Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 27

Allah qorxusunun önəmi

Allah qorxusunun önəmi

«Yehovadan qorxanların payı Onun dostluğudur» (ZƏB. 25:14).

NƏĞMƏ 8 Yehova pənahımızdır

İCMAL a

1, 2. Zəbur 25:14 ayəsinə əsasən Yehova ilə dostluğumuzun möhkəm olması üçün nə etməliyik?

 MÖHKƏM dostluq üçün nə vacibdir? Yəqin, deyərdiniz: «Yaxşı dostlar bir-birini sevməli, bir-birinə dayaq olmalıdır». Amma, bəlkə də ağlınıza gəlməzdi ki, yaxşı dostluqda qorxu da olmalıdır. Məqalənin əsas ayəsində deyildiyi kimi Yehova ilə möhkəm dostluq qurmaq üçün Ondan qorxmaq vacibdir. (Zəbur 25:14 ayəsini oxuyun.)

2 Yehovaya neçə müddətdir xidmət etməyimizdən asılı olmayaraq, hər birimizin ürəyində Allah qorxusu olmalıdır. Bəs Allahdan qorxmaq nə deməkdir? Ondan qorxmağı necə öyrənə bilərik? Eşikağası Əbdiyadan, baş kahin Yəhyadaydan və Yuəs padşahdan Allahdan qorxmaqla bağlı nə öyrənə bilərik?

ALLAHDAN QORXMAQ NƏ DEMƏKDİR?

3. Qorxu bizi necə qoruyur?

3 İnsan biləndə ki nəsə ona zərər gətirəcək, müəyyən qorxu hissi keçirir. Bu cür qorxu yaxşıdır, çünki bu, insanı düzgün davranmağa sövq edir. Məsələn, yıxılmaqdan qorxduğumuz üçün uçurumun kənarında gəzmirik. Xəsarət almaqdan qorxduğumuz üçün təhlükəli vəziyyətlərdən qaçırıq. Dostumuzu itirəcəyimizdən qorxduğumuz üçün isə çalışacağıq ki, sözümüzlə və ya hərəkətimizlə onun xətrinə dəyməyək.

4. Şeytan bizdə Yehovaya qarşı necə bir qorxu yaratmaq istəyir?

4 Şeytan istəyir ki, ürəyimizdə sağlam Allah qorxusu olmasın, Ondan vahimələnək. Bu gün Şeytan dünyaya Əlifəzin dediyi fikirləri təlqin edir, yəni Allah qəddardır, qəzəblidir, bəndələrini cəzalandırır və Onu razı salmaq heç cür mümkün deyil (Əyy. 4:18, 19). Onun məqsədi odur ki, Yehovadan hədsiz dərəcədə qorxaq və nəticədə xidmətimizi dayandıraq. Şeytanın tələsinə düşməmək üçün ürəyimizdə sağlam qorxu yetişdirməliyik.

5. Allahdan qorxmaq nə deməkdir?

5 Allahdan qorxan insan Onu sevir və bu dostluğa xətər yetirəcək şeylərdən uzaq olur. İsa Məsihdə məhz bu cür qorxu var idi (İbr. 5:7). Bu, vahiməli qorxu deyildi (Əşy. 11:2, 3). Əksinə, İsa Yehovanı ürəkdən sevirdi və Ona itaət etmək istəyirdi (Yəh. 14:21, 31). İsa kimi biz də Yehovaya dərin hörmət və ehtiram bəsləyirik, çünki O, məhəbbətli, hikmətli, ədalətli və qüdrətlidir. Həmçinin bilirik ki, Yehova bizi çox sevir və nəsihətlərinə münasibətimiz Onun üçün vacibdir. Hərəkətlərimiz Yehovanı ya kədərləndirir, ya da qəlbini sevindirir (Zəb. 78:41; Məs. 27:11).

ALLAHDAN QORXMAĞI ÖYRƏNİN

6. Yehovadan qorxmağı öyrənməyin bir yolu hansıdır? (Zəbur 34:11).

6 Biz Allah qorxusu ilə dünyaya gəlmirik, onu özümüz yetişdirməliyik. (Zəbur 34:11 ayəsini oxuyun.) Bunun bir yolu yaradılışı seyr etməkdir. Yaradılmış şeylərdə Allahın hikmətini, qüdrətini, bizə olan məhəbbətini gördükcə Ona hörmətimiz və sevgimiz artır (Rom. 1:20). Adrian adlı bacı belə demişdi: «Yehovanın yaratdıqlarına baxıb Onun nə qədər hikmətli olduğuna valeh oluram. Bunun sayəsində başa düşürəm ki, nəyin mənim xeyrimə olduğunu hamıdan yaxşı Yehova bilir». Bacı müşahidələri nəticəsində belə qənaətə gəlmişdi: «Yehova mənə həyat verib. Nəyə görə Onunla arama sədd çəkəcək nəsə edim?» Bu həftə bir az vaxt ayırıb Yehovanın yaratdıqları barədə düşünün. Bu, Yehovaya hörmətinizi və sevginizi artıracaq (Zəb. 111:2, 3).

7. Dua Allah xofu yetişdirməyə necə kömək edir?

7 Ürəyimizdə Allah xofu yetişdirməyin digər yolu Ona müntəzəm dua etməkdir. Nə qədər çox dua etsək, Yehova bizim üçün bir o qədər real olacaq. Hər dəfə Yehovadan sınaqlara dözmək üçün güc istəyəndə özümüzə Onun qüdrətli olduğunu xatırladırıq. Duada Ona Oğluna görə şükür edəndə bizi nə qədər sevdiyini yadımıza salırıq. Ona yalvarıb problemlərimiz üçün kömək diləyəndə isə hikmətli olduğunu zehnimizə həkk edirik. Bu cür dualar Yehovaya hörmətimizi artırır və bizi Onunla münasibətimizə xələl yetirəcək hərəkətlərdən çəkindirir.

8. Allah qorxusunu itirməmək üçün nə etməliyik?

8 Allah qorxusunu itirməmək üçün Müqəddəs Kitabı araşdırmalıyıq. Bu zaman məqsədimiz pislərdən ibrət götürmək və yaxşılardan örnək almaq olmalıdır. Gəlin Yehovanın iki sadiq xidmətçisi — Əhəb padşahın eşikağası Əbdiyanın və baş kahin Yəhyadayın nümunəsinə nəzər salaq. Sonra isə yaxşı başlayıb pis qurtaran Yəhuda padşahı Yuəsin həyatına nəzər salacağıq.

ALLAHDAN QORXAN ƏBDİYA KİMİ CƏSARƏTLİ OLUN

9. Yehovadan qorxmaq Əbdiyaya necə kömək etmişdi? (1 Padşahlar 18:3, 12).

9 Müqəddəs Kitabda Əbdiya b barədə yazılan ilk sözlər belədir: «Əbdiya Yehovadan çox qorxurdu». (1 Padşahlar 18:3, 12 ayələrini oxuyun.) Bu qorxunun Əbdiyaya hansı köməyi olmuşdu? Məsələn, bunun sayəsində o, dürüst, etibarlı bir insan idi. Buna görə də padşah onu sarayına eşikağası qoymuşdu. (Nəhəmya 7:2 ayəsi ilə əlaqələndirin.) Həmçinin Allah qorxusu sayəsində Əbdiyada qeyri-adi bir cəsarət var idi. Bu isə çox vacib idi. Çünki o, pis padşah olan Əhəbin hakimiyyəti dövründə yaşayırdı. «Əhəb Yehovanın gözündə öz sələflərindən də betər idi» (1 Pad. 16:30). Üstəlik, onun arvadı İzəbil Baala qulluq edirdi. İzəbil Yehovaya o qədər nifrət edirdi ki, onqəbiləli İsrail padşahlığında pak ibadətin kökünü kəsmək istəyirdi. O hətta Allahın çoxlu peyğəmbərlərini qətlə yetirmişdi (1 Pad. 18:4). Şübhəsiz, Əbdiya Yehovaya çox çətin bir dövrdə xidmət edirdi.

10. Əbdiyada qeyri-adi cəsarətin olduğu nədən görünür?

10 Əbdiyada qeyri-adi cəsarətin olduğu nədən görünür? İzəbil Allahın peyğəmbərlərini öldürmək üçün axtarmağa başlayanda Əbdiya yüz peyğəmbəri əlli-əlli mağaralarda gizlətdi, onlara çörək, su verdi (1 Pad. 18:13, 14). Bu işin üstü açılsaydı, İzəbil şücaətli Əbdiyanı öldürəcəkdi. Təbii ki, Əbdiya adi bir insan idi, ölmək istəmirdi. Amma o, Yehovanı və Onun xidmətçilərini öz canından da çox sevirdi.

Fəaliyyətimizə qadağa qoyulsa da, qardaş cəsarətlə dindaşlarımıza nəşrlərimizi paylayır (11-ci abzasa baxın) d

11. Yehovanın müasir xidmətçiləri Əbdiyaya necə bənzəyir? (Həmçinin şəklə baxın.)

11 Bu gün Yehovanın çox xidmətçisi fəaliyyətimizin qadağan olunduğu ərazilərdə yaşayır. Bu dəyərli bacı-qardaşlarımız hökumətə hörmət edirlər. Amma Əbdiya kimi onlar da tam sədaqəti Yehovaya göstərirlər, çünki buna yalnız Onun haqqı çatır (Mət. 22:21). Ürəklərində Allah xofu olduğu üçün onlar insana yox, Yehovaya itaət edirlər (Həv. 5:29). Yehovaya itaətlərini xoş müjdəni bəyan etməklə və gizli də olsa, yığıncaq görüşlərində iştirak etməklə göstərirlər (Mət. 10:16, 28). Həmçinin onlar üçün bacı-qardaşların ruhani qidasız qalmaması önəmlidir. Gəlin Henri adlı bir qardaşın nümunəsinə nəzər salaq. Onun yaşadığı Afrika ölkəsində fəaliyyətimizə bir müddət qadağa qoyulmuşdu. Qadağa dövründə Henri könüllü olaraq nəşrlərimizi bacı-qardaşlara çatdırırdı. Henri yazmışdı: «Mən təbiətcə utancağam. Buna görə də əminəm ki, Yehovaya ehtiram sayəsində cəsarətli davrana bilmişdim». Bəs siz də özünüzü Henri kimi cəsarətli hesab edirsiniz? Əgər özünüzdə Allah qorxusu yetişdirsəniz, cəsarətli ola bilərsiniz.

ALLAHDAN QORXAN BAŞ KAHİN YƏHYADAY KİMİ SƏDAQƏTLİ OLUN

12. Baş kahin Yəhyadayla arvadı Yehovaya sədaqətlərini necə göstərmişdilər?

12 Baş kahin Yəhyaday Yehovadan qorxurdu, buna görə də Ona sadiq idi və pak ibadətin keşiyini çəkirdi. İzəbilin qızı Ətəlya Yəhuda taxtını ələ keçirməyə çalışanda bu, aydın göründü. İnsanlar Ətəlyadan qorxurdu, çünki o, çox rəhmsiz idi və o qədər hakimiyyət hərisi idi ki, bütün padşah nəslini — öz nəvələrini qətlə yetirmişdi! (2 Saln. 22:10, 11). Onun əlindən yalnız Yuəs qurtula bildi. Çünki Yəhyadayın arvadı Yəhusəbat onu xilas etdi. O, əri ilə birgə uşağı gizlətdi, onun qeydinə qaldı. Bu yolla Yəhyadayla Yəhusəbat Davudun padşah nəslini qorudu. Ahıl yaşlarında olan Yəhyaday Yehovaya sadiq idi və Ətəlyadan qorxub tir-tir əsmirdi (Məs. 29:25).

13. Yuəsin yeddi yaşı olanda Yəhyaday Yehovaya sədaqətini bir daha necə sübut etdi?

13 Yuəsin yeddi yaşı olanda Yəhyaday Yehovaya sadiq olduğunu bir daha sübut etdi. O, bir plan cızdı. Əgər bu plan baş tutsaydı, Yuəs Davudun qanuni varisi kimi taxta çıxacaqdı. Yox əgər baş tutmasaydı, o, həyatını itirə bilərdi. Yehovanın köməyi ilə Yəhyadayın planı baş tutdu. Başçıların və lavililərin dəstəyi ilə o, Yuəsi padşah qoydu, Ətəlyanı isə edam etdi (2 Saln. 23:1—5, 11, 12, 15; 24:1). Sonra Yəhyaday «Yehova ilə padşah və xalq arasında əhd kəsdi ki, onlar bundan sonra da Yehovanın xalqı olsunlar» (2 Pad. 11:17). «Yəhyaday həmçinin Yehovanın evinin darvazalarına keşikçilər qoydu ki, hər hansı səbəbə görə natəmiz olmuş kimsə ora girməsin» (2 Saln. 23:19).

14. Yehovaya hörmət etdiyinə görə Yəhyaday hansı mükafatı aldı?

14 Yehova belə demişdi: «Mənə hörmət edənə Mən də hörmət edəcəyəm». O, həqiqətən də, Yəhyadayı mükafatlandırdı (1 İşm. 2:30). Məsələn, Yehova Yəhyadayın yaxşı əməllərini bizə nəsihət olaraq Müqəddəs Kitabda yazdırıb (Rom. 15:4). Yəhyaday öləndə isə Yehova onu xüsusi bir şərəfə layiq gördü. «Onu Davud şəhərində padşahların yanında dəfn etdilər. Çünki o, İsraildə Allah üçün və məbəd üçün yaxşı işlər görmüşdü» (2 Saln. 24:15, 16).

Baş kahin Yəhyaday kimi Allahdan qorxub sədaqətlə bacı-qardaşlara kömək edin (15-ci abzasa baxın) e

15. Yəhyadayın əhvalatından nə öyrənirik? (Həmçinin şəklə baxın.)

15 Yəhyadayın əhvalatı hər birimizə ürəyimizdə Allah qorxusu yetişdirməyə kömək edə bilər. Ağsaqqallar Yəhyadaydan nümunə götürərək yığıncağı qoruyurlar (Həv. 20:28). Yaşlılar Yəhyadayın nümunəsindən öyrənirlər ki, əgər onlar da Yehovadan qorxsalar və Ona sadiq qalsalar, Yehova onların vasitəsilə Öz niyyətini həyata keçirəcək. Yehova onları çıxdaş etmir. Gənclər isə Yehovanın Yəhyadayla rəftarından nümunə götürürlər. Onlar yaşlılara, əsas da uzun illərdir Yehovaya xidmət edən bacı-qardaşlara hörmət göstərirlər (Məs. 16:31). Ümumilikdə, hamımız başçılardan və lavililərdən örnək ala bilərik. Onlar Yəhyadaya dəstək olduğu kimi biz də «rəhbərlik edən» qardaşlara dəstək olmalıyıq. Bunu onlara itaətkarlığımızla göstərə bilərik (İbr. 13:17).

YUƏS PADŞAHA BƏNZƏMƏYİN

16. Yuəs padşahın ruhani cəhətdən zəif olduğunu nə göstərir?

16 Yuəs padşahın yaxşı insan kimi formalaşmasında Yəhyadayın böyük əməyi olmuşdur (2 Pad. 12:2). Buna görə də gənc padşah Yehovanı razı salmaq istəyirdi. Amma Yəhyaday öləndən sonra Yuəs Yehovadan uzaqlaşmış əmirlərin sözünə qulaq asdı. Nəticədə həm o, həm də xalq «Aşera bütlərinə və başqa bütlərə səcdə qılmağa başladı» (2 Saln. 24:4, 17, 18). Bu, Yehovaya ağır getdi. «Yehova onların yanına dönə-dönə peyğəmbərlər göndərdi ki, onları Öz yoluna qaytarsın... Onlarsa qulaq asmırdı». Onlar hətta Yəhyadayın oğlu Zəkəriyyənin c sözünə də qulaq asmadılar. Zəkəriyyə həm Yehovanın peyğəmbəri, həm də Yuəsin dost-doğmaca bibisi oğlu idi. Yuəs padşahın çörəyi dizinin üstündə idi, ona edilən bu boyda yaxşılığın qarşısında Zəkəriyyəni öldürtdü (2 Saln. 22:11; 24:19—22).

17. Yuəsin aqibəti necə oldu?

17 Yuəs Allah xofunu itirdi və bu ona baha-başa gəldi. Yehova demişdi: «Mənə həqarət edəni Mən də alçaldacağam!» (1 İşm. 2:30). Aramilərin kiçik qoşunu Yuəsin böyük bir ordusunu məğlub etdi, onun özünü isə ağır yaraladılar. Aramilər çıxıb gedəndən sonra Yuəsin əyanları sui-qəsd qurub onu öldürdülər və Zəkəriyyənin qisasını aldılar. Bu mənfur padşah heç «padşah qəbiristanlığında» basdırılmağa da layiq görülmədi (2 Saln. 24:23—25).

18. Ərəmya 17:7, 8 ayələrinə əsasən Yuəsə bənzəməmək üçün nə etməliyik?

18 Yuəs hansı sahədə bizə ibrətdir? Yuəs kökü üzdə olan, aşmamaq üçün bir çubuğa söykənən ağac kimi idi. O, Yəhyadaya söykənmişdi. Yəhyaday ölüb gedəndən sonra dönüklük küləyi əsdi və o, yerə aşdı. Ola bilsin, ailəmiz, yığıncaqdakı bacı-qardaşlar bizim üçün gözəl örnəkdir. Amma Yehovaya itaətimiz yalnız onların nümunəsindən asılıdırsa, bu, çox təhlükəlidir. Ruhani cəhətdən möhkəm olmaq üçün biz Yehovaya sevgimizi və hörmətimizi artırmalıyıq. Bunun üçün müntəzəm olaraq mütaliə etmək və dua etmək lazımdır. (Ərəmya 17:7, 8 ayələrini oxuyun; Kol. 2:6, 7.)

19. Yehova bizə nə buyurur?

19 Yehova bizdən çox şey istəmir. Onun buyruqlarının məğzi Vaiz 12:13 ayəsində qeyd olunub: «Allahdan qorx, Onun əmrlərini yerinə yetir. İnsanın vəzifəsi budur». Gələcəkdə başımıza nə gəlirsə gəlsin, Allah qorxusu sayəsində biz Əbdiya və Yəhyaday kimi möhkəm dayanacağıq. Yehova ilə dostluğumuzu heç nə poza bilməyəcək.

NƏĞMƏ 3 Yehova gücümüz, ümidimiz, güvənc yerimiz

a «Qorxu» sözü Müqəddəs Kitabda geniş mənada istifadə olunur. Kontekstdən asılı olaraq, bu söz vahiməni, hörməti və ehtiramı bildirə bilər. Biz ürəyimizdə elə bir qorxu yetişdirməliyik ki, cəsarətlə və sədaqətlə Allaha qulluq edək. Bu məqalə bizə bu sahədə kömək edəcək.

b Bu parçada adı çəkilən Əbdiya əsrlər sonra yaşamış və öz adını daşıyan kitabı yazmış Əbdiya peyğəmbər deyil.

c Mətta 23:35 ayəsində deyilir ki, Zəkəriyyə Bərəkyanın oğlu idi. Müqəddəs Kitabda bəzi adamların iki adı olduğu kimi, ehtimal olunur ki, Yəhyadayın da iki adı olub. (Mətta 9:9 ayəsini Mark 2:14 ayəsi ilə əlaqələndirin.) Yaxud ola bilsin ki, Bərəkya Zəkəriyyənin ya babası, ya da ulu babası olub.

d ŞƏKLİN İZAHI. Səhnələşdirilmiş şəkildə qardaş fəaliyyətimizin qadağan olunduğu vaxtda nəşrlər paylayır.

e ŞƏKLİN İZAHI. Gənc bacı yaşlı bacıdan telefonla şahidlik etməyi öyrənir; yaşlı qardaş cəsarətlə ictimai şahidlik edərək gözəl nümunə qoyur; təcrübəli qardaş başqalarına ibadət evinə qulluq etməyi öyrədir.