Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 25

«Bu kiçiklərdən birini» büdrətməyin

«Bu kiçiklərdən birini» büdrətməyin

«Bu kiçiklərdən birinə saymazyana yanaşmayın» (MƏT. 18:10).

NƏĞMƏ 113 Allahın sülh ənamı

İCMAL *

1. Yehovanın hər birimizi sevdiyini haradan bilirik?

YEHOVA hər birimizi Özünə cəlb edib (Yəh. 6:44). Bir düşünün bu nə deməkdir! Yehova Yer kürəsindəki milyardlarla insanı bir-bir nəzərdən keçirərkən sizdə dəyərli bir şey tapdı. Gördü ki, necə təmiz ürəyiniz var, Onu sevə bilərsiz (1 Saln. 28:9). Yehova sizi yaxşı tanıyır, başa düşür və sevir. Bunu bilmək çox xoşdur!

2. İsa Məsih hər birimizin Yehova üçün dəyərli olduğunu bir məsəl əsasında necə izah etmişdi?

2 Siz Yehova üçün dəyərlisiniz. Eynilə digər bacı-qardaşlar da Onun üçün dəyərlidir. Bunu başa düşməyimiz üçün İsa quzularını sevən çoban nümunəsini çəkmişdi. 100 qoyunu olan çobanın sürüdən 1 qoyunu itsə, o nə edər? Çoban 99 qoyunu dağda qoyub, azmış qoyunu axtarmağa gedər. Qoyunu tapanda itdiyinə görə ona acıqlanmaz, əksinə, sevinər. Buradan nə öyrənirik? Yehova üçün hər bir xidmətçisi əzizdir. İsa Məsih demişdi: «Mənim göydəki Atam bu kiçiklərdən bircəciyinin belə məhv olmasını istəmir» (Mət. 18:12—14).

3. Bu məqalədə nə haqda danışacağıq?

3 Əlbəttə, biz heç vaxt istəmərik ki, hansısa bacı-qardaşımızın ruhdan düşməsinə səbəb olaq. Başqalarını büdrətməmək üçün nə edə bilərik? Bəs kimsə bizim xətrimizə dəyəndə necə davranmalıyıq? Məqalədən bu iki sualın cavabını öyrənəcəyik. Amma əvvəlcə gəlin görək, Mətta 18-ci fəsildə «kiçiklər» deyiləndə kimlər nəzərdə tutulur.

«KİÇİKLƏR» KİMLƏRDİR?

4. «Kiçiklər» deyiləndə kimlər nəzərdə tutulur?

4 «Kiçiklər» İsanın hər yaşda olan şagirdləridir. Hansı yaşda olmalarından asılı olmayaraq, onlar «uşaq» kimidirlər. Çünki İsadan öyrənməyə hazırdırlar (Mət. 18:3). Onların milliyyəti, mədəniyyəti, xasiyyəti, baxışı fərqli olsa da, hamısı İsaya iman gətirir, İsa da onları çox istəyir (Mət. 18:6; Yəh. 1:12).

5. Kimsə Yehovanın xidmətçisini büdrədəndə və ya incidəndə Yehova hansı hissləri keçirir?

5 Bu «kiçiklərin» hamısı Yehova üçün qiymətlidir. Yehovanın onlara bəslədiyi hissləri başa düşmək üçün bizim uşaqlara necə yanaşdığımızı yada sala bilərik. Uşaqlar bizim üçün qiymətlidir. Onlarda böyüklərdə olan güc, təcrübə və hikmət yoxdur. Buna görə də biz onları qorumaq istəyirik. Biz görəndə ki, kimsə kimisə incidir, bu bizim xoşumuza gəlmir, amma kimsə uşağı incidəndə bu bizə lap pis təsir edir, hətta qəzəblənirik. Eynilə, Yehova da bizi qorumaq istəyir. O görəndə ki, kimsə xidmətçisini büdrədib və ya incidib, bu Ona pis təsir edir. Hətta O qəzəblənir (Əşy. 63:9; Mark 9:42).

6. 1 Korinflilərə 1:26—29 ayələrinə əsasən, dünya İsanın şagirdlərinə hansı gözlə baxır?

6 Başqa hansı mənada İsanın şagirdləri «kiçiklərdir»? Adətən bu dünyada kimləri böyük adam hesab edirlər? Varlıları, məşhurları, səlahiyyət sahiblərini. Amma bu dünya İsanın şagirdlərinə əhəmiyyətsiz, adsız-sansız «kiçiklər» kimi baxır. (1 Korinflilərə 1:26—29 ayələrini oxuyun.) Yehova isə onlara bu cür yanaşmır.

7. Yehova bacı-qardaşlara necə yanaşmağımızı istəyir?

7 Yehova bütün xidmətçilərini sevir, fərqi yoxdur, onlar Ona uzun illərdir xidmət edir, yoxsa həqiqətdə yenidirlər. Bütün bacı-qardaşlarımız Yehova üçün dəyərlidir, buna görə də onlar bizim üçün də dəyərli olmalıdır. Biz dindaşlarımızı bir-birindən ayırmırıq, bütün qardaşlığı sevirik (1 But. 2:17). Onları qorumaq və qeydlərinə qalmaq üçün nə lazımdırsa, etməyə hazırıq. Kiminsə xətrinə dəydiyimizi biləndə heç nə olmamış kimi davranmamalıyıq, düşünməməliyik ki, o, çox həssasdır, gərək udmağı bacarsın. Bəzilərinin inciməsinə nə səbəb ola bilər? Ola bilsin, onlar elə mühitdə böyüyüblər ki, özləri haqda aşağı fikirdədirlər. Digərləri həqiqətdə yenidir və insanların səhvini bağışlamağı hələ öyrənməlidirlər. Hər bir halda, biz münasibətləri düzəltmək üçün əlimizdən gələni etməliyik. Həmçinin başqalarından tez inciyən insan başa düşməlidir ki, bu, heç də yaxşı xüsusiyyət deyil və bunun üzərində işləməlidir. O bunu həm özünün qəlbinin rahat olması üçün, həm də başqaları ilə münasibətinin yaxşı olması üçün etməlidir.

BAŞQALARINI ÖZÜNÜZDƏN ÜSTÜN SAYIN

8. İsanın şagirdlərinə hansı düşüncə təsir etmişdi?

8 İsanın «kiçiklər» barədə danışmasının səbəbi nə idi? Şagirdləri ondan soruşmuşdular: «Səmavi Padşahlıqda ən böyük kim olacaq?» (Mət. 18:1). Həmin dövrdə əksər yəhudilər üçün vəzifə, ad-san çox önəmli idi. Bir alim deyir: «İnsanlar şərəf, ad-san, şöhrət, rəğbət və hörmət həsrəti ilə yaşayır və ölürdülər».

9. İsanın şagirdləri nə etməli idi?

9 İsa bilirdi ki, şagirdləri yəhudi mədəniyyətində kök salmış rəqabət ruhunu ürəklərindən qoparıb atmaq üçün çox çalışmalıdırlar. Onlara demişdi: «Qoy aranızda böyük sayılan kiçik kimi olsun, başçılıq edən xidmətçi kimi olsun» (Luka 22:26). Biz başqalarını özümüzdən üstün sayanda «kiçik» olduğumuzu göstəririk (Filip. 2:3). Bu düşüncəni özümüzdə daha çox inkişaf etdirdikcə başqalarını daha az incidəcəyik.

10. Həvari Bulusun hansı məsləhətinə ciddi yanaşmalıyıq?

10 Bütün bacı-qardaşlarımız hansısa sahədə bizdən üstündür. Diqqətimizi onların yaxşı xüsusiyyətlərinə cəmləyəndə bunu aydın görürük. Həvari Bulusun korinflilərə verdiyi məsləhətə ciddi yanaşmalıyıq: «Axı səni başqalarından fərqləndirən nədir? Məgər hər şeyi Allahdan almamısan? Əgər hər şeyi Allahdan almısansa, onda niyə bunu unudub lovğalanırsan?» (1 Kor. 4:7). Ehtiyatlı olmalıyıq ki, başqalarında təəssürat oyatmağa çalışmayaq, yaxud özümüzün başqalarından üstün olduğunu düşünməyək. Məsələn, yaxşı məruzə söyləyən qardaş, yaxud insanlarla Müqəddəs Kitab dərsinə asanlıqla başlamağı bacaran bacı bu qabiliyyətinə görə şərəfi həmişə Yehovaya verməlidir.

ÜRƏKDƏN BAĞIŞLAYIN

11. İsa Məsihin padşah və nökərlə bağlı məsəlinin məğzi nə idi?

11 İsa davamçılarına başqalarını büdrətməyin nə qədər ciddi məsələ olduğunu deyəndən sonra padşah və nökərlə bağlı bir məsəl çəkir. Padşah nökərinin heç vaxt ödəyə bilməyəcəyi böyük məbləğdə borcu ləğv edir. Sonra həmin nökər ona daha az borcu olan nökər yoldaşının borcunu bağışlamaqdan imtina edir. Nəticədə, padşah bu rəhmsiz nökəri dustaqxanaya atır. Buradan nə öyrənirik? İsa demişdi: «Əgər siz də başqalarını ürəkdən bağışlamasanız, göydəki Atam da sizinlə belə davranacaq» (Mət. 18:21—35).

12. Bağışlamamaqla biz başqalarını necə incidirik?

12 Nökərin bu hərəkətindən tək özü yox, başqaları da ziyan çəkdi. Əvvəla, o, nökər yoldaşına qarşı rəhmsiz davrandı, onu dustaqxanaya atdı ki, borcunu qaytarana qədər orada qalsın. İkincisi, o, bunun şahidi olan digər nökərləri incitdi. Onlar onun bu hərəkətini görəndə çox pis oldular. Eynilə, bizim də hərəkətlərimiz başqalarından yan keçmir. Əgər kimsə bizim xətrimizə dəyirsə və biz onu bağışlamaq istəmiriksə, nə baş verə bilər? İlk növbədə, onu bağışlamamaqla, saymazyana yanaşmaqla, məhəbbətimizdən məhrum etməklə onu yaralamış olarıq. İkincisi, yığıncaqdakı bacı-qardaşlar da görəndə ki, kiminləsə bizim aramız dəyib, özlərini narahat hiss edəcək.

İncik qalacaqsınız, yoxsa ürəkdən bağışlayacaqsınız? (13 və 14-cü abzaslara baxın) *

13. Bir öncül bacı ilə baş verənlərdən nə öyrənirik?

13 Dindaşımızı bağışlayanda bu həm öz xeyrimizə olur, həm də başqalarının. Görün Kristal * adlı bir öncül bacı ilə nə baş vermişdi. Yığıncaqdakı bir bacı onun xətrinə dəymişdi. Kristal deyir: «O bəzən elə kəskin sözlər deyirdi ki, elə bil məni qılıncla yaralayırdı. Hətta onunla təbliğdə əməkdaşlıq belə etmək istəmirdim. Yavaş-yavaş xidmətdə sevincimi və şövqümü itirməyə başladım». Kristal düşünürdü ki, dilxor olması əsassız deyil. Amma o, bacıya acıqlı qalmadı, nə də özünü yazıqlamadı. Kristal «Gözətçi qülləsi»nin 1999-cu il 15 oktyabr sayında dərc olunan «Ürəkdən bağışlayın» məqaləsindəki məsləhətə təvazökarlıqla əməl etdi. O, bacını bağışladı. Kristal deyir: «İndi dərk edirəm ki, hamımız yeni şəxsiyyəti geyinməyə çalışırıq və Yehova bizi hər gün ürəkdən bağışlayır. Sanki çiyinlərimdən ağır bir yük düşdü. Sevincimi bərpa etdim».

14. Mətta 18:21, 22 ayələrinə əsasən, ola bilsin, həvari Butrusun hansı sahədə çətinliyi var idi və biz İsanın cavabından nə öyrənirik?

14 Biz bilirik ki, bağışlamalıyıq və bu cür davranmaq düzgündür. Amma yenə də bu bizə çətin gələ bilər. Ola bilsin, həvari Butrus üçün də bu, bəzən çətin olurdu. (Mətta 18:21, 22 ayələrini oxuyun.) Bəs bizə nə kömək edə bilər? Birincisi, Yehovanın sizi nə qədər çox bağışladığı haqda düşünün (Mət. 18:32, 33). Biz Onun əfvinə layiq olmasaq da, O bizi ürəkdən bağışlayır (Zəb. 103:8—10). Üstəlik, biz «bir-birimizi sevməyə borcluyuq». Buna görə də bağışlamaq seçim məsələsi deyil. Bacı-qardaşları bağışlamaq bizim borcumuzdur (1 Yəh. 4:11). İkincisi, bağışlamağın xeyri haqda düşünün. Bununla xətrimizə dəyən insana kömək edirik, yığıncaqda birlik olur, Yehova ilə münasibətimizi qoruyuruq və çiynimizdəki yükdən azad oluruq (2 Kor. 2:7; Kol. 3:14). Üçüncüsü, sizə bağışlamağı buyuran Yaradana dua edin. Şeytana dindaşlarınızla aranızda olan sülhü pozmağa imkan verməyin (Efes. 4:26, 27). Şeytanın tələsinə düşməmək üçün Yehovanın köməyinə ehtiyacımız var.

BÜDRƏMƏYİN

15. Koloslulara 3:13 ayəsinə əsasən, dindaşımızın hərəkəti bizi incidirsə, nə edə bilərik?

15 Bəs əgər dindaşınızın hərəkəti sizi çox incidirsə, onda necə? Bu zaman nə etməlisiniz? Sülhü qorumaq üçün əlinizdən gələni edin. Yehovaya ürəkdən dua edin. Ondan xətrinizə dəyən dindaşınıza yar olmasını diləyin. Həmçinin xahiş edin ki, dindaşınızın yaxşı xüsusiyyətlərini görməyinizə kömək etsin, o xüsusiyyətləri ki, Yehova onda bəyənir (Luka 6:28). Dindaşınızın etdiyi hərəkəti unuda bilmirsinizsə, fikirləşin ki, onunla bu barədə necə danışa bilərsiniz. Belə məqamlarda onun sizi qəsdən incitmədiyini düşünmək daha yaxşı olardı (Mət. 5:23, 24; 1 Kor. 13:7). Onunla danışanda da bunu nəzərinizdə saxlayın. Bəs əgər o, sülh yaratmaq istəmirsə, onda necə? Dindaşınıza qarşı həmişə səbirli olun. Ondan əlinizi üzməyin. (Koloslulara 3:13 ayəsini oxuyun.) Ən əsası isə heç vaxt acıqlı qalmayın. Çünki bu, Yehova ilə münasibətinizi korlaya bilər. Nəyinsə sizi büdrətməsinə imkan verməyin. Bununla sübut edəcəksiniz ki, Yehovanı hər şeydən çox istəyirsiniz (Zəb. 119:165).

16. Hər birimizin üzərinə hansı məsuliyyət düşür?

16 «Bir sürüdə» birləşib, «bir çobanın» nəzarəti altında Yehovaya xidmət etmək bizim üçün böyük şərəfdir! (Yəh. 10:16). «Allahın iradəsini yerinə yetirən təşkilat» kitabının 165-ci səhifəsində deyilir: «Yəqin siz xoşbəxtsiniz ki, bu cür insanların arasındasınız, amma sizin üzərinizə bu birliyi qorumaq məsuliyyəti düşür». Buna görə də bacı-qardaşlarımıza «Yehovanın gözü ilə baxmağa» çalışmalıyıq. Yehovanın gözündə hamımız Ona dəyərli olan «kiçiklərin» sırasındayıq. Siz də bacı-qardaşlara bu cür yanaşırsınız? Onlara dayaq olmaq və qeydlərinə qalmaq üçün etdiyiniz hər bir şeyi Yehova görür və qiymətləndirir (Mət. 10:42).

17. Biz qarşımıza hansı məqsədi qoymuşuq?

17 Biz dindaşlarımızı sevirik. Buna görə də qarşımıza məqsəd qoymuşuq ki, «heç bir qardaşın yıxılmasına, iman yolundan dönməsinə bais» olmayaq (Rom. 14:13). Biz iman bacımızı və qardaşımızı özümüzdən üstün sayırıq və ürəkdən bağışlamağa hazırıq. Gəlin heç vaxt başqalarının hərəkətindən büdrəməyək. Əksinə, «sülhə aparan və bir-birimizi ruhlandıran şeylərə can ataq» (Rom. 14:19).

NƏĞMƏ 130 Bir-birimizi bağışlayaq

^ abz. 5 Qeyri-kamil olduğumuz üçün bəzən söz və ya hərəkətimizlə bacı-qardaşlarımızın xətrinə dəyirik. Bu zaman necə davranırıq? Münasibətlərimizi düzəltməyə can atırıq? Dərhal üzr istəyirik? Yoxsa düşünürük ki, bu, inciyən insanın öz problemidir? Ya da biz özümüz tez inciyən insanıq. Bu zaman «mən beləyəm, xasiyyətim budur» deyib özümüzə haqq qazandırırıq? Yoxsa başa düşürük ki, incimək bizim zəif cəhətimizdir və dəyişməliyik?

^ abz. 13 Ad şərtidir.

^ abz. 54 ŞƏKLİN İZAHI: Bir bacı yığıncaqdakı başqa bacıdan inciyib. Onlar təklikdə danışıb məsələni yoluna qoyurlar. Bundan sonra hər şeyi unudub, sevinclə təbliğdə əməkdaşlıq edirlər.