TƏLİM MƏQALƏSİ 26
Yehovanın gününə hazır olun
«Yehovanın günü gecə gələn oğru kimi gələcək» (1 SALON. 5:2).
NƏĞMƏ 143 İş başında ol, oyaq qal, gözlə
İCMAL a
1. Yehovanın günündə xilas olmaq üçün nə etməliyik?
MÜQƏDDƏS KİTABDA «Yehovanın günü» deyiləndə Onun düşmənlərini məhv etdiyi və xalqına qurtuluş verdiyi vaxt nəzərdə tutulur. Qədimdə Yehova bəzi xalqlar üzərində hökmünü icra etmişdi (Əşy. 13:1, 6; Hizq. 13:5; Səf. 1:8). Bizim dövrdə «Yehovanın günü» Böyük Babilə hücum ilə başlayıb Armageddon müharibəsi ilə bitəcək. Həmin gün xilas olmaq üçün biz artıq indidən hazırlaşmalıyıq. İsa da demişdi ki, biz böyük müsibətə hazır olmalıyıq. O bu sözlərlə bir dəfə yox, daima hazır olmağı nəzərdə tuturdu (Mət. 24:21; Luka 12:40).
2. Salonikililərə birinci məktubun bizə hansı faydası var?
2 Həvari Bulus salonikililərə yazdığı birinci məktubda bir neçə nümunə çəkmişdi. Bu nümunələrlə məsihilərə Yehovanın hökm gününə hazır olmağa kömək etmişdi. Bulus bilirdi ki, Yehovanın günü elə bu dəqiqə gəlməyəcək (2 Salon. 2:1—3). Amma yenə də onları təşviq etmişdi ki, həmin gün sabah gələcəkmiş kimi ona hazırlaşsınlar. Bu məsləhət bizə də aiddir. Gəlin növbəti sualları araşdıraq: 1) Yehovanın günü necə gələcək? 2) Həmin gün kimlər xilas olmayacaq? 3) Xilas olmaq üçün indidən nə edə bilərik? Bulusun yazdıqları bu sualların cavabını tapmağa kömək edəcək.
YEHOVANIN GÜNÜ NECƏ GƏLƏCƏK?
3. Hansı mənada Yehovanın günü gecə gələn oğru kimi gələcək? (Həmçinin şəklə baxın.)
3 «Gecə gələn oğru kimi» (1 Salon. 5:2). Bu, Yehovanın gününün gəlişini təsvir edən üç nümunədən birincisidir. Oğrular adətən cəld hərəkət edir və gecə vaxtı insanların gözləmədiyi bir anda gəlir. Yehovanın gününün gəlişi də əksər insanlar üçün gözlənilməz olacaq. Hadisələrin sürətlə cərəyan etməsi hətta əsl məsihiləri də təəccübləndirəcək. Amma şər insanlardan fərqli olaraq, biz məhv olmayacağıq.
4. Hansı mənada Yehovanın günü doğuş sancılarına bənzəyir?
4 «Hamilə qadını qəfildən doğum sancıları tutduğu kimi» (1 Salon. 5:3). Hamilə qadın doğuşun nə vaxt başlayacağını dəqiq bilmir. Amma o əmindir ki, bu, mütləq baş verəcək. Adətən doğuş qəfildən başlayır, ağrılı və qaçınılmaz olur. Eynilə biz də Yehovanın gününün başlayacağı günü və saatı bilmirik. Amma əminik ki, həmin gün gələcək və Yehovanın şər insanlar üzərində hökmü qəfil və qaçınılmaz olacaq.
5. Hansı mənada böyük müsibət gün işığına bənzəyir?
5 Gün işığı kimi. Bulus üçüncü nümunəsində də gecə gələn oğrudan danışır. Amma bu dəfə o, Yehovanın gününü gün işığına bənzədir (1 Salon. 5:4). Bəzən gecə gələn oğruların başları elə qarışır ki, vaxtın necə keçdiyini hiss etmirlər. Gün işığı isə onları qəfil yaxalayır və işlərini ifşa edir. Böyük müsibət də oğru kimi qaranlıqda Yehovanın bəyənmədiyi işləri görənləri ifşa edəcək. Onlardan fərqli olaraq biz Yehovanın gününə hazır olmalıyıq. Bunun üçün Yehovanın bəyənmədiyi işlərdən uzaq olmalı və hər cür yaxşılığa, salehliyə və həqiqətə can atmalıyıq (Efes. 5:8—12). Daha sonra Bulus kimlərin xilas olmayacağını göstərmək üçün iki nümunə çəkir.
KİMLƏR YEHOVANIN GÜNÜNDƏ XİLAS OLMAYACAQ?
6. Hansı mənada əksər insanlar yatır? (1 Salonikililərə 5:6, 7).
6 «Yatan adam»lar. (1 Salonikililərə 5:6, 7 ayələrini oxuyun.) Bulus Yehovanın günündə xilas ola bilməyəcək adamları yatan adamlara bənzədir. Yatan adam ətrafda baş verənlərdən və vaxtın necə keçdiyindən xəbərsiz olur. Ona görə də vacib hadisələri qaçırır. Bu gün də əksər insanları yatan adamlara bənzətmək olar (Rom. 11:8). Onlar axırzamanda yaşadığımızı və tezliklə böyük müsibətin gələcəyini göstərən sübutlara laqeyd yanaşırlar. Dünyada baş verən qlobal hadisələr onların bəzilərini ruhani yuxudan oyadır və Padşahlıq xəbərinə maraq yaradır. Amma çoxları oyaq qalmaq əvəzinə, yenidən yuxuya gedir. Hətta Yehovanın hökm gününə inananların bəziləri düşünür ki, hələ o günə çox var (2 But. 3:3, 4). Amma biz başa düşürük ki, hər ötən gün oyaq qalmaq daha vacibdir.
7. Nəyə görə Yehovanın məhv edəcəyi insanlar sərxoşlara bənzədilir?
7 «Sərxoşluq edən»lər. Həvari Bulus Allahın məhv edəcəyi insanları sərxoşlara bənzədib. Alkoqolun təsiri altında olan insanlar ətrafda baş verənlərə gec reaksiya verir və səhv qərarlar qəbul edir. Eynilə şər insanlar da Yehovanın xəbərdarlığına məhəl qoymurlar. Onlar özlərini məhvə aparan yolu seçirlər. Amma Yehova məsihiləri aydın düşünməyə, ayıq qalmağa səsləyir (1 Salon. 5:6). Bir Müqəddəs Kitab alimi izah etmişdi ki, «ayıq olmaq sakit və sabit düşüncəni qorumaq deməkdir. Bu zaman insan vəziyyəti hərtərəfli ölçüb-biçməyi və düzgün qərarlar verməyi bacarır». Nəyə görə sakit və sabit düşüncəni qorumalıyıq? Siyasi və sosial məsələlərə qarışmamaq üçün. Yehovanın günü yaxınlaşdıqca bu məsələlərdə bitərəf qalmaq daha da çətin olacaq. Bununla belə, təzyiqlər qarşısında necə davranacağımıza görə narahat olmamalıyıq. Yehovanın ruhu bizə sakit və sabit düşüncəni qorumağa və düzgün qərarlar verməyə kömək edəcək (Luka 12:11, 12).
YEHOVANIN GÜNÜNƏ NECƏ HAZIRLAŞA BİLƏRİK?
8. Bizə ayıq qalmağa kömək edən xüsusiyyətlər 1 Salonikililərə 5:8 ayəsində necə təsvir olunub? (Həmçinin şəklə baxın.)
8 Zirehi və dəbilqəni geyinin. Bulus bizi oyaq olan yaraq-yasaqlı əsgərə bənzədir. (1 Salonikililərə 5:8 ayəsini oxuyun.) Hərbi xidmətdə olan əsgər hər an döyüşə hazır olmalıdır, eynilə biz də. Biz iman və məhəbbət zirehini geyinməklə və ümid dəbilqəsini başımıza qoymaqla Yehovanın gününə hazır ola bilərik. Bu xüsusiyyətlərin bizə böyük köməyi dəyir.
9. İman bizi necə qoruyur?
9 Zireh əsgərin ürəyini qoruyurdu. İman və məhəbbət də bizim məcazi ürəyimizi qoruyur. Onlar bizə daima Yehovaya xidmət etməyə və İsanın ardınca getməyə kömək edir. İmanımız sayəsində əminik ki, bütün qəlbimizlə Yehovanı axtarsaq, O bizi mükafatlandıracaq (İbr. 11:6). İman kömək edəcək ki, çətinliklərə dözməli olsaq belə, Rəhbərimiz İsaya sadiq qalaq. Bəs imanımızı necə möhkəmləndirə bilərik? Təqiblər və maddi çətinliklər qarşısında sadiqliyini qoruyan bacı-qardaşların nümunəsi barədə düşünməklə. Həyatını sadələşdirib Padşahlığı hər şeydən üstün tutan bacı-qardaşlardan örnək götürmək isə bizə maddiyyat tələsinə düşməməyə kömək edə bilər b.
10. Allaha və insanlara məhəbbət bizə təbliğ işində dözümlü olmağa necə kömək edir?
10 Məhəbbətin də ayıq qalmağımızda vacib rolu var (Mət. 22:37—39). Təbliğ etdiyimiz üçün biz müəyyən çətinliklərlə üzləşə bilərik, amma Allaha məhəbbət buna baxmayaraq, xidmətimizi davam etdirməyə kömək edir (2 Tim. 1:7, 8). Məhəbbəti imanımıza şərik olmayan insanlara da göstərdiyimiz üçün təbliğ etməyə və sahələrimizi işləməyə davam edirik, üstəlik, telefon və məktub vasitəsilə şahidlik veririk. Biz insanların bir gün dəyişib düzgün davranacaqlarına ümidimizi itirmirik (Hizq. 18:27, 28).
11. Dindaşlarımıza məhəbbətimiz bizi nəyə təşviq edir? (1 Salonikililərə 5:11).
11 Biz həm də bacı-qardaşlarımızı sevirik. Onları sevdiyimizi necə göstəririk? Bir-birimizə təsəlli verməklə və möhkəmləndirməklə. (1 Salonikililərə 5:11 ayəsini oxuyun.) Döyüşdə yan-yana vuruşan əsgərlər kimi biz də bir-birimizə dayaq oluruq. Sözsüz ki, döyüşün qızğın vaxtında əsgər digər əsgər yoldaşını təsadüfən yaralaya bilər. Amma o bunu heç vaxt qəsdən etməz. Eynilə biz də heç vaxt bilərəkdən bacı-qardaşlarımızı incitmərik, yaxud pisliyə pisliklə cavab vermərik (1 Salon. 5:13, 15). Məhəbbət göstərməyin digər yolu rəhbərlik edən qardaşlara hörmət etməkdir (1 Salon. 5:12). Bulus Saloniki yığıncağına ilk məktubunu yazanda yığıncaq heç bir il yox idi ki yaranmışdı. Yəqin, təyin olunmuş qardaşlar təcrübəsiz idi və ola bilsin, səhvlərə yol verirdi. Amma onlar yenə də hörmətə layiq idilər. Böyük müsibət yaxınlaşdıqca, ola bilsin, biz göstəriş almaq üçün ağsaqqallardan indikindən də çox asılı olacağıq. Ola bilər, həmin vaxt baş idarə və filialla əlaqəmizi itirək. Ona görə də indidən ağsaqqalları sevib onlara hörmət etmək vacibdir. Nə olursa olsun, gəlin ayıq-sayıqlığımızı qoruyaq, diqqətimizi ağsaqqalların səhvlərinə yox, Yehovanın İsa Məsih vasitəsilə onları istiqamətləndirdiyinə yönəldək.
12. Ümid düşüncəmizi necə qoruyur?
12 Dəbilqə əsgərin başını qoruduğu kimi xilasa olan ümidimiz də bizim düşüncələrimizi qoruyur. Möhkəm ümid sayəsində bu dünyanın etdiyi təkliflərin puç olduğunu başa düşürük (Filip. 3:8). Ümidimiz bizə sakit və sabit qalmağa kömək edir. Ümid Afrikada xidmət edən Voles və Lorinda adlı bir ər-arvada da kömək etmişdi. Üç həftə ərzində onlardan biri anasını, biri də atasını itirdi. COVID-19 pandemiyası ucbatından onlar öz evlərinə qayıdıb ailələrinin yanında ola bilmədilər. Voles yazmışdı: «Dirilməyə olan ümidim sayəsində mən onların bu dünyada son günlərini yaşadığını yox, yeni dünyada yaşayacaqları ilk günlərini düşünürəm. Onları itirdiyimə görə kədərlənəndə bu ümid məni sakitləşdirir».
13. Müqəddəs ruhu almaq üçün nə etməliyik?
13 «Ruhun alovunu söndürməyin» (1 Salon. 5:19). Bulus müqəddəs ruhu daxilimizdə olan alova bənzətmişdi. Bizdə müqəddəs ruh olanda Yehovanın bəyəndiyi kimi davranmaq istəyi içimizdə alışıb-yanır və Onun işini daha böyük şövqlə, canla-başla yerinə yetiririk (Rom. 12:11). Bəs müqəddəs ruhu almaq üçün nə etməliyik? Dua edib onu diləməliyik, Allahın ruhu ilə yazılmış Kəlamı mütaliə etməliyik və Allahın ruhu ilə idarə olunan təşkilata bağlı olmalıyıq. Bütün bunlar bizə «ruhun bəhrəsi»ni yetişdirməyə kömək edəcək (Qal. 5:22, 23).
14. Allahın ruhunu daim almaq üçün nədən qaçmalıyıq? (Həmçinin şəklə baxın.)
14 Allahın müqəddəs ruhunu aldıqdan sonra biz ehtiyatlı olmalıyıq ki, «ruhun alovunu söndürmə»yək. Allah Öz müqəddəs ruhunu düşüncəsini və davranışını təmiz saxlayanlara verir. Natəmiz fikirləri olan və bu cür davranan insana Yehova daha müqəddəs ruhunu verməyəcək (1 Salon. 4:7, 8). Biz həmçinin müqəddəs ruhu almaq üçün peyğəmbərliklərə həqarətlə yanaşmamalıyıq (1 Salon. 5:20). Bu ayədə «peyğəmbərliklər» deyiləndə Allahın müqəddəs ruhu ilə verdiyi xəbərlər nəzərdə tutulur. Bu xəbərlərə Yehovanın günü və sonun yaxın olduğu ilə bağlı məlumatlar da daxildir. Biz Armageddonun bizim yaşadığımız dövrdə gəlməyəcəyini düşünərək o günü ağlımızdan uzaqlaşdırmırıq. Əksinə, Yehovanın gününü bərk-bərk yadda saxlayaraq bir növ onun gəlişini sürətləndiririk. Bunun üçün hər gün «mömin» əməllərlə məşğul oluruq və davranışımızı təmiz saxlayırıq (2 But. 3:11, 12).
«HƏR ŞEYİN DOĞRU OLUB-OLMADIĞINI YOXLAYIN»
15. Yalan məlumatlara və cinlərin apardığı propaqandaya aldanmamaq üçün nə etməliyik? (1 Salonikililərə 5:21).
15 Yaxın gələcəkdə Allahın düşmənləri sülhə və təhlükəsizliyə nail olduqlarını iddia edəcəklər (1 Salon. 5:3). Cinlərin yaydığı propaqanda dünyanı bürüyəcək və çoxlarını aldadacaq (Vəhy 16:13, 14). Bəs biz də aldanacağıq? Əgər «hər şeyin doğru olub-olmadığını» yoxlasaq, aldanmayacağıq. (1 Salonikililərə 5:21 ayəsini oxuyun.) «Yoxlamaq» kimi tərcümə olunan yunan sözü dəyərli metalların həqiqiliyinin yoxlanılmasına aid istifadə olunan söz idi. Beləliklə, oxuduğumuz və eşitdiyimiz hər şeyin düzgün olub-olmadığını yoxlamalıyıq. Bu, salonikililər üçün vacib idi. Böyük müsibət yaxınlaşdıqca bizlər üçün daha çox vacib olacaq. Biz hər deyilən sözə inanmırıq, əksinə, ağlımızı işlədərək eşitdiyimiz və oxuduğumuz hər bir şeyi Müqəddəs Kitabın və Yehovanın təşkilatının dedikləri ilə tutuşdururuq. Bunun sayəsində biz cinlərin apardığı propaqandaya və hiyləyə aldanmayacağıq (Məs. 14:15; 1 Tim. 4:1).
16. Bizim hansı ümidimiz var və bu bizi nəyə təşviq edir?
16 Biz bilirik ki, Yehovanın xalqı böyük müsibətdən sağ çıxacaq. Amma ayrı-ayrılıqda sabah başımıza nəyin gələcəyini bilmirik (Yaq. 4:14). İstər böyük müsibətdən sağ çıxaq, istərsə də ondan əvvəl ölək, Yehovaya sadiq qalsaq, əbədi həyata qovuşacağıq. Məsh olunmuşlar İsa ilə birlikdə göydə olacaqlar. «Başqa qoyunlar» isə yerdə cənnətdə yaşayacaqlar. Gəlin bütün diqqətimizi möhtəşəm ümidimizə cəmləyək və Yehovanın gününə hazır olaq!
NƏĞMƏ 150 Xilas üçün Yehovaya sığın
a 1 Salonikililərə 5-ci fəsildə çoxlu nümunə var. Bu nümunələrdən biz Yehovanın günü barədə çox şey öyrənə bilərik. Yehovanın günü deyiləndə nə nəzərdə tutulur və o gün necə gələcək? Həmin gün kimlər xilas olacaq? Kimlər xilas ola bilməyəcək? Biz bu günə necə hazırlaşa bilərik? Həvari Bulusun sözlərini araşdırmaqla bu sualların cavabını tapa bilərik.
b «Xidmətə hazır könüllülər» adlı rubrikaya baxın.