TƏLİM MƏQALƏSİ 11
Vəftizə necə yararlı ola bilərsiniz?
«Vəftiz olunmağıma nə mane olur?» (HƏV. 8:36).
NƏĞMƏ 50 Həsr duası
İCMAL a
1, 2. Vəftiz olunmağa hələ hazır deyilsinizsə, nəyə görə ruhdan düşməməlisiniz? (Üz qabığındakı şəklə baxın.)
VƏFTİZ olunmaq istəyirsiniz? Bu çox gözəl məqsəddir. Bəs bu addımı atmağa hazırsınız? Əgər hazır olduğunuzu düşünürsünüzsə və ağsaqqallarınız da eyni fikirdədirsə, bu addımı atmağa tərəddüd etməyin. Qarşıda sizi Yehovaya xidmətdə gözəl həyat gözləyir.
2 Amma ola bilsin, sizə deyilib ki, vəftizdən əvvəl bəzi sahələrin üzərində işləməlisiniz və ya siz özünüz bu qənaətə gəlmisiniz. Əgər üzərində işləməli olduğunuz nələrsə varsa, ruhdan düşməyin. Gənc və ya yaşlı olmağınızdan asılı olmayaraq, vəftizə yararlı olmaq üçün lazımi dəyişiklikləri edə bilərsiniz.
«NƏ MANE OLUR?»
3. Həbəşistanlı məmur Filipdən nə soruşmuşdu və ortaya hansı sual çıxır? (Həvarilərin işləri 8:36, 38).
3 Həvarilərin işləri 8:36, 38 ayələrini oxuyun. Həbəşistanlı məmur müjdəçi Filipdən soruşmuşdu: «Vəftiz olunmağıma nə mane olur?» O, vəftiz olunmaq istəyirdi, amma bu vacib addımı atmağa həqiqətən də hazır idi?
4. Həbəşistanlı məmur daha çox şey öyrənmək istədiyini necə göstərdi?
4 Həbəşistanlı məmur «Yerusəlimə ibadətə gəlmişdi» (Həv. 8:27). Görünür, o, yəhudi prozeliti idi, iudaizmi qəbul etmişdi. O, Yehova haqda Tövratdan öyrənmişdi, amma daha çox şey öyrənmək istəyirdi. Filip yolda bu məmurla qarşılaşanda, o nə edirdi? Əşiya peyğəmbərin kitabını oxuyurdu (Həv. 8:28). Bu, bərk ruhani qida idi. Məmur sadəcə əsas təlimləri öyrənməklə kifayətlənmirdi, daha dərin biliklərə sahib olmaq istəyirdi.
5. Həbəşistanlı məmur öyrəndiklərinə uyğun davrandığını necə göstərdi?
5 Bu məmur «Həbəşistan hökmdarı kandakinin… xəzinədarı» idi (Həv. 8:27). O, çoxlu məsuliyyətləri olan saray xadimi olsa da, Yehovaya ibadətdən qalmırdı. Məmur sadəcə Müqəddəs Kitab təlimlərini öyrənməklə kifayətlənmirdi, öyrəndiklərinə uyğun davranırdı. Buna görə də o, Yerusəlimdəki məbəddə Yehovaya ibadət etmək üçün Həbəşistandan oraya uzun bir yol qət etmişdi. Bu səyahət üçün çoxlu vaxt və pul lazım idi. Amma o, Yehovaya ibadət etmək üçün qurbanlar verməyə hazır idi.
6, 7. Həbəşistanlı məmur Yehovaya məhəbbətini necə artırırdı?
6 Həbəşistanlı məmur Filipdən bəzi vacib yeni şeyləri, məsələn, Məsihin kim olduğunu öyrəndi (Həv. 8:34, 35). İsanın onun üçün etdikləri barədə öyrəndikləri ona xoş təsir bağışladı. Bəs bu məmur daha sonra nə etdi? O istəsə idi, yəhudi prozeliti kimi qala bilərdi, amma onun Yehovaya, Onun Oğluna məhəbbəti artdı. Bu sevgi onu vacib bir addım atmağa təşviq etdi. O, İsanın şagirdi kimi vəftiz olunmaq qərarını verdi. Filip onun hazır olduğunu gördü və onu vəftiz etdi.
7 Həbəşistanlı məmurdan örnək götürsəniz, vəftiz olunmağa hazır olacaqsınız. Onda siz də əminliklə deyəcəksiniz: «Vəftiz olunmağıma nə mane olur?» Gəlin görək həbəşistanlı məmurdan örnək götürərək növbəti sahələrdə öz üzərinizdə necə işləyə bilərsiniz: o, öyrənməyə davam edirdi, öyrəndiklərinə uyğun davranırdı və Allaha məhəbbətini artırırdı.
ÖYRƏNMƏYƏ DAVAM EDİN
8. Yəhya 17:3 ayəsi bizi nəyə təşviq edir?
8 Yəhya 17:3 ayəsini oxuyun. Siz də İsanın bu sözlərini oxuyandan sonra Müqəddəs Kitabı öyrənməyə qərar vermişdiniz? Bu sözlər çoxlarımıza təsir edib. Bəs eyni sözlər bizi öyrənməyə davam etməyə təşviq edir? Bəli. Biz «tək gerçək Allahı» həmişə, əbədiyyət boyu tanımağa davam edəcəyik (Vaiz 3:11). Nə qədər çox öyrənsək, Yehovaya bir o qədər yaxın olacağıq (Zəb. 73:28).
9. Müqəddəs Kitabın əsas təlimlərini öyrəndikdən sonra nə etməlisiniz?
9 Aydındır ki, Yehovanı tanımaq əsas təlimləri öyrənməkdən başlayır. İbranilərə yazdığı məktubunda həvari Bulus bu təlimləri «ibtidai təlimlər» adlandırmışdı. Bununla o demək istəmirdi ki, «ibtidai təlimlər» vacib deyil. O, bu təlimləri yeni doğulmuş uşağın qidalandığı südə bənzətmişdi (İbr. 5:12; 6:1). Bununla belə, Bulus bütün məsihiləri təşviq etmişdi ki, ibtidai təlimlərlə kifayətlənməsinlər, Allahın Kəlamının dərinliyinə varsınlar. Bəs siz Müqəddəs Kitabın dərinliyinə varmaq istəyirsiniz? Daha da yetkinləşməyi, Yehova Allah və Onun niyyəti barədə daha dərin biliklərə yiyələnməyi qarşınıza məqsəd qoymusunuz?
10. Nəyə görə bəzi insanlar üçün öyrənmək çətindir?
10 Çoxları üçün nəyisə araşdırmaq və öyrənmək asan deyil. Bəs sizin üçün necə? Məktəbdə oxumağı, araşdırma aparmağı xoşlayırdınız? Daha çox şey öyrənməyə can atırdınız, yoxsa düşünürdünüz ki, kitabdan öyrənmək sizlik deyil? Əgər belədirsə, siz tək deyilsiniz. Amma Yehova sizə kömək edə bilər. O, ən mükəmməl və ən yaxşı Müəllimdir.
11. Yehova «Böyük Nəsihətçi» olduğunu necə sübut edir?
11 Yehova Özünü «Böyük Nəsihətçi» adlandırır (Əşy. 30:20, 21). O, səbirli, mehriban, anlayışlı Müəllimdir. Şagirdlərində yaxşı cəhətlərə fikir verir (Zəb. 130:3). O bizdən gücümüzdən artıq nəyisə etməyi tələb etmir. Bir düşünün, O, beynimizi ecazkar şəkildə yaradıb (Zəb. 139:14). Yehova bizi öyrənmək tələbatı ilə yaradıb. Yaradanımız istəyir ki, biz əbədiyyən öyrənək, bundan zövq alaq. Ona görə də Müqəddəs Kitab təlimlərinə iştaha oyatmaq müdrik hərəkət olardı (1 But. 2:2). Nail ola biləcəyiniz məqsədlər qoyun. Müqəddəs Kitabın mütaliəsinə müntəzəm vaxt ayırın (Yuş. 1:8). Yehovanın köməyi ilə siz oxumaqdan və öyrənməkdən get-gedə daha çox zövq alacaqsınız.
12. Nəyə görə İsa barədə mütaliə etməliyik?
12 İsa Məsihin həyatı və xidməti barədə düşünmək üçün həmişə vaxt ayırın. Yehovaya xidmət etmək istəyiriksə, İsanın nümunəsini yaxından izləmək çox vacibdir, xüsusilə də bu çətin günlərdə (1 But. 2:21). İsa şagirdlərinə sınaqlarla üzləşəcəklərini demişdi (Luka 14:27, 28). Bununla belə, o əmin idi ki, onun əsl davamçıları onun kimi sonadək Yehovaya sadiq qalacaqlar (Yəh. 16:33). Ona görə də İsanın yer üzündəki xidməti barədə ətraflı öyrənin və gündəlik həyatınızda onun nümunəsini izləməyi qarşınıza məqsəd qoyun.
13. Yehovadan nə diləməlisiniz və nə üçün?
13 Təkcə bilik kifayət deyil. Bilik almaqda əsas məqsəd Yehova haqda daha çox öyrənmək və məhəbbət, iman kimi xüsusiyyətlər yetişdirməkdir (1 Kor. 8:1—3). Öyrənməyə davam etdikcə Yehovadan dərin imana sahib olmaq üçün kömək istəyin (Luka 17:5). O, bu cür dualara cavab verir. Dəqiq biliyə əsaslanan əsl iman digər addımları atmağa kömək edəcək (Yaq. 2:26).
ÖYRƏNDİKLƏRİNİZƏ UYĞUN DAVRANIN
14. Həvari Butrus öyrəndiklərimizə uyğun davranmağın vacibliyini necə vurğulamışdı? (Həmçinin şəklə baxın.)
14 Həvari Butrus qeyd etmişdi ki, Məsihin davamçılarının öyrəndiklərinə uyğun davranmaları çox vacibdir. O, Nuhun hadisəsini nümunə gətirmişdi. Yehova Nuha demişdi ki, daşqın vasitəsilə həmin dövrdə yaşayan bütün pis insanları məhv edəcək. Sadəcə daşqının olacağını bilmək Nuhu və ailəsini xilas etməyəcəkdi. Butrus Daşqından əvvəlki və gəmi tikilən dövr haqda danışırdı (1 But. 3:20). Bəli, Nuh və ailəsi Allahdan öyrəndiklərinə uyğun davranaraq böyük bir gəmi tikdilər (İbr. 11:7). Sonra Butrus Nuhun etdiklərini vəftizlə müqayisə edərək belə demişdi: «İndi də buna oxşar bir şey, vəftiz mövcuddur. Vəftiz... sizi... xilas edir» (1 But. 3:21). Sizin vəftizə yararlı olmaq üçün etdiklərinizi Nuhun və ailəsinin illərlə gəmini tikmək üçün gördüyü işə bənzətmək olar. Bəs vəftizə yararlı olmaq üçün nə etməlisiniz?
15. Əsl tövbə nədir?
15 Atmalı olduğumuz ilk addımlardan biri günahlarımızdan tövbə etməkdir (Həv. 2:37, 38). Ürəkdən tövbə etmişiksə, lazımi dəyişikliklər də edəcəyik. Əxlaqsız həyat tərzi, tütündən istifadə, kobud və nalayiq danışıq kimi Yehovanın bəyənmədiyi pis əməllərə son qoymusunuz? (1 Kor. 6:9, 10; 2 Kor. 7:1; Efes. 4:29). Qoymamısınızsa, bu vərdişləri tərgitmək üçün əlinizdən gələni etməyə davam edin. Sizə dərs keçən təbliğçidən və ya yığıncağınızın ağsaqqallarından kömək istəyin. Əgər gəncsinizsə və valideynlərinizlə birgə yaşayırsınızsa, onlardan xahiş edin ki, sizə vəftizinizə mane olan pis vərdişlərdən yaxa qurtarmağa kömək etsinlər.
16. Yaxşı ruhani qrafikə nələr daxildir?
16 Yaxşı ruhani qrafikin olması çox vacibdir. Buna yığıncaq görüşlərinə qatılmaq, orada iştirak etmək də daxildir (İbr. 10:24, 25). Təbliğçi olan kimi təbliğ xidmətini də bu qrafikə daxil edin. Həyatları xilas edən bu işdə iştirak etdikcə onu daha çox sevəcəksiniz (2 Tim. 4:5). Əgər gəncsinizsə və ailənizlə birgə yaşayırsınızsa, özünüzdən soruşun: «Yığıncağa və təbliğə getməyi valideynlərim yadıma salır, yoxsa özüm təşəbbüs göstərirəm?» Bu işləri özünüz görməklə imanınızı təzahür etdirirsiniz və Yehovaya məhəbbətinizi, minnətdarlığınızı göstərirsiniz. Bu cür mömin əməlləriniz Yehovaya təqdim etdiyiniz bəxşişdir (2 But. 3:11; İbr. 13:15). Təmənnasız, ürəkdən verdiyimiz bütün bəxşişlər Yehova üçün çox qiymətlidir. (2 Korinflilərə 9:7 ayəsi ilə əlaqələndirin.) Yehovaya əlimizdən gələnin ən yaxşısını vermək bizi xoşbəxt edir.
YEHOVAYA MƏHƏBBƏTİNİZİ ARTIRIN
17, 18. Hansı əsas xüsusiyyət sizə vəftizə doğru irəliləməyə kömək edəcək və necə? (Məsəllər 3:3—6).
17 Vəftizə doğru irəlilədikcə bəzi çətinliklərlə üzləşəcəksiniz. Ola bilsin, bəziləri sizi imanınıza görə lağa qoyacaq, təqib edəcək (2 Tim. 3:12). Pis vərdişlərlə mübarizə apararkən bəzən uğursuzluqla üzləşəcəksiniz. Vəftizə hələ də yararlı olmadığınızı düşünərək səbirsizlənə və məyus ola bilərsiniz. Bu zaman təslim olmamağa və vəftizə doğru irəliləməyə sizə nə kömək edə bilər? Ən vacib xüsusiyyət olan Yehovaya məhəbbət.
18 Yehovaya məhəbbət sizdə olan ən gözəl xüsusiyyətdir. (Məsəllər 3:3—6 ayələrini oxuyun.) Bu cür güclü məhəbbət çətinliklərlə üzləşəndə onların öhdəsindən gəlməyə bizə kömək edə bilər. Müqəddəs Kitabda Yehovanın xidmətçilərinə bəslədiyi məhəbbətdən tez-tez danışılır. Yehovanın xidmətçilərini sevməsi o deməkdir ki, O, sədaqətlidir, onları heç vaxt atmayacaq (Zəb. 100:5). Siz Allahın bənzərində yaradılmısınız (Yar. 1:26). Bu cür məhəbbəti necə əks etdirə bilərsiniz?
19. Yehovanın sizin üçün etdiklərinə görə minnətdarlığınızı necə artıra bilərsiniz? (Qalatiyalılara 2:20).
19 Minnətdar olun (1 Salon. 5:18). Hər gün özünüzdən soruşun: «Yehova mənə məhəbbətini necə göstərir?» Duada sizin üçün etdiyi konkret şeylərə görə Yehovaya minnətdarlığınızı bildirin. Həvari Bulusdan örnək götürün: Yehovanın məhəbbətdən irəli gələrək etdiklərini şəxsən sizin üçün edirmiş kimi qiymətləndirin. (Qalatiyalılara 2:20 ayəsini oxuyun.) Özünüzdən soruşun: «Bəs mən Ona öz sevgimi göstərmək istəyirəm?» Yehovaya məhəbbət sınaqlar qarşısında möhkəm durmağa və çətinliklərdən üzüağ çıxmağa kömək edəcək. Həmçinin bu sizi Yehovaya ibadətdən qalmamağa, Ona olan sevginizi hər gün göstərməyə təşviq edəcək.
20. Özünü Yehovaya həsr etmək nə deməkdir və nəyə görə bu, vacib qərardır?
20 Zamanla Yehovaya məhəbbətiniz sizi xüsusi bir dua etməyə təşviq edəcək. Özünüzü Allaha həsr edəcəksiniz. Yadda saxlayın ki, özünüzü Yehovaya həsr etdikdən sonra qarşınızda gözəl bir imkan açılır: siz əbədiyyən Ona məxsus ola bilərsiniz. Özünüzü duada Yehovaya həsr edəndə söz verirsiniz ki, həyatın həm yaxşı, həm də pis anlarında Ona xidmət edəcəksiniz. Verdiyiniz bu sözü yeniləməyə heç vaxt ehtiyac olmayacaq. Həsr olunmaqla çox vacib bir addım atırsınız. Bu fikri yadda saxlayın: həyatda çoxlu qərarlar verəcəksiniz. Onlardan bəziləri çox yaxşı qərarlar olacaq. Amma heç bir qərarınız özünüzü Yehovaya həsr etmək qərarından yaxşı olmayacaq (Zəb. 50:14). Şeytan Yehovaya məhəbbətinizi soyutmağa çalışacaq, əlindən gələni edəcək ki, Ona sadiq qalmayasınız. Qoymayın Şeytan qalib gəlsin! (Əyy. 27:5). Yehovaya olan güclü məhəbbətiniz həsr olunmağınıza uyğun yaşamağa və səmavi Atanız Yehovaya daha da yaxın olmağa kömək edəcək.
21. Nəyə əsasən deyə bilərik ki, vəftiz son deyil, başlanğıcdır?
21 Özünüzü Yehovaya həsr etdikdən sonra yığıncağınızın ağsaqqallarına vəftiz olunmaq istədiyinizi deyin. Amma unutmayın, vəftiz son deyil, bu sadəcə başlanğıcdır. Bu, Yehovaya əbədi xidmətin başlanğıcıdır. Ona görə də Yehovaya məhəbbətinizi indidən möhkəmləndirin. Qarşınıza elə məqsədlər qoyun ki, məhəbbətiniz günbəgün artsın. Beləcə, vəftizə doğru iti addımlarla irəliləyəcəksiniz. Bu, unudulmaz bir gün olacaq. Amma bu, hələ başlanğıcdır. Qoy Yehovaya və Onun Oğluna məhəbbətiniz əbədiyyən artdıqca artsın!
NƏĞMƏ 135 Yehova nəvazişlə çağırır: «Oğlum, hikmətli ol»
a Vəftizə yararlı olmaq üçün niyyətimiz düzgün olmalıdır. Həmçinin yaxşı əməl sahibi olmalıyıq. Bu məqalədə həbəşistanlı saray məmurunun nümunəsini nəzərdən keçirəcəyik. Görəcəyik ki, vəftizə yararlı olmaq üçün şagird hansı addımları atmalıdır.
b ŞƏKLİN İZAHI. Gənc bacı duada Yehovaya onun üçün etdiklərinə görə minnətdarlığını bildirir.