHI: Bir qardaş cavan oğlana dərs keçir. Bu dəfə o, həyat yoldaşı ilə əməkdaşlıq edir, növbəti dəfələrdə isə müxtəlif qardaşları dərsə dəvət edib.