Kontentə keç

Mündəricatı göstər

Vəftiz — məsihi üçün tələb

Vəftiz — məsihi üçün tələb

«Vəftiz... xilas edir» (1 BUT. 3:21).

NƏĞMƏ: 52, 41

1, 2. a) Bəzi məsihi valideynlər uşaqları vəftiz olmaq istədiyini deyəndə hansı hissləri keçirir? b) Nəyə görə vəftiz olunanlara həsr olunub-olunmadıqları ilə bağlı sual verilir? (Məqalənin əvvəlindəki şəklə baxın.)

MARİYA * səhnənin qarşısında, vəftiz olmağa hazırlaşanlarla bir sırada dayanıb. Valideynlərinin nəzəri ona dikilib. Natiqin verdiyi suallara Mariya uca səslə «Bəli!» deyə cavab verir. İndi o, vəftiz olmağa hazırdır.

2 Mariyanın həyatını Yehovaya həsr edib vəftiz olmaq qərarı onun valideynlərinə fərəh hissi yaşadır. Amma bir müddət əvvəl anası Mariyanın bu istəyi barədə eşidəndə narahat olmuş, öz-özünə fikirləşmişdi: «Görəsən, Mariya vəftiz olmaq üçün çox gənc deyil? Görəsən, o, bu addımın ciddiliyini başa düşür? Bəlkə, yaxşı olar, bir az gözləsin?» Övladının yaxşılığını fikirləşən bütün valideynlər uşağının vəftiz olmaq istədiyini biləndə, adətən, özünə bu sualları verir (Vaiz 5:5). Bu kimi sualların yaranması normaldır, axı həsr olunmaq və vəftiz məsihi həyatında atılan ən ciddi addımdır! (« Özünüzü Yehovaya həsr etmisiniz?» adlı çərçivəyə baxın.)

3, 4. a) Həvari Butrus vəftizin vacibliyi barədə nə demişdi? b) Hansı mənada vəftiz Nuhun gəmisinə bənzəyir?

3 Həvari Butrus vəftizi Nuhun tikdiyi gəmiyə bənzədərək demişdi: «İndi də buna oxşar bir şey, vəftiz mövcuddur. Vəftiz... xilas edir». (1 Butrus 3:20, 21 ayələrini oxuyun.) Nuh peyğəmbər həyatını Allahın iradəsini yerinə yetirməyə həsr etmişdi. Gəmi buna əyani bir sübut idi. Peyğəmbər Allahın ona buyurduğu işi tamlığı ilə yerinə yetirdi. Onun imandan doğan bu əməli özünü və ailəsini bütün dünyanı bürüyən daşqından xilas etdi. Görəsən, həvari Butrus bu bənzətmə ilə nəyi vurğulamaq istəyirdi?

4 Bu gəmi həmin dövrün adamları üçün peyğəmbərin güclü iman sahibi olduğuna sübut idi. Vəftiz də bu hadisənin şahidi olan insanlar üçün əyani bir sübutdur ki, vəftiz olan insan Məsihə iman gətirərək həyatını Yehovaya həsr edib. Özünü Allaha həsr etmiş bu məsihilər Nuh peyğəmbər kimi Yehovanın tapşırığını itaətkarlıqla yerinə yetirir. Yehova Nuh peyğəmbəri Daşqından xilas etdiyi kimi, vəftiz olmuş sadiq xidmətçilərini də Armageddonda hifz edəcək (Mark 13:10; Vəhy 7:9, 10). Göründüyü kimi, həyatı Yehovaya həsr etmək və vəftiz olmaq olduqca vacibdir. Bu işi əsassız yerə təxirə salan insan əbədi gələcəyini təhlükəyə atır.

5. Bu məqalədə hansı suallara cavab veriləcək?

5 Vəftizin bu dərəcədə ciddi addım olduğunu nəzərə alaraq, gəlin növbəti üç suala cavab tapmağa çalışaq. Müqəddəs Kitabda vəftizlə bağlı nə yazılıb? Vəftiz olmaq istəyən insan vəftizdən əvvəl nə etməlidir? Uşağına və ya başqa kiməsə Müqəddəs Kitab dərsi keçən təbliğçi vəftizin ciddi addım olduğunu nəyə görə həmişə nəzərdə saxlamalıdır?

VƏFTİZ VƏ MÜQƏDDƏS KİTAB

6, 7. a) Yəhyanın etdiyi vəftiz nəyin rəmzi idi? b) Yəhyanın etdiyi vəftizlərin içində bənzəri olmayan vəftiz hansı idi?

6 Müqəddəs Kitabda vəftiz sözünə ilk dəfə Yəhyanın insanları vəftiz etməsindən bəhs edən hadisədə rast gəlinir (Mət. 3:1—6). Yəhyanın etdiyi vəftiz Musanın qanununa qarşı edilən günahlardan tövbə rəmzi idi. Bu vəftizlərin arasında biri çox böyük əhəmiyyət daşıyırdı və tövbə ilə heç bir əlaqəsi yox idi. Yəhya Allahın oğlunu, kamil bir insanı vəftiz etmək şərəfinə layiq görülmüşdü (Mət. 3:13—17). Təbii ki, günahsız olduğu üçün İsanın tövbəyə ehtiyacı yox idi (1 But. 2:22). Buna görə də onun vəftizi tövbənin yox, həyatını Allahın iradəsini yerinə yetirməyə həsr etməsinin rəmzi idi (İbr. 10:7).

7 İsa Məsih yer üzündə xidmət edəndə onun şagirdləri də insanları vəftiz edirdi (Yəh. 3:22; 4:1, 2). Yəhyanın etdiyi vəftiz kimi bu vəftiz də Musanın qanununa qarşı edilən günahlardan tövbə rəmzi daşıyırdı. Amma İsa Məsih diriləndən sonra edilən vəftizlər tamam fərqli məna daşıyacaqdı.

8. a) İsa Məsih diriləndən sonra davamçılarına hansı əmri vermişdi? b) Məsihi vəftizinin mənasını izah edin.

8 İsa Məsih diriləndən sonra aralarında kişi, qadın və ehtimal ki, uşaqların da olduğu 500-dən çox adama görünmüşdü. Bu hadisə eramızın 33-cü ilinə təsadüf edir. Ola bilsin, Məsih məhz bu vaxt növbəti tapşırığı vermişdi: «Gedin və bütün xalqların içində şagird hazırlayın, onları Ata, Oğul və müqəddəs ruh adı ilə vəftiz edin, sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin» (Mət. 28:19, 20; 1 Kor. 15:6). Çox ehtimal ki, İsa Məsih bu tapşırığı verəndə onun yüzlərlə davamçısı bu sözləri eşidirdi. O, bildirmişdi ki, onun boyunduruğunu üzərinə götürən, yəni onun şagirdi olmaq istəyən insan mütləq vəftiz olmalıdır (Mət. 11:29, 30). Allaha Onu razı salan şəkildə ibadət etmək istəyən bəndə Yehovanın niyyətində Məsihin tutduğu yeri bilməli və bu faktı qəbul etməlidir. Yalnız bu halda insan vəftiz ola bilər. Allah yalnız bu cür vəftizi qəbul edir. Müqəddəs Kitabda yazılan hadisələr göstərir ki, birinci əsrdə yeni şagirdlər vəftizin əhəmiyyətini başa düşürdülər. Buna görə də onlar dərhal vəftiz olur, səbəbsiz yerə bu işi təxirə salmırdılar (Həv. 2:41; 9:18; 16:14, 15, 32, 33).

VƏFTİZİ TƏXİRƏ SALMAYIN

9, 10. Həbəşistanlı məmurdan və həvari Bulusdan vəftiz olmaqla bağlı nə öyrənirik?

9 Həvarilərin işləri 8:35, 36 ayələrini oxuyun. Bir gün, prozelit olan həbəşistanlı bir məmur Yerusəlimdə ibadət edəndən sonra öz ölkəsinə qayıdırdı. Bu vaxt mələyin buyruğu ilə Filip ona yaxınlaşıb «İsa haqqındakı müjdəni ona danışdı». Məmur eşitdiklərinə necə münasibət göstərdi? Filipə qulaq asandan sonra onun atdığı addım göstərir ki, o, eşitdiyi həqiqətin vacibliyini başa düşmüşdü. Məmur Yehovanın tələblərinə uyğun yaşamağa qərar verib dərhal vəftiz oldu.

10 Gəlin yubanmadan vəftiz olan daha bir insanın nümunəsinə baxaq. Qeyd edək ki, bu insan əvvəllər məsihiləri təqib edirdi. O, Allaha həsr olunmuş Yəhudi xalqının nümayəndəsi idi. Amma bildiyimiz kimi bu xalq haqq yoldan döndüyü üçün Yehova onlardan üz döndərmişdi. Bu kişi öz dininin, iudaizmin qatı təəssübkeşi idi. Lakin bir gün o, haqq yolu tapır, dirilmiş İsa Məsihin özü Allahın yolu barədə ona şəhadət verir. Bəs o, öyrəndiklərinə necə münasibət göstərdi? O, Məsihin şagirdi olan Hənənyanın köməyini qəbul etdi və Müqəddəs Kitabda yazıldığı kimi, «vəftiz olundu» (Həv. 9:17, 18; Qal. 1:14). Yəqin ki, söhbətin kimdən getdiyini başa düşdünüz. Bəli, bu, həvari Bulusdur. Diqqət yetirin ki, Bulus Məsihin Yehovanın niyyətində tutduğu yeri dərk edən kimi vəftiz oldu. (Həvarilərin işləri 22:12—16 ayələrini oxuyun.)

11. a) Bu gün Müqəddəs Kitabı öyrənənləri vəftiz olmağa nə təşviq edir? b) Həyatını Yehovaya həsr edib vəftiz olunan insanları görəndə hansı hissləri keçiririk?

11 Bu gün də Müqəddəs Kitabı öyrənən həm cavan, həm yaşlı insanlar öyrəndikləri həqiqətlərə iman gətirib onların dəyərini başa düşdükləri üçün həyatlarını Yehovaya həsr edib vəftiz olurlar. Hər toplantıda bu insanlar üçün xüsusi məruzələrin söylənməsi də bu hadisənin nə qədər əhəmiyyətli olduğunu göstərir. Yehovanın Şahidləri Müqəddəs Kitabı öyrənənlərin həqiqəti qavrayıb vəftiz olduğunu görəndə çox sevinirlər. Vəftiz olunanların sırasında uşaqlarını görən məsihi valideynlər də fərəh hissi keçirirlər. Sevindirici haldır ki, 2017-ci xidmət ili ərzində əbədi həyata meyli olan 284 000-dən çox insan vəftiz olub (Həv. 13:48). Görünür, onlar vəftizin məsihi üçün tələb olduğunu başa düşürlər. Bəs vəftiz olmaq istəyən insan vəftizdən əvvəl nə etməlidir?

12. Müqəddəs Kitabı öyrənən insan vəftiz olmaq istəyirsə, nə etməlidir?

12 Müqəddəs Kitabı öyrənən insan vəftiz olmaq istəyirsə, əvvəlcə Yehova Allah, Onun bəşəriyyət üçün niyyəti və insanları xilas etmək üçün etdiyi işlər barədə bilik almalı və özündə iman yetişdirməlidir (1 Tim. 2:3—6). Bu imandan irəli gələrək o, Allahın sevmədiyi əməlləri tərgitməli və Yaradanın ali qanunlarına uyğun yaşamalıdır (Həv. 3:19). Sözsüz ki, insan Yehovanın nifrət etdiyi əməlləri görə-görə həyatını Ona həsr edə bilməz (1 Kor. 6:9, 10). Amma Yehovanın yüksək əxlaq normalarına uyğun yaşamaqla iş bitmir. Vəftiz olmaq istəyən insan müntəzəm yığıncaq görüşlərinə gəlməli, insanların həyatını xilas edən təbliğ və şagird hazırlamaq işində iştirak etməlidir. Bu, Məsihin davamçısı olmaq istəyən hər bir insan üçün tələbdir (Həv. 1:8). Yalnız bu addımları atdıqdan sonra şagird şəxsi duasında həyatını Yehovaya həsr edə və camaat qarşısında vəftiz ola bilər.

ŞAGİRDİ VƏFTİZ OLMAĞA TƏŞVİQ EDİN

Müqəddəs Kitab dərsi keçdiyiniz adama vəftizin vacibliyini başa salmaq üçün fürsət axtarırsınızmı? (13-cü abzasa baxın)

13. Müqəddəs Kitab dərsi keçən təbliğçi vəftizin məsihi üçün tələb olduğunu nəyə görə həmişə nəzərində saxlamalıdır?

13 Övladına və ya Müqəddəs Kitab dərsi keçdiyi başqa bir insana yuxarıdakı addımları atmağa kömək edən təbliğçi vəftizin vacib olduğunu həmişə nəzərində saxlamalıdır. Bu halda təbliğçinin şagirdi ilə ünsiyyəti daha səmərəli olacaq. O, münasib məqam yarananda həsrolunmanın və vəftizin vacib olduğunu xatırlatmağa çəkinməyəcək. Axı hər birimiz övladımızın və Müqəddəs Kitab dərsi keçdiyimiz insanların ruhani cəhətdən inkişaf edib vəftiz olduğunu görmək istəyirik.

14. Nəyə görə heç kimi vəftiz olmağa məcbur etməməliyik?

14 Yaxşı niyyətdən irəli gəlsə də, heç kim, nə valideyn, nə Müqəddəs Kitab dərsi keçən təbliğçi şagirdi vəftiz olmağa məcbur etməməli, ona təzyiq göstərməməlidir. Axı Yehova bizi Ona ibadət etməyə məcbur etmir (1 Yəh. 4:8). Bizim öhdəmizə düşən iş dərs keçdiyimiz insana Yehova Allahla dostluq münasibəti qurmağın əhəmiyyətini başa salmaqdır. Əgər şagird Yehova barədə öyrəndiyi həqiqətləri, doğrudan da, qiymətləndirirsə və Məsihin davamçısı olmaq məsuliyyətini çiyinlərinə götürməyi ürəkdən arzulayırsa, o özü vəftiz olmaq istəyəcək (2 Kor. 5:14, 15).

15, 16. a) Vəftiz olmaq istəyənlər üçün konkret yaş tələbi varmı? İzah edin. b) Başqa dində vəftiz olmuş insan Yehovanın Şahidi olmaq üçün nəyə görə yenidən vəftiz olmalıdır?

15 Müqəddəs Kitabı öyrənən insanların inkişaf prosesi müxtəlif olduğundan vəftiz olmaq istəyənlər üçün konkret yaş tələbi yoxdur. Məsələn, aramızda yetkin yaşda olan bir çox bacı-qardaş var ki, yeniyetməlik illərində vəftiz olub və indiyə qədər də Yehovaya sədaqətlə xidmət edir. Bəziləri isə ahıl yaşında, hətta yaşı 100-ü haqlayandan sonra Müqəddəs Kitabı öyrənib və vəftiz olub.

16 Müqəddəs Kitabı öyrənən yaşlı bir qadın əvvəllər bir neçə dində vəftiz olunduğu üçün ona dərs keçən bacıdan soruşmuşdu ki, yenidən vəftiz olmağına ehtiyac varmı? Bacı qadının sualına Müqəddəs Kitabın ayələri əsasında cavab verdi. Qadın bunun Müqəddəs Kitabın tələbi olduğunu başa düşdü və çox keçməmiş vəftiz oldu. Yaşı 80-ə yaxın olan bu qadın bu yaşında vəftiz olmağın əhəmiyyətsiz olduğunu fikirləşmədi. Belə nəticəyə gəlirik ki, düzgün vəftiz Yehovanın iradəsi ilə bağlı dəqiq biliyə əsaslanan vəftizdir. Odur ki, başqa dində vəftiz olmuş şagird Yehovanın Şahidi olmaq istəyirsə, yenidən vəftiz olmalıdır. (Həvarilərin işləri 19:3—5 ayələrini oxuyun.)

17. Vəftiz günü nə barədə düşünmək münasib olardı?

17 Vəftiz günü insanın həyatında ən xoşbəxt günlərdən biridir. Bu, həmçinin həyatı Yehovaya həsr etməyin və vəftiz olmağın əhəmiyyəti barədə düşünmək üçün münasib bir vaxtdır. Yehovaya verdiyi əhdə sadiq qalmaq üçün insandan fədakarlıq tələb olunur. Elə bu səbəbdən İsa Məsih qeyd etmişdi ki, onun şagirdi olmaq istəyən insan, bir növ, boyunduruq altına girmiş olur. Bəli, Məsihin davamçıları «artıq özləri üçün deyil, onların uğrunda ölüb dirilmiş kəs üçün» yaşamalıdırlar (2 Kor. 5:15; Mət. 16:24).

 18. Növbəti məqalədə hansı suallar ətrafında müzakirə aparılacaq?

18 Gördüyümüz kimi həyatını Yehovaya həsr etmək çox ciddi qərardır. Elə bu səbəbdən Mariyanın anasını məqalənin əvvəlində qeyd olunan suallar narahat etmişdi. Övladı olan məsihilərdə həmçinin bu suallar da yarana bilər: Uşağım vəftiz olmağa həqiqətən də hazırdır? Həyatını Yehovaya həsr edəcək dərəcədə biliyi varmı? Bəlkə, vəftizdən əvvəl ali təhsil alsa və özünə karyera qursa yaxşı olar? Birdən vəftiz olandan sonra ciddi günah etdi? Növbəti məqalə məsihi valideynlərə bu suallara cavab tapmağa və vəftizə düzgün yanaşmağa kömək edəcək.

[Haşiyə]

^ abz. 1 Ad şərtidir.