Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 10

Nəyə görə vəftiz olunmalısınız?

Nəyə görə vəftiz olunmalısınız?

«Qoy hər kəs... vəftiz olunsun» (HƏV. 2:38).

NƏĞMƏ 34 Kamillik yolunda yeriyək

İCMAL a

1, 2. Vəftiz zamanı nələr yaşanır və bu məqalədə nəyi araşdıracağıq?

 NƏ VAXTSA vəftiz olunan kəsləri izləmisiniz? Bu bacı-qardaşlar vəftizdən əvvəl onlara ünvanlanan iki suala əminliklə cavab verirlər. Ailə üzvləri, dostları onlarla fəxr edir. Onlar sudan çıxanda alqış səsləri ətrafa yayılır, simalarından sevinc hissi duyulur. Hər həftə orta hesabla minlərlə insan özünü Yehovaya həsr edib vəftiz olunur.

2 Əgər siz də vəftiz olunmaq barədə düşünürsünüzsə, deməli, «Yehovanı axtaran» biri kimi, bu qaranlıq dünyada bərq vuranlardansınız (Zəb. 14:1, 2). Gənc və ya yaşlı olmağınızdan asılı olmayaraq, bu məqalə məhz sizə ünvanlanıb. Artıq vəftiz olunmuş kəslər də Yehovaya əbədiyyən xidmət etmək əzmlərini möhkəmləndirməlidir. Yehovaya xidmət etməyimizin bir çox səbəbləri var. Gəlin onlardan üçünə nəzər salaq.

HAQQI VƏ SALEHLİYİ SEVİRSİNİZ

Şeytan min illərdir ki, Yehovanın müqəddəs adını bədnam etməyə çalışır (3 və 4-cü abzaslara baxın)

3. Nəyə görə Yehovanın xidmətçiləri haqq-ədaləti və salehliyi sevirlər? (Zəbur 119:128, 163).

3 Yehova xalqına əmr etmişdi ki, «haqq-ədaləti» sevsinlər (Zək. 8:19). İsa da davamçılarına salehliyə can atmağı buyurmuşdu (Mət. 5:6). Bu o deməkdir ki, insan Allahın gözündə düzgün, yaxşı, təmiz olan şeyləri etməyi ürəkdən istəyir. Bəs siz haqq-ədaləti və salehliyi sevirsiniz? Əminik ki, sevirsiniz. Çünki siz yalan-yanlış, pis olan hər şeyə nifrət edirsiniz. (Zəbur 119:128, 163 ayələrini oxuyun.) Bilirsiniz ki, yalan danışmaq bu dünyanın hökmdarı olan Şeytana xas xüsusiyyətdir (Yəh. 8:44; 12:31). Onun məqsədlərindən biri Yehovanın müqəddəs adını bədnam etməkdir. O, Ədən bağındakı üsyandan bəri Allahımız haqda yalanlar yayır, Yehovanı insanlardan yaxşı nə isə gizlədən xudbin, nadürüst Hökmdar kimi qələmə verir (Yar. 3:1, 4, 5). O, Yehova haqda yaydığı yalanlarla insanların zehnini və ürəyini zəhərləməyə davam edir. Şeytan haqqın tərəfini tutmayan insanları hər cür pis əmələ sövq edir (Rom. 1:25—31).

4. Yehova «haqq Allahı» olduğunu necə sübut edir? (Həmçinin şəklə baxın.)

4 Yehova «haqq Allahı»dır və Onu sevənlərə səxavətlə həqiqəti öyrədir (Zəb. 31:5). Bununla O, Şeytanın yalanlarının təsiri altına düşmüş insanları azad edir. O həmçinin xidmətçilərinə dürüst, saleh olmağı öyrədir. Beləcə, onların özünəhörmət hissi artır və qəlb rahatlığı tapırlar (Məs. 13:5, 6). Yəqin, Müqəddəs Kitabı araşdıranda siz də bunun şahidi olmusunuz. Öyrəndiniz ki, Yehovaya xidmət bütün bəşəriyyət və şəxsən sizin üçün ən yaxşı yoldur (Əşy. 48:17). Buna görə də Allahın tələb etdiyi salehliyi hər şeydən üstün tutmağa qərar verdiniz (Mət. 6:33). İstəyirsiniz ki, həqiqət üzə çıxsın və Şeytanın Yehova barədə yaydığı fikirlərin yalan olduğu hamıya bəlli olsun. Bəs bunu necə edə bilərsiniz?

5. Haqq-ədalətin və salehliyin tərəfini tutduğunuzu necə göstərə bilərsiniz?

5 «Mən Şeytanın yalanlarını rədd edirəm, həqiqətin tərəfini tuturam. Mənim Hökmdarım Yehovadır və Onun gözündə doğru olanı etmək istəyirəm». Yəqin, bu sözlər sizin də hisslərinizi təsvir edir. Bəs bu cür düşündüyünüzü necə göstərə bilərsiniz? Özünüzü duada Yehovaya həsr etmək və vəftiz olunmaqla. Haqqı və salehliyi sevmək sizi vəftiz olunmağa təşviq edəcək.

İSA MƏSİHİ SEVİRSİNİZ

6. Zəbur 45:4 ayəsində İsa Məsihi sevməyimizin hansı səbəbləri yazılıb?

6 Nəyə görə İsa Məsihi sevirik? Zəbur 45:4 ayəsində bunun bəzi səbəbləri yazılıb. (Ayəni oxuyun.) İsa təvazökar idi, həqiqətin, salehliyin tərəfini tuturdu. Əgər siz də həqiqəti, salehliyi sevirsinizsə, deməli, İsa Məsihi də sevirsiniz. İsa həqiqəti cəsarətlə müdafiə edirdi (Yəh. 18:37). Bəs İsa insanları təvazökar olmağa necə təşviq edirdi?

7. İsanın təvazökarlığında ən çox nə xoşunuza gəlir?

7 İsa insanları təvazökarlığa öz nümunəsi ilə təşviq edirdi. O, şərəfi özünə yox, həmişə Atasına verirdi (Mark 10:17, 18; Yəh. 5:19). Onun bu cür təvazökarlığı sizə necə təsir edir? Yəqin, bu sizi onu sevməyə, onun ardınca getməyə təşviq edir. Bəs İsa nə üçün təvazökar idi? Çünki o, lütfkar Atasını sevirdi, onun nümunəsini izləyirdi (Zəb. 18:35; İbr. 1:3). İsa Yehovanın xüsusiyyətlərini mükəmməl şəkildə əks etdirirdi. Bu bizi ona daha da yaxınlaşdırır.

8. Nəyə görə İsa kimi Padşahımız olduğu üçün sevinirik?

8 Biz Padşahımız İsa Məsihi çox sevirik. Çünki o, mükəmməl hökmdardır. Yehova Özü ona təlim keçib və Padşah təyin edib (Əşy. 50:4, 5). İsanın fədakar məhəbbəti barədə bir düşünün (Yəh. 13:1). O, bir Padşah kimi, sevgiyə layiqdir. İsa onu sevənləri öz dostu adlandırmışdı və demişdi ki, onlar öz məhəbbətlərini onun əmrlərinə əməl etməklə göstərirlər (Yəh. 14:15; 15:14, 15). Yehovanın Oğlunun dostu olmaq böyük şərəfdir!

9. İsa Məsihin vəftizi ilə davamçılarının vəftizi arasında hansı oxşarlıq var?

9 İsanın şagirdlərinə verdiyi əmrlərdən biri də vəftiz olunmaq əmri idi (Mət. 28:19, 20). O özü bu sahədə nümunə qoymuşdu. Düzdür, onun vəftizi şagirdlərinin vəftizindən fərqlənirdi, amma oxşar cəhətləri də var idi. (« İsanın vəftizi və davamçılarının vəftizi. Hansı fərqli cəhətləri var?» adlı çərçivəyə baxın.) İsa vəftiz olunmaqla özünü Atasının iradəsini yerinə yetirməyə həsr etdiyini göstərdi (İbr. 10:7). Eynilə, Məsihin davamçıları da vəftiz olunanda hamının qarşısında göstərirlər ki, öz həyatlarını Yehova Allaha həsr ediblər. Artıq onların həyatlarının amalı öz istəklərini yox, Yehovanın iradəsini yerinə yetirməkdir. Onlar Ustadlarının nümunəsini izləyirlər.

10. Nəyə görə İsanı sevirik və bu məhəbbət bizi nəyə təşviq edir?

10 Siz İsanın Yehovanın yeganə Oğlu olduğunu və onu bizim üzərimizə Padşah qoyduğunu qəbul etmisiniz. Həmçinin öyrənmisiniz ki, İsa təvazökardır və Yehovanın xüsusiyyətlərini mükəmməl şəkildə əks etdirir. O, acları doyururdu, ruhdan düşənlərə təskinlik verirdi, xəstələri sağaldırdı (Mət. 14:14—21). Üstəlik, onun indiki dövrdə yığıncaqları necə idarə etdiyini də görürsünüz (Mət. 23:10). Başa düşürsünüz ki, gələcəkdə Allahın Padşahlığının Padşahı kimi, o daha böyük işlər görəcək. Bəs İsanı sevdiyinizi necə göstərə bilərsiniz? Onun nümunəsini izləməklə (Yəh. 14:21). Bunun bir yolu özünüzü Yehovaya həsr edib, vəftiz olunmaqdır.

YEHOVA ALLAHI SEVİRSİNİZ

11. Vəftiz olunmaq istəməyinizin ən başlıca səbəbi nədir?

11 Vəftiz olunmaq istəməyinizin ən başlıca səbəbi nədir? İsa Yehovanın hansı əmrinin ən böyük olduğunu açıqlayaraq belə demişdi: «Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla, bütün ağlınla və var gücünlə sev» (Mark 12:30). Siz də Yehovanı bu cür sevirsiniz?

Hər bir yaxşı şeyin və xoş anların mənbəyi Yehova Allahdır (12 və 13-cü abzaslara baxın)

12. Nəyə görə Yehovanı sevirsiniz? (Həmçinin şəklə baxın.)

12 Yehovanı sevmək üçün o qədər səbəb var ki! Məsələn, «həyat mənbəyi» Odur, «hər bir gözəl pay və hər bir kamil nemət» Yehovadandır (Zəb. 36:9; Yaq. 1:17). Ümumiyyətlə, bizə zövq verən hər bir yaxşı şey səxavətli Allahımız Yehovanın bəxşişidir.

13. Nəyə görə fidyə möhtəşəm ənamdır?

13 Yehovanın bizə verdiyi ən möhtəşəm ənam fidyə qurbanlığıdır. Belə deməyə hansı əsasımız var? Gəlin Yehova ilə Onun Oğlu arasındakı münasibətlər barədə düşünək. İsa demişdi ki, «Atam məni sevir», mən də Atamı sevirəm (Yəh. 10:17; 14:31). Onların arasındakı sıx münasibət milyard illər ərzində get-gedə daha da möhkəmlənirdi (Məs. 8:22, 23, 30). Bir düşünün, Yehovaya Oğlunun əzab çəkərək öldüyünü görmək necə ağır idi. Yehova həm sizi, həm də bəşəriyyəti o qədər sevir ki, əbədi yaşamağınız üçün Öz yeganə Oğlunu qurban verdi (Yəh. 3:16; Qal. 2:20). Yehovanı sevməyimiz üçün bundan böyük səbəbimiz ola bilməz.

14. Həyatda qarşınıza qoya biləcəyiniz ən yaxşı məqsəd nədir?

14 Yehova haqda daha çox öyrəndikcə Ona olan məhəbbətiniz də artıb. Təbii ki, siz Onunla həm indi, həm də əbədiyyən yaxın olmaq istəyirsiniz. Bu mümkündür. O sizi təşviq edir ki, Onun könlünü şad edəsiniz (Məs. 23:15, 16). Bunu təkcə sözlərinizlə yox, əməllərinizlə də göstərə bilərsiniz. Həyat tərziniz Yehovanı həqiqətən də sevdiyinizi göstərəcək (1 Yəh. 5:3). Bu, həyatda qarşınıza qoya biləcəyiniz ən yaxşı məqsəddir.

15. Yehovanı sevdiyinizi necə göstərə bilərsiniz?

15 Yehovanı sevdiyinizi necə göstərə bilərsiniz? İlk öncə, özünüzü Yehovaya həsr etmək üçün təklikdə xüsusi dua edirsiniz (Zəb. 40:8). Sonra isə vəftiz olunmaqla həsr olunduğunuzu hər kəsin qarşısında əyan edirsiniz. Məqalənin əvvəlində araşdırdığımız kimi, vəftiz çox vacib bir addımdır, həyatımızın dönüş nöqtəsidir. Siz yeni bir həyata başlayırsınız. Artıq özünüz üçün yox, Yehova üçün yaşayırsınız (Rom. 14:8; 1 But. 4:1, 2). Vəftiz çox ciddi bir addımdır, amma bu addım sizin üçün ən yaxşı həyata qapı açır. Necə?

16. Zəbur 41:12 ayəsinə əsasən, Yehova həyatını Ona xidmətə həsr edənləri necə mükafatlandırır?

16 Yehova çox səxavətlidir. Siz Ona nə versəniz də, əvəzində O sizə həmişə daha artığını verəcək (Mark 10:29, 30). Əgər həyatınızı Yehovaya xidmətə həsr etsəniz, hətta bu şər dünyada belə, O sizə ən mənalı, dolğun həyat bəxş edəcək. Bu hələ başlanğıcdır. Vəftizlə başlayan səyahətinizin sonu yoxdur. Siz sevimli Atanıza əbədiyyən xidmət edə bilərsiniz. Səmavi Atanızla aranızdakı sevgi get-gedə daha da artacaq. Yehova var olduğu müddətdə siz yaşayacaqsınız, yəni əbədiyyən. (Zəbur 41:12 ayəsini oxuyun.)

17. Yehovaya Onda olmayan nə verə bilərsiniz?

17 Siz həsr olunmaqla, vəftiz olunmaqla səmavi Atanıza çox dəyərli bir şey vermək şərəfinə sahib olursunuz. O sizə indiyə qədər yaxşı şeylər verib, xoş anlar bəxş edib. Bunun əvəzində, siz göyün və yerin Sahibinə Onda olmayan bir şey verə bilərsiniz: öz iradənizlə Ona sədaqətlə xidmət etməyi seçə bilərsiniz (Əyy. 1:8; 41:11; Məs. 27:11). Bundan gözəl həyat yolu var? Şübhəsiz ki, Yehovaya məhəbbət vəftiz olunmaq üçün ən yaxşı səbəbdir.

NƏYİ GÖZLƏYİRSİNİZ?

18. Özünüzə hansı sualları verə bilərsiniz?

18 Vəftiz olunacaqsınız? Bu suala ancaq siz cavab verə bilərsiniz. Amma özünüzdən soruşun: «Nəyi gözləyirəm?» (Həv. 8:36). Gəlin araşdırdığımız üç səbəbi yadımıza salaq. Birincisi, siz haqqı və salehliyi sevirsiniz. Özünüzdən soruşun: «Hər kəsin həqiqəti söyləyəcəyi günün gəlməsini həsrətlə gözləyirəm?» İkincisi, siz İsa Məsihi sevirsiniz. Özünüzdən soruşun: «Mən Allahın Oğlunun Padşahım olmasını və onun nümunəsini izləmək istəyirəm?» Üçüncüsü, siz hər şeydən əvvəl, Yehovanı sevirsiniz. Özünüzdən soruşun: «Mən Yehovaya xidmət etməklə Onun könlünü şad etmək istəyirəm?» Əgər bu suallara «bəli» deyə cavab verirsinizsə, nəyə görə vəftiz olunmayasınız? Nəyi gözləyirsiniz? (Həv. 16:33).

19. Nəyə görə vəftiz olunmağa tərəddüd etməməlisiniz? Nümunə çəkin (Yəhya 4:34).

19 Əgər vəftiz olunmağa tərəddüd edirsinizsə, İsanın çəkdiyi bir məsəl haqda düşünün. (Yəhya 4:34 ayəsini oxuyun.) İsa Atasının iradəsini yerinə yetirməyi yeməyə bənzətmişdi. Nəyə görə? Yemək bizim üçün faydalıdır. Eynilə, İsa bilirdi ki, Yehovanın tapşırıqlarını icra etmək bizim xeyrimizədir. Yehova bizdən heç vaxt zərərimizə olan bir şeyi istəməz. Bəs Yehova vəftiz olunmağımızı istəyir? Bəli (Həv. 2:38). Ona görə də əmin ola bilərsiniz ki, vəftiz olunmaq əmrinə tabe olmaq sizə fayda gətirəcək. Yaxşı yeməyi yeməyə tərəddüd etmirsinizsə, vəftiz olunmağa niyə tərəddüd edirsiniz?

20. Növbəti məqalədə nə haqda danışacağıq?

20 Nəyi gözləyirsiniz? Çoxları belə deyir: «Hələ hazır deyiləm». Düzdür, özünü Yehovaya həsr edib, vəftiz olunmaq həyatda verə biləcəyiniz ən vacib qərardır. Ona görə də bu addımı atmazdan əvvəl vaxt ayırıb yaxşıca düşünmək və hazır olmaq üçün çalışmaq lazımdır. Bəs bu addımı atmağı ürəkdən istəyirsinizsə, hazır olmaq üçün indidən nə edə bilərsiniz? Növbəti məqalədə bu sualın cavabını nəzərdən keçirəcəyik.

NƏĞMƏ 28 Yehovanın dostu olaq

a Müqəddəs Kitabı öyrənən hər bir şagird üçün vəftiz çox önəmli bir addımdır. Onları bu addımı atmağa nə təşviq edir? Məhəbbət. Bəs nəyə və kimə məhəbbət? Bu məqalədə bu sualın cavabını tapacağıq və araşdıracağıq ki, vəftiz olunandan sonra hər bir məsihini necə həyat gözləyir.