Oxucuların sualları
Müqəddəs Kitabda Naimənin «filankəs» adlandırılan qohumu nəyə görə dedi ki, Rutla evlənsə, öz mirasına xələl vurmuş olacaq? (Rut 4:1, 6).
Müqəddəs Kitabın yazıldığı dövrdə əgər bir kişi övladı olmadan ölərdisə, ortaya bəzi suallar çıxırdı: «Onun torpağına nə olacaq? Nəsli həmişəlik yox olacaq?» Musanın qanununda bu kimi sualların cavabı var idi.
Bəs kasıblıq ucbatından torpağını satmış və ya ölmüş adamın torpağı ilə nə edirdilər? Həmin adamın qardaşı və ya digər yaxın qohumu torpağı geri almaq hüququna malik idi. Beləcə, torpaq onun nəslində qalacaqdı (Lav. 25:23—28; Say. 27:8—11).
Mərhumun adının nəsil şəcərəsindən silinməməsi üçün hansı tədbir görülürdü? Rutun da hadisəsində olduğu kimi, levirat nikah və ya qohumluq borcu. Kişi ölən qardaşının arvadı ilə evlənirdi. Bu nikahdan dünyaya gələn ilk oğlan uşağı ölən qardaşın adına olurdu və onun mülkünü miras alırdı. Beləcə, ölən adamın nəsli davam edirdi. Bu, dul qalmış qadının da xeyrinə idi (Qan. 25:5—7; Mət. 22:23—28).
Naimənin hadisəsinə nəzər salaq. O, Əliməlik adlı bir kişi ilə evli idi. Sonralar Naimənin əri və oğlanları öldü, ona görə də ailəni dolandıracaq heç kəs qalmadı (Rut 1:1—5). Yəhudaya qayıdanda Naimə gəlini Ruta dedi ki, Buəzin yanına getsin və ona üzərinə düşən qohumluq borcunu yerinə yetirməyi desin. Buəz Əliməlikin yaxın qohumu idi (Rut 2:1, 19, 20; 3:1—4). Amma Buəz bilirdi ki, Müqəddəs Kitabda «filankəs» adlandırılan şəxs Naiməgilin daha yaxın qohumudur. Odur ki, qohumluq borcunu yerinə yetirmək ilk növbədə onun üzərinə düşürdü (Rut 3:9, 12, 13).
Təzə-təzə həmin adam kömək etməyə hazır idi (Rut 4:1—4). O bilirdi ki, Naimə uşaq dünyaya gətirmək üçün çox qocadır. Ona görə də müəyyən xərc çəkməli olsa da, torpağın sonda onun özünə qalacağını düşünürdü. Onun üçün bu, gələcəyə yaxşı yatırım idi.
Amma Naimə ilə yox, Rutla evlənməli olduğunu biləndə, o fikrini dəyişdi. O dedi: «Mən onu ala bilmərəm, yoxsa öz mirasıma xələl vurmuş olaram» (Rut 4:5, 6). Nəyə görə o, fikrini dəyişdi?
Əgər həmin filankəs və ya başqa biri Rutla evlənsə idi və o, dünyaya oğul gətirsə idi, həmin uşaq Əliməlikin torpağını miras alacaqdı. Bu, filankəsin mirasına necə «xələl vurmuş» olacaqdı? Müqəddəs Kitabda bu barədə yazılmayıb, amma bunun bir neçə səbəbi ola bilərdi.
Birincisi, o, Əliməlikin torpağını almaq üçün sərf etdiyi pulu boşuna xərcləmiş olacaqdı. Çünki nəticədə torpaq ona yox, Rutun oğluna qalacaqdı.
İkincisi, o, həm Naimənin, həm də Rutun qeydinə qalmalı idi.
Üçüncüsü, əgər onun Rutdan başqa övladları da olsa idi, onun öz mirasından həmin uşaqlara da pay düşəcəkdi.
Dördüncüsü, əgər filankəsin başqa övladları olmasa idi, Rutun dünyaya gətirdiyi oğlan həm Əliməlikin, həm də onun torpağına sahib olacaqdı. Beləcə, onun torpağı özünün yox, Əliməlikin adını daşıyan övlada qalacaqdı. Filankəs Naiməyə kömək etmək naminə öz mirasını riskə atmaq istəmirdi. Buna görə də, o, qohumluq borcu məsuliyyətini özündən sonra gələn kəsə, yəni Buəzə ötürdü. Buəz bu borcu öz üzərinə götürdü, çünki «mərhumun adını öz irsinə [qaytarmaq]» istəyirdi (Rut 4:10).
Görünür, filankəs daha çox öz adını və mirasını qorumaq istəyirdi. O, xudbin adam idi. Amma o, öz adını qoruya bilmədi, onun adı ümumiyyətlə tarixdən silindi. O həmçinin Buəzin layiq görüldüyü şərəfi də itirdi. Çünki Buəz İsanın ulu babası oldu. Filankəsin hadisəsindən görmək olar ki, xudbin davranıb köməyə ehtiyac duyan kəsə əl uzatmamağın axırı yaxşı olmur (Mət. 1:5; Luka 3:23, 32).