Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 25

NƏĞMƏ 7 Yehova gücümüz, qüvvətimiz

Unutmayın, Yehova «var olan Allahdır»

Unutmayın, Yehova «var olan Allahdır»

«O, var olan Allahdır» (ƏRM. 10:10).

ƏSAS FİKİR

İbadət etdiyimiz Allahın «var olan Allah» olduğunu unutmamağın xeyri böyükdür.

1. Yehovanın xalqına problemlərə baxmayaraq xidmətlərini davam etdirməyə nə kömək edir?

 «SON dərəcə çətin bir vaxt». Müqəddəs Kitabda yaşadığımız dövr məhz belə təsvir olunur (2 Tim. 3:1). Bu dünyadakı insanların üzləşdiyi problemlərdən əlavə, Yehovanın xalqı hələ təqiblərlə də üzləşir. Bəs bunlara baxmayaraq Yehovaya ibadətimizi davam etdirməyə bizə nə kömək edir? Ən əsas amil odur ki, biz Yehovanın «var olan Allah» olduğuna əmin olmuşuq (Ərm. 10:10; 2 Tim. 1:12).

2. Yehova haqda bildiyimiz hansı fikir bizə güc verir?

2 Yehova gerçək Varlıqdır. O, nələrdən keçdiyimizi görür və dadımıza çatmaq üçün fürsətlər axtarır (2 Saln. 16:9; Zəb. 23:4). Onun var olan Allah olduğunu unutmasaq, üzləşdiyimiz istənilən sınağa tab gətirməyə gücümüz olacaq. Bunu Davud padşahın həyatından aydın görə bilərik.

3. Davud Yehovanın «var olan Allah» olduğunu deyəndə nəyi nəzərdə tuturdu?

3 Davud Yehovanı tanıyırdı və Ona bel bağlayırdı. Talut padşah və digər düşmənləri tərəfindən təqib olunanda o, Yehovaya dua edib kömək istəmişdi (Zəb. 18:6). Yehova da onun duasına cavab verib düşmənlərinin əlindən qurtarmışdı. Bu zaman Davud demişdi: «Şükürlər olsun... var olan Yehovaya» (Zəb. 18:46). O bu sözlərlə sadəcə Allahın mövcud olduğunu vurğulamırdı. Bir elmi mənbəyə əsasən Davud bu sözlərlə qeyd edirdi ki, «Yehova həmişə Öz xalqının rifahı üçün çalışan gerçək Allahdır». Bəli, o, Yehovanın var olan Allah olduğuna şəxsən şahid olmuşdu. Bu da onu Yehovaya daim xidmət etməyə və Ona həmd etməyə təşviq etmişdi (Zəb. 18:28, 29, 49).

4. Yehovanın var olan Allah olduğuna əminliyimiz bizə nədə kömək edəcək?

4 Yehovanın var olan Allah olduğuna əmin olmağımız bizə də Ona canla-başla xidmət etməyə kömək edəcək. Onda sınaqlara tab gətirə biləcəyik və Ona var gücümüzlə xidmət edəcəyik. Bundan əlavə, Yehovadan heç vaxt ayrılmamağa qəti qərarlı olacağıq.

VAR OLAN ALLAH SİZƏ GÜC VERƏCƏK

5. Üzləşdiyimiz çətinliklər vaxtı bizə nə əminlik verir? (Filippililərə 4:13).

5 Yehovanın gerçək olduğunu və hər zaman bizə dayaq olmağa hazır olduğunu yadda saxlasaq, kiçik və ya böyük olmasından asılı olmayaraq, istənilən sınağa tab gətirə biləcəyik. Axı bizim yaşadığımız problemlər Yehova üçün heç nədir! O, qadir Allahdır və bizə dözməyə güc verə bilər. (Filippililərə 4:13 ayəsini oxuyun.) Buna görə də hansısa problemlə üzləşəndə qorxmuruq, ürəyimizdə əminlik olur. Yehovanın xırda çətinliklər zamanı bizə dayaq olduğunu gördüyümüz üçün arxayınıq ki, O daha böyük çətinliklər vaxtı da bizə kömək edəcək.

6. Uşaq vaxtı Davudun başına gələn hansı hadisələr onun Yehovaya etibarını artırmışdı?

6 Davudun həyatında baş verən iki hadisə onun Yehovaya etibarını möhkəmləndirmişdi. O, uşaq yaşlarında çoban olanda bir dəfə ayı, bir dəfə də şir onun atasının sürüsündən qoyun aparmışdı. Hər iki vəziyyətdə də Davud heyvanların dalınca düşüb qoyunları onların ağzından almışdı. Davud heç vaxt bu qələbələri öz adına yazmayıb. O bilirdi ki, bunu Yehovanın gücü ilə edib (1 İşm. 17:34—37). Bu iki hadisə həmişə Davudun yaddaşında idi. Onlar barədə düşünəndə Yehovaya etibarı artırdı və əmin olurdu ki, var olan Allah ona gələcəkdə də güc verəcək.

7. Vəziyyətə düzgün baxmaq Davuda Calutla üzləşməyə necə kömək etdi?

7 Sonralar, görünür, hələ yeniyetmə olan vaxt Davud İsrail ordusunun düşərgəsinə gedir. Orada görür ki, əsgərlər təlaş içindədirlər, çünki Calut adlı bir nəhəng filiştli «İsrail alaylarını meydana» səsləmişdi (1 İşm. 17:10, 11). Əsgərlərin ağlında Calutun nə qədər nəhəng olduğu və onun dediyi istehzalı sözlər fırlanırdı, buna görə onlar qorxurdular (1 İşm. 17:24, 25). Davud isə vəziyyətə tamam başqa tərəfdən baxırdı. O başa düşürdü ki, Calut İsrail ordusunu ələ salmaqla, əslində, «var olan Allahın alaylarına meydan oxuyur» (1 İşm. 17:26). Davudun ağlında yalnız Yehova idi. O bilirdi ki, çobanlıq etdiyi vaxtlarda olduğu kimi indi də Yehova ona kömək edəcək. Yehovaya arxalanaraq o, Calutla üzləşir və təbii ki, qalib gəlir (1 İşm. 17:45—51).

8. Çətinliklər zamanı Yehovanın bizə kömək edəcəyinə etibarımızı necə artıra bilərik? (Həmçinin şəklə baxın.)

8 Biz də var olan Allah Yehovanın bizə kömək etməyə hazır olduğunu unutmasaq, sınaqlara tab gətirə biləcəyik (Zəb. 118:6). Bəs Ona etibarımızı necə artıra bilərik? Bunun üçün Onun keçmişdə etdiyi şeylər barədə düşünə bilərik. Məsələn, Müqəddəs Kitabda Yehovanın Öz xidmətçilərini necə qoruduğu ilə bağlı nümunələri oxuyun (Əşy. 37:17, 33—37). Həmçinin jw.org saytında Yehovanın bizim dövrümüzdə bacı-qardaşlara necə dayaq olduğunu göstərən hadisələri araşdırın. Bundan əlavə, Yehovanın sizin yaxşılığınız üçün nələr etdiyini xatırlayın. Ola bilsin, həyatınızda ayı ilə və ya şir ilə mübarizəyə bənzəyən qeyri-adi hadisələr yaşamamısınız; fikirləşirsiniz, Yehova sizin üçün xüsusi bir şey etməyib. Amma, əslində, əsas odur ki, O sizin həyatınızda həmişə olub! Yehova Onunla dostluq etməyiniz üçün sizi Özünə cəlb edib (Yəh. 6:44). İndinin özündə də siz yalnız Yehovanın sayəsində həqiqətdəsiniz. Ona görə də Yehovadan xahiş edin ki, dualarınıza cavab verdiyi, ehtiyac duyduğunuz zaman sizə dayaq olduğu və sizə çətin vəziyyətlərdən çıxmağa kömək etdiyi vaxtları yadınıza salsın. Bu hadisələr barədə düşünmək Yehovanın sizə həmişə kömək edəcəyinə etibarınızı artıracaq.

Üzləşdiyimiz sınaqlar mübahisəli məsələnin bir hissəsidir (8 və 9-cu abzaslara baxın)


9. Sınaqlarımıza necə yanaşmalıyıq? (Məsəllər 27:11).

9 Yehovanın gerçək Varlıq olduğunu dərk etmək sınaqlara düzgün yanaşmağa kömək edəcək. Belə ki, biz sınaqlara Yehova ilə Şeytan arasında olan mübahisəli məsələnin bir hissəsi kimi baxacağıq. Şeytan iddia edir ki, biz əzab çəkəndə Yehovadan üz döndərəcəyik (Əyy. 1:10, 11; Məsəllər 27:11 ayəsini oxuyun). Amma sınaqlar zamanı sədaqətimizi qoruyanda Yehovanı sevdiyimizi və Şeytanın yalançı olduğunu sübut edirik. Ola bilsin, hökumət tərəfindən təqib olunuruq, maddi sıxıntılarımız var, insanlar xoş xəbərə qulaq asmaq istəmir, ya da başqa çətinliklə üzləşirik. Bu zaman yadda saxlamalıyıq ki, yaranan vəziyyət Yehovanın qəlbini sevindirməyimizə imkan yaradır. Həmçinin Yehova heç vaxt gücümüzdən artıq sınanmağımıza yol verməz (1 Kor. 10:13). O bizə dözməyə güc verəcək.

VAR OLAN ALLAH SİZƏ MÜKAFAT VERƏCƏK

10. Var olan Allah Ona ibadət edən insanlar üçün nə edəcək?

10 Yehova Ona ibadət edən insanları mükafatlandırır (İbr. 11:6). O, indinin özündə bizə qəlb rahatlığı verir və həyatdan məmnunluq duymağımız üçün çoxlu nemətlər bəxş edir, gələcəkdə isə əbədi həyat verəcək. Tamamilə etibar edirik ki, Yehova bizə mükafat vermək istəyir və bunu etməyə qadirdir. Bizdə bu əminlik olduğu üçün Yehovanın keçmişdəki xidmətçiləri kimi Onun yolunda canla-başla çalışırıq. Həmin insanlardan biri birinci əsrdə yaşamış Timuti idi (İbr. 6:10—12).

11. Nəyə görə Timuti yığıncaqda canla-başla çalışırdı? (1 Timutiyə 4:10).

11 1 Timutiyə 4:10 ayəsini oxuyun. Timutidə Yehovanın ona mükafat verəcəyinə güclü əminlik var idi. Buna görə də o, Yehova və başqaları uğrunda əlindən gələni əsirgəmirdi. O nələr edirdi? Həvari Bulus ona nəsihət etmişdi ki, müəllim və natiq kimi püxtələşsin. Bundan əlavə, Timuti böyüklü-kiçikli bütün dindaşlarına nümunə olmalı idi. Üstəlik, ona çətin tapşırıqlar da verilmişdi. Məsələn, o, lazım olanda məhəbbətlə, amma ciddi məsləhət verməli idi (1 Tim. 4:11—16; 2 Tim. 4:1—5). Bəzən başqaları Timutinin etdiklərini görmürdü və ya qiymətləndirmirdi. Amma o, əmin ola bilərdi ki, Yehova onu mükafatlandıracaq (Rom. 2:6, 7).

12. Tapşırıqlarını canla-başla görməyə ağsaqqalları nə təşviq edir? (Həmçinin şəklə baxın.)

12 Bu gün də ağsaqqallar Yehovanın onların etdiyi işləri gördüyünə və qiymətləndirdiyinə tam əmin ola bilərlər. Onlar bacı-qardaşları ziyarət edir, təlim verir, təbliğ işində iştirak edirlər. Bundan əlavə, bir çox ağsaqqal tikinti layihələrinə və zərərçəkənlərə yardım işinə kömək edir. Bir başqaları Xəstələrə ziyarət qruplarında və ya Xəstəxanalarla əlaqə komitələrində xidmət edir. Bu cür işlərdə iştirak etməyə hazır olan ağsaqqallar başa düşür ki, yığıncaq Yehovaya məxsusdur, hansısa insan quruluşu deyil. Buna görə də onlar öz təyinatlarına can qoyurlar və Yehovanın onların etdiyi işləri mükafatlandıracağına tam etibar edirlər (Kol. 3:23, 24).

Var olan Allah yığıncaq üçün çəkdiyiniz zəhməti mükafatsız qoymayacaq (12 və 13-cü abzaslara baxın)


13. Yehova Onun yolundan etdiklərimizə necə yanaşır?

13 Hamı ağsaqqal ola bilməz. Amma hamı Yehova üçün nəsə edə bilər. Yehova da Onun yolunda əlimizdən gələni etməyimizi qiymətləndirir. Ümumdünya təbliğ işinə etdiyimiz ianələr Yehova üçün çox dəyərlidir, hətta yalnız xırda məbləğdə ianələr edə bilsək də. Utancaqlığımıza üstün gəlib yığıncaqda şərh vermək üçün əlimizi qaldıranda Onun ürəyi şad olur. Həmçinin xətrimizə dəyən insanı bağışlayanda Yehova çox sevinir. Hətta Yehovaya istədiyiniz qədər xidmət edə bilmirsinizsə, əmin olun ki, O, gücünüz daxilində etdiklərinizi qiymətləndirir. O sizi buna görə sevir və sizə mükafat verəcək (Luka 21:1—4).

VAR OLAN ALLAHDAN HEÇ VAXT AYRILMAYIN

14. Yehova ilə möhkəm münasibətimiz Ona sadiq qalmağa necə kömək edir? (Həmçinin şəklə baxın.)

14 Yehova bizim üçün gerçək olsa, onda Ona sadiq qalmaq daha asan olacaq. Yusifin hadisəsi bunu aydın göstərir. O, əxlaqsızlıq etməkdən qəti şəkildə imtina etmişdi, çünki Yehova onun üçün gerçək idi. Yusif Onu narazı salmaq istəmirdi (Yar. 39:9). Yehovanın bizim üçün də gerçək olmasını istəyiriksə, gərək duaya və mütaliəyə vaxt ayıraq. Onda Onunla dostluğumuz getdikcə möhkəmlənəcək. Yusif kimi Yehova ilə möhkəm dostluq münasibətimiz olanda isə Onu narazı salacaq hərəkətə yol vermək istəməyəcəyik (Yaq. 4:8).

Var olan Allaha yaxınlaşmaq Ona sadiq qalmağınıza kömək edəcək (14 və 15-ci abzaslara baxın)


15. Səhrada olan israillilərlə baş verənlərdən hansı ibrət dərsini götürürük? (İbranilərə 3:12).

15 Yehovanın var olan Allah olduğunu unutsaq, asanlıqla Ondan uzaqlaşa bilərik. Səhrada olanda israillilərlə belə bir şey baş vermişdi. Onlar Yehovanın mövcud olduğunu bilirdilər, amma Yehovanın onların qeydlərinə qalacağına şübhə etməyə başladılar. Hətta israillilər deyirdilər: «Yehova bizim aramızdadır, ya yox?» (Çıx. 17:2, 7). Nəticədə, onlar Yehovaya üsyan etdilər. İsraillilərin itaətsizliyi bizim üçün ibrət dərsidir, biz onların səhvini təkrarlamaq istəməzdik. (İbranilərə 3:12 ayəsini oxuyun.)

16. İmanımızı nə sınaya bilər?

16 Bu dünya Yehova ilə dostluğumuzu qorumağı çətinləşdirir. Çoxları Allahın var olduğunu danır. Bəzən qıraqdan elə görünür ki, Allahın tələblərinə məhəl qoymayan insanların işləri yağ kimi gedir. Bunu görəndə, ola bilsin, imanımız sınansın. Allahın var olduğuna inansaq da, Onun bizə kömək edəcəyinə ürəyimizdə şübhə yarana bilər. 73-cü məzmurun yazarı bu cür hisslər keçirmişdi. O görürdü ki, ətrafındakı insanlar Allahın qanunlarına əməl etməsələr də, xoşbəxt ömür sürürlər. Buna görə də o düşünürdü ki, görəsən, Allaha qulluq etməyə dəyər? (Zəb. 73:11—13).

17. Yehovaya sadiq qalmağa bizə nə kömək edəcək?

17 Bəs məzmurçuya düşüncəsini dəyişməyə nə kömək etdi? O, Yehovanı unudanların aqibətini düşündü (Zəb. 73:18, 19, 27). Həmçinin Allaha qulluq etməyin xeyri barədə də fikirləşdi (Zəb. 73:24). Eynilə, biz də Yehovanın verdiyi nemətlər barədə düşünə bilərik. Təsəvvür edirsiniz, Yehovaya xidmət etməsəydik, həyatımız necə olardı?! Bunlar barədə düşünmək kömək edəcək ki, sədaqətimizi qoruyaq və məzmurçu kimi bu fikirdə olaq: «Mənimçünsə Allaha yaxınlaşmaq xoşdur» (Zəb. 73:28).

18. Nəyə görə gələcəyə əminliklə baxırıq?

18 Yaşadığımız bu axırzamanda üzləşdiyimiz istənilən çətinlikdən başıuca çıxa bilərik. Çünki «var olan tək bir Allaha qulluq [edirik]» (1 Salon. 1:9). Bizim Allahımız gerçək Varlıqdır və Ona qulluq edən insanların rifahı üçün çalışır. O, keçmişdə xidmətçilərinə dayaq olub, bu gün də dayaq olur. Tezliklə yer üzündə olacaq ən böyük müsibətlə üzləşəcəyik, amma bu zaman tək olmayacağıq (Əşy. 41:10). Buna görə də biz cəsarətlə deyə bilərik: «Yehova dayağımdır, əsla qorxmaram» (İbr. 13:5, 6).

NƏĞMƏ 3 Yehova gücümüz, ümidimiz, güvənc yerimiz