Kontentə keç

Mündəricatı göstər

Övladınızı vəftiz olmağa təşviq edin

Övladınızı vəftiz olmağa təşviq edin

«Nə gözləyirsən? Dur, vəftiz ol» (HƏV. 22:16).

NƏĞMƏ: 51, 135

1. Məsihi valideynlər uşaqları vəftiz olmazdan öncə nəyə əmin olmağa çalışırlar?

«MƏN vəftiz olmaq istəyirdim. Bir neçə ay gedib-gəlib bu istəyimi valideynlərimə bildirirdim. Onlar tez-tez mənimlə bu haqda söhbət edir, bu qərarın nə qədər ciddi olduğunu başa düşüb-düşmədiyimə əmin olmaq istəyirdilər. Nəhayət ki, 1934-cü il dekabr ayının 31-i bu əlamətdar an yetişdi: mən vəftiz oldum». Blossom Brant bacı vəftiz olmağa qərar verəndə baş verənləri bu cür təsvir etmişdi. Bu gün də məsihi valideynlər övladlarına bu sahədə düzgün qərar verməyə kömək edir. Vəftizi səbəbsiz yerə təxirə salmaq və ya gecikdirmək ruhani cəhətdən problemlərə səbəb ola bilər (Yaq. 4:17). Hikmətli valideyn, eyni zamanda, övladı vəftiz olmazdan əvvəl əmin olmağa çalışır ki, o, Məsihin şagirdi olmaq məsuliyyətini üzərinə götürməyə hazırdır ya yox.

2. a) Rayon nəzarətçiləri nə ilə bağlı narahatlıqlarını bildirirlər? b) Bu məqalədə hansı mövzu müzakirə olunacaq?

2 Rayon nəzarətçilərindən bir neçəsi bəzi gənclərlə bağlı narahatlıqlarını bildirmişdilər. Bu narahatlığa səbəb həmin gənclərin məsihi ailəsində böyüməsinə, yeniyetmə yaşda, hətta 20—25 yaşlarında olmasına baxmayaraq, hələ də vəftiz olmamasıdır. Bu gənclərin çoxu ibadət görüşlərinə gəlir, təbliğ edir, hətta özlərini Yehovanın Şahidi hesab edirlər. Amma nəyə görəsə həyatlarını Yehovaya həsr edib vəftiz olmağa tərəddüd edirlər. Görəsən, səbəb nədir? Bəzən səbəb övladını vəftizi sonraya saxlamağa təhrik edən valideynlər olur. Məqalədə bu valideynləri uşaqlarını vəftizə həvəsləndirməkdən saxlayan dörd səbəb araşdırılacaq.

«BƏLKƏ, BİR AZ DA BÖYÜSÜN?»

3. Blossom bacının valideynlərini narahat edən nə idi?

3 Blossom bacının valideynlərini narahat edən yaş məsələsi idi: qızları vəftizin mahiyyətini və bu qərarın ciddiliyini başa düşəcək yaşdadırmı? Gəlin görək valideynlər necə müəyyən edə bilər uşaqları vəftiz olmağa hazırdır ya yox.

4. İsa Məsihin Mətta 28:19, 20 ayələrində yazılmış əmri valideynlərə necə kömək edə bilər?

4 Mətta 28:19, 20 ayələrini oxuyun. Əvvəlki məqalədə qeyd olunduğu kimi, vəftiz olmaq istəyənlər üçün Müqəddəs Kitabda konkret yaş tələbi yoxdur. Amma şagird hazırlamaq işinin mənası barədə düşünməyin valideynlərə böyük köməyi edə bilər. Mətta 28:19 ayəsindəki «şagird hazırlayın» ifadəsi yunan dilində kimisə Məsihin davamçısı kimi yetişdirmək məqsədilə öyrətmək mənasını daşıyır. Şagird İsanın təlimlərini öyrənən, mənasına varan və onlara uyğun yaşamağa qərarlı olan insana deyilir. Belə nəticəyə gəlirik ki, bütün məsihi valideynlər ta körpəlikdən uşaqlarını Məsihin vəftiz olunmuş davamçısı kimi yetişdirmək məqsədilə onlara təlim verməlidirlər. Düzdür, körpə uşaq vəftizə yararlı sayılmır, amma kiçik yaşda belə, uşaq Müqəddəs Kitab həqiqətlərini dərk edə və sevə bilər.

5, 6. a) Müqəddəs Kitabda Timuti barədə yazılan məlumat onun vəftizi haqqında nəyi açıqlayır? b) Uzaqgörən valideyn övladına kömək edəndə nəyi nəzərə alacaq?

5 Timuti həqiqəti gənc yaşlarından mənimsəyən şagirdlərdən olub. Həvari Bulus Timutinin Müqəddəs Yazıları körpəlikdən bildiyini qeyd etmişdi. Timutinin atası Yehovaya ibadət etməsə də, anası ilə nənəsi ona Allahın Kəlamına məhəbbət aşılamışdılar. Bunun sayəsində Timuti möhkəm iman sahibi olmuşdu (2 Tim. 1:5; 3:14, 15). Artıq 20 yaşlarında o, yığıncaqda xüsusi tapşırıqlar yerinə yetirməyə yararlı bir şagird idi (Həv. 16:1—3).

6 Hər uşaq özünəməxsus olduğu üçün uşaqların hamısında yetkinləşmə prosesi eyni sürətlə getmir. Bəzi uşaqlar çox gənc yaşlarında əqli və emosional cəhətdən müəyyən dərəcədə yetkinləşir və vəftiz olmağa qərar verir. Bəzilərinə isə bu addımı atmaq üçün bir az böyümək lazım gəlir. Uzaqgörən valideyn bu məqamları nəzərə alıb uşağına vəftiz olmaq üçün təzyiq göstərməyəcək. Əksinə, köməklik göstərəcək ki, hər uşaq öz inkişaf prosesinə uyğun ruhani addımlar atsın. Sözsüz ki, valideyn uşağının ağılla davrandığını görəndə çox sevinir. (Məsəllər 27:11 ayəsini oxuyun.) Eyni zamanda valideyn əsas məqsədi nəzərdən qaçırmamalıdır: məqsəd uşağı Məsihin davamçısı kimi yetişdirməkdir. İndi isə gəlin məsihi valideynlərdə yaranan başqa bir sualın üzərində dayanaq: «Uşağımın biliyi həyatını Yehovaya həsr edəcək və vəftiz olacaq dərəcədədirmi?»

«GÖRƏSƏN, BİLİYİ KİFAYƏT QƏDƏRDİRMİ?»

7. Vəftiz olmaq üçün insan Müqəddəs Kitabdakı təlimləri xırdalığına kimi bilməlidirmi? İzah edin.

7 Təbii ki, övladının Müqəddəs Kitab müəllimi olan valideyn onun möhkəm biliyə yiyələnməsini istəyir. Çünki bu bilik uşağı həyatını Yehovaya həsr etməyə təşviq edə bilər. Amma bu o demək deyil ki, vəftiz olmaq üçün uşaq Müqəddəs Kitabdakı təlimləri xırdalığına kimi bilməlidir. Əslində, Məsihin bütün davamçıları vəftiz olandan sonra da dəqiq bilik almağa davam etməlidirlər. (Koloslulara 1:9, 10 ayələrini oxuyun.) Onda gəlin görək vəftizə qədər insanın biliyi nə qədər olmalıdır.

8, 9. Həvari Bulusla dustaqxana gözətçisinin əhvalatından nə öyrənirik?

8 Birinci əsrdə bir ailədə baş vermiş hadisənin məsihi valideynlərə köməyi dəyə bilər (Həv. 16:25—33). Həvari Bulus eramızın təxminən 50-ci ilində Filippiyə təbliğ səyahətinə gedəndə orada onu və onun təbliğ əməkdaşı Silanı saxta ittihamlar əsasında həbs etdilər. Gecəyarısı güclü zəlzələ başladı. Zəlzələdən həbsxananın bünövrəsi titrədi və bütün qapılar taybatay açıldı. Həbsxana gözətçisi dustaqların qaçdığını zənn edib özünə qəsd etmək istəyirdi. Bu dəm həvari Bulus gözətçini səsləyib ona mane oldu. Sonra Bulusla Sila bu kişiyə və onun ailəsinə ətraflı şəhadət verdilər. Gözətçi və ailəsi İsa Məsih haqqında öyrəndikləri biliyin dəyərini dərk edərək dərhal vəftiz oldular. Bu hadisə bizə nə öyrədir?

9 Ehtimal ki, dustaqxana gözətçisi istefada olan Roma zabiti idi və Müqəddəs Yazılarla tanış deyildi. Odur ki, ona Müqəddəs Kitabdan təməl bilikləri öyrənmək, Yehovanın Öz xidmətçilərindən nə tələb etdiyini bilmək və Məsihin təlimlərinə itaət etmək lazım idi. Qısa müddət ərzində öyrəndiyi əsas biliklər onu vəftiz olmağa təşviq etdi. Sözsüz ki, o, vəftiz olandan sonra da bilik almağa davam etmişdi. Övladınız sizə Yehovaya sevgidən və Ona itaət etmək istəyindən irəli gələrək vəftiz olmaq istədiyini bildirəndə bu hadisədən nəticə çıxararaq necə davranacaqsınız? Ola bilsin, uşağa ağsaqqallara yaxınlaşmağı məsləhət görəcəksiniz ki, övladınızın vəftizə yararlı olub-olmadığını onlar müəyyən etsin *. Təbii ki, vəftizdən sonra bütün vəftiz olmuş məsihilər kimi, o da bütün ömrü boyu, hətta əbədiyyən Yehova Allah haqqında bilik almağa davam edəcək (Rom. 11:33, 34).

«BƏLKƏ, ƏVVƏLCƏ ALİ TƏHSİL ALIB HƏYATDA UĞUR QAZANSIN?»

10, 11. a) Bəzi valideynlər uşaqlarının gələcəyi ilə bağlı hansı nəticəyə gəlir? b) Valideyn əvvəlcə nəyi nəzərə almalıdır?

10 Bəzi valideynlər düşünür ki, uşağı ali təhsil alıb karyera qurandan sonra vəftiz olsa, daha yaxşı olar. Bu valideynlər uşaqlarının yaxşılığını fikirləşdikləri üçün belə nəticəyə gəlirlər. Amma demək olarmı ki, bu cür məqsədlər onların övladına həyatda əsl uğuru qazanmağa kömək edəcək? Ən əsası, bu məqsədlər Müqəddəs Kitabda yazılanlarla üst-üstə düşürmü? Allahın Kəlamı bu məsələ ilə bağlı nə məsləhət görür? (Vaiz 12:1 ayəsini oxuyun.)

11 Bu məsələdə çox ehtiyatlı olmaq lazımdır, çünki bu dünya və ona aid olan hər şey Yehovanın niyyətinə və fikirlərinə ziddir (Yaq. 4:7, 8; 1 Yəh. 2:15—17; 5:19). Uşağınızın Şeytana, onun dünyasına və allahsız düşüncə tərzinə qarşı ən güclü müdafiəsi Yehova Allahla dostluqdur. Valideynin ali təhsilə, dünyəvi məqsədlərə önəm verməsi uşağı çaşqınlığa sala bilər. O, elə düşünə bilər ki, bu dünyadakı şeylər Yehova ilə münasibətlərdən daha vacibdir. Övladının yaxşılığını istəyən hansı valideyn istəyər ki, uşağının uğura olan baxışını bu dünya formalaşdırsın? Unutmayın, əsl uğura və xoşbəxtliyə nail olmağın yeganə yolu Yehova Allahı həyatda hər bir şeydən üstün tutmaqdır. (Zəbur 1:2, 3 ayələrini oxuyun.)

«BİRDƏN VƏFTİZDƏN SONRA CİDDİ GÜNAH İŞLƏDİ?»

12. Hansı səbəbdən bəzi valideynlər uşaqlarının vəftiz olmasını gecikdirir?

12 Bir vaxtlar qızını vəftiz olmaqdan saxlayan bir məsihi ana bu addımının səbəbini belə izah etmişdi: «Etiraf edim ki, məni qorxudan əsas səbəb yığıncaqdan kənar olunmaq məsələsi idi». Bu bacımız kimi bəzi valideynlər düşünür ki, övladları gəncliyin çılğın illəri ötüb keçəndən sonra vəftiz olsa, daha yaxşı olar (Yar. 8:21; Məs. 22:15). Onlar düşünə bilər ki, uşağım vəftiz olmasa, yığıncaqdan kənar da olmaz. Amma bu çox yanlış düşüncədir. Gəlin görək niyə (Yaq. 1:22).

13. Əgər insan vəftiz olmayıbsa, bu o deməkdirmi ki, o, Yehovanın qarşısında məsuliyyət daşımır? İzah edin.

13 Təbii olaraq, valideyn istəyir ki, uşağı vəftizin ciddiliyini başa düşəcək yaşda həyatını Yehovaya həsr etsin. Amma vəftiz olmadığı üçün uşağın Yehovanın qarşısında məsuliyyət daşımadığını düşünən valideyn özünü aldadır. Çünki insanı Yehovanın qarşısında cavabdeh edən vəftiz deyil. Uşaq Yehovanın gözündə nəyin pis, nəyin yaxşı olduğunu başa düşürsə, artıq Onun qarşısında məsuliyyət daşıyır. (Yaqub 4:17 ayəsini oxuyun.) Bu səbəbdən hikmətli valideyn övladını vəftizdən saxlamaq əvəzinə, ona yaxşı nümunə qoymağa çalışır. O, körpəlikdən uşağına Yehovanın əxlaq qanunlarına sevgi aşılayır (Luka 6:40). Bu sevgi uşağı Yehovanın pak yolundan, Onun saleh qanunlarından kənara çıxmamağa təşviq edir. Bu isə uşaq üçün ən güclü müdafiədir (Əşy. 35:8).

BAŞQALARININ KÖMƏYİ

14. Övladını vəftiz olmağa hazırlayan valideynlərə ağsaqqallar necə kömək edə bilər?

14 Ağsaqqallar ruhani məqsədlər barədə müsbət fikirlər söyləməklə valideynlərə dəstək ola bilər. 70 ildən artıq öncül kimi xidmət edən bir bacı altı yaşı olanda Çarlz Rassel qardaşın onunla etdiyi söhbəti xatırlayaraq deyir: «O, 15 dəqiqə mənimlə ruhani məqsədlərim barədə söhbət etdi». Göründüyü kimi, gözəl və həvəsləndirici sözlər insanın həyatında ömürlük iz qoya bilər (Məs. 25:11). Valideynlərə kömək kimi ağsaqqallar, həmçinin onlara və uşaqlarına ibadət evi ilə bağlı tapşırıqlar verə bilər, məsələn, uşaqlara yaşlarına və bacarıqlarına uyğun iş tapşırmaq olar.

15. Yığıncaq üzvləri gəncləri necə ruhlandıra bilər?

15 Yığıncaqdakı digər bacı-qardaşlar da gənclərlə maraqlanmaqla valideynlərə kömək etmiş olarlar. Gənclərin ruhani cəhətdən yetkinləşdiyini göstərən əlamətləri görəndə tərifləyin. Məsələn, onlar yaxşı hazırlanmış, səmimi şərhlər verəndə, həftəarası görüşlərdə tapşırıqlarla çıxış edəndə, iman sınağından möhkəm çıxanda və məktəbdə təbliğ edəndə tərifləmək münasib olardı. Bunun üçün yaxşı olardı, qarşımıza belə bir məqsəd qoyaq: yığıncaqdan əvvəl və ya sonra gənclərdən biri ilə söhbət edib onunla ürəkdən maraqlanaq. Bunun sayəsində gənclər özlərini yığıncağın bir üzvü kimi hiss edəcək (Zəb. 35:18).

UŞAĞINIZA VƏFTİZ OLMAĞA KÖMƏK EDİN

16, 17. a) Vəftiz olmaq nə dərəcədə vacibdir? b) Bütün məsihi valideynlərə sevinc yaşadan nədir? (Məqalənin əvvəlindəki şəklə baxın.)

16 Övladını «Yehovanın tərbiyəsi və öyüd-nəsihətilə» böyütmək məsihi valideyn üçün böyük şərəfdir (Efes. 6:4; Zəb. 127:3). Qədim İsraildə doğulan uşaqlardan fərqli olaraq, bu gün məsihi ailəsində doğulan uşaqlar anadan olan kimi Allahın həsr olunmuş xalqının bir üzvü olmur. Allaha və həqiqətə sevgi də uşağa qanla keçmir. Uşaq doğulan gündən valideynin məqsədi onu Məsihin şagirdi kimi hazırlamaq və ona həyatını Yehovaya həsr edib vəftiz olmağa kömək etmək olmalıdır. Ən əsası isə həyatı Yehovaya həsr etmək, vəftiz olmaq və sədaqətlə Allaha xidmət etmək böyük müsibətdən sağ çıxmaq üçün vacibdir (Mət. 24:13).

Valideyn övladını Məsihin şagirdi kimi böyütməyi qarşısına məqsəd qoymalıdır (16 və 17-ci abzaslara baxın)

17 Məqalənin əvvəlində adı çəkilən Blossom Brant bacı vəftiz olmağa qərar verəndə valideynləri onun bu vacib addımı atmağa hazır olub-olmadığını müəyyən etmək istəyirdilər. Onlar buna əmin olan kimi qızlarına bu yolda dəstək oldular. Bacının vəftizindən əvvəlki gecə atası çox gözəl bir addım atır. Blossom bacı bu hadisəni belə nəql etmişdi: «Atam hamımızdan dizi üstə oturmağı xahiş etdi. Sonra başladı dua etməyə. O, Yehovaya dedi ki, balaca balam həyatını Sənə həsr etmək istədiyi üçün mən çox sevinirəm». Bu hadisənin üstündən 60 ildən çox vaxt keçib. O günü xatırlayaraq Blossom bacı demişdi: «Əsrlər keçsə də, o gecəni unutmayacağam!» Əziz valideynlər, arzu edirik ki, siz də övladınızın həyatını Yehovaya həsr edərək vəftiz olunduğunu görüb xoşbəxt olasınız!

^ abz. 9 Valideynlərə məsləhət görərdik, «Gənclərin sualları. Praktiki məsləhətlər» kitabının 2-ci cildinin 304—310 səhifələrindəki məlumatı uşaqları ilə birgə araşdırsınlar (türk). Həmçinin «Bizim Padşahlıq Xidmətimiz» vərəqəsinin 2011-ci il aprel sayının 2-ci səhifəsindəki «Suallar qutusu»na baxa bilərsiniz.