Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 12

Məhəbbətin nifrət üzərindəki qələbəsi

Məhəbbətin nifrət üzərindəki qələbəsi

«Bunları sizə ona görə buyururam ki, bir-birinizi sevəsiniz. Əgər dünya sizə nifrət edirsə, bilin ki, sizdən qabaq mənə nifrət edib» (YƏH. 15:17, 18).

NƏĞMƏ 129 Dözüm göstərəcəyik

İCMAL *

1. Mətta 24:9 ayəsinə əsasən, bu dünyanın nifrətinə tuş gələndə nəyə görə təəccüblənməməliyik?

YEHOVA bizi sevib-sevilmək istəyilə yaradıb. Buna görə də kimsə bizə nifrət edəndə özümüzü pis hiss edirik, hətta ürəyimizdə qorxu yaranır. Avropada yaşayan Corcina * adlı bacı deyir: «14 yaşım olanda Yehovaya ibadət etdiyim üçün anam mənə nifrət edirdi. Özümü atılmış hiss edirdim, fikirləşirdim, yəqin pis insanam». Danilo adlı qardaş yazır: «Əsgərlər məni Yehovanın Şahidi olduğum üçün təhqir edəndə, vuranda, hədələyəndə qorxuya qapılmışdım və özümü alçalmış hiss edirdim». Bu cür nifrətə tuş gəlmək bizə ağır gəlir, amma buna təəccüblənmirik. İsa demişdi ki, bizə nifrət edəcəklər. (Mətta 24:9 ayəsini oxuyun.)

2, 3. Nəyə görə insanlar İsanın davamçılarına nifrət edir?

2 Bu dünya İsa Məsihin davamçılarına nifrət edir. Çünki İsa Məsih kimi, biz də bu dünyaya məxsus deyilik (Yəh. 15:17—19). Odur ki, biz insan hökumətlərinə hörmət etsək də, nə onların özünə, nə də dövlət rəmzlərinə təzim etmirik. Biz yalnız Yehova Allaha ibadət edirik. Dünyanı idarə etməyə yalnız Allahın haqqı çatdığına inanırıq. Şeytan və onun «övladı» var gücü ilə bunun əksini iddia etsə də, biz Allahın hakimiyyətini dəstəkləyirik (Yar. 3:1—5, 15). Allahın Padşahlığının bəşəriyyətin yeganə ümid yeri olduğunu və tezliklə əleyhdarlarını məhv edəcəyini təbliğ edirik (Dən. 2:44; Vəhy 19:19—21). Bu, həlimlər üçün xoş xəbərdir, pis insanlar üçün isə bəd xəbər (Zəb. 37:10, 11).

3 Biz Allahın saleh normalarına uyğun yaşadığımız üçün də nifrətə məruz qalırıq. Bağlı qaldığımız əxlaq dəyərləri dünyanın tənəzzülə uğrayan əxlaqından kəskin şəkildə fərqlənir. Bu gün çoxları Allahın Sədum və Əmurədəki insanları məhv etməsinə səbəb olan əxlaqsız əməlləri normal qəbul edir! (Yhd. 7). Allahın əxlaq dəyərlərinə uyğun yaşadığımız üçün insanlar bizə rişxənd edir, bizim tolerant olmadığımızı deyir (1 But. 4:3, 4).

4. Hansı xüsusiyyətlər bizə nifrətə yenilməməyə kömək edir?

4 Bəs insanların nifrəti qarşısında yenilməməyə bizə nə kömək edə bilər? Yehovanın bizə kömək edəcəyinə güclü imanımız olmalıdır. İmanımız qalxantək «Şəririn bütün alovlu oxlarını» söndürməyə qadirdir (Efes. 6:16). Amma imanla yanaşı, bizdə məhəbbət də olmalıdır. Çünki məhəbbət «tez özündən çıxmır», hər əzaba qatlaşır, hər şeyə dözür (1 Kor. 13:4—7, 13). Gəlin görək Yehovaya, dindaşlarımıza və hətta düşmənlərimizə məhəbbət bizə nifrət üzərində qələbə çalmağa necə kömək edir.

YEHOVAYA MƏHƏBBƏT

5. Atasına məhəbbəti sayəsində İsa nəyi bacardı?

5 Düşmənləri İsanı öldürəcəyi gecə o, sadiq davamçılarına demişdi: «Atamı sevdiyimi dünya bilsin deyə, hər şeyi Atamın mənə buyurduğu kimi edirəm» (Yəh. 14:31). Yehovaya məhəbbət İsaya qarşıdakı sınaqlara sinə gərməyə güc vermişdi. Bu məhəbbət bizə də kömək edə bilər.

6. Romalılara 5:3—5 ayələrinə əsasən, dünyanın bizə nifrətinə necə yanaşırıq?

6 Məhəbbət Yehovanın xidmətçilərinə təqiblərə sinə gərməyə həmişə güc verib. Məsələn, yəhudi ali məhkəməsi həvarilərə əmr etmişdi ki, təbliğ etməyi dayandırsınlar. Allahı sevdikləri üçün onlar insanlara yox, hökmdarları Allaha itaət etdilər (Həv. 5:29; 1 Yəh. 5:3). Allaha sarsılmaz məhəbbət bu gün də bacı-qardaşları zalım, qüdrətli hökumətlərin təqibləri qarşısında möhkəm dayanmağa kömək edir. Dünyanın nifrətinə tuş gələndə ruhdan düşmürük, əksinə, bunu şərəf hesab edirik (Həv. 5:41; Romalılara 5:3—5 ayələrini oxuyun).

7. Ailə üzvlərimizin təqibinə necə yanaşmalıyıq?

7 Biz həmçinin ailə üzvlərimiz tərəfindən təqiblərə məruz qalırıq. Bəlkə də, bu bizim üçün ən çətin sınaqlardan biridir. Yehova haqda öyrənmək istədiyimizi görəndə onlar düşünə bilər ki, başımızı tovlayıblar, yaxud ağlımızı itirmişik. (Mark 3:21 ayəsi ilə əlaqələndirin.) Hətta ola bilər ki, bizimlə çox sərt davransınlar. Bu cür pis münasibətə məruz qalmağımız bizi təəccübləndirməməlidir. İsa demişdi: «İnsanın düşməni öz evindəkilər olacaq» (Mət. 10:36). Sözsüz ki, ailəmizin bizimlə necə rəftar etməsindən asılı olmayaraq, biz heç vaxt onlarla düşmən kimi davranmayacağıq. Əksinə, Yehovaya məhəbbətimiz artdıqca, insanlara da məhəbbətimiz artacaq (Mət. 22:37—39). Bununla belə, insanları razı salmaqdan ötrü Allahın qanun və prinsiplərini pozmayacağıq.

Hətta bir müddət əzab çəkməli olsaq belə, Yehova həmişə bizim yanımızda olacaq, təsəlli verib möhkəmləndirəcək (8—10 abzaslara baxın)

8, 9. Bir bacı nəyin sayəsində möhkəm qala bilmişdi?

8 Corcina anasının sərt təqibləri qarşısında möhkəm qalmışdı. O bölüşür: «Anamla mən Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlamışdıq. Amma altı aydan sonra mən yığıncağa getmək istəyəndə anam mənə qarşı çıxmağa başladı. Sonra bildim ki, sən demə, o, dönüklərin yaydığı məlumatları oxuyurmuş. Mənimlə danışanda onların yalan ittihamlarını irəli sürürdü. O məni söyürdü, saçımı yolurdu, boğurdu, nəşrlərimi atırdı. 15 yaşım olandan sonra vəftiz olundum. Anam məni Yehovaya ibadətdən çəkindirmək üçün üsyankar gənclərin saxlanıldığı evə yerləşdirdi. Orada yeniyetmə qızların arasında narkotik çəkən də, cinayət törədən də var idi. Adamı onu sevməli və qayğısına qalmalı olan kəs təqib edəndə bu, lap ağır olur».

9 Corcinaya dözməyə nə kömək etdi? O deyir: «Anamın mənə qarşı çıxdığı gün elə təzəcə Müqəddəs Kitabı tam oxuyub qurtarmışdım. Artıq tamamilə əmin idim ki, həqiqəti tapmışam və özümü Yehovaya çox yaxın hiss edirdim. Ona tez-tez dua edirdim və O mənim dualarımı eşidirdi. Həmin evdə yaşadığım vaxt bir bacı məni öz evinə dəvət edirdi. Biz birlikdə Müqəddəs Kitabı araşdırırdıq. Bütün bu vaxt ərzində yığıncaqdakı bacı-qardaşlar məni möhkəmləndirirdi, mənə öz ailə üzvləri kimi yanaşırdılar. Mən özüm şahidi oldum ki, Yehova kimliyindən asılı olmayaraq, bizi təqib edən istənilən kəsdən güclüdür».

10. Yehovaya həmişə nədə arxayın ola bilərik?

10 Həvari Bulus yazmışdı ki, heç bir şey «bizi Ağamız Məsih İsa vasitəsilə ifadə olunan Allahın məhəbbətindən ayıra bilməz» (Rom. 8:38, 39). Hətta bir müddət əzab çəkməli olsaq belə, Yehova həmişə bizim yanımızda olacaq, təsəlli verib möhkəmləndirəcək. Corcinanın da hadisəsindən gördüyümüz kimi, Yehova həmçinin bizə dəyərli bacı-qardaşlarımız vasitəsilə dayaq olur.

DİNDAŞLARIMIZA MƏHƏBBƏT

11. İsanın Yəhya 15:12, 13 ayələrindəki sözləri şagirdlərə necə kömək etmişdi? Nümunə çəkin.

11 İsa yer üzündəki həyatının son gecəsi şagirdlərinə bir-birilərini sevməli olduğunu xatırlatmışdı. (Yəhya 15:12, 13 ayələrini oxuyun.) O bilirdi ki, bu cür fədakar məhəbbətin sayəsində onlar birliyi qoruyacaq və bu dünyanın nifrətinə qalib gələcəklər. Gəlin birinci əsrdə olan Saloniki yığıncağını xatırlayaq. Yığıncaq yaranan gündən oradakı məsihilər təqiblərlə üzləşirdi. Amma onlar sədaqətə və məhəbbətə dair gözəl nümunə qoydular (1 Salon. 1:3, 6, 7). Bulus onları təşviq etmişdi ki, məhəbbət göstərməkdə daha da inkişaf etsinlər (1 Salon. 4:9, 10). Məhəbbət sayəsində onlar qəmginlərə təskinlik verəcək, zəiflərə dayaq olacaqdılar (1 Salon. 5:14). Onlar Bulusun nəsihətinə uyğun davrandılar. Çünki təxminən bir il sonra yazdığı ikinci məktubunda Bulus demişdi: «Hamınızın bir-birinə duyduğu məhəbbət günü-gündən güclənir» (2 Salon. 1:3—5). Bu məsihilər məhəbbətləri sayəsində çətinliklərə və təqiblərə sinə gərdilər.

Məsihi məhəbbəti nifrətə yenilməməyə kömək edir (12-ci abzasa baxın) *

12. Müharibə zamanı bir ölkədəki məsihilər bir-birinə necə məhəbbət göstərmişdi?

12 Gəlin məqalənin əvvəlində adı çəkilən Danilo qardaşın və yoldaşının başına gələnlərə nəzər salaq. Ölkədə baş verən müharibə onların şəhərini də ağuşuna almışdı. Amma Danilogil yığıncaqlardan qalmır, təbliğ işində bacardıqları qədər iştirak edirdilər. Öz yeməklərini digər bacı-qardaşlarla bölüşürdülər. Bir gün silahlı əsgərlər Danilogilin evinə basqın etdi. Danilo deyir: «Onlar məndən imanımdan dönməyi tələb etdilər. Mən rədd edəndə məni döydülər, başıma silah dirədilər, getməmişdən qabaq hədələyib dedilər ki, “növbəti dəfə gələndə arvadını zorlayacağıq”. Bacı-qardaşlarımız dərhal bizi qatarla başqa şəhərə yola saldı. Onların bu məhəbbətini heç vaxt unutmaram. Yeni şəhərdəki bacı-qardaşlar bizi ərzaqla təmin etdilər, mənə iş və ev tapmağa kömək etdilər. Bunun sayəsində biz də müharibə ərazisindən qaçan digər bacı-qardaşlara sığınacaq tapmağa kömək edə bildik». Bu kimi hadisələr göstərir ki, nifrətə tuş gələrkən məsihi məhəbbəti dözümlü olmağa kömək edə bilər.

DÜŞMƏNLƏRİMİZƏ MƏHƏBBƏT

13. Müqəddəs ruh dözümlü olmağa necə kömək edir?

13 İsa davamçılarına demişdi ki, düşmənlərini sevsinlər (Mət. 5:44, 45). Bəs bu asandır? Heç də yox. Amma Allahın müqəddəs ruhunun köməyi ilə mümkündür. Müqəddəs ruhun bəhrəsinə məhəbbətlə yanaşı, səbir, xeyirxahlıq, mülayimlik və özünə hakim olmaq daxildir (Qal. 5:22, 23). Bu xüsusiyyətlər nifrətin qarşısında dözümlü olmağa kömək edir. Bir çoxlarının artıq həqiqətə qarşı çıxmamasına səbəb məhz həyat yoldaşının, uşağının və ya qonşusunun bu kimi ilahi xüsusiyyətləri əks etdirməsi olub. Hətta onların arasından bir çoxu bizim bacı-qardaşımız olub. Buna görə də Yehovaya xidmət etdiyiniz üçün sizə nifrət edənləri sevmək çətindirsə, Yehovadan müqəddəs ruh diləyin (Luka 11:13). Tamamilə əmin olun ki, Yehovanın buyurduğu kimi davranmaq həmişə ən yaxşı nəticəni verir (Məs. 3:5—7).

14, 15. Romalılara 12:17—21 ayələri Yasminə ərinə məhəbbət göstərməyə necə kömək etdi?

14 Gəlin Yaxın Şərqdə yaşayan Yasmin bacının nümunəsinə baxaq. O, Yehovanın Şahidi olanda əri düşündü ki, onun başını qatıblar və onu bu yoldan çəkindirmək üçün hər üsula əl atırdı. Yoldaşı Yasmini təhqir edirdi, hətta qohumlarına, keşişə və cindara demişdi ki, onun gözünü qorxutsunlar və ailəsini dağıtmaqda günahlandırsınlar. Hətta əri yığıncaq vaxtı gəlib, qışqıra-qışqıra bacı-qardaşları təhqir etmişdi! Belə kobud rəftara məruz qalan Yasminin gözünün yaşı qurumurdu.

15 Yığıncaqdakı bacı-qardaşlar onu təsəlli edir, möhkəmləndirirdi. Ağsaqqallar ona Romalılara 12:17—21 ayələrində yazılanlara uyğun davranmağı tövsiyə etdilər. (Ayələri oxuyun.) Yasmin deyir: «Bu, çox çətin idi. Amma mən Yehovadan kömək istədim. Müqəddəs Kitabda yazılanlara uyğun davranmaq üçün əlimdən gələni etdim. Ərim qəsdən mətbəxə torpaq töküb çirkləndirəndə oranı təmizləyirdim, məni təhqir edəndə mülayim cavab verirdim, xəstələnəndə qayğısına qalırdım».

Bizə qarşı çıxanlara məhəbbət göstərsək, onların ürəyini yumşalda bilərik (16 və 17-ci abzaslara baxın) *

16, 17. Yasminin nümunəsindən nə öyrəndiniz?

16 Yasminin ərinə məhəbbət göstərməsi bəhrəsiz qalmadı. O deyir: «Ərim mənə daha çox etibar etməyə başladı, çünki bilir ki, mən heç vaxt yalan danışmıram. İndi din haqqında söhbət düşəndə mənə hörmətlə qulaq asır, biz razılığa gəldik ki, evdə söz-söhbət yaratmayaq. İndi o özü məni yığıncağa getməyə təşviq edir. Ailəmizdə ab-hava tamamilə dəyişib. Biz çox mehribanıq. Ümid edirəm ki, bir gün ərim də Yehovaya yaxınlaşmaq istəyəcək və biz birlikdə Ona ibadət edəcəyik».

17 Yasminin nümunəsindən görürük ki, məhəbbət «hər şeyə qatlaşır,.. hər şeyə ümid edir, hər şeyə dözür» (1 Kor. 13:4, 7). Nifrət güclü və yaralayıcı ola bilər, amma məhəbbət daha qüdrətlidir. Məhəbbət ürəkləri fəth edir. Yehova da bunu görəndə çox sevinir. Amma hər şeyə rəğmən, kimlərsə bizə nifrət edirsə, biz yenə də xoşbəxt ola bilərik.

NİFRƏTƏ RƏĞMƏN, XOŞBƏXTİK

18. Nifrətə rəğmən, nəyə görə xoşbəxtik?

18 İsa demişdi: «[İnsanlar] sizə nifrət edəndə... siz necə də xoşbəxtsiniz» (Luka 6:22). Nifrətə tuş gəlmək bizə xoş deyil, bundan zövq almırıq. Xoşbəxt olmağımızın səbəbləri başqadır. İlk növbədə, dözüm göstərəndə Yehovanın razılığını qazanırıq (1 But. 4:13, 14). İkincisi, imanımız saflaşır və daha da güclənir (1 But. 1:7). Üçüncüsü isə dözüm göstərdiyimiz üçün möhtəşəm mükafat — əbədi həyat mükafatını alacağıq (Rom. 2:6, 7).

19. Həvarilər nəyə görə xoşbəxt idilər?

19 İsanın dirilməsindən çox keçməmiş həvarilər onun dediyi xoşbəxtliyi yaşadılar. Döyülsələr də, onlara daha təbliğ etməmək əmr olunsa da, sevinirdilər. Nəyə görə? Çünki «İsanın adı naminə təhqirə layiq» görülmüşdülər (Həv. 5:40—42). Ağalarına məhəbbət düşmənin nifrətinə tuş gəlmək qorxusundan daha güclü idi. Onlar məhəbbətlərini müjdəni «durmadan» təbliğ etməklə göstərdilər. Bu gün də dindaşlarımız çətinliklərə rəğmən, sədaqətlə xidmət edir. Onlar bilir ki, Yehova Onun adına göstərdikləri məhəbbəti və çəkdikləri zəhməti unutmayacaq (İbr. 6:10).

20. Növbəti məqalədə nə haqda danışacağıq?

20 Nə qədər ki Şeytanın bu dünyası mövcuddur, dünya bizə nifrət edəcək (Yəh. 15:19). Amma biz qorxuya qapılmamalıyıq. Növbəti məqalədən öyrənəcəyimiz kimi, Yehova sadiq xidmətçilərini «möhkəmləndirəcək və... qoruyacaq» (2 Salon. 3:3). Ona görə də gəlin bundan sonra da Yehovanı, dindaşlarımızı, hətta düşmənlərimizi sevək. Belə etsək, aramızdakı birliyi qoruyacağıq, ruhən möhkəm olacağıq, Yehovanın adını şərəfləndirəcəyik və məhəbbətin nifrətdən daha qüdrətli olduğunu sübut edəcəyik.

NƏĞMƏ 106 Ürəyimizdə məhəbbət yetişdirək

^ abz. 5 Məqalədən öyrənəcəyik ki, bu dünyanın nifrətinə tuş gələndə Yehovaya, dindaşlarımıza, hətta düşmənlərimizə məhəbbət Yehovaya ibadətimizi dayandırmamağa necə kömək edir. Bildiyimiz kimi, İsa demişdi ki, biz təqib olunanda xoşbəxt ola bilərik. Bu məqalədə bunun da səbəbini araşdıracağıq.

^ abz. 1 Adlar şərtidir.

^ abz. 58 ŞƏKLİN İZAHI: Əsgərlər Danilonu hədələyəndən sonra dindaşları ona və arvadına başqa şəhərə köçməyə kömək etdi. Oradakı bacı-qardaşlar onları mehriban qarşıladı.

^ abz. 60 ŞƏKLİN İZAHI: Yasminin əri onunla kobud rəftar edirdi, amma ağsaqqallar Yasminə gözəl məsləhət verdi. O, yaxşı arvad olduğunu əməldə sübut etdi və yoldaşı xəstə olanda onun qayğısına qaldı.