Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

Zəbur 12:7 ayəsindəki «onları qoruyacaqsan» sözləri «məzlumlar»a (5-ci ayə) aiddir, yoxsa «Yehovanın sözləri»nə (6-cı ayə)?

Kontekstdən görmək olar ki, bu ayədə söhbət insanlardan gedir.

Zəbur 12:1—4 ayələrində deyilir ki, «vəfalı adam bəşər oğulları arasından yoxa çıxıb». Daha sonra Zəbur 12:5—7 ayələrində belə sözlər yazılıb:

«Yehova deyir: “Budur, ayağa qalxıram,

Çünki məzlumlar sıxışdırılır, yoxsullar ah-nalə edir,

Onları həqarət edənlərdən qoruyacağam”.

Yehovanın sözləri safdır,

Gil kürədə əridilmiş, yeddi dəfə saflaşdırılmış gümüşə bənzər.

Ey Yehova, Sən Özün onları qoruyacaqsan,

Hər birini bu nəsildən əbədilik hifz edəcəksən».

5-ci ayədə Yehovanın məzlumlarla bağlı atacağı addımlar yazılıb: Yehova onları qoruyacaq.

6-cı ayədə isə qeyd olunur ki, «Yehovanın sözləri safdır» və «saflaşdırılmış gümüşə» bənzəyir. Yehovanın xidmətçiləri bu fikirlə tamamilə razıdır (Zəb. 18:30; 119:140).

İndi isə növbəti ayəyə, Zəbur 12:7 ayəsinə fikir verin: «Ey Yehova, Sən Özün onları qoruyacaqsan, hər birini bu nəsildən əbədilik hifz edəcəksən». «Onlar» sözü nəyə və ya kimə aiddir?

7-ci ayədən əvvəl «Yehovanın sözləri»ndən danışıldığı üçün bəziləri hesab edir ki, «onlar» deyiləndə Allahın sözləri nəzərdə tutulur. Bilirik ki, Yehova doğrudan da Öz Kəlamını — Müqəddəs Kitabı qoruyub, halbuki əleyhdarların onu məhv etmək, həmçinin oxunmasına və tərcümə olunmasına qadağa qoymaq cəhdləri az olmayıb (Əşy. 40:8; 1 But. 1:25).

Amma 5-ci ayədə yazılan sözlər də doğrudur. Yehova «məzlumlar»ı, «ah-nalə» edənləri qoruyur və qoruyacaq (Əyy. 36:15; Zəb. 6:4; 31:1, 2; 54:7; 145:20).

Bəs onda 7-ci ayədəki «onlar» sözü nəyə və ya kimə aiddir?

Bu məzmurun məzmunundan görmək olar ki, «onlar» sözü insanlara aiddir.

Zəbur 12:1, 2 ayələrində Davud insanların çox sədaqətsiz, nadürüst olduğunu deyir və bunun həm ona, həm də başqalarına əzab verdiyini qeyd edir. Növbəti ayələrdə oxuyuruq ki, Yehova nalayiq danışan insanlara qarşı qalxacaq. Məzmurda yazılanlar bizdə Yehovanın xalqını qoruyacağına etibar yaradır, çünki Onun sözləri safdır.

Deməli, 7-ci ayədə Yehovanın «onları», yəni zülm çəkən məzlumları pis insanların əlindən qoruyacağı deyilir.

Bu ayədəki «onları» sözü ibrani dilində olan Masoret mətnində də əks olunur. Yunan dilində olan Septuagintada 7-ci ayədə iki dəfə «bizi» sözü işlənir. Bu da göstərir ki, burada söhbət pis insanların sıxışdırdığı Yehovanın sadiq bəndələrindən gedir. Son dəlil olaraq 7-ci ayədəki fikri qeyd etmək olar. Orada deyilir ki, Yehova «hər bir» sadiq xidmətçisini «bu nəsildən», yəni azğınlıq edən insanlardan qoruyacaq (Zəb. 12:7, 8). Arami tarqumlarında 7-ci ayənin ilk hissəsi belə səslənir: «Sən, ya Rəbb, salehi qoruyacaqsan, onları bu şər nəsildən əbədilik hifz edəcəksən». Bu da bir daha sübut edir ki, Zəbur 12:7 ayəsində söhbət Allahın sözlərindən getmir.

Xülasə, bu ayədə «sadiq adam»lar üçün ümid var: Allah onların naminə hərəkətə keçəcək.