TƏLİM MƏQALƏSİ 24
Yehova əfvi bol Allahdır
«Ey Yehova, kəramətlisən, bağışlayansan, Səni çağıranlara qarşı məhəbbətin boldur» (ZƏB. 86:5).
NƏĞMƏ 42 Allah bəndəsinin duası
İCMAL *
1. Süleyman padşah Vaiz 7:20 ayəsində nəyi vurğulamışdı?
SÜLEYMAN padşah yazmışdı: «Dünyada elə saleh adam yoxdur ki, heç vaxt günah etməsin, ancaq yaxşılıq etsin» (Vaiz 7:20). O, çox düz deyib, biz hamımız günahlıyıq (1 Yəh. 1:8). Buna görə də hər birimiz həm Allahın, həm də insanların bizi bağışlamasına ehtiyac duyuruq.
2. Dostumuz səhvimizi bağışlayanda hansı hissləri keçiririk?
2 Nə vaxtsa dostunuzun qəlbinə dəydiyiniz yadınızdadır? Yəqin, onun könlünü almaq, əvvəlki münasibəti qaytarmaq üçün ondan üzr istəmişdiniz. Bəs o sizi səmimi-qəlbdən bağışladığını deyəndə hansı hissləri keçirmişdiniz? Ürəyiniz rahatlıq tapmışdı, hə? Üstəlik, çox xoşbəxt idiniz!
3. Məqalədə nə haqda danışacağıq?
3 Biz istəyirik ki, Yehova bizim ən yaxın Dostumuz olsun. Amma bəzən danışığımız və ya tutduğumuz əməl Ona ağır gedir. Bəs bu zaman necə əmin ola bilərik ki, Yehova bizi bağışlamağa hazırdır? Yehovanın bizi bağışlaması ilə bizim bir-birimizi bağışlamağımız arasında hansı fərq var? Yehova kimləri Öz əfvinə layiq bilir?
YEHOVA BAĞIŞLAYANDIR
4. Yehovanın bağışlayan Allah olduğunu haradan bilirik?
4 Müqəddəs Kitabı oxuyanda əmin oluruq ki, Yehova bağışlayan Allahdır. Sina dağında Yehova Özünü Musa peyğəmbərə əyan edəndə mələk vasitəsilə belə demişdi: «Yehova, Yehova, rəhmli və mərhəmətli, səbirli, məhəbbəti bol, həqiqəti əngin olan Allah. Minlərcə nəsillərə məhəbbət göstərən, təqsiri, asiliyi və günahları bağışlayan... Allah» (Çıx. 34:6, 7). Yehova mehriban, rəhmli Allahdır. O, tövbə edən günahkarı bağışlamağa həmişə hazırdır (Nəh. 9:17; Zəb. 86:15).
5. Zəbur 103:13, 14 ayələrindən gördüyümüz kimi, Yehova bizim haqqımızda hər şeyi bildiyi üçün bizimlə necə davranır?
5 Yehova Yaradanımız olduğu üçün bizim haqqımızda hər şeyi bilir. Təsəvvür edirsiniz, bu nə deməkdir?! Allah yer üzündəki hər bir insanın hər zərrəsindən agahdır (Zəb. 139:15—17). Deməli, O, valideynlərimizdən bizə keçən bütün qeyri-kamillikləri görür. Bundan əlavə, Yehova həyatımızın hər anından xəbərdardır və başa düşür ki, yaşadıqlarımız xasiyyətimizin formalaşmasında rol oynayır. Bütün bunları bildiyi üçün Yehova bizimlə necə rəftar edir? O bizə mərhəmət göstərir (Zəb. 78:39; Zəbur 103:13, 14 ayələrini oxuyun).
6. Yehova bizi bağışlamaq istədiyini necə sübut edib?
6 Yehova bizi bağışlamaq istədiyini artıq sübut edib. O bilir ki, biz Adəmin ucbatından günahın və ölümün lənətinə düçar olmuşuq (Rom. 5:12). Biz nə özümüzü, nə də başqalarını bu lənətdən qurtara bilməzdik (Zəb. 49:7—9). Məhəbbətli Allahımız Yehova halımıza acıyıb, bizi günahın əsarətindən qurtarmaq üçün tədbir gördü. O hansı tədbiri gördü? Yəhya 3:16 ayəsində qeyd olunduğu kimi, yeganə Oğlunu bizim uğrumuzda qurban verdi (Mət. 20:28; Rom. 5:19). İsa bizim yerimizə ölümün cəzasını çəkdi ki, ona iman edənləri azad etsin (İbr. 2:9). Əziz Oğlunun alçaldıcı, əzablı ölümünü görmək Yehova üçün çox ağrılı idi. Əlbəttə ki, Yehova bizi bağışlamaq istəməsə idi, Oğlunun belə əzablı ölümünə heç vaxt izin verməzdi.
7. Yehova kimləri ürəkdən bağışlamışdı?
7 Müqəddəs Kitabda Yehovanın ürəkdən bağışladığı çox insanın hadisəsi yazılıb (Efes. 4:32). Sizin ağlınıza kim gəlir? Yəqin, Mənəssə padşah. O, bədəməl insan idi, Yehovaya qarşı dəhşətli günahlar etmişdi. O, ölkədə yalan ibadəti yaymışdı. Oğullarını saxta allahlara qurban gətirib odda yandırmışdı. Hətta Yehovanın müqəddəs məbədində oyma büt qoymuşdu. Müqəddəs Kitabda yazılıb ki, o, «Yehovanın bəyənmədiyi mənfur işlər görüb Onu təhqir etdi» (2 Saln. 33:2—7). Bütün bunlara baxmayaraq, Mənəssə səmimi-qəlbdən tövbə edəndə Yehova onu bağışladı və hətta onu taxtına qaytardı (2 Saln. 33:12, 13). Bəlkə də, ağlınıza Davud padşah da gəldi. O, zina, qatillik və digər ağır günahlar etmişdi. Amma o, günahını boynuna alıb, ürəkdən tövbə edəndə Yehova onu bağışlamışdı (2 İşm. 12:9, 10, 13, 14). Bu hadisələr göstərir ki, Yehova bizi bağışlamağa hazırdır. Görəcəyimiz kimi, Yehovanın əfv etmə qabiliyyəti bənzərsizdir.
YEHOVANIN ƏFVİ BƏNZƏRSİZDİR
8. Yehovanın bağışlamaq qabiliyyəti bənzərsiz Hakim olması ilə necə əlaqəlidir?
8 Yehova «bütün dünyanın Hakimi»dir (Yar. 18:25). Yaxşı hakim qanunun bütün incəliklərini bilməlidir. Yehova da qanuna yaxşı bələddir, çünki O, Hakimimiz olmaqla yanaşı, Qanunverənimizdir (Əşy. 33:22). Nəyin yaxşı, nəyin pis olduğunu Yehovadan əla heç kim bilə-bilməz. Yaxşı hakimdən daha nələr gözlənilir? O, qərar çıxarmazdan öncə bütün faktları bilməlidir. Bu da Yehovanı bir Hakim kimi üstün edən məqamlardandır.
9. Yehova bağışlayıb-bağışlamamaq qərarını hansı faktlar əsasında verir?
9 İnsan hakimindən fərqli olaraq, Yehova istənilən məsələ ilə bağlı bütün faktları mükəmməl şəkildə bilir (Yar. 18:20, 21; Zəb. 90:8). O, insanların gördükləri və eşitdikləri şeylər əsasında qərar çıxarmır. O bilir ki, insanın davranışına genetikası, böyüdüyü mühit, aldığı tərbiyə, həmçinin emosional və əqli sağlamlığı təsir edə bilər. Bundan əlavə, Yehova insanların ürəyini görür. Onların niyyətini, məqsədini, istəyini əlinin içi kimi bilir. Ondan heç nəyi gizlətmək mümkün deyil (İbr. 4:13). Deməli, Yehova insanın vəziyyətini hərtərəfli bilir və bağışlayarkən bunları nəzərə alır.
10. Yehovanın çıxardığı hökmün həmişə ədalətli olduğunu nəyə əsasən deyə bilərik? (Qanunun təkrarı 32:4).
10 Yehovanın çıxardığı hökm həmişə ədalətlidir. O, tamamilə qərəzsizdir. Yehova insanı var-dövlətinə, mövqeyinə, bacarığına, qara qaşına-qara gözünə görə bağışlamır (1 İşm. 16:7; Yaq. 2:1—4). Heç kəs Ona təzyiq göstərə bilməz, rüşvət verə bilməz (2 Saln. 19:7). Yehovanın qərarları nə qəzəbdən irəli gəlir, nə də ürəyi yumuşaqlıqdan (Çıx. 34:7). Bəli, əngin hikmətə, iti bəsirətə sahib olduğu üçün Yehova ən yaxşı Hakimdir. (Qanunun təkrarı 32:4 ayəsini oxuyun.)
11. Yehovanın əfvini bənzərsiz edən nədir?
11 Tövratı qələmə alanlar Yehovanın əfvinin bənzərsiz olduğunu anlayırdılar. Onların istifadə etdikləri bir ibrani sözü ilə bağlı bir mənbədə maraqlı fikir vurğulanır: «Bu söz yalnız Allahın günah işləyən insanı bağışlamasına aid işlənir. Bu söz heç vaxt məhdud və cüzi ölçüdə olan əfvə, yəni insanın insanı bağışlamasına aid işlənmir». Günah işləyən insanı bütövlüklə bağışlamağa yalnız Allahın səlahiyyəti var. O bizi bağışlayanda hansı hissləri keçiririk?
12, 13. a) Yehovanın əfvi insanda hansı hissləri hasil edir? b) Yehova bizi nə qədər müddətə bağışlayır?
12 Yehovanın bizi bağışladığını qəbul edəndə üzərimizə «təravət mövsümü» gəlir, qəlb rahatlığımız və təmiz vicdanımız olur. Yalnız Yehova bizi bağışlayanda biz bu cür hisslər keçiririk (Həv. 3:19). Yehova bizi bağışlayanda bizimlə münasibətlərini tam şəkildə bərpa edir, sanki biz heç vaxt günah etməmişik.
13 Yehova bizi bağışlayanda daha heç vaxt həmin günahımıza görə bizi təqsirləndirmir və ya cəza vermir (Əşy. 43:25; Ərm. 31:34). «Şərq qərbdən nə qədər uzaqdırsa», Yehova da günahlarımızı bizdən o qədər uzaqlaşdırır * (Zəb. 103:12). Yehovanın əfvinin böyüklüyü haqda düşünəndə qəlbimiz şükranla və ehtiramla dolur (Zəb. 130:4). Bəs Yehova kimləri Öz əfvinə layiq bilir?
YEHOVA KİMLƏRİ BAĞIŞLAYIR?
14. Öyrəndiklərimizə əsasən, Yehova bizi bağışlayıb-bağışlamamağa nəyin əsasında qərar verir?
14 Gördüyümüz kimi, Yehovanın insanı bağışlayıb-bağışlamaması günahın böyüklüyündən və ya kiçikliyindən asılı deyil. Həmçinin öyrəndik ki, Yehova bizi bağışlayıb-bağışlamamağa qərar verəndə Yaradan, Qanunverən və Hakim kimi sahib olduğu biliklərə əsaslanır. Bəs Yehova hansı amilləri nəzərə alır?
15. Luka 12:47, 48 ayələrinə əsasən, Yehova qərar verərkən hansı amili nəzərə alır?
15 Yehovanın nəzərə aldığı amillərdən biri budur: insan tutduğu əməlin günah olduğunu bilirdi? Luka 12:47, 48 ayələrində bunun vacib məqam olduğu açıq-aydın göstərilir. (Ayələri oxuyun.) Planlı şəkildə günah iş tutan və edəcəyi əməlin Yehovaya acıq getdiyini bilən insan ciddi günah işləyir. Yehova belə insanı bağışlamamaq qərarına gələ bilər (Mark 3:29; Yəh. 9:41). Amma açıq danışsaq, bəzən biz hansısa hərəkətin yanlış olduğunu bilsək də, onu edirik. Bəs belə halda Yehovanın bizi bağışlayacağına ümid var? Bəli, var. Çünki bu zaman Yehova başqa bir amili də nəzərə alır.
16. Tövbə nədir və nəyə görə Yehovanın bizi bağışlaması üçün tövbə etmək vacibdir?
16 Yehovanın nəzərə aldığı digər amil günah edən insanın ürəkdən tövbə edib-etməməsidir. Tövbə etmək nə deməkdir? Bu, insanın «düşüncəsini, münasibətini, yaxud niyyətini dəyişməsi» deməkdir. Tövbə edən insan tutduğu pis əmələ görə, yaxud Allahın bəyəndiyi kimi davranmadığına görə peşman olur və dərin kədər hissi keçirir. O məyus olur ki, Yehova ilə münasibətlərinin zəifləməsinə yol verib və nəticədə bu günahı işləyib. Mənəssə ilə Davud padşahı yadımıza salaq. Onların hər ikisi ciddi günah işləmişdi, amma ürəkdən tövbə etdiklərinə görə Yehova onları bağışlamışdı (1 Pad. 14:8). Bəli, Yehova bizi tövbə etdiyimiz təqdirdə bağışlayır. Amma etdiyimiz günaha görə peşman olmaq kifayət deyil, biz lazımi addımları atmalıyıq *. Bu yerdə keçirik digər amilə.
17. Dönmək nədir və nəyə görə vacibdir? (Əşiya 55:7).
17 Yehovanın nəzərə aldığı digər amil günah edən insanın pis yolundan dönməsidir. «Dönmək» insanın pis hərəkətlərinə son qoyub, Yehovanın bəyəndiyi kimi həyat tərzi sürməsi deməkdir. (Əşiya 55:7 ayəsini oxuyun.) İnsan düşüncə tərzini dəyişib Yehovanın düşüncəsini həyatında rəhbər tutmalıdır (Rom. 12:2; Efes. 4:23). O, yanlış düşüncə və hərəkətlərinə son qoymağa qəti-qərarlı olmalıdır (Kol. 3:7—10). Əlbəttə, məhz Məsihin fidyə qurbanlığına imanımız Yehovaya bizi bağışlamağa və günahlarımızdan təmizləməyə əsas verir. Yehova görəndə ki, biz davranışımızı dəyişmək üçün əlimizdən gələni edirik, fidyə qurbanlığı əsasında bizi bağışlayır (1 Yəh. 1:7).
YEHOVANIN ƏFVİNƏ ŞÜBHƏ ETMƏYİN
18. Yehovanın əfvi ilə bağlı nəyi araşdırdıq?
18 Gəlin əsas fikirləri qısaca təkrarlayaq. Kainatda bağışlamaqda Yehovaya tay olan ikinci varlıq yoxdur. Nəyə əsasən belə deyirik? Birincisi, O, bağışlamağa həmişə hazırdır. İkincisi, heç kəs bizi Onun qədər tanımır. O bizimlə bağlı hər şeydən agahdır və ürəkdən tövbə edib-etmədiyimizi Ondan yaxşı heç kim bilə bilməz. Üçüncüsü, Yehova bizim günahlarımızı elə silir ki, onların heç izi-tozu da qalmır. Bunun sayəsində vicdanımız təmiz olur və Yehovanın rəğbətini qazanırıq.
19. Nəyə görə biz qeyri-kamil olmağımıza, səhvlər etməyimizə baxmayaraq, sevinə bilərik?
19 Əlbəttə, hələ ki biz qeyri-kamilik, günaha yol veririk və verəcəyik. Yehova xidmətçilərinin cismani zəifliklərinə mərhəmətlə yanaşdığı üçün onlar miras aldıqları qeyri-kamillik ucbatından etdikləri səhvlərə görə daim vicdan əzabı çəkməməlidirlər (Zəb. 103:8—14; 130:3). Əgər onlar Yehovanın buyruqlarına uyğun yaşamaq üçün var gücləri ilə çalışırlarsa, sevinə bilərlər (Filip. 4:4—6; 1 Yəh. 3:19—22). Bu, necə də ruhlandırıcı fikirdir!
20. Növbəti məqalədə nə haqda danışacağıq?
20 Yehovaya şükürlər olsun ki, biz ürəkdən tövbə edəndə bizi bağışlayır. Bəs biz Yehovadan bağışlamaq sahəsində necə örnək ala bilərik? Bizim kimisə bağışlamağımızla Yehovanın bağışlaması arasında hansı oxşarlıq və hansı fərq var? Bu fərqi başa düşmək nəyə görə önəmlidir? Növbəti məqalədə bu sualların cavabını tapacağıq.
NƏĞMƏ 45 Qəlbimdəki düşüncələr
^ Yehova Allah Kəlamı vasitəsilə bizi əmin edir ki, tövbə edən günahkarı bağışlayır. Amma bəzən biz özümüzü Allahın əfvinə layiq bilmirik. Bu məqalədən görəcəyimiz kimi, əgər biz ürəkdən tövbə ediriksə, Yehovanın bizi bağışladığına əmin ola bilərik.
^ «Gözətçi qülləsi»nin 2003-cü il 1 sentyabr sayının 27-ci səhifəsinin 15-ci abzasına baxın.
^ BƏZİ İFADƏLƏRİN İZAHI. «Tövbə» fikri dəyişmək, əvvəlki həyat yoluna və yanlış hərəkətinə görə, eləcə də, doğru işi görməməyə görə ürəkdən peşman olmaq deməkdir. Əsl tövbənin bəhrəsi olur: tövbəkar adam addımlarını haqq yola yönəldir.