Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 28

Allah qorxusu ilə yaşamaq xeyrimizədir

Allah qorxusu ilə yaşamaq xeyrimizədir

«Doğruluq yolunda yeriyən Yehovadan qorxur» (MƏS. 14:2).

NƏĞMƏ 122 Mətin qalın, sarsılmaz olun!

İCMAL a

1, 2. Lut kimi məsihilər də hansı çətinliklə üzləşir?

 BU DÜNYANIN əxlaq dəyərləri çox aşağı düşüb. Buna görə də özümüzü Allahın saleh bəndəsi olan Lut kimi hiss edirik. O, «qanun tanımayan adamların azğınlığına görə» əzab çəkirdi, çünki bilirdi ki, Yehova bu şər əməllərə nifrət edir (2 But. 2:7, 8). Ürəyində Allah xofu və Allah sevgisi olduğu üçün Lut ətrafdakı insanların əxlaqsız davranışına ikrahla yanaşırdı. Bizim də ətrafımızdakı insanlar Yehovanın əxlaq qaydalarına demək olar ki, məhəl qoymur. Buna baxmayaraq, əgər biz Allaha sevgimizi qorusaq və ürəyimizdə Allah xofu yetişdirsək, bu dünyada əxlaqi cəhətdən təmiz qala bilərik (Məs. 14:2).

2 Buna nail olmaq üçün Yehova «Məsəllər» kitabı vasitəsilə bizi doğru yola yönəldir. Kişili-qadınlı, böyüklü-kiçikli hər bir məsihi buradakı məsləhətlərin xeyrini görə bilər.

ALLAH QORXUSU BİZİ QORUYUR

İş yerində ehtiyatlı olmalıyıq ki, Yehovanı sevməyən insanlarla dostlaşmayaq və şübhə doğuran tədbirlərdə iştirak etməyək (3-cü abzasa baxın)

3. Məsəllər 17:3 ayəsinə əsasən nəyə görə ürəyimizi qorumalıyıq? (Həmçinin şəklə baxın.)

3 Nəyə görə məcazi ürəyimizi qorumalıyıq? Əsas səbəb odur ki, Yehova ürəyimizi araşdırır. Bu isə o deməkdir ki, Yehova bizə baxanda insanların gördüyündən artığını görür. O bizim daxilən necə insan olduğumuzu yaxşı bilir. (Məsəllər 17:3 ayəsini oxuyun.) Yehovanın bizi sevməsini istəyiriksə, ağlımızı əbədi həyat verən hikmətlə doldurmalıyıq (Yəh. 4:14). Beləcə, Şeytan və onun dünyası ağlımızı nə ruhani, nə də əxlaqi cəhətdən zəhərləyə bilməyəcək (1 Yəh. 5:18, 19). Yehovaya yaxınlaşdıqca Ona sevgimiz və hörmətimiz artacaq. Onu kədərləndirmək istəmədiyimiz üçün günah etmək fikri ağlımızın ucundan belə keçməyəcək. Yanlış bir şeyə tamah salanda bu sual barədə düşünəcəyik: «Mənə bu qədər məhəbbət göstərən Allahı bilə-bilə necə kədərləndirim?» (1 Yəh. 4:9, 10).

4. Allah qorxusu bir bacıya nəfsə üstün gəlməyə necə kömək etmişdi?

4 Xorvatiyada yaşayan Marta b adlı bacı az qala əxlaqsızlıq edəcəkdi. O yazmışdı: «Aydın düşünmək və günahdan ani həzz almaq istəyini boğmaq çox çətin idi, amma Yehovadan qorxmaq məni qorudu». Allah qorxusu onu necə qorumuşdu? Marta deyir ki, verəcəyi səhv qərarın nəticəsi üzərində düşündü. Biz də eyni şeyi edə bilərik. Səhv qərar verməklə biz Yehovanı kədərləndirəcəyik və Ona əbədiyyət boyu ibadət etməkdən məhrum olacağıq (Yar. 6:5, 6). Bundan betər nə ola bilər?

5. Lionun başına gələnlərdən nə öyrənirsiniz?

5 Yehovadan qorxmaq bizə kömək edir ki, pis əməllərə bəraət qazandırmayaq. Konqoda yaşayan Lio adlı qardaş bunu acı təcrübəsindən başa düşdü. Vəftiz olunduqdan dörd il sonra o, pis dostlarla oturub-durmağa başladı. Lio elə fikirləşirdi ki, nə qədər ki özü pis işlərlə məşğul deyil, Yehovaya qarşı günah işləmir. Amma çox keçməmiş bu pis dostları onu spirtli içkilərdən çox istifadə etməyə və əxlaqsızlıq etməyə sövq etdilər. Bundan sonra o, məsihi valideynlərinin ona öyrətdikləri barədə düşünməyə başladı və əvvəlki xoşbəxtliyini itirdiyini başa düşdü. Bunun nəticəsi nə oldu? Lio əməllərində dəyişikliklər etməyə başladı və ağsaqqalların köməyi ilə Yehovaya geri döndü. Hal-hazırda o, ağsaqqal və xüsusi öncül kimi Yehovaya sevinclə qulluq edir.

6. İndi hansı iki məcazi qadından danışacağıq?

6 Gəlin Məsəllər 9-cu fəsli araşdıraq. Orada iki qadın təsvir olunub. Biri hikmətin, o biri isə axmaqlığın rəmzidir c. Bunu araşdırarkən unutmayın ki, Şeytan dünyası əxlaqsızlığa və pornoqrafiyaya aludə olub (Efes. 4:19). Buna görə də Allah xofu yetişdirmək və şərdən uzaq durmaq çox vacibdir (Məs. 16:6). Kişi və ya qadın olmağımızdan asılı olmayaraq, hamımız bu fəsildən vacib dərslər öyrənə bilərik. Hər iki qadın cahillərə, ağılsızlara bir növ belə deyir: «Gəl evimə yemək ye» (Məs. 9:1, 5, 6, 13, 16, 17). Amma bu iki qadının dəvətini qəbul edənləri fərqli aqibət gözləyir.

AXMAQ QADININ DƏVƏTİNİ RƏDD EDİN

Axmaq qadının dəvəti faciəyə gətirib çıxarır (7-ci abzasa baxın)

7. Məsəllər 9:13—18 ayələrinə əsasən axmaq qadının dəvətini qəbul edənlərin aqibəti necə olur? (Həmçinin şəklə baxın.)

7 Gəlin ilk növbədə «axmaq qadın»ın dəvəti haqda danışaq. (Məsəllər 9:13—18 ayələrini oxuyun.) O, arsızcasına cahilləri haylayıb onunla bir süfrə arxasında oturmağa çağırır. Onun dəvətini qəbul edənlərin aqibəti necə olur? Onların xəbəri yoxdur ki, «ölümün dustaqları oradadır». Yəqin, yadınızdadır, «Məsəllər» kitabının əvvəlki fəsillərində də belə məcazlardan istifadə olunub. Orada xəbərdarlıq olunur ki, özümüzü «pozğun», «əxlaqsız» qadından gözləyək. Yazılıb: «Onun evi ölümə aparır» (Məs. 2:11—19). Məsəllər 5:3—10 ayələrində başqa bir «pozğun qadın» haqda xəbərdarlıq var. Orada deyilir ki, onun «ayaqları ölümə aparır».

8. Hansı qərarı verməliyik?

8 Axmaq qadının çağırışını eşidənlər qərar verməlidirlər: onlar dəvəti ya qəbul etməli, ya da rədd etməlidirlər. Ola bilsin, biz də belə bir qərar qarşısındayıq. Kimsə bizi əxlaqsızlığa təhrik edəndə, televizorda və ya internetdə pornoqrafik görüntülərlə qarşılaşanda hansı qərarı verəcəyik?

9, 10. Hansı səbəblərə görə cinsi əxlaqsızlıqdan uzaq olmalıyıq?

9 Biz cinsi əxlaqsızlıqdan çəkinməliyik. Bunun üçün əsaslı səbəblər var. «Axmaq qadın» belə deyir: «Oğurluq su şirin olar». «Oğurluq su» nədir? Müqəddəs Kitabda ərlə arvad arasındakı yaxınlıq təravət gətirən suya bənzədilir (Məs. 5:15—18). Qanuni nikahda olan kişi ilə qadın bir-biri ilə cinsi münasibətdən həzz ala bilər. Amma «oğurluq su» barədə bunu qətiyyən demək olmaz. Ola bilsin, «oğurluq su» deyilərkən qadağan olunmuş cinsi münasibətlər nəzərdə tutulur. Çox vaxt əxlaqsızlıq edənlər öz əməllərini oğrutək xəlvətdə edirlər. Əməlləri onlara «şirin» su kimi gəlir. Nəyə görə? Yəqin, onlar düşünür ki, gördükləri işin üstü açılmayacaq. Amma onlar necə də yanılırlar! Yehova hər şeyi görür. Onun rəğbətini itirməkdən betər heç nə ola bilməz. Belə böyük itkidən sonra bu suya «şirin» demək olar? (1 Kor. 6:9, 10). Amma bu hələ dərdin yarısıdır.

10 Cinsi əxlaqsızlıq rüsvayçılığa, arzuolunmaz hamiləliyə, ailələrin dağılmasına gətirib çıxarır, insan özünə olan hörmətini itirir. Aydın məsələdir ki, ağıllı adam axmaq qadının «evindən», süfrəsindən uzaq olar. Əxlaqsızlıq edən insanların çoxu ruhani cəhətdən ölməklə yanaşı, vaxtsız ölümlə nəticələnən xəstəliklərə də tutulurlar (Məs. 7:23, 26). Məsəllər 9-cu fəsil belə yekunlaşır: «Onun qonaqları Məzarın dərinliklərindədir». Bəs onda nəyə görə çoxları belə bir faciə ilə nəticələnən dəvəti qəbul edir? (Məs. 9:13—18).

11. Nəyə görə pornoqrafiyaya baxmaq son dərəcə zərərlidir?

11 Çoxları pornoqrafiya tələsinə düşdüyü üçün onun dəvətini qəbul edir. Onlar elə düşünür ki, pornoqrafiyaya baxmağın insana heç bir zərəri yoxdur. Əslində isə pornoqrafiya çox zərərlidir. O, insanın ləyaqətini alçaldır və asılılıq yaradır. Pozğun şəkillər insanın yaddaşına həkk olunur, onları beyindən silib atmaq çətindir. Üstəlik, pornoqrafiya insanın ehtirasını öldürmür, əksinə, daha da alovlandırır (Kol. 3:5; Yaq. 1:14, 15). Elə buna görə də pornoqrafiyaya baxanların əksəriyyəti sonda əxlaqsızlıq edir.

12. Ehtiras oyadan şəkillərdən özümüzü qoruduğumuzu necə göstərə bilərik?

12 Elektron cihazda qarşımıza pornoqrafik şəkillər çıxsa, necə davranmalıyıq? Dərhal gözümüzü çəkməliyik. Yehova ilə dostluğumuzun həyatda sahib olduğumuz ən dəyərli şey olduğunu yadımıza salsaq, belə davranmaq asan olacaq. Hətta pornoqrafiya sayılmayan şəkillər də insanda ehtiras oyada bilər. Nəyə görə onlara baxmamalıyıq? Çünki ürəyimizdə zina etməyə səbəb olacaq kiçik addım belə atmaq istəmirik (Mət. 5:28, 29). Tailandda ağsaqqal kimi xidmət edən Deyvid adlı bir qardaş deyir: «Öz-özümə düşünürəm, bu şəkillər pornoqrafiya olmasa da, onlara baxmağım Yehovanın xoşuna gələr? Bunları fikirləşəndə düzgün davranmaq asan olur».

13. Hikmətli davranmağa bizə nə kömək edir?

13 Hikmətli davranmağa bizə nə kömək edə bilər? Yehovanı narazı salmaq qorxusunu yetişdirmək. Allah qorxusu «hikmətin başı»dır, yəni təməlidir (Məs. 9:10). Bunu Məsəllər 9-cu fəslin əvvəlində aydın görmək olar. Orada «həqiqi hikmət» barədə bəhs olunur. Orijinal dildə hikmət qadın obrazı ilə təsvir olunub.

HƏQİQİ HİKMƏTİN DƏVƏTİNİ QƏBUL EDİN

14. Məsəllər 9:1—6 ayələrində hansı fərqli dəvət var?

14 Məsəllər 9:1—6 ayələrini oxuyun. Burada həqiqi hikmətin Mənbəyi və Banisi olan Yaradanımızdan gələn dəvət var (Məs. 2:6; Rom. 16:27). Ayələrdə yeddi sütunu olan böyük bir evdən danışılır. Bu, Yehovanın nə qədər səxavətli olduğunu göstərir. Yehova Ondan hikmət almaq istəyənlərə qapısını taybatay açır.

15. Yehova bizi nəyə dəvət edir?

15 Yehova səxavətli və bol ruzi yetirən Allahdır. Məsəllər 9-cu fəsildə qadın obrazı ilə təsvir olunan həqiqi hikmətdə də bu xüsusiyyətlər var. Ayələrdə bu məcazi qadının heyvanlarını kəsdiyi, şərabına ədva vurduğu və süfrəsini açdığı deyilir (Məs. 9:2). Daha sonra 4 və 5-ci ayələrdə belə yazılıb: «O, [həqiqi hikmət] ağılsızlara belə deyir: “Gəlin çörəyimdən yeyin”». Nəyə görə biz həqiqi hikmətin evinə gedib onun açdığı süfrədə yemək yeməliyik? Çünki Yehova istəyir ki, övladları hikmətli davransınlar və şər-xətadan uzaq olsunlar. Yehova heç vaxt istəməz ki, övladı başı daşa dəyəndən, yəni əzab, peşmançılıq çəkəndən sonra nəticə çıxarsın. Elə buna görə də O, «hikməti dürüst adamlar üçün qoruyur» (Məs. 2:7). Yehova xofu kömək edir ki, Onu razı salmağa çalışaq. Onun hikmətli məsləhətini eşidib öyrəndiklərimizə ürəkdən əməl edək (Yaq. 1:25).

16. Allah qorxusu Alan qardaşa hikmətli qərar verməyə necə kömək etdi və bunun hansı nəticəsi oldu?

16 Allah qorxusu Alan adlı bir ağsaqqala düzgün qərar verməyə kömək etmişdi. O, məktəbdə müəllim işləyir. Alan deyir: «Həmkarlarım pornoqrafik filmlərə onlara cinsi tərbiyə verən bir vasitə kimi yanaşırdılar». Amma Alan qardaş bu fikirlərə aldanmadı. O deyir: «Mən Yehovanı sevirəm, Ondan qorxuram. Buna görə də onlara qəti şəkildə bildirdim ki, bu filmlərə qətiyyən baxmayacağam. Həmçinin bunun səbəbini də izah etdim». Alan həqiqi hikmətin məsləhətinə əməl edib «dərrakə yolu ilə» yeriyirdi (Məs. 9:6). Bəzi həmkarları Alanın qəti mövqeyini görüb Müqəddəs Kitabı öyrənməyə və yığıncaq görüşlərində iştirak etməyə başlayıblar.

Həqiqi hikmətin dəvətini qəbul etmək insanı yaşadır (17 və 18-ci abzaslara baxın)

17, 18. Həqiqi hikmətin dəvətini qəbul edənlər hansı nemətləri alırlar və qarşıda onları nə gözləyir? (Həmçinin şəklə baxın.)

17 Yehova bizim gələcəyimizi gözəl görmək istəyir. Buna görə də iki məcazi qadın obrazı vasitəsilə bizə nəsihət verir. Hay-küy salan axmaq qadının səsinə hay verənlər əxlaqsızlığın ancaq «şirin» tərəfini görürlər, xəlvətdə əxlaqsızlıqdan həzz almaq istəyirlər. Amma onlar heç düşünmürlər ki, bu ani həzz onların gələcəyini məhv edir. Onların axırı məzardır (Məs. 9:13, 17, 18).

18 Həqiqi hikmətin dəvətini qəbul edənləri isə tamamilə fərqli gələcək gözləyir! Hal-hazırda onun qonaqları yaxşı təşkil olunmuş ruhani ziyafətdədirlər. Bu ziyafətin süfrəsini sağlam və bir-birindən ləziz təamlar bəzəyir (Əşy. 65:13). Əşiya peyğəmbər vasitəsilə Yehova deyir: «Mənə diqqətlə qulaq asın, yaxşı şeylər yeyin, qoy canınız ləziz təamlardan ləzzət alsın» (Əşy. 55:1, 2). Biz Yehovanın sevdiyi şeyləri sevməyi, nifrət etdiyi şeylərə isə nifrət etməyi öyrənirik (Zəb. 97:10). Çox xoşbəxtik ki, həqiqi hikmətdən öyrənməyə başqalarını da dəvət etmək fürsətimiz var. Sanki biz şəhərin hündür yerlərində durub: «Cahillər bura gəlsin»,— deyə car çəkirik. Həm bu dəvətə hay verənlər, həm də biz hikmətin xeyrini təkcə indi görmürük. Bunun faydası sonsuzdur, çünki «dərrakə yolu ilə» yeriyib əbədi yaşamağımıza yol açır (Məs. 9:3, 4, 6).

19. Vaiz 12:13, 14 ayələrinə əsasən nə etməyə əzmli olmalıyıq? (Həmçinin « Allah qorxusunun bizə xeyri» adlı çərçivəyə baxın.)

19 Vaiz 12:13, 14 ayələrini oxuyun. Gəlin ürəyimizdə Allah qorxusu yetişdirək. Bunun sayəsində bu şər dünyanın sonunda əxlaqi təmizliyimizi qoruyacağıq və Yehova ilə dostluğumuz möhkəm olacaq. Allahı narazı salmaq qorxusu bizi təşviq edəcək ki, mümkün qədər çox insanı həqiqi hikməti tapmağa və ondan öyrənməyə dəvət edək.

 

NƏĞMƏ 127 Necə insan olmalıyam?

a Məsihilər istəyir ki, ürəklərində Allah xofu olsun. Allah xofu ürəyimizi qoruyur, bizi əxlaqsızlıqdan və pornoqrafiyadan çəkindirir. Bu məqalədə Məsəllər 9-cu fəsli araşdıracağıq. Bu fəsildə hikmət və axmaqlıq iki qadın obrazı ilə təsvir olunur. Onlar arasındakı təzad aydın göstərilir. Oradakı məsləhətlərə əməl etməyin ömür boyu xeyrini görəcəyik.

b Bəzi adlar şərtidir.

c Müqəddəs Kitabın başqa yerlərində də insanlar rəmzi məna daşıyır. Məsələn, Qalatiyalılara 4:24 ayəsi.