Kontentə keç

Mündəricatı göstər

«Tərbiyəyə qulaq asın, ağıllı olun»

«Tərbiyəyə qulaq asın, ağıllı olun»

«Oğullarım,.. tərbiyəyə qulaq asın, ağıllı olun» (MƏS. 8:32, 33).

NƏĞMƏ: 56, 89

1. Hikmətə necə yiyələnə bilərik və bu xüsusiyyətin hansı xeyri var?

YEHOVA ALLAH hikmət sahibidir və O, bu gözəl xüsusiyyəti Öz bəndələri ilə səxavətlə paylaşır. Yaqub 1:5 ayəsi bu haqda belə deyir: «Əgər sizlərdən kiminsə hikməti çatışmırsa, qoy hər kəsə səxavətlə və qınamadan verən Allahdan diləsin». Bu hikmətə sahib olmağın bir yolu Yehovanın verdiyi tərbiyəni qəbul etməkdir. İlahi hikmət bizə əxlaqımızı və ruhaniliyimizi qorumağa kömək edəcək (Məs. 2:10—12). Və bunun sayəsində biz əbədi həyatı gözləyərkən «Allahın məhəbbətindən ayrılma»yacağıq (Yhd. 21).

2. Allahın verdiyi tərbiyəni qiymətləndirməyə bizə nə kömək edə bilər?

2 Təəssüf ki, bəzən günahlı təbiətimiz, aldığımız tərbiyə və digər amillər Yehovanın verdiyi tərbiyəni qəbul etməyə, ona düzgün yanaşmağa mane olur. Amma bu tərbiyənin xeyrini görəndə insan onu qiymətləndirməyə başlayır və Yehovanın sevgisinə əmin olur. Məsəllər 3:11, 12 ayələri bizə nəsihət edir: «Oğlum, Yehovanın tərbiyəsinə xor baxma,.. Yehova... sevdiyi kəsi tənbeh edər». Bəli, Yehova nə edirsə, bizim xeyrimiz üçün edir. (İbranilərə 12:5—11 ayələrini oxuyun.) Allah bizi çox gözəl tanıdığı üçün Onun verdiyi tərbiyə həmişə yerində və lazımi ölçüdə olur. Bu məqalədə tərbiyəyə aid olan dörd amildən, özünütərbiyə, valideyn tərbiyəsi, yığıncaq vasitəsilə verilən tərbiyə və insana cəzadan da böyük acı yaşadan bir məqamdan söhbət açılacaq.

ÖZÜNÜTƏRBİYƏ — HİKMƏTİN GÖSTƏRİCİSİ

3. Uşaqda özünütərbiyə necə inkişaf edir? Nümunə çəkin.

3 Özünütərbiyə — insanın öz davranışını və düşüncəsini müsbət mənada dəyişdirmək, təkmilləşdirmək, formalaşdırmaq üçün öz üzərində məqsədyönlü sürətdə işləməsidir. Bu bacarıq insanda anadangəlmə olmur. Özünütərbiyə tərbiyədən bilavasitə asılı olan təlim prosesidir. Bunu daha aydın başa düşməyə bir nümunə kömək edə bilər: valideyn uşağa velosiped sürməyi öyrədəndə o, yıxılmasın deyə əvvəl-əvvəl əlini velosipeddən çəkmir. Amma görəndə ki, uşaq müəyyən dərəcədə müvazinətini saxlaya bilir arada əlini bir neçə saniyəlik ehmalca velosipeddən çəkir. Uşağın müvazinəti tam qoruduğuna əmin olanda daha velosipeddən tutmur. Eynilə, uşağı körpəlikdən mütəmadi olaraq və səbirli şəkildə «Yehovanın tərbiyəsi və öyüd-nəsihətilə» böyütməklə valideyn ona özünütərbiyə bacarığına və hikmətə yiyələnməyə kömək edir (Efes. 6:4).

4, 5. a) Nəyə görə özünütərbiyə «yeni şəxsiyyət»in ayrılmaz hissəsidir? b) Məcazi mənada «yeddi dəfə yıxılsaq» da, nəyə görə məyus olmamalıyıq?

4 Yuxarıdakı nümunəni Yehova haqda yetkin yaşda öyrənən insanlara da aid etmək olar. Təbii ki, bu insanlarda özünütərbiyə bacarığı müəyyən dərəcədə inkişaf etmişdir. Amma Yehovanın yolunda yeni olan bu insanlar ruhani cəhətdən yetkinləşmə prosesinin hələ başlanğıcında olur. Onlar «yeni şəxsiyyət»ə bürünməyə və Məsihə bənzəməyə çalışmaqla tədricən yetkinliyə doğru irəliləyirlər (Efes. 4:23, 24). Özünütərbiyə bu inkişaf prosesində çox vacib rol oynayır. Nəticədə, insan «allahsızlığı və bu dünyaya xas istəkləri rədd edib bu zəmanədə sağlam düşüncə ilə, salehlik və möminliklə həyat sürməyi» öyrənir (Tit. 2:12).

5 Lakin acı həqiqətdir ki, hər birimiz anadangəlmə günaha meyilliyik (Vaiz 7:20). Amma «yıxılanda», yəni səhvə yol verəndə bizdə özünütərbiyə bacarığının zəif olduğunu, ya da ümumiyyətlə olmadığını düşünməməliyik. Məsəllər 24:16 ayəsində deyilir ki, «saleh yeddi dəfə yıxılar, yenə qalxar». Bəs saleh insana «qalxmağa» nə kömək edir? Təbii ki, o, bunu öz gücünə bacarmaz, o, yalnız Allahın müqəddəs ruhu sayəsində «qalxa» bilər. (Filippililərə 4:13 ayəsini oxuyun.) Bu ruhun bəhrələrindən biri olan özünə hakim olmaq özünütərbiyə ilə sıx bağlıdır.

6. Allahın Kəlamını həvəslə oxumağa bizə nə kömək edə bilər? (Məqalənin əvvəlindəki şəklə baxın.)

6 Özünütərbiyə bacarığını yaxşılaşdırmağa kömək edən amillərin sırasında dua və Müqəddəs Kitabı mütaliə edib düşünmək də vacib yer tutur. Bəs Allahın Kəlamını mütaliə etməyə çətinlik çəkən və özünü «kitab oxumağı sevən insanlar» kateqoriyasına aid etməyənlər neyləsin? Onlar təslim olmayıb Yehovaya fürsət versələr, O, onlarda Öz Kəlamına «iştaha» oyadacaq (1 But. 2:2). Əvvəla, Yehovaya dua edin ki, Müqəddəs Kitabı müntəzəm oxumaq məsələsində sizə özünüzü tərbiyə etməyə kömək etsin. Sonra isə duaya uyğun davranmaq lazımdır. Əvvəl-əvvəl mütaliəyə bir neçə dəqiqə ayırmaq olar. Tədricən hiss edəcəksiniz ki, mütaliə etmək sizə həm asan gəlir, həm də zövq verir. Hətta sakit bir yerə çəkilib özünüzü Allahın Kəlamının mütaliəsinə həsr etdiyiniz dəqiqələri sevə-sevə gözləyəcəksiniz (1 Tim. 4:15).

7. Özünütərbiyə bacarığı bizə ruhani məqsədlərə çatmağa necə kömək edə bilər?

7 Özünütərbiyə bacarığı bizə ruhani məqsədlərə də çatmağa kömək edə bilər. Bunu ailə başçısı olan bir qardaşın nümunəsindən görmək olar. Qardaş xidmətə şövqünün azaldığını hiss edirdi. Bundan narahat olaraq o, qarşısına öncül olmaq məqsədi qoydu və bu mövzu ilə bağlı jurnallarımızda çıxan məqalələri oxumağa başladı. Bunların və duanın sayəsində qardaş ruhani cəhətdən dirçəldi və möhkəmləndi. O, həmçinin imkan yarananda köməkçi öncül kimi xidmət edirdi. Qardaş yol vermədi ki, maneələr onu öncül olmaq məqsədindən yayındırsın. Nəticədə, o, məqsədinə çatıb öncül oldu.

UŞAQLARINIZI YEHOVANIN TƏRBİYƏSİ İLƏ BÖYÜDÜN

Uşaqlar yaxşı ilə pisi ayırmaq bacarığı ilə doğulmur, onlara bunu öyrətmək lazımdır (8-ci abzasa baxın)

810. Nəyin sayəsində valideynlər uşaqlarını Yehovanın xidmətçisi kimi böyütməyə nail ola bilər? Misal çəkin.

8 Yehova valideynlərə çox şərəfli bir tapşırıq verib: onlar uşaqlarını «Yehovanın tərbiyəsi və öyüd-nəsihətilə» böyütməlidir (Efes. 6:4). Bizim zəmanədə bunu etmək çox çətindir (2 Tim. 3:1—5). Bildiyimiz kimi, uşaq yaxşı ilə pisi ayırmaq bacarığı ilə doğulmur. Düzdür, onda anadangəlmə vicdan deyilən məfhum olur, amma vicdanı da tərbiyə etmək lazımdır (Rom. 2:14, 15). Müqəddəs Kitab üzrə bir elmi mənbəyə əsasən, İncildə istifadə olunan «tərbiyə» sözü yunan dilində «uşağı yetişdirmək» mənasını da daşıyır.

9 Sevgi ilə tərbiyə olunan uşaqlar özlərini təhlükəsizlikdə hiss edirlər. Onlar başa düşür ki, sərbəstliyin həddi var və hər qərarın, hər hərəkətin yaxşı və ya pis nəticəsi olur. Məsihi valideynlər üçün uşaqların tərbiyəsində Yehovadan məsləhət istəmək olduqca vacibdir. Hər xalqın özünə xas tərbiyə üsullarının olduğunu da nəzərə almaq lazımdır. Valideyn Yehovanın hikmətinə arxalanırsa, uşağını necə tərbiyə etməyi biləcək və bu məsələdə dünyanın təcrübəsinə və hikmətinə güvənməyəcək.

10 Nümunə kimi, Nuh peyğəmbəri yadımıza sala bilərik. Yehova ona gəmi tikməyi buyuranda peyğəmbərin bu sahədə heç bir təcrübəsi yox idi. Çünki o, ömründə gəmi tikməmişdi. Buna görə də, o, bu məsələdə Yehovaya güvənməli, Yehova necə demişdisə, elə də etməli idi (Yar. 6:22). Axı gəmi onun və ailəsinin xilası üçün vacib idi. Bəs o, bunu bacardı? Bəli! Həyatında ilk dəfə gəmi tiksə də, Nuh peyğəmbər işin öhdəsindən uğurla gəldi. O, bir ailə başçısı kimi də öz vəzifəsini müvəffəqiyyətlə yerinə yetirmişdi, çünki bu məsələdə də Yehovanın hikmətinə arxalanırdı. Bunun sayəsində o, uşaqlarına gözəl tərbiyə vermiş, onlar üçün gözəl nümunə qoymuşdu. Daşqından əvvəlki zəmanənin nə qədər ağır olduğunu nəzərə alsaq, bu, elə də asan deyildi (Yar. 6:5).

11. Nəyə görə valideynlər uşaqlara tərbiyə verərkən güclərini əsirgəməməlidirlər?

11 Bəs valideynlik məsələsində «hər şeyi deyildiyi kimi etmək» nə deməkdir? O deməkdir ki, valideyn Yehovaya qulaq asmalı, yəni uşağı Onun Müqəddəs Kitab və təşkilatı vasitəsilə verdiyi məsləhətlərə əsasən tərbiyə etməlidir. Əziz valideynlər, vaxt gələcək, övladınız buna görə sizə «çox sağ ol» deyəcək. Görün bir qardaş bununla bağlı nə yazmışdı: «Valideynlərimə çox minnətdaram, çünki onlar məni gözəl tərzdə tərbiyə ediblər. Onlar mənim ürəyimə yol tapmaq üçün əllərindən gələni edirdilər. Ruhani inkişafıma görə xüsusilə onlara borcluyam». Valideynlər uşağın tərbiyəsində əllərindən gələni etsələr də, təəssüf ki, bəzi uşaqlar Yehovanın yolunu tərk edirlər. Amma bu valideynlərin vicdanı rahat ola bilər, çünki onlar uşaqlarına həqiqəti aşılamaq üçün var gücləri ilə çalışıblar. Bir də ki, onlar ümidlərini üzməməlidirlər. Nə bilmək olar, bəlkə, bir gün övladları Yehovaya geri döndü.

12, 13. a) Uşağı yığıncaqdan kənar edilən valideynlər Yehovaya itaət etdiklərini necə göstərə bilərlər? b) Bir ailədə valideynlərin Yehovaya itaətkarlığı hansı faydanı gətirdi?

12 Valideynlərin Yehovaya itaətkarlığını sınayan ən çətin vəziyyətlərdən biri yığıncaqdan kənar olunmuş övladları ilə ünsiyyət məsələsidir. Gəlin görək yığıncaqdan kənar olunub evi tərk edən bir qızın anası nə etmişdi. O deyir: «Qızımla və nəvəmlə vaxt keçirmək üçün nəşrlərimizdə buna əsas verəcək fikirlər axtarırdım». Amma sonra həyat yoldaşı bacıya başa saldı ki, qızları indi Yehovanın əlindədir və onlar Yehovanın verdiyi tərbiyəyə müdaxilə etməməlidirlər.

13 Bir neçə ildən sonra onların qızı bərpa olundu. Ana deyir: «İndi biz, demək olar, hər gün zəngləşir, bir-birimizə mesaj yazırıq. Yoldaşımla mən Yehovaya itaət etdiyimiz üçün qızımız bizə dərin hörmət bəsləyir. Həmçinin qızımızla münasibətimiz çox gözəldir». Övladı yığıncaqdan kənar olunan valideynlər, «bütün qəlbinlə Yehovaya etibar et, öz ağlına güvənmə» məsləhətinə əməl edirsiniz? (Məs. 3:5, 6). Nəzərə alın ki, övladınızı sonsuz hikmət və məhəbbət sahibi Yehova tərbiyə edir. Heç vaxt unutmayın: Yehova Oğlunu sizin övladınızın da uğrunda qurban verib, O, «heç kəsin məhv olmasını istəmir». (2 Butrus 3:9 ayəsini oxuyun.) Odur ki, Yehovanın verdiyi tərbiyəyə və göstərişə etibar edin. Nə qədər çətin, nə qədər ağır olsa da, Yehovanın qoyduğu qaydaya tabe olun. Bu məsələdə Yehovanın tərəfində olun, Ona qarşı olmayın.

YIĞINCAQ VASİTƏSİLƏ VERİLƏN TƏRBİYƏ

14. Yehovanın «sadiq... nökərbaşı» vasitəsilə təqdim etdiyi göstərişlərin faydasını görmək üçün nə etməliyik?

14 Yehova məsihi yığıncağının qeydinə qalacağına, onu qoruyacağına və təlim verəcəyinə söz verib. O, bunu müxtəlif vasitələrlə edir. Məsələn, oğlu İsa Məsihi yığıncağın başı təyin edib. Məsih isə öz növbəsində «sadiq... nökərbaşı»ya yığıncağı vaxtlı-vaxtında ruhani qida ilə təmin etməyi tapşırıb (Luka 12:42). Müxtəlif yollarla təqdim olunan bu qida vasitəsilə biz vacib göstərişlər və təlim-tərbiyə alırıq. Heç olubmu ki, hansısa məruzə və ya məqalə sizi düşüncə tərzinizi və davranışınızı dəyişməyə təşviq etsin? Əgər belə bir hal olubsa, siz xoşbəxt insansınız, çünki bununla Yehovaya sizi formalaşdırmağa və tərbiyə etməyə izin vermisiniz (Məs. 2:1—5).

15, 16. a) Yığıncağımızdakı «insan timsalında hədiyyələr»in bizə hansı faydası dəyə bilər? b) Ağsaqqalların gördükləri işdən sevinc duymaları üçün öz tərəfimizdən nə edə bilərik?

15 Məsih həmçinin yığıncağa «insan timsalında hədiyyələr» verib, yəni Allahın xalqının qayğısına qalan ağsaqqallar təyin edib (Efes. 4:8, 11—13). Ağsaqqalların xidmətindən fayda əldə etmək üçün biz onların imanını və özlərini örnək götürə, həmçinin Müqəddəs Kitaba əsasən verdikləri məsləhəti qəbul edə bilərik. (İbranilərə 13:7, 17 ayələrini oxuyun.) Nəzərə alın ki, ağsaqqallar bizi sevir və bizim ruhani cəhətdən inkişaf etməyimizi istəyir. Məsələn, onlar görəndə ki, kimsə yığıncağa müntəzəm gəlmir, şövqü azalıb dərhal köməyə yetirlər: onu diqqətlə dinləyir, xoş sözlərlə ruhlandırır və Müqəddəs Kitabdan münasib məsləhət verirlər. Siz belə vəziyyətdə ağsaqqalların köməyinə necə yanaşırsınız? Buna Yehovanın sizə bəslədiyi məhəbbətin təzahürü kimi baxırsınız?

16 Qeyd edək ki, hərdən ağsaqqallara da kiməsə yaxınlaşıb məsləhət vermək asan olmur. Misal üçün, təsəvvür etmək olar, Natan peyğəmbərə ağır günahını ört-basdır edən Davud padşahla danışmaq necə çətin olub (2 İşm. 12:1—14). Sözsüz ki, həvari Bulusa da 12 həvaridən biri olan Butrusa yəhudiləri başqa xalqlardan üstün tutduğuna görə düzəliş etmək üçün cəsarət lazım olub (Qal. 2:11—14). Bəs yığıncağımızdakı ağsaqqalların bu çətin işini yüngülləşdirmək üçün nə edə bilərik? Biz həlim olmalı, göstərdikləri köməyə görə minnətdar olmalı və elə şərait yaratmalıyıq ki, onlara bizimlə danışmaq rahat olsun. Onların köməyinə Yehovanın məhəbbətinin təzahürü kimi baxmalıyıq. Bu, bizə fayda, onlara sevinc gətirəcək.

17. Ağsaqqallar bir bacıya necə kömək etmişdi?

17 Keçmişdə yaşadığı problemlər ucbatından bir bacıya Yehovanı sevmək çox çətin idi. Başına gələnlər onu çox pərişan hala salmışdı. O günləri xatırlayaraq bacı deyir: «Bilirdim ki, ağsaqqallarla danışmalıyam. Onlar məni nə danladılar, nə də tənbeh etdilər. Əksinə, ürək-dirək verib ruhlandırdılar. Nə qədər məşğul olsalar da, hər yığıncaqdan sonra ən azı bir ağsaqqal mənimlə hal-əhval tuturdu. Keçmişdə yaşadıqlarıma görə özümü Yehovanın məhəbbətinə layiq görmürdüm. Yehova isə hər dəfə bacı-qardaşlar və ağsaqqallar vasitəsilə məni sevgisinə əmin edirdi. İndi dua eləyirəm ki, heç vaxt Onu tərk etməyim».

CƏZADAN DA BÖYÜK ACI

18, 19. İnsana cəzadan da böyük acı yaşadan nədir? Misal çəkin.

18 Düzdür cəza insana ağrı gətirir, amma Yehovanın bu cəza vasitəsilə verdiyi tərbiyəni rədd etmək insana daha betər ağrı yaşadır (İbr. 12:11). Buna Qabili və Sidqiyyə padşahı misal çəkmək olar. Yehova Qabilin qardaşına nifrət etdiyini və onu öldürmək qəsdində olduğunu görəndə ona nəsihət etmişdi: «Niyə qəzəblənib qaş-qabağını salladın? Düzəlib yaxşı iş görsən, məgər gözümdə ucalmazsan? Ancaq belə etməsən, onda bil ki, yolunun üstündə günah pusqu qurub, o, səni ələ keçirmək istəyir. İndi nə edəcəksən, ona üstün gələcəksən?» (Yar. 4:6, 7). Təəssüf ki, Qabil Allahın sözlərini qulaqardına vurdu və içindəki günah onu məğlub etdi. Qabil özü öz başına bəla açdı. Heç bu ağrını, bu əzabı çəkməyə dəyərdi?! (Yar. 4:11, 12). Amma Yehovanın verdiyi töhməti qəbul etsəydi, Qabil bu qədər acı yaşamazdı.

19 Qətiyyətsiz və zalım padşah olan Sidqiyyə Yerusəlimin ən qara günlərində hakimiyyət sürmüşdü. Ərəmya peyğəmbər dönə-dönə Sidqiyyəni öz şər əməllərindən əl çəkməyə səsləsə də, o, heç cür düzəlmək istəmədi. Bu itaətsizliyin də axırı pis qurtardı (Ərm. 52:8—11). Gördüyümüz kimi Yehova verdiyi tərbiyə vasitəsilə bizi bu cür mənasız əzablardan qorumaq istəyir. (Əşiya 48:17, 18 ayələrini oxuyun.)

20. Yehovanın verdiyi tərbiyəni qəbul edənlərin və etməyənlərin gələcəyi necə olacaq?

20 Bugünkü dünyada əksər insanlar Allahın verdiyi tərbiyəyə xor baxır. Amma tezliklə bu tərbiyəni rədd edən hər kəs bu düşüncəsiz hərəkətinin acısını dadacaq (Məs. 1:24—31). Odur ki, gəlin, tərbiyəyə qulaq asıb ağıllı olaq və Məsəllər 4:13 ayəsindəki məsləhətə riayət edək: «Tərbiyəni möhkəm tut, onu əldən vermə, qoru, çünki o, sənin həyatındır».