Kontentə keç

Mündəricatı göstər

Bilirsiniz?

Bilirsiniz?

İsanın yaşadığı dövrdə insanlar hansı növ vergilər ödəyirdi?

TA QƏDİMDƏN israillilər pak ibadəti maddi cəhətdən dəstəkləməyi öyrənmişdilər. Amma İsa Məsihin dövründə vergi məsələsi çox qəlizləşmişdi və yəhudilər üçün bu, ağır yükə çevrilmişdi.

Bütün yetkin yaşa çatmış yəhudilər müqəddəs çadırda, sonralar isə məbəddə ibadəti dəstəkləmək üçün yarım şekel (iki dirhəm) pul ödəməli idilər. Birinci əsrdə bu pul Hirodun tikdiyi məbədin qulluğuna və orada qurbanların təqdim olunmasına sərf olunurdu. Bəzi yəhudilər Butrusdan İsanın bu vergini ödəyib ödəmədiyini soruşmuşdular. İsa bu verginin ödənilməsinin əleyhinə deyildi. Hətta o, Butrusa bir gümüş pul tapıb bu vergini ödəməsi üçün müəyyən göstərişlər vermişdi (Mət. 17:24—27).

Həmçinin o dövrdə Allahın xalqı məhsullarının və ya gəlirlərinin onda birini ödəməli idilər (Lav. 27:30—32; Say. 18:26—28). Din xadimləri xalqı məcbur edirdi ki, tək-tək hər bir bitkinin, hətta «nanə, şüyüd və cirənin onda birini» ödəsinlər. İsa ondabirin verilməsinə qarşı deyildi, amma o, mirzələrin və fərisilərin bu məsələdə ikiüzlü davranmasını ifşa etmişdi (Mət. 23:23).

Bundan əlavə, həmin dövrdə yəhudilər Roma hökumətinin hakimiyyəti altında olduqları üçün dövlətə çoxlu vergilər verirdilər. Məsələn, bu vergilərdən biri torpaq sahibkarlarının verdiyi vergi idi. Onlar vergini ya pulla, ya da torpaqlarından götürdükləri məhsulla ödəməli idilər. Belə hesab olunur ki, onların gəlirlərindən 20—25 faiz vergi tutulurdu. Bundan əlavə, hər yəhudi can vergisi ödəməli idi. Fərisilər İsadan məhz bu vergi haqda soruşmuşdular. İsa bu məsələyə düzgün mövqeyi növbəti sözlərlə ifadə etmişdi: «Padşaha məxsus şeyləri padşaha, Allaha məxsus şeyləri Allaha verin» (Mət. 22:15—22).

İdxal və ya ixrac olunan mallar üçün də gömrük rüsumu alınırdı. Bu vergilər limanlarda, körpülərdə, yolayrıcılarında, şəhərlərə və ya bazarlara girişlərdə yığılırdı.

Ümumilikdə bu vergilər Romanın hakimiyyəti altında olan əhali üçün çox ağır yükə çevrilmişdi. Roma tarixçisi Tasitin sözlərinə görə, imperator Tiberinin hakimiyyəti dövründə (bu, İsa Məsihin yer üzündə yaşadığı dövrə təsadüf edir) «Suriya və Yəhudiyyə bu yükün altında o qədər əzilmişdi ki, vergilərin azaldılması üçün yalvarırdı».

Bu vergilərin yığılma tərzi xalqın yükünü daha da ağırlaşdırırdı. Vergi yığmaq hüququ hərraca çıxarılırdı və ən yüksək məbləğ təklif edən şəxs onu alırdı. Həmin şəxs insanlardan birbaşa vergi yığması üçün adamlar tuturdu. Beləcə, həm o, həm də tutduğu adamlar daha çox vergi yığaraq gəlir əldə etməyə çalışırdı. Görünür, Zəkkayın tabeliyində vergi yığmaqla məşğul olan bu cür işçilər var idi (Luka 19:1, 2). Aydındır ki, xalq bundan çox narazı idi və onlardan birbaşa vergi yığan adamları görəsi gözləri yox idi.