Kontentə keç

Mündəricatı göstər

Gəlin qonaqpərvər olaq!

Gəlin qonaqpərvər olaq!

«Bir-birinizə deyinmədən qonaqpərvərlik göstərin» (1 BUT. 4:9).

NƏĞMƏ: 100, 87

1. Birinci əsrdəki məsihilər hansı çətinliklərlə üzləşirdilər?

HƏVARİ Butrus 62—64-cü illər arası «Pont, Qalatiya, Kappadokiya, Asiya və Bitiniyaya səpələnmiş qəriblərə» məktub yazmışdı (1 But. 1:1). Fərqli mədəniyyətlərdən olan bu bacı-qardaşların ruhlanmağa və məsləhətə ehtiyacı var idi. Onlar güclü təqiblərə və təhqirlərə məruz qalmışdılar. Butrusun məktubdakı «hər şeyin sonu yaxındır» sözlərindən aydın olur ki, «odlu-alovlu sınaqlar»dan keçən bu dindaşlarımız, həmçinin çox gərgin bir vaxtda yaşayırdılar. O dəhşətli günə, Yerusəlimin dağılacağı vaxta haradasa on il qalmışdı. Müxtəlif ərazilərdə yaşayan məsihilərə bu keşməkeşli dövrdə möhkəm qalmaq üçün kömək lazım idi (1 But. 4:4, 7, 12).

2, 3. Nəyə görə həvari Butrus məsihiləri qonaqpərvər olmağa səsləyirdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

2 Butrus məktubunda bir sıra məsləhətlərlə yanaşı bacı-qardaşları bir-birinə qonaqpərvərlik göstərməyə səsləyirdi (1 But. 4:9). «Qonaqpərvərlik» kimi tərcümə olunan yunan sözü «qəriblərə məhəbbət və ya xeyirxahlıq» mənasını daşıyır. Diqqət yetirin ki, həvari məsihiləri yadlara yox, bir-birinə, neçə vaxtdır tanıdıqları, ünsiyyət etdikləri insanlara qonaqpərvərlik göstərməyə təşviq edirdi. Görəsən, bunun onlara hansı köməyi dəyə bilərdi?

3 Qonaqpərvərlik onları bir-birinə yaxın, mehriban edəcəkdi. Yəqin, qonaqpərvərliyin bu cür müsbət təsir göstərdiyini siz də öz təcrübənizdən görmüsünüz. Məsələn, yadınıza salın, kimsə sizi evinə qonaq çağıranda sizə necə xoş olmuşdu. Təbii ki, bu qonaqlıqdan qalan xoş xatirələrin də öz yeri var. Ola bilsin, yığıncaqdan kimisə qonaq çağırandan sonra onunla münasibətinizin necə yaxşılaşdığı yadınıza düşür. Bəli, qonaqpərvərlik göstərmək bir-birimizi yaxından tanımağın ən gözəl yoludur. Həvari Butrusun dövründə yaşayan məsihilər bir-birinə yaxın olmalı idilər, çünki vəziyyət getdikcə ağırlaşırdı. Bu, bizə də aiddir, axı biz də axırzaman kimi ağır bir vaxtda yaşayırıq (2 Tim. 3:1).

4. Bu məqalədə hansı suallar nəzərdən keçiriləcək?

4 İndi isə gəlin görək bacı-qardaşlara qonaqpərvərlik göstərmək üçün hansı fürsətlərimiz var? Bizə qonaqpərvərlik göstərməyə əngəl olan maneələri necə aşa bilərik? Və bizi qonaq çağırıblarsa, necə davranmalıyıq?

QONAQPƏRVƏRLİK ÜÇÜN FÜRSƏTLƏR

5. Görüşlərimizdə qonaqpərvərliyi necə göstərə bilərik?

5 Görüşlərimizdə. Yehova Allah və Onun təşkilatı bizi hər həftə ibadət görüşlərinə, ruhani süfrəyə qonaq çağırır. Biz də görüşlərə gələn digər qonaqları xoş qarşılamağa çalışırıq (Rom. 15:7). Yeni qonaqları qarşılamaqla isə biz bir növ Yehova ilə birgə ev sahibliyi etmiş oluruq. Odur ki, gəlin yığıncağa təzə gələn hər kəsə, üst-başına, geyim-keciminə fərq qoymadan «xoşgəldin» deyək (Yaq. 2:1—4). Görsək ki, hələ heç kim onlara yaxınlaşmayıb öz yanımızda oturmağı təklif edə bilərik. Onlara görüşün gedişatı ilə bağlı məlumat versək, ayələr oxunanda izləməyə kömək etsək, sözsüz ki, onlara xoş olar. Bu, «qonaqpərvər olun» məsləhətinə əməl etmək üçün gözəl bir fürsətdir (Rom. 12:13).

6. Evimizin istəkli qonaqları kimlər olmalıdır?

6 Qəlyanaltıya və ya yeməyə dəvət edin. Peyğəmbərlərin dövründə qonağa süfrə açmaq qonaqpərvərlik əlaməti idi. Kiminləsə duz-çörək kəsmək dostluğa və mehribançılığa dəvət sayılırdı (Yar. 18:1—8; Hak. 13:15; Luka 24:28—30). Bəs bizim evimizin, süfrəmizin istəkli qonaqları kimlər olmalıdır? Təbii ki, yığıncağımızdakı bacı-qardaşlar, həyatımızın ayrılmaz hissəsi olan dindaşlarımız. Axı dar günümüzdə bizə bir-birimizdən savayı heç kim dayaq olmayacaq. Biz onlarla dost olmalı, mehriban münasibət saxlamalıyıq. Yeri düşmüşkən, 2011-ci ildə Rəhbərlik Şurası ABŞ-dakı Beyteldə maraqlı bir dəyişiklik etmişdi. «Gözətçi qülləsi» müzakirəsinin vaxtını 18:45-dən 18:15-ə keçirmişdi. Bilirsiniz niyə? Elanda deyilmişdi ki, görüş bir az tez bitdiyi üçün beytellilərə bir-birini qonaq çağırmaq daha rahat olar. Sonra digər filiallar da bu görüşü eyni qayda ilə keçirməyə başladı. Bunun sayəsində beytellilər bir-birinə daha yaxın olublar.

7, 8. Yığıncağımıza məruzə söyləməyə gələn qardaşlara necə qonaqpərvərlik göstərə bilərik?

7 Yığıncağımızda məruzə ilə çıxış edən qardaşları, rayon nəzarətçisini və ara-sıra filial nümayəndəsini görmək bizə çox xoş olur. Bu ziyarətlər onlara qonaqpərvərlik göstərmək üçün əla fürsətdir. (3 Yəhya 5—8 ayələrini oxuyun.) Bu fürsətdən istifadə edib onları yüngül qəlyanaltıya və ya yeməyə dəvət etmək olar.

8 ABŞ-da yaşayan bir bacı deyir: «Uzun illər yoldaşımla mən yığıncağımızda məruzə deyən qardaşları və həyat yoldaşlarını evimizdə qonaq etmişik. Hər qonaqlıq çox xoş və şən keçib, ən əsası isə bu görüşlər bizim imanımızı möhkəmləndirib. Buna görə qətiyyən peşman deyilik».

9, 10. a) Kimləri evimizdə qonaq qalmağa dəvət edə bilərik? b) Şəraiti zəif olan bacı-qardaşlar da qonaqpərvərlik göstərə bilərmi? Misal çəkin.

9 Qonaq qalmağa dəvət edin. Qədimdə qonaqpərvərliyə, həmçinin qonaq üçün evdə yer ayırmaq da daxil idi (Əyy. 31:32; Flm. 22). Bizim dövrdə də, bəzən buna ehtiyac yaranır. Məsələn, rayon nəzarətçiləri yığıncaqları ziyarət edəndə onlara qalmaq üçün yer lazım olur. Teokratik məktəblərdə təlim alan bacı-qardaşlar və tikintidə iştirak edən könüllülər də bu cür qayğıya ehtiyac duyur. Bu cür qonaqpərvərliyi, xüsusilə təbii fəlakət nəticəsində evsiz-eşiksiz qalan dindaşlarımıza göstərmək lazımdır. Öz evləri təmir olunana kimi onlarla evimizi paylaşa bilərik. Biz düşünməməliyik ki, bu, ancaq yaxşı ev-eşiyi olanların öhdəsinə düşür. Yəqin onlar artıq dəfələrlə bunu ediblər. Biz şəraiti zəif olan dindaşlarımızı da ehtiyacı olanlara evlərinin qapısını açmağa səsləyirik.

10 Cənubi Koreyadan olan bir qardaş teokratik məktəblərdə oxuyan bacı-qardaşların onlarda qaldığı vaxtları xatırlayaraq yazmışdı: «Təzə-təzə mən çox sıxılırdım. Çünki həm təzə evlənmişdik, həm də evimiz çox balaca idi. Amma bu bacı-qardaşları qonaq etməyimiz bizim gənc ailəyə çox şey öyrətdi. Bizdə qalan ər-arvadların timsalında görürdük ki, Yehovaya birgə xidmət etmək, birgə ruhani məqsədlərə can atmaq ailəni necə xoşbəxt edir».

11. Nəyə görə yığıncağımıza təzə keçənlərə qonaqpərvərlik göstərməliyik?

11 Yığıncağınıza yeni keçənlər. Ola bilsin, sizin yığıncaqda başqa yığıncaqdan keçən bacı-qardaşlar var. Onlardan bəziləri yəqin ki, təbliğçilərə ehtiyac olduğu üçün keçib. Bəlkə də onların arasında yığıncağınıza kömək məqsədilə göndərilən öncüllər də var. Bu bacı-qardaşlar həyatlarında çox şey dəyişməli olublar. İndi onlar üçün çox şey yenidir: ərazi, yığıncaq, hətta, ola bilsin, dil və mədəniyyət də. Gəlin onlara kömək əlimizi uzadaq: onları qəlyanaltıya, yeməyə və ya gəzintiyə dəvət edək. Bu, onlara yeni dostlar qazanmağa və yeni şəraitə öyrəşməyə kömək edəcək.

12. Hansı hadisədən görünür ki, qonaqpərvərlik göstərmək üçün çox şey lazım deyil?

12 Qonaqpərvər olmaq üçün təmtəraqlı süfrə açmağa ehtiyac yoxdur. (Luka 10:41, 42 ayələrini oxuyun.) Bunu bir qardaşın sözlərindən görmək olar. Həyat yoldaşı ilə birgə xüsusi təyinatlı müjdəçi kimi xidmət etdiyi ilk günləri xatırlayaraq qardaş deyir: «Onda biz çox cavan və təcrübəsiz idik. Ailəmiz üçün də çox darıxırdıq. Bir axşam arvadım o dərəcədə darıxırdı ki, nə etsəm, kefini aça bilmirdim. Haradasa saat səkkizin yarısı olardı qapımız döyüldü. Qapını açanda gördük ki, Müqəddəs Kitabı öyrənən bir qadın əlində üç ədəd portağal qapının ağzında durub. O, bizimlə salamlaşmağa gəlmişdi. Onu içəri dəvət etdik. Əvvəlcə ona bir stəkan su verdik. Sonra çay dəmlədik, isti şokolad düzəltdik. Lakin bir problem var idi, nə biz suahili dilini bilirdik, nə o, ingilis dilini. Amma bu hadisə yığıncaqda gözəl dostlar qazanmağımıza təkan oldu».

MANEƏLƏRİ AŞAQ

13. Qonaqpərvər olmağın hansı faydaları var?

13 Bəzi insanlar qonaq çağırmağa çəkinir. Amma bununla onlar özlərini xoş ünsiyyətdən, ömürlük dostlar qazanmaq fürsətindən məhrum edirlər. Qeyd edək ki, qonaqpərvərlik tənhalığa qarşı ən güclü dərmandır. Bəs bəzilərinə qonaq çağırmağa mane olan nədir? Səbəblər müxtəlifdir.

14. Əgər qonaq çağırmamağa səbəb vaxtımızın və gücümüzün məhdud olmasıdırsa, vəziyyəti necə düzəldə bilərik?

14 Vaxtın və gücün azlığı. Düzdür, Yehovanın xidmətçiləri çox məşğul insanlardır və çiyinlərində çoxlu məsuliyyət yükü daşıyırlar. Bu səbəbdən bəziləri qonaq çağırmaq üçün vaxtının və gücünün olmadığını deyə bilər. Əgər sizdə də vəziyyət bu yerdədirsə, yaxşı olardı, öz gündəlik cədvəlinizi nəzərdən keçirəsiniz. Qonaq getmək, qonaq çağırmaq üçün vaxtınız və gücünüz olsun deyə, ola bilsin, cədvəlinizdə müəyyən dəyişiklik etmək lazım gəlsin. Bu cür şeylərə vaxt ayırmaq heç də qəbahət deyil, əksinə bu çox vacibdir. Çünki Allahın Kəlamı məsihiləri qonaqpərvər olmağa səsləyir (İbr. 13:2). Ola bilsin, bunun üçün az əhəmiyyətli işlərə ayırdığınız vaxtdan kəsməli olacaqsınız.

15. Bəzi məsihiləri qonaq çağırmaqla bağlı hansı fikir narahat edir?

15 Özümüzlə bağlı mənfi fikirlər. Elə olubmu ki, kimisə qonaq çağırmaq istəmisiniz, amma bunu bacarmayacağınızı düşünüb fikrinizdən daşınmısınız? Ola bilsin, səbəb utancaq olmağınızdır və ya fikirləşirsiniz ki, sizinlə ünsiyyət etmək qonaqlara darıxdırıcı olacaq. Yaxud da əliniz aşağı olduğundan qonaqları yığıncaqdakı digər bacı-qardaşlar kimi qarşılaya bilməyəcəyinizi düşünmüsünüz. Ev məsələsinə gəldikdə isə, əsas evin təmtərağı deyil, onun təmiz və rahat olmasıdır.

16, 17. Qonaq çağırmaqla bağlı narahatlığı nə azalda bilər?

16 Qonaq çağırmaqla bağlı narahatlıq keçirən tək siz deyilsiniz. Gəlin görək, Britaniyadan olan bir ağsaqqal bu barədə nə deyir: «Qonaq çağıranda insanı ən çox həyəcana salan hazırlıq prosesi olur. Yehovaya xidmətlə bağlı istənilən məsələdə olduğu kimi, bu məsələdə də əldə olunan fayda və məmnunluq o həyəcanı unutdurur. Mənə qonaqlarla bir yerdə oturub sadəcə kofe içib söhbət etmək də sevinc gətirir». Sizə bir məsləhət verək: qonağınıza diqqət və qayğı göstərin, o, sizdən yüz faiz razı qalacaq (Filip. 2:4). Demək olar, hamı öz həyatını danışmağı sevir. Odur ki, qonaqlıqlar bacı-qardaşların həyat hekayəsini dinləmək üçün gözəl imkandır. Bir ağsaqqal qardaş yazmışdı: «Yığıncaqdakı dost-tanışları evə qonaq çağırmaq mənə onları daha yaxşı başa düşməyə kömək edir, həmçinin onları daha yaxından tanımaq, xüsusilə də həqiqətə necə gəldiklərini öyrənmək üçün gözəl imkan yaradır». Bəli, məhəbbət və diqqət hər bir qonağı məmnun edən xüsusiyyətdir.

17 Teokratik məktəblərdə təlim alan bacı-qardaşları evində qonaq edən bir bacı deyir: «Düzü, əvvəl-əvvəl evimdə qonaq qəbul eləməyə utanırdım. Çünki evim kasıbyana, mebellərim işlənmiş idi. Bu məktəblərin birində dərs deyən bir qardaşın həyat yoldaşının sözləri mənə rahatlıq verdi. O dedi ki, həyat yoldaşı ilə birlikdə səyyar xidmətdə olanda yadlarında qalan ən gözəl həftələr ruhani cəhətdən yetkin bacı-qardaşların evində keçirdikləri həftələr olub. Bu bacı-qardaşlar varlı deyildilər, amma əsas o idi ki, onların məqsədləri bizimki ilə üst-üstə düşürdü: onlar Yehovaya xidmət etməyə və sadə yaşamağa çalışırdılar. Bacının bu sözləri, bir vaxtlar anamın dediyi sözləri yadıma saldı. O deyərdi: “Məhəbbət olan yerdə tərəvəz yemək daha yaxşıdır”» (Məs. 15:17). Gördüyümüz kimi, qonaq çağıranda narahat olmağa dəyməz. Qonağınızın razı qalmasını istəyirsinizsə, ona məhəbbət göstərin.

18, 19. Qonaqpərvərlik kiminsə haqqında yaranan mənfi fikri aradan qaldırmağa necə kömək edir?

18 Kiməsə qarşı yaranan mənfi fikir. Yığıncağınızda hərəkətləri ilə sizi qıcıqlandıran insan varsa, ona münasibətinizi düzəltməyə çalışın, əks halda bu hisslər dərinləşə bilər. Yəqin ki, həmin insanın xasiyyətini bəyənmədiyiniz üçün onu qonaq çağırmaq istəməyəcəksiniz. Daha bir səbəb o ola bilər ki, dindaşınız vaxtilə sizin xətrinizə dəyib və siz onun bu hərəkətini unuda bilmirsiniz.

19 İnsanlarla, hətta düşmənlərimizlə münasibətlərimizi yaxşılaşdırmaq üçün Müqəddəs Kitab bizi qonaqpərvər olmağa səsləyir. (Məsəllər 25:21, 22 ayələrini oxuyun.) Kiminləsə aranızda soyuqluq və gərginlik varsa, onu qonaq çağırmaqla münasibəti düzəltmək olar. Beləcə, həmin insanın gözəl cəhətlərini kəşf edə bilərsiniz, o cəhətləri ki, Yehova bu insanda görüb onu həqiqətə cəlb edib (Yəh. 6:44). Sizdən qonaqpərvərlik gözləməyən insanlara məhəbbət göstərib onları qonaq çağırmaq gözəl münasibətlərin başlanğıcı ola bilər. Bəs necə edək ki, bizi qonaq çağırmağa təşviq edən məhz məhəbbət olsun? Bunun bir üsulu Filippililərə 2:3 ayəsindəki «təvazökar olub başqalarını özünüzdən üstün sayın» məsləhətinə əməl etməkdir. Bunun sayəsində bacı-qardaşların müəyyən sahələrdə, məsələn iman, dözüm, cəsarət və sair xüsusiyyətlər göstərməkdə bizdən üstün olduğunu görəcəyik. Nəticədə, onlara məhəbbətimiz artacaq və təşkil etdiyimiz qonaqlıq səmimi ab-havada, münasibətlərə müsbət təsir edən şəkildə keçəcək.

YAXŞI QONAQ OLAQ

Adətən, ev sahibi qonağın gəlişi üçün müəyyən hazırlıqlar görür (20-ci abzasa baxın)

20. Bir qonaq kimi ev sahibini necə razı sala bilərik?

20 Davud peyğəmbər Allaha belə sual etmişdi: «Ey Yehova, çadırında kim mehman olar?» (Zəb. 15:1). Sonra o, Allahın Öz evində mehman olmağa layiq gördüyü insanlara xas xüsusiyyətləri sadalamışdı. Onlardan biri sözünün ağası olmaqdır. Zəbur 15:4 ayəsində bu barədə deyilir: «Zərərinə olsa belə, əhdindən dönməz». Kiməsə qonaq gələcəyimizə söz vermişiksə, ciddi səbəb olmadan getməmək düzgün deyil. Yəqin ki, bizi qonaq çağıran adam artıq hazırlıq görüb, getməməklə onun zəhmətini puç etmiş oluruq (Mət. 5:37). Bəziləri daha yaxşı hesab etdikləri qonaqlığa getmək üçün, əvvəl qəbul etdikləri dəvətə sonradan «yox» deyirlər. Bu, heç də sevgi və hörmətdən xəbər vermir. Əslində, bizi qonaq çağıran adama minnətdar olmalı və nə təklif etsə, ona qane olmalıyıq (Luka 10:7). Ciddi səbəbdən irəli gələrək qonaqlığa gedə bilmiriksə, yaxşı olardı, ev sahibinə məhəbbət və hörmət göstərib bu barədə mümkün qədər tez xəbər verək.

21. Nəyə görə qonaq gedəndə yerli adət-ənənələri nəzərə almalıyıq?

21 Qonaq gedəndə yerli adət-ənənələri də nəzərə almaq vacibdir. Bəzi xalqlarda gözlənilməyən qonaq xoş qarşılanır, bəzilərində isə qonaq gedəndə mütləq xəbər vermək lazımdır. Elə ərazilər var ki, yeməyin ən yaxşı hissəsi qonaq üçün çəkilir, başqa ərazilərdə isə bu məsələdə ev yiyəsi də, qonaq da eyni tutulur. Bəzi bölgələrdə qonaqlığa əlidolu getmək adəti var, digərlərində isə, əksinə, qonaq heç nə gətirməyəndə ev yiyəsi məmnun qalır. Bəzi mədəniyyətlərdə belə bir adət var ki, kimsə səni qonaq çağıranda dərhal razılaşmaq olmaz, bir-iki dəfə nəzakətlə imtina etmək lazımdır. Bəzilərində isə bu, hörmətsizlik kimi qəbul olunur. Gəlin yerli adət-ənənələri nəzərə alaq ki, bizi qonaq çağıran adam bizdən razı qalsın.

22. Nəyə görə bir-birimizə qonaqpərvərlik göstərmək olduqca vacibdir?

22 Həvari Butrus yazmışdı: «Hər şeyin sonu yaxındır» (1 But. 4:7). Hazırda bu son daha da yaxındır. Tezliklə bəşər tarixində görünməmiş müsibət olacaq. Şeytan dünyasının məhvə doğru irəlilədiyi bu dövrdə biz məsihilər bir-birimizi güclü məhəbbətlə sevməliyik. Odur ki, həvari Butrusun «bir-birinizə... qonaqpərvərlik göstərin» məsləhətinə əməl etmək bu gün qabaqkı dövrlərə nisbətən daha vacibdir (1 But. 4:9). Bəli, biz həmişə, həm bu gün, həm də Cənnətdə bir-birimizə qonaqpərvərlik göstərməliyik.