Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

Nəyə görə İsa dünyaya gələndən sonra Yusiflə Məryəm Nasirəyə qayıtmadı, Beytləhmdə qaldı?

Müqəddəs Kitabda bununla bağlı heç nə deyilmir. Amma orada maraqlı təfsilatlar var. Bunlar bizə onların qərarının səbəbini təxmin etməyə kömək edə bilər.

Mələk Məryəmə demişdi ki, o, hamilə qalacaq və dünyaya uşaq gətirəcək. Mələk bu xəbəri çatdıranda Yusiflə Məryəm Cəlilənin Nasirə şəhərində yaşayırdı (Luka 1:26—31; 2:4). Sonralar onlar bir müddət Misirdə qalıb Nasirəyə qayıtmışdılar. İsa Nasirədə böyümüşdü, buna görə də nəsrani adlanırdı (Mət. 2:19—23). Elə bu səbəbdən İsa, Yusif və Məryəm barədə düşünəndə ağlımıza ilk növbədə Nasirə gəlir.

Məryəmin Yəhudada yaşayan İlsəba adlı qohumu var idi. İlsəba kahin Zəkəriyyənin arvadı və Vəftizçi Yəhyanın anası idi (Luka 1:5, 9, 13, 36). Məryəm İlsəbaya baş çəkməyə getmişdi və üç ay Yəhudada onun yanında qalmışdı. Bu vaxt ərzində Məryəm Yəhuda ərazisini az-çox tanımışdı. Sonra isə Nasirəyə qayıtmışdı (Luka 1:39, 40, 56).

Bir müddət sonra romalılar fərman verdi ki, «hər kəs qeydiyyatdan keçmək üçün öz şəhərinə» getsin. Yusif də bu fərmana uyğun olaraq Nasirədən Beytləhmə yola düşdü. Beytləhm Davudun şəhəri adlanırdı və peyğəmbərliyə əsasən Məsih orada dünyaya gəlməli idi (Luka 2:3, 4; 1 İşm. 17:15; 20:6; Mik. 5:2). Orada Məryəm İsanı dünyaya gətirdi. Yusifin ürəyi gəlmədi ki, Məryəmi körpə uşaqla uzun yola çıxarsın. Ona görə də onlar Nasirəyə qayıtmadılar, Beytləhmdə qaldılar. Bu şəhər Yerusəlimdən təxminən 9 kilometr uzaqlıqda olduğu üçün onlar rahatlıqla körpələrini məbədə aparıb tələb olunan qurbanları gətirə bilərdilər (Lav. 12:2, 6—8; Luka 2:22—24).

Bundan əvvəl mələk Məryəmlə danışanda demişdi ki, onun oğluna «Davudun taxtı» veriləcək və o, «hökmranlıq edəcək». Bəlkə də Yusiflə Məryəm belə qənaətə gəlmişdi ki, İsanın Davudun şəhərində dünyaya gəlməsi əbəs yerə deyil (Luka 1:32, 33; 2:11, 17). Ona görə də, yəqin, onlar düşünürdülər ki, yaxşısı budur, Beytləhmdə qalsınlar və Allahdan növbəti tapşırıq alana kimi gözləsinlər.

Münəccimlər Məryəmgilə gələndə onlar bir müddət idi ki Beytləhmdə idilər, amma orada dəqiq neçə vaxt olduqlarını bilmirik. Bununla belə, bilirik ki, həmin vaxt onlar artıq evdə yaşayırdılar (Mət. 2:11). Deməli, onlar xeyli vaxtdır burda idilər, Nasirəyə qayıtmayıb artıq burada məskunlaşmışdılar.

Hirod əmr etdi ki, «Beytləhmdə… yaşayan iki yaşa qədərki oğlan uşaqlarının hamısı» öldürülsün (Mət. 2:16). Mələk bu barədə Yusifə xəbər verdiyi üçün o, Məryəmi və İsanı götürüb Misirə qaçdı. Onlar ta Hirod ölənə kimi orada qaldılar. Sonra Yusif ailəsini götürüb Nasirəyə getdi. Bəs nəyə görə onlar Beytləhmə qayıtmadılar? Çünki həmin vaxt Yəhudiyyədə Hirodun oğlu Arxelay hakimiyyət sürürdü və o, çox zalım insan idi. Üstəlik, mələk də ora geri qayıtmağın təhlükəli olduğunu demişdi. Nasirə isə təhlükəsiz idi və Yusif orada rahat-rahat İsanı Allahın yolunda böyüdə bilərdi (Mət. 2:19—22; 13:55; Luka 2:39, 52).

Görünür, Yusif vəfat edəndə İsa hələ göylər həyatına yol açmamışdı. Buna görə də o, yer üzündə yaşamaq üçün diriləcək. Çoxumuzun Yusiflə tanış olmaq imkanı olacaq. Həmin vaxt ondan ətraflı öyrənə bilərik, nəyə görə İsa dünyaya gələndən sonra onlar Beytləhmdə qalmaq qərarına gəlmişdilər.