BİOQRAFİYA
Xoş sürprizlər, öyrəndiyim dərslər
UŞAQ vaxtı göydə uçan təyyarələrə həsrətlə baxırdım, çox istəyirdim ki, başqa ölkələrə səyahət edim. Amma mənə elə gəlirdi ki, bu, əlçatmaz bir xülyadır.
İkinci Dünya müharibəsi vaxtı valideynlərim Estoniyanı tərk edib Almaniyaya getdilər. Mən orada anadan olmuşam. Elə həmin vaxtlarda valideynlərim Kanadaya köçməyə hazırlaşırdılar. Bizim ilk evimiz Ottava (Kanada) şəhərinin yaxınlığında idi, orada toyuq hinində yaşayırdıq. Çox kasıb idik, amma ən azından səhər yeməyinə yumurtamız olurdu.
Bir gün Yehovanın Şahidləri anama Vəhy 21:3, 4 ayələrini oxudu. Eşitdikləri ona o qədər təsir etdi ki, ağlamağa başladı. Həqiqət toxumu anamla atamın ürəyində cücərməyə başladı və onlar ruhən inkişaf edib tez bir zamanda vəftiz olundular.
Valideynlərim ingilis dilini elə də yaxşı bilməsə də, həqiqətə ciddi yanaşırdılar. Atam Ontario əyalətinin Sadberi şəhərində nikel əridən zavodda işləyirdi. Bütün gecəni işləməsinə baxmayaraq, demək olar ki, hər şənbə günü məni və kiçik bacım Silviyanı xidmətə aparırdı. Həmçinin hər həftə ailəlikcə «Gözətçi qülləsi»ni araşdırırdıq. Atamla anam uşaqlıqdan mənə Allah sevgisi aşılayıblar. Elə buna görə də mən 1956-cı ildə 10 yaşımda həyatımı Yehovaya həsr etdim. Valideynlərimin Yehovaya möhkəm sevgisi mənə bütün ömrüm boyu qüvvət verib.
Məktəbi bitirəndən sonra xidmətim axsamağa başladı. Düşündüm ki, əgər öncül olsam, işləyib kifayət qədər pul yığa bilməyəcəyəm və dünyanı gəzmək arzum ürəyimdə qalacaq. Mən yerli radiostansiyaların birində di-cey kimi işə düzəldim. Bu iş çox xoşuma gəlirdi. Amma gecələr işlədiyim üçün yığıncaq görüşlərini tez-tez buraxırdım, üstəlik, Yehovanı sevməyən insanlarla oturub-dururdum. Amma sonra Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanım məni həyatımda dəyişiklik etməyə təşviq etdi.
Mən Oşavaya (Ontario) köçdüm. Orada Rey Norman, onun bacısı Lesli və digər öncüllərlə tanış oldum. Onlar mənə xoş münasibət göstərdilər. Bu bacı-qardaşların nə qədər xoşbəxt olduqlarını gördüm və bu mənə kömək etdi ki, həyatdakı məqsədlərimi yenidən nəzərdən keçirim. Onlar məni öncül olmağa həvəsləndirdilər və mən 1966-cı ilin sentyabr ayında öncül kimi xidmət etməyə başladım. Çox xoşbəxt idim, həyatımdan razı idim. Amma qarşıda məni həyatımı dəyişən sürprizlər gözləyirdi.
YEHOVA SİZİ DƏVƏT EDƏNDƏ DƏVƏTİ QƏBUL EDİN
Hələ məktəbdə oxuyarkən Torontodakı (Kanada) Beyteldə xidmət etmək üçün ərizə doldurmuşdum.
Öncül kimi xidmət etməyə başlayandan sonra məni dörd il müddətinə Beytelə dəvət etdilər. Leslidən çox xoşum gəlirdi, ona görə də qorxurdum ki, əgər bu təklifi qəbul etsəm, onu bir daha görməyəcəyəm. Uzun dualardan sonra mən bu təklifi qəbul etdim və məyus halda Lesli ilə sağollaşdım.Beyteldə camaşırxanada, sonra isə katib kimi xidmət etdim. Həmin vaxtlarda Lesli Qatinoda (Kvebek) xüsusi öncül kimi xidmət etməyə başladı. Tez-tez düşünürdüm: «Görəsən, o indi nə edir? Görəsən, düz qərar vermişəm?» Sonra isə həyatımın ən gözəl sürprizlərindən birini yaşadım. Leslinin qardaşı Rey Beytelə dəvət olundu. Özü də ki mənim otaq yoldaşım oldu! Bu mənə Lesli ilə münasibətlərimi yenidən bərpa etməyə şərait yaratdı. Dördillik təyinatımın sonuncu günü, 27 fevral 1971-ci il tarixində biz evləndik.
Lesli və mən Kvebekdə fransızdilli yığıncağa təyin olunduq. Bir neçə ildən sonra mənə rayon nəzarətçisi kimi xidmət etməyi təklif etdilər. Bu mənim üçün gözlənilməz idi. Həmin vaxt cəmi 28 yaşım var idi. Düşünürdüm ki, çox cavanam, təcrübəsizəm. Amma Ərəmya 1:7, 8 ayələri məni ruhlandırdı. Bir şey də var idi ki, Lesli bir neçə dəfə avtomobil qəzası keçirmişdi, üstəlik, yuxusuzluqdan əziyyət çəkirdi. Narahat idik ki, belə vəziyyətdə bu xidmətdə olmaq çətin olacaq. Buna baxmayaraq, Lesli dedi: «Əgər Yehova bizi nəsə etməyə dəvət edirsə, niyə də bunu etməyə cəhd göstərməyək?» Bu təyinatı qəbul etdik və 17 il səyyar xidmətdə olduq.
Səyyar xidmətdə olarkən bir şeyi də öyrənməli oldum. İşim çox olduğuna görə Lesliyə kifayət qədər vaxt ayıra bilmirdim. Bir gün bazar ertəsi səhər tezdən qapının zəngi çalındı, amma orada heç kim yox idi. Sadəcə olaraq piknik səbəti, süfrə, meyvə, pendir, çörək, bir butulka şərab, stəkanlar və bir anonim məktub var idi. Məktubda yazılmışdı: «Arvadını piknikə apar». O gün hava çox gözəl idi, günəş bərq vururdu. Amma mən Lesliyə izah etdim ki, gedə bilmərik, nitqlərimi hazırlamalıyam. O məni başa düşdü, amma bir az kefi pozuldu. Masamın qarşısında əyləşən kimi vicdanım məni boğmağa başladı. Efeslilərə 5:25, 28 ayələri yadıma düşdü. Fikirləşdim: «Bəlkə də bu ayələr vasitəsilə Yehova məni təşviq edir ki, arvadımın emosional tələbatını nəzərə alım». Dua edib Lesliyə dedim: «Dur getdik». O, çox sevindi. Biz çay kənarına getdik, gözəl bir yer tapıb süfrəni açdıq və həyatımızın ən gözəl günlərindən birini yaşadıq. Üstəlik, nitqlərimi də hazırladım.
Səyyar xidmət mənə böyük sevinc verirdi. Xidmət ərazimiz çox böyük idi: Britaniya Kolumbiyasından Nyufaundlendə qədər idi. Mənim səyahət etmək arzum yavaş-yavaş reallaşırdı. Ağlımdan Gilad məktəbində oxumaq da keçirdi, amma başqa ölkədə xüsusi təyinatlı müjdəçi kimi xidmət etmək istəmirdim. Bir tərəfdən də fikirləşirdim ki,
mən hara, xüsusi təyinatlı müjdəçi olmaq hara, onlar xüsusi adamlardır. Həm də qorxurdum ki, birdən bizi Afrikaya, müharibələrin və xəstəliklərin tüğyan etdiyi bir ölkəyə göndərərlər. Mən olduğum yerdən məmnun idim.ESTONİYAYA VƏ BALTİKYANI ÖLKƏLƏRƏ GÖZLƏNİLMƏZ TƏYİNAT
1992-ci ildə Yehovanın Şahidləri postsovet ölkələrində yenidən təbliğ etməyə başladılar. Həmin vaxt bizə Estoniyada xüsusi təyinatlı müjdəçi kimi xidmət etmək təklifi gəldi. Biz bir az tərəddüd edirdik. Amma bu haqda dua etdik və yenə eyni fikrə gəldik: «Əgər Yehova bizi nəsə etməyə dəvət edirsə, niyə də bunu etməyə cəhd göstərməyək?» Biz bu dəvəti qəbul etdik və fikirləşdik: «Əsas odur ki, Afrikaya getmirik».
Biz dərhal eston dilini öyrənməyə başladıq. Orada bir neçə ay yaşadıqdan sonra bizə səyyar xidmət təklif olundu. Üç Baltikyanı ölkədə, həmçinin Kalininqradda (Rusiya) təxminən 46 yığıncağı və bəzi qrupları ziyarət etməli idik. Bu o demək idi ki, biz az da olsa latış, Litva və rus dillərini öyrənməli idik. Bu bizim üçün çətin idi. Amma onların dilini öyrənməyə çalışdığımızı görmək bacı-qardaşlara xoş təsir bağışlayırdı. 1999-cu ildə Estoniyada filial təsis olundu. Mən həmin filialda Tomas Edur, Lembit Rayl və Tommi Kauko qardaşlarla birgə komitə üzvü təyin olundum.
Daha öncə Sibirə sürgün olunmuş bir neçə bacı-qardaşla tanış oldum. Həbsxanada ağır şəraitə və ailələrindən ayrı düşmələrinə baxmayaraq, onların ürəyində acıq, qəzəb yaranmamışdı. Onlar sevinclərini və xidmətə olan şövqlərini qorumuşdular. Bu bizə öyrətdi ki, ağır vəziyyətə düşəndə dözmək və sevincimizi qorumaq mümkündür.
Biz uzun illər ərzində dayanmadan xidmət edirdik. Məzuniyyətə çox az çıxırdıq. Buna görə də Lesli özünü həddən artıq yorğun hiss etməyə başladı. Biz dərhal anlamadıq ki, bu yorğunluq fibromialgiya xəstəliyi ilə bağlıdır. Ona görə də təyinatımızı dayandırıb Kanadaya qayıtmaq barədə ciddi düşünməyə başladıq. Həmin vaxt Patersonda (Nyu-York, ABŞ) keçirilən komitə üzvləri üçün məktəbə dəvət olunduq, amma ora gedə biləcəyimizi düşünmürdüm. Bununla belə, çoxlu dualardan sonra biz bu təklifi də qəbul etdik. Yehova bu qərarımızı da dəstəklədi. Məhz bu məktəbi keçən vaxt Lesli bütün lazımi müalicəni ala bildi və nəticədə biz normal həyata qayıdıb xidmətimizə davam etdik.
NÖVBƏTİ SÜRPRİZ, NÖVBƏTİ QİTƏ
Estoniyaya qayıdandan sonra 2008-ci ildə günlərin bir günü mənə baş idarədən zəng gəldi. Soruşdular ki, Konqoda xidmət edə bilərik, ya yox. Mən yerimdəcə quruyub qaldım. Üstəlik, onlara sabaha qədər cavab verməli idim. Bunu Lesliyə demədim, çünki bilirdim ki, desəm, səhərə qədər yatmayacaq. Amma səhərə qədər yatmayan mən oldum. Həmin gecəni Afrika ilə bağlı narahatlıqlarım haqda Yehovaya dua etdim.
Səhərisi gün Lesli ilə bu barədə danışdım. Biz yenə eyni fikrə gəldik: «Yehova bizi Afrikaya dəvət edir. Əgər ora getməsək, haradan biləcəyik ki, bizim
xoşumuza gəlməyəcək və biz bunu bacarmayacağıq?» Estoniyada 16 il yaşadıqdan sonra Kinşasaya (Konqo) yola düşdük. Filial sanki oazis idi, gözoxşayan yaşıl bağçası var idi, adamın ruhu dincəlirdi. Leslinin otağımıza qoyduğu ilk şey Kanadadan bəri saxladığı bir açıqca idi. Açıqcada yazılmışdı: «Harada əkilmisənsə, orada çiçək aç». Bacı-qardaşlarla görüşəndən, Müqəddəs Kitab dərsləri keçməyə başlayandan və xüsusi təyinatlı müjdəçi olmağın dadını biləndən sonra xidmətdən xüsusi sevinc duymağa başladıq. Bir müddət sonra bizə Afrikanın təxminən 13 ölkəsindəki filialları ziyarət etmək şərəfi nəsib oldu. Bunun sayəsində biz fərqli-fərqli, bir-birindən gözəl insanlarla tanış olduq. Mənim əvvəlki qorxularımdan əsər-əlamət qalmamışdı. Yehovaya minnətdar idik ki, bizi Afrikaya göndərib.Konqoda yerli mətbəxlə tanış olduq, yeməklər arasında həşəratlar da var idi. Mənə elə gəlirdi ki, bunları yeyə bilmərik. Amma sonra bacı-qardaşların necə bəh-bəhlə yediyini görüb biz də dadına baxdıq və peşman olmadıq.
Ölkənin şərqində partizan dəstələri kəndlərə hücum etmiş, qadınlara və uşaqlara zərər yetirmişdi. Biz həmin əraziyə humanitar yardım apardıq və oradakı bacı-qardaşlara dayaq olduq. Qardaşların çoxunun maddi vəziyyəti aşağı idi. Bununla belə, onların dirilməyə möhkəm ümidini, Yehovaya məhəbbətini və təşkilata sədaqətini görüb çox ruhlandıq. Bu bizi təşviq etdi ki, Yehovaya nə üçün qulluq etdiyimiz barədə yenidən düşünək və imanımızı möhkəmləndirək. Bəzi qardaşların evləri dağılmışdı, əkin sahələri qarət olunmuşdu. Mənə bir daha aydın oldu ki, əlimizdə olan maddi şeylər bir anın içində yoxa çıxa bilər. Amma ruhani sərvətimizi, Yehova ilə dostluğumuzu heç kim əlimizdən ala bilməz. Bu qədər çətinliklərə baxmayaraq, oradakı bacı-qardaşlar nadir hallarda nədənsə şikayət edərdi. Onların bu cür qətiyyəti bizə çətinliklərə, sağlamlıqla bağlı problemlərə cəsarətlə dözməyə kömək etdi.
ASİYAYA TƏYİNAT
Bizi daha bir sürpriz gözləyirdi. Biz Honkonq filialına təyin olunduq. Ağlımızın ucundan belə keçməzdi ki, biz nə vaxtsa Şərqdə yaşayarıq. Amma
aldığımız hər təyinatda Yehovanın əlini və məhəbbətini hiss etdiyimiz üçün biz bu təyinatı da qəbul etdik. 2013-cü ildə göz yaşları içində əziz dostlarımızla və Afrikanın gözəllikləri ilə vidalaşdıq. Qarşıda bizi nələr gözlədiyini bilmirdik.Honkonq səsli-küylü, qələbəlik bir şəhər idi. Bu isə bizim üçün böyük dəyişiklik idi. Çin dilini öyrənmək də asan deyildi. Qardaşlar bizi xoş qarşıladılar. Yerli mətbəx ürəyimizcə idi. İşlər sürətlə artırdı, buna görə də filial ərazisini genişləndirmək lazım idi. Amma əmlak qiymətləri kəllə-çarxa çıxmışdı. Ona görə də Rəhbərlik Şurası belə bir müdrik qərar qəbul etdi ki, işin müəyyən hissəsi başqa bir ərazidə görülsün və filial binalarının əksəriyyəti satılsın. Qısa vaxt sonra 2015-ci ildə biz Cənubi Koreyaya köçdük və indiyə kimi burada xidmət edirik. Burada isə başqa bir çətin dili öyrənirik. Düzdür, bu dili öyrənməyimizə hələ çox var, amma bacı-qardaşlar bizə ürək-dirək verib deyirlər ki, bizdə yaxşı alınır.
ÖYRƏNDİYİMİZ DƏRSLƏR
Yeni dostlar qazanmaq asan deyil. Amma biz başa düşdük ki, özümüz təşəbbüs göstərib qonaqpərvər olmaqla insanları daha tez tanıya bilərik. Gördük ki, bizim bacı-qardaşlarımızın daha çox oxşar cəhətləri var, nəinki fərqli. Yehova bizi elə gözəl yaradıb ki, ürəyimizi geniş açıb çox insanla dostluq edə bilərik (2 Kor. 6:11).
Biz başa düşdük ki, insanlara Yehovanın gözü ilə baxmalıyıq və Onun bizi sevdiyini, bizə istiqamət verdiyini göstərən sübutları görməyə çalışmalıyıq. Ruhdan düşəndə və ya bacı-qardaşların bizi sevib-sevmədiyi barədə düşünəndə dostlarımızdan gələn ruhlandırıcı açıqcaları və məktubları təkrar-təkrar oxuyuruq. Həyatımız boyu Yehova dualarımızı cavabsız qoymayıb, bizi sevgisinə əmin edib, güc verib.
Bu illər ərzində Lesli ilə mən öyrəndik ki, nə qədər məşğul olmağımızdan asılı olmayaraq, bir-birimizə vaxt ayırmalıyıq. Həmçinin zamanla öz səhvlərimizə gülməyi də öyrəndik. Əsas da, bu, yeni dil öyrənəndə lazım olur. Hər gecə çalışırıq ki, hansısa xoş hadisəni xatırlayıb Yehovaya şükür edək.
Düzünü desəm, mən həmişə elə fikirləşirdim ki, xüsusi təyinatlı müjdəçi ola bilmərəm ya da başqa ölkədə yaşaya bilmərəm. Amma gördüm ki, insan Yehovanın köməyi ilə hər şeyi bacarar. Ərəmya peyğəmbərin sözləri yadıma düşür: «Ey Yehova, Sən məni aldatdın» (Ərm. 20:7). Doğrudan da Yehova bizə çoxlu xoş sürprizlər yaşatdı və ağlımızın ucundan belə keçməyən nemətlər verdi, hətta mənim təyyarə ilə səyahət etmək arzumu da gerçəkləşdirdi. Özü də ki uşaqlıqda arzuladığımdan da çox ölkəni gəzmişəm: beş qitədə filialları ziyarət etmişəm. Çox minnətdaram ki, bütün təyinatlarımızda Lesli mənə dəstək olub.
Biz daima özümüzə xatırladırıq ki, bütün bunları kimə və nəyə görə edirik. Aldığımız nemətlər qarşıda bizi gözləyən əbədi həyatın kiçik bir zərrəsidir. Yehova əlini açıb «hər bir məxluqu istəyinə» çatdıracaq (Zəb. 145:16).