Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 14

«Hamı biləcək ki, siz mənim şagirdimsiniz»

«Hamı biləcək ki, siz mənim şagirdimsiniz»

«Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (YƏH. 13:35).

NƏĞMƏ 106 Ürəyimizdə məhəbbət yetişdirək

İCMAL a

Yehovanın Şahidlərinin arasındakı məhəbbət başqalarına necə təsir edir? (1-ci abzasa baxın)

1. Yığıncaqlarımıza birinci dəfə gələn insanlara ən çox nə təsir edir? (Həmçinin şəklə baxın.)

 TƏSƏVVÜR EDİN, bir ər-arvad ilk dəfə Yehovanın Şahidlərinin ibadət görüşündə iştirak edir. Bacı-qardaşların bu ər-arvadı xoş qarşılaması və yığıncaqda hər kəsin bir-birinə məhəbbət göstərməsi onlara güclü təsir bağışlayır. Yığıncaqdan evə qayıdanda arvad ərinə deyir: «Yehovanın Şahidləri başqalarından çox fərqlənirlər. Onların əhatəsində olmaq çox xoş idi».

2. Bəziləri nə üçün Yehovadan uzaqlaşıb?

2 Düzdür, Allahın xalqı arasındakı məhəbbət xüsusidir, amma onlar kamil deyil (1 Yəh. 1:8). Onları yaxından tanıdıqca bəzi qüsurlarını daha qabarıq görürük (Rom. 3:23). Təəssüf ki, bəziləri başqalarında gördüyü səhvlərə görə Yehovadan uzaqlaşıblar.

3. İsanın davamçılarını fərqləndirən cəhət nədir? (Yəhya 13:34, 35).

3 Gəlin məqalənin əsas ayəsinə bir daha nəzər salaq. (Yəhya 13:34, 35 ayələrini oxuyun.) Məsihin əsl davamçılarını fərqləndirən cəhət nədir? Məhəbbətdir, kamillik yox. Diqqət yetirin, İsa deməmişdi ki, siz biləcəksiniz ki, mənim şagirdimsiniz. O belə demişdi: «Hamı biləcək ki, siz mənim şagirdimsiniz». İsa demək istəyirdi ki, təkcə davamçıları yox, həmçinin məsihi yığıncağında olmayanlar da onların arasında olan bu məhəbbəti görəcək və onları bundan tanıyacaqlar.

4. Bəzilərində hansı suallar yarana bilər?

4 Yehovanın Şahidi olmayan bəzi insanlar düşünə bilər: «Məhəbbət İsa Məsihin əsl davamçılarını müəyyən etməyə necə kömək edir? Məsih həvarilərinə məhəbbətini necə göstərmişdi? Bu sahədə ondan necə nümunə götürmək olar?» Yehovanın xidmətçisi olan bizlər də bu sualların üzərində düşünməliyik. Bu bizə kömək edəcək ki, bir-birimizə qarşı səhv edəndə də məhəbbət göstərə bilək (Efes. 5:2).

ƏSL MƏSİHİLƏRİ FƏRQLƏNDİRƏN XÜSUSİ MƏHƏBBƏT

5. Yəhya 15:12, 13 ayələrində İsa nəyi nəzərdə tuturdu?

5 İsa şagirdlərinə bildirmişdi ki, onları başqalarından fərqləndirən cəhət bir-birilərinə göstərdikləri xüsusi məhəbbət olacaq. (Yəhya 15:12, 13 ayələrini oxuyun.) Görün o hansı əmri vermişdi: «Bir-birinizi mən sizi sevdiyim kimi sevin». Bu nə deməkdir? İsanın daha sonra izah etdiyi kimi, bu, fədakar məhəbbətdir. Məsihi lazım gələndə hətta dindaşı uğrunda ölməyə hazırdır b.

6. Allahın Kəlamında məhəbbətin vacibliyi necə vurğulanır?

6 Allahın Kəlamında deyilir ki, məhəbbət çox vacib xüsusiyyətdir. Növbəti ayələr bəzilərinin sevimli ayələridir: «Allah məhəbbətdir» (1 Yəh. 4:8). «Başqasını özünü sevdiyin kimi sev» (Mət. 22:39). «Məhəbbət çoxlu günahın üstünü örtür» (1 But. 4:8). «Məhəbbət heç vaxt tükənmir» (1 Kor. 13:8). Bu və digər ayələr məhəbbəti inkişaf etdirməyin və onu göstərməyin nə qədər vacib olduğunu başa düşməyə kömək edir.

7. Nəyə görə Şeytan insanları əsl məhəbbət telləri ilə heç vaxt birləşdirə bilməz?

7 Çox adam deyir: «Bütün dinlər həqiqəti öyrətdiyini iddia edir, amma onlar Allah haqda fərqli-fərqli şeylər öyrədirlər. Belə olan halda, həqiqi dini necə müəyyən etmək olar?» Şeytan çoxlu yalan din yaradıb. Ona görə də insanlara həqiqi dini müəyyən etmək çətindir. Amma o, heç vaxt bir-birini səmimi-qəlbdən sevən insanlardan ibarət təşkilat yarada bilməz. Yalnız Yehova buna qadirdir. Çünki məhəbbətin mənbəyi Odur. Ona görə də bu cür məhəbbəti yalnız Yehovanın müqəddəs ruhuna sahib olan və Ona xidmət edən kəslər təzahür etdirə bilər (1 Yəh. 4:7). Elə bu səbəbdən İsa demişdi ki, onun davamçıları aralarındakı məhəbbətdən tanınacaq.

8, 9. Yehovanın Şahidlərinin arasındakı məhəbbət başqalarına necə təsir edib?

8 İsanın dediyi kimi, çoxları onun davamçılarını aralarında olan məhəbbətdən tanıyır. Məsələn, Yan adlı bir qardaş evlərinin yaxınlığındakı stadionda keçirilən bir toplantıya getmişdi. O ilk dəfə idi ki, toplantıya qatılırdı. Toplantıdan bir neçə ay əvvəl isə, o həmin stadiona idman oyununa baxmağa getmişdi. Qardaş deyir: «Bu toplantı ilə idman oyunu arasında yerlə-göy qədər fərq var idi. Yehovanın Şahidləri mehriban idilər, səliqəli geyinmişdilər, uşaqları da özlərini çox yaxşı aparırdılar. Ən əsası isə, onlar həyatdan məmnun görünürdülər. Mən də həyatda elə bunu axtarırdım. Həmin gün söylənilən heç bir nitqi xatırlamasam da, Yehovanın Şahidlərinin necə davrandığı hələ də yadımdadır» c. Bu cür münasibət bir-birimizə bəslədiyimiz məhəbbətin nəticəsidir. Biz bacı-qardaşlarımızı sevirik, ona görə də onlarla mehribanlıqla və hörmətlə davranırıq.

9 Con adlı qardaş da ilk dəfə yığıncaq görüşünə gələndə eyni hissləri keçirmişdi. O deyir: «Onların mehribanlığı mənə çox güclü təsir bağışladı. Elə fikirləşirdim ki, onlar müqəddəsdir. Aralarındakı məhəbbət məni əmin etdi ki, həqiqi dini tapmışam» d. Bu kimi hadisələr hər dəfə sübut edir ki, Yehovanın xalqı əsl məsihilərdir.

10. Hansı vəziyyətlərdə məsihi məhəbbətini təzahür etdirmək üçün əsl imkan yaranır? (Həmçinin haşiyəyə baxın.)

10 Yuxarıda qeyd olunduğu kimi, heç bir dindaşımız mükəmməl deyil. Bəzən onlar sözləri, yaxud hərəkətləri ilə xətrimizə dəyə bilərlər e (Yaq. 3:2). Belə vəziyyətlərdə məsihi məhəbbətini göstərməyimiz üçün əsl imkan yaranır. Bu sahədə İsadan nə öyrənirik? (Yəh. 13:15).

İSANIN HƏVARİLƏRİNƏ MƏHƏBBƏTİ

Həvariləri səhvlər edəndə belə, İsa onlara məhəbbət göstərirdi (11—13 abzaslara baxın)

11. Yaqub və Yəhya hansı mənfi xüsusiyyətləri təzahür etdirdilər? (Həmçinin şəklə baxın.)

11 İsa şagirdlərindən mükəmməllik gözləmirdi. O, məhəbbətlə onlara kömək edirdi ki, mənfi xüsusiyyətlərini düzəldib Yehovanın rəğbətini qazansınlar. Bir dəfə onun iki həvarisinin, Yaqubla Yəhyanın anası İsadan xahiş etdi ki, oğullarına Padşahlıqda mötəbər yer versin (Mət. 20:20, 21). Bununla da Yaqubla Yəhya qürur və şöhrətpərəstlik kimi mənfi xüsusiyyətlər təzahür etdirdilər (Məs. 16:18).

12. Yalnız Yaqubla Yəhya düzgün davranmamışdı? İzah edin.

12 Həmin vəziyyətdə düzgün davranmayan təkcə Yaqubla Yəhya deyildi. Görün o biri həvarilər nə etmişdi: «Digər on şagird bu söhbəti eşidəndə iki qardaşa bərk hirsləndi» (Mət. 20:24). Təsəvvür edirsiniz, onlar bir-birinə necə kəskin sözlər deməyə başladılar? Ola bilsin, onlar deyirdilər: «Siz kimsiniz ki, Padşahlıqda özünüz üçün mötəbər yer istəyirsiniz? İsa ilə təkcə siz zəhmət çəkmisiniz? Bizim sizdən nəyimiz əskikdir?» Həvarilər daima bir-birilərinə məhəbbət göstərməli olduqlarını müvəqqəti olaraq unutmuşdular.

13. İsa həvarilərinin zəifliklərinə necə yanaşdı? (Mətta 20:25—28).

13 Həmin vəziyyətdə İsa necə davrandı? O qəzəblənmədi, demədi ki, daha təvazökar, bir-biri ilə həmişə məhəbbətlə davranan daha yaxşı həvarilər yığacaq. Əksinə, İsa onlarla səbirlə danışdı, çünki bilirdi ki, onlar əslində düzgün davranmaq istəyirlər. (Mətta 20:25—28 ayələrini oxuyun.) Bu nə birinci, nə də sonuncu dəfə idi ki, həvarilər kimin daha böyük olduğu haqda mübahisə edirdilər. Buna baxmayaraq, İsa onlarla məhəbbətlə davranırdı (Mark 9:34; Luka 22:24).

14. İsanın həvariləri necə mühitdə böyümüşdülər?

14 Şübhəsiz, İsa həvarilərinin böyüdüyü mühiti nəzərə alırdı (Yəh. 2:24, 25). Onlar din xadimlərinin yüksək mövqe və şan-şöhrətə xüsusi önəm verdiyi cəmiyyətdə böyümüşdülər. (Mət. 23:6; «Gözətçi qülləsi»nin 2010-cu il 1 aprel sayının 16—18 səhifələrində yerləşən «Sinaqoq. İsanın və şagirdlərinin təbliğ etdiyi yer» adlı məqalə ilə əlaqələndirin.) Yəhudi din xadimləri həmçinin özlərini başqalarından üstün sayırdılar f (Luka 18:9—12). İsa başa düşürdü ki, bu cür mühit həvarilərin özlərinə və başqalarına olan baxışına təsir edə bilər (Məs. 19:11). Buna görə də o, vəziyyətə real yanaşırdı, həvarilərindən kamillik gözləmirdi. İsa bilirdi ki, həvarilərinin ürəyi təmizdir. Ona görə də onlara səbirlə kömək edirdi ki, özlərini başqalarından üstün tutmaq əvəzinə, insanlara məhəbbət göstərsinlər.

İSADAN ÖRNƏK GÖTÜRÜN

15. Yaqubla Yəhyanın hadisəsindən nə öyrənirik?

15 Yaqubla Yəhyanın hadisəsindən çox şey öyrənə bilərik. Onlar Padşahlıqda özləri üçün yüksək mövqe istəməklə səhvə yol vermişdilər. Amma digər həvarilər də düz davranmamışdılar. Onlar bu vəziyyətin birliyi pozmasına yol vermişdilər. Buna baxmayaraq, İsa 12 həvarinin hamısı ilə mehriban davranmışdı. Bundan nə öyrənirik? Önəmli olan insanların hansı səhvlər etməsi yox, bizim buna münasibətimizdir. Bu sahədə bizə nə kömək edə bilər? Əgər dindaşımızın hansısa hərəkətinə görə pis olmuşuqsa, özümüzdən soruşa bilərik: «Onun hərəkəti nəyə görə mənə pis təsir edib? Bəlkə, bu, üzərində işləməli olduğum hansısa mənfi cəhətimdən xəbər verir? Yaxud, ola bilərmi ki, xətrimə dəyən şəxsin hansısa ciddi problemi var? Hətta inciməyim üçün əsasım varsa, məhəbbətdən irəli gələrək onu bağışlaya bilərəm?» Başqalarına qarşı məhəbbət göstərəndə İsanın davamçısı olduğumuzu sübut edirik.

16. İsanın nümunəsindən daha nə öyrənirik?

16 İsanın nümunəsi həmçinin bizi öyrədir ki, bacı-qardaşlarımızı başa düşməyə çalışaq (Məs. 20:5). İsa insanların ürəyini oxuya bilirdi, amma biz oxuya bilmirik. Bununla belə, bacı-qardaşlarımız bizim xətrimizə dəyəndə, bizi incidəndə onlara qarşı səbirli olmalıyıq (Efes. 4:2; 1 But. 3:8). Əgər onları yaxından tanısaq, bunu etmək daha asan olacaq. Gəlin bir nümunəyə baxaq.

17. Bir səyyar nəzarətçi dindaşını daha yaxından tanımağın xeyrini necə gördü?

17 Bir səyyar nəzarətçi Şərqi Afrikada xidmət etdiyi yığıncaqların birində bir qardaşla tanış olmuşdu. Ona elə gəlirdi ki, o qardaş çox kobuddur. Bəs həmin səyyar nəzarətçi nə etdi? O deyir: «Qardaşdan gen gəzmədim, onu daha yaxından tanımağa çalışdım». Səyyar nəzarətçi həmin qardaşın keçmişi barədə çox şey öyrəndi və başa düşdü ki, yaşadıqları onun xasiyyətinə təsir edib. O, sözünə davam edir: «Başa düşəndə ki, xasiyyətini dəyişmək, bacı-qardaşlarla daha yaxşı davranmaq üçün o artıq öz üzərində nə qədər işləyib, ona rəğbətim artdı. Biz onunla yaxın dost olduq». Bacı-qardaşlarımızı anlamağa çalışsaq, onlara məhəbbət göstərmək daha asan olacaq.

18. Dindaşımız xətrimizə dəyibsə, özümüzə hansı sualları verə bilərik? (Məsəllər 26:20).

18 Bəzən düşünə bilərik ki, məsələni həll etmək üçün yaxşı olardı, gedib dindaşımızla danışaq. Amma bunu etməzdən əvvəl, özümüzə növbəti sualları verə bilərik: «Bütün faktları bilirəm? (Məs. 18:13). Ola bilər ki, o, bilməyərəkdən xətrimə dəyib? (Vaiz 7:20). Bəs mən nə vaxtsa başqalarına qarşı eyni cür davranmışam? (Vaiz 7:21, 22). Xətrimə dəyən insana yaxınlaşsam, vəziyyəti düzəltmək əvəzinə, problemi daha da şişirtmərəm?» (Məsəllər 26:20 ayəsini oxuyun.) Vaxt ayırıb bu sualların üzərində düşünsək, elə nəticəyə gələ bilərik ki, məhəbbətin sayəsində bu məsələnin üzərindən keçmək olar.

19. Nəyə qətiyyətli olmalıyıq?

19 Yehovanın Şahidləri İsanın əsl davamçısı olduqlarını artıq sübut ediblər. Biz dindaşlarımızın səhvlərinə baxmayaraq, onlara məhəbbət göstərməklə ayrı-ayrılıqda da İsanın əsl davamçısı olduğumuzu sübut edirik. Bununla biz insanlara həqiqi dini tapmağa və məhəbbətli Atamız Yehovaya xidmətdə bizə qoşulmağa kömək edirik. Gəlin bundan sonra da əsl məsihiləri tanıdan məhəbbət xüsusiyyətini göstərməyə davam edək!

NƏĞMƏ 17 «İstəyirəm»

a Çoxlarını Yehova və Onun Kəlamı haqda öyrənməyə aramızdakı məhəbbət təşviq edib. Amma biz qeyri-kamil olduğumuz üçün dindaşlarımızla həmişə məhəbbətlə davranmaq asan olmur. Gəlin görək nə üçün məhəbbət göstərmək vacibdir və başqaları səhvlər edəndə İsadan nümunə götürərək onlarla necə davrana bilərik.

c «Gözətçi qülləsi»nin 2012-ci il 1 noyabr sayının 13 və 14-cü səhifələrində yerləşən «Nəhayət, həyatımın mənası var» adlı məqaləyə (türk.) baxın.

d «Gözətçi qülləsi»nin 2012-ci il 1 may sayının 18 və 19-cu səhifələrində yerləşən «Düşünürdüm ki, həyatımda hər şey yaxşıdır» adlı məqaləyə (türk.) baxın.

e Bu məqalədə, 1 Korinflilərə 6:9, 10 ayələrində sadalanan günahlar kimi, ağsaqqalların baxmalı olduğu ciddi günahlardan danışılmır.

f Bir ravvin demişdi: «Dünyada İbrahim peyğəmbər kimi saleh olan ən azı otuz adam var. Əgər otuz adam varsa, onlardan ikisi oğlum və mənəm. Əgər on adam varsa, onlardan ikisi oğlum və mənəm. Əgər beş adam varsa, onlardan ikisi oğlum və mənəm. İki adam varsa, bu, oğlum və mənəm. Amma yalnız bir adam varsa, bu mənəm».