Bilirsiniz?
Roma hökuməti dirəkdə edam olunan insanların normal qaydada dəfninə izin verirdi? Məsələn, İsanın dəfninə icazə vermişdi?
ƏKSƏRİYYƏTİMİZ İsanın iki cinayətkarın ortasında dirəkdə edam olunduğunu bilirik (Mət. 27:35—38). Müqəddəs Kitabda oxuyuruq ki, daha sonra İsanın cəsədi dəfnə hazırlanır və sərdabəyə qoyulur (Mark 15:42—46). Amma bu məqamın dəqiqliyi ilə bağlı bəzilərində fikirayrılığı var.
İncilin bəzi tənqidçilərində belə fikir var ki, edam olunan birinin normal qaydada dəfn olunmasına, məsələn, sərdabəyə qoyulmasına icazə verilməsi inandırıcı deyil. Onlar cinayətkarın cəsədi ilə başqa cür rəftar olunduğunu zənn edirlər. Ariel Sabar adlı jurnalist bu fikrin nədən qaynaqlandığını belə izah edir: «Çarmıxa çəkmə cəmiyyətin qalığı olan insanları cəzalandırmaq üçün tətbiq olunurdu və bəzi mütəxəssislər Romada bu cür insanların layiqincə dəfn olunması fikrinin məntiqsiz olduğunu düşünürdü» («Smithsonian»). Romalılar edama məhkum olunmuş cinayətkarı bacardıqları qədər alçaltmaq istəyirdilər. Buna görə də çox vaxt cəsədi dirəkdə saxlayırdılar ki, qurda-quşa yem olsun. Qalıntıları isə ümumi qəbiristanlığa atırdılar.
Amma arxeologiyada başqa bir şey açıqlanır, ən azından, öldürülən bəzi yəhudilərin cəsədlərinin qalıqları haqqında belə deyə bilərik. 1968-ci ildə birinci əsrdə edam olunmuş bir kişinin sümükləri tapılmışdı. Sümüklər Yerusəlimin yaxınlığında yəhudi ailəsinə aid bir sərdabədə qutunun içində tapılmışdı. Sümüklərin arasında daban sümüyü də var idi. Bu daban sümüyü 11,5 santimetr uzunluğunda olan bir mismarla taxtaya mismarlanmış halda idi. Ariel Sabar deyir: «Yəhukənan adlı adama məxsus daban sümüyünün tapılması göstərir ki, İncildə İsanın dəfn olunması ilə bağlı yazılan məlumat gerçək ola bilər». Maraqlı məqamdır ki, «Yəhukənanın daban sümüyü məhz İsanın yaşadığı dövrə aiddir və Roma hökumətinin çarmıxa çəkdiyi yəhudinin dəfninə icazə verdiyini göstərir».
Tapılan daban sümüyünə əsasən İsanın dirəkdə hansı formada edam olunduğu ilə bağlı müxtəlif fikirlər mövcuddur. Amma tapıntı bir şeyi aydın göstərdi ki, edam olunan cinayətkarların hamısı ümumi qəbiristanlığa atılmırdı. Onların arasında dəfn olunanlar da olurdu. Göründüyü kimi, Müqəddəs Kitabda İsanın cəsədinin sərdabəyə qoyulduğu ilə bağlı yazılan məlumat doğrudur. Bu dəlil bunu bir daha təsdiq etdi.
Ən vacib məqam odur ki, Yehova İsanın varlı insanın sərdabəsində dəfn olunacağını peyğəmbərlik etmişdi və Yehovanın sözünün həyata keçməsinin qarşısını heç kim ala bilməz (Əşy. 53:9; 55:11).