Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 13

Xilqət vasitəsilə övladlarınıza Yehovanı tanıdın

Xilqət vasitəsilə övladlarınıza Yehovanı tanıdın

«Bütün bunları kim yaradıb?» (ƏŞY. 40:26).

NƏĞMƏ 11 Xilqət Xaliqini ucaldır

İCMAL a

1. Valideynlərin övladları ilə bağlı arzuları nədir?

 ƏZİZ valideynlər, biz bilirik ki, siz övladlarınızın Yehovanı tanımasını və Onu sevməsini istəyirsiniz. Amma Allah gözəgörünməzdir. Bəs siz övladlarınıza Yehovanın gerçək varlıq olduğunu görməyə və Ona yaxınlaşmağa necə kömək edə bilərsiniz? (Yaq. 4:8).

2. Valideynlər övladlarına Yehova barədə necə öyrədə bilərlər?

2 Uşaqlara Yehova haqda öyrətməyin ən vacib yollarından biri onlarla Müqəddəs Kitabı öyrənməkdir (2 Tim. 3:14—17). Amma Müqəddəs Kitabda övladlarınıza Allah haqda öyrətməyin başqa bir üsulundan da danışılır. «Məsəllər» kitabında ata övladına məsləhət görür ki, xilqət vasitəsilə Yehovanın xüsusiyyətlərini görsün, bunları «nəzərindən [qaçırmasın]» (Məs. 3:19—21). Bu məqalədə araşdıracağıq ki, valideynlər xilqət vasitəsilə övladlarına Yehova haqda necə öyrədə bilərlər.

XİLQƏT VASİTƏSİLƏ ÖVLADLARINIZI ÖYRƏDİN

3. Valideynlər uşaqlarına hansı sahədə kömək etməlidirlər?

3 Müqəddəs Kitabda deyilir ki, Yehovanın «gözəgörünməz keyfiyyətləri... dünya yaranandan bəri aydın görünür, yaradılmış şeylər vasitəsilə dərk edilir» (Rom. 1:20). Əziz valideynlər, yəqin ki, siz övladlarınızla birgə təbiət qoynunda vaxt keçirməyi sevirsiniz. Həmin vaxt yaranmış imkandan istifadə edərək uşaqlarınıza xilqətlə Yehovanın gözəl xüsusiyyətləri arasındakı əlaqəni göstərməyə çalışın. Gəlin görək valideynlər bu sahədə İsadan necə nümunə götürə bilərlər.

4. İsa xilqətdən nümunə gətirərək şagirdlərinə nə öyrətdi? (Luka 12:24, 27—30).

4 Görün İsa xilqətdən nümunə gətirərək necə öyrədirdi. Bir dəfə o, şagirdlərinə dedi ki, quzğunlara və zanbaqlara baxsınlar. (Luka 12:24, 27—30 ayələrini oxuyun.) İsa istənilən heyvanı və ya bitkini nümunə gətirə bilərdi, amma o, şagirdlərinə tez-tez gördükləri quşu və gülü nümunə gətirdi. Çox güman ki, onun şagirdləri göydə uçan quzğunları, çöldə bitən zanbaqları tez-tez görürdülər. İndi bir təsəvvür edin: İsa şagirdləri ilə danışarkən həmin quşları və gülləri göstərir. Bəs bu nümunələri çəkəndən sonra İsa nə edir? O, səmavi Atasının necə səxavətli, necə nəvazişli olması ilə bağlı vacib bir məqamı qeyd edir: Yehova quzğunları yedizdirdiyi kimi, zanbaqları geyindirdiyi kimi, sadiq xidmətçilərinin də qayğısına qalacaq.

5. Valideynlər övladlarına Yehova haqda öyrədərkən yaradılış nümunələrindən necə istifadə edə bilərlər?

5 Əziz valideynlər, övladınızı öyrədərkən İsadan necə nümunə götürə bilərsiniz? Yehovanın yaratdıqlarında sizin xoşunuza ən çox nə gəlir? Məsələn, bu hansısa heyvan və ya bitki ola bilər. Övladınıza bu barədə danışın və xilqətdən Yehova haqda nə öyrəndiyinizi bölüşün. Sonra ondan soruşun, görün ən çox hansı bitkilər və heyvanlar onun xoşuna gəlir. Övladınıza Yehova haqda öyrədərkən xilqətdə onların ən çox xoşuna gələn şeylərdən istifadə etsəniz, çox yəqin ki, o sizə daha böyük həvəslə qulaq asacaq.

6. Kristoferin anasından nə öyrənirik?

6 Valideynlər yaradılış vasitəsilə Yehova haqqında öyrətmək üçün dərin araşdırma aparmalıdır? Xeyr. İsa nümunəsində quzğunların nə ilə qidalanmasından, zanbaqların necə böyüdüyündən danışmırdı. Düzdür, vaxtaşırı uşağınızla təbiət barədə daha dərin müzakirələr aparmaq yaxşı olar, amma bəzən sadə fikir və ya sual hansısa məqamı vurğulamaq üçün kifayətdir. Kristofer adlı bir qardaş uşaqlıq illəri barədə belə deyir: «Anamla gəzməyə gedəndə ətrafdakı yaradılış möcüzələrini qiymətləndirməyimiz üçün o həmişə sadə fikirlər söyləyirdi. Məsələn, ətrafımızda dağlar olanda o deyirdi: “Görün bu dağlar necə böyük və gözəldir! Yehovanın tayı-bərabəri yoxdur”. Yaxud okeanın sahilində olanda o deyirdi: “Bu dalğaların gücünə bir baxın. İndi təsəvvür edin, Allahımız necə güclüdür”. Bu cür sadə, amma mənalı sözlər bizi dərindən düşündürürdü».

7. Uşaqlarınıza xilqət barədə düşünməyə necə kömək edə bilərsiniz?

7 Uşaqlarınız böyüdükcə onlara xilqət haqda düşünməyə, Yehovanın xüsusiyyətlərini görməyə və nəticə çıxartmağa kömək edin. Məsələn, Yehovanın yaratdığı hər hansısa bir şey haqda danışıb soruşa bilərsiniz: «Bundan Yehova haqda nə öyrənirsən?» Uşaqlarınızın verdiyi cavablar sizi təəccübləndirə bilər (Mət. 21:16).

ÖVLADLARINIZI XİLQƏT VASİTƏSİLƏ NƏ ZAMAN ÖYRƏDƏ BİLƏRSİNİZ?

8. Yol ilə gedən israilli valideynlərin hansı imkanı var idi?

8 İsrailli valideynlərə buyurulmuşdu ki, «yol gedəndə» övladlarına Yehovanın əmrləri haqda danışsınlar (Qan. 11:19). İsraildə yollar şəhər kənarından keçirdi. Orada çoxlu heyvanlar, quşlar, güllər görmək olardı. Yol ilə gedən israilli valideynlərin övladları ilə Yehovanın yaratdıqları haqda söhbət etmək imkanı var idi. Bu gün də valideynlər Yehovanın xəlq etdikləri vasitəsilə övladlarını öyrədə bilərlər. Gəlin görək bəzi valideynlər bunu necə ediblər.

9. Punita və Katyadan nə öyrəndiniz?

9 Hindistanda böyük şəhərlərdən birində yaşayan Punita adlı bir ana deyir: «Kənddə ailəmizə baş çəkəndə buna övladlarımıza Yehovanın yaratdığı gözəlliklər haqqında danışmaq imkanı kimi baxırıq. Mənə elə gəlir ki, övladlarım şəhərin tıxacından, səs-küyündən uzaq olanda Yehovanın əzəmətli işlərini daha yaxşı görə bilirlər». Əziz valideynlər, çox yəqin ki, övladlarınız onlarla birgə gözəl yerlərdə keçirdiyiniz vaxtları heç vaxt unutmayacaqlar. Moldovadan olan Katya bacı deyir: «Uşaqlığımın ən əziz xatirələri valideynlərimlə birlikdə kənddə keçirdiyim vaxtlardır. Onlara minnətdaram ki, mənə uşaq yaşlarımdan ayaq saxlayıb Yehovanın yaratdıqlarını seyr etməyi və bunlar vasitəsilə Yehovanı daha yaxşı tanımağı öyrədiblər».

Şəhərdə yaşasanız belə, siz xilqət vasitəsilə övladlarınıza Yehova haqda öyrətməyin yollarını tapa bilərsiniz (10-cu abzasa baxın)

10. Şəhərdən kənara getmək imkanı olmayan valideynlər nə edə bilərlər? (« Valideynlərə kömək» adlı çərçivəyə baxın.)

10 Bəs əgər harasa getmək imkanınız yoxdursa, onda necə? Hindistanda yaşayan Amol adlı qardaş deyir: «Yaşadığım ərazidə valideynlər çox işləməli olurlar və harasa getmək baha başa gəlir. Amma balaca parklarda və evlərin damındakı terraslarda Yehovanın yaratdıqlarını seyr etmək və Onun xüsusiyyətləri barədə danışmaq olar». Diqqətlə axtarsanız, çox yəqin ki, evinizin yaxınlığında övladlarınıza göstərə biləcəyiniz nələrsə tapacaqsınız, məsələn, quşlar, həşəratlar, bitkilər və sairə (Zəb. 104:24). Almaniyadan olan Karina deyir: «Anam gülləri çox sevir. Mən uşaq olanda biz hara getsək, o mənə gülləri göstərirdi». Əziz valideynlər, övladlarınızı öyrətmək üçün təşkilatın hazırladığı çoxsaylı videolardan, nəşrlərdən də istifadə edə bilərsiniz. Harada yaşamağınızdan asılı olmayaraq siz övladlarınıza Yehovanın yaratdıqlarını seyr etməyə kömək edə bilərsiniz. İndi isə gəlin görək övladlarınızın diqqətini Yehovanın hansı xüsusiyyətlərinə yönəldə bilərsiniz.

YEHOVANIN «GÖZƏGÖRÜNMƏZ KEYFİYYƏTLƏRİ… AYDIN GÖRÜNÜR»

11. Valideynlər övladlarına Yehovanın məhəbbətini görməyə necə kömək edə bilərlər?

11 Övladlarınıza Yehovanın sevgisini görməyə kömək etmək üçün nümunə olaraq heyvanların balalarının qayğısına necə qaldığını göstərə bilərsiniz (Mət. 23:37). Həmçinin onların diqqətini yaradılışın müxtəlifliyinə yönəltmək olar. Yuxarıda adı çəkilən Karina deyir: «Gəzməyə gedəndə anam mənə deyirdi ki, ayaq saxlayıb hər gülün necə bənzərsiz olduğunu seyr edim və onların gözəlliyinin Yehovanın məhəbbətini necə əks etdirdiyi barədə düşünüm. İllər keçsə də, mən hələ də güllərə baxmağı sevirəm, onların rəngini, quruluşunu və bir-birindən necə fərqli olduğunu seyr edirəm. Onlar mənə Yehovanın bizi nə qədər sevdiyini xatırladır».

Övladlarınıza Yehovanın necə hikmətli Allah olduğunu öyrətmək üçün bədənimizin necə ecazkar yaradıldığı haqda danışa bilərsiniz (12-ci abzasa baxın)

12. Valideynlər övladlarına Yehovanın hikmətini görməyə necə kömək edə bilərlər? (Zəbur 139:14). (Həmçinin şəklə baxın.)

12 Övladlarınıza Yehovanın hikmətini görməyə kömək edin. Yehova bizim hər birimizdən qat-qat hikmətlidir (Rom. 11:33). Məsələn, siz suyun buxarlanaraq necə bulud yaratdığını, sonra isə həmin buludların səmanın üzü ilə bir yerdən digər yerə necə asanlıqla hərəkət etdiyini nümunə çəkə bilərsiniz (Əyy. 38:36, 37). Həmçinin insan bədəninin necə ecazkar yaradıldığını da vurğulaya bilərsiniz. (Zəbur 139:14 ayəsini oxuyun.) Vladimir adlı bir atanın nümunəsinə baxaq. O deyir: «Bir dəfə oğlum velosipeddən yıxıldı və dizi sıyrıldı. Bir neçə gündən sonra yarası sağaldı. Yoldaşımla ona izah etdik ki, Yehova bədənimizi özünübərpa qabiliyyəti ilə yaradıb. Biz dedik ki, insanların düzəltdiyi heç bir şeydə bu qabiliyyət yoxdur. Məsələn, maşın qəzada əziləndə özü özünü düzəldə bilmir. Bu hadisə oğlumuza Yehovanın hikmətini görməyə kömək etdi».

13. Valideynlər övladlarına Yehovanın gücünü görməyə necə kömək edə bilərlər? (Əşiya 40:26).

13 Yehova bizə deyir ki, başımızı qaldırıb göylərə baxaq və Onun möhtəşəm gücü sayəsində ulduzların hər birinin öz yerində necə dayandığı barədə düşünək. (Əşiya 40:26 ayəsini oxuyun.) Siz də övladlarınızı təşviq edə bilərsiniz ki, səmanı seyr etsinlər və gördükləri üzərində düşünsünlər. Tayvandan olan Tinqtinq adlı bacı deyir: «Uşaq olanda bir dəfə anamla kempinqə getmişdik. Gecə vaxtı şəhər işıqlarından uzaq ulduzlu səmanı seyr edirdik. Həmin vaxtlarda tez-tez həmyaşıdlarımın təzyiqi ilə üzləşirdim. Düşünürdüm, görəsən, axıra qədər Yehovaya sədaqətlə xidmət edə biləcəyəm? Anam məni təşviq etdi ki, Yehovanın bütün bu ulduzları yaratmaq üçün istifadə etdiyi möhtəşəm gücü barədə düşünüm və unutmayım ki, həmin gücü sayəsində O mənə bütün sınaqlardan üzüağ çıxmağa kömək etməyə qadirdir. Həmin səyahət zamanı xilqəti seyr etmək məni Yehovanı daha yaxından tanımağa təşviq etdi və Ona sonacan sədaqətlə xidmət etmək əzmimi artırdı».

14. Valideynlər övladlarına Yehovanın xoşbəxt Allah olduğunu görməyə necə kömək edə bilərlər?

14 Xilqət sübut edir ki, Yehova xoşbəxt Allahdır və Onun yumor hissi var. Alimlər müşahidə ediblər ki, quşlar və balıqlar da daxil olmaqla, heyvanların çoxu oynamağı xoşlayır (Əyy. 40:20). Heç uşaqlarınızın oynayan heyvanlara baxıb güldüyünü görmüsünüz? Ola bilsin, onlar ip topasını tutmağa çalışan pişik balasına və ya bir-biri ilə oynayan bala itlərə baxıb gülürdülər. Növbəti dəfə övladınızın oynayan heyvanlara baxıb güldüyünü görəndə fürsətdən istifadə edib onlara Yehovanın xoşbəxt Allah olduğunu xatırladın (1 Tim. 1:11).

AİLƏLİKCƏ YEHOVANIN YARATDIQLARINDAN HƏZZ ALIN

Ola bilsin, övladlarınıza təbiət qoynunda sizinlə danışmaq, hisslərini bölüşmək daha asan olsun (15-ci abzasa baxın)

15. Valideynlərə övladlarının düşüncələrini öyrənməyə nə kömək edə bilər? (Məsəllər 20:5). (Həmçinin şəklə baxın.)

15 Bəzən uşaqlara üzləşdikləri problemlər barədə valideynlərinə danışmaq çətin olur. Belə vəziyyətdə valideynlər övladlarının düşüncələrini necə öyrənə bilərlər? (Məsəllər 20:5 ayəsini oxuyun.) Bəzi valideynlər üçün övladları ilə birgə təbiət qoynunda olanda bunu etmək daha asan olur. Nəyə görə? Səbəblərdən biri odur ki, orada fikri yayındıran şeylər az olur. Tayvandan olan Masahiko adlı bir ata bunun digər səbəbini deyir: «Övladlarımızla birlikdə təbiət qoynunda, məsələn, dağlarda və ya dəniz kənarında gəzəndə onlar özlərini rahat hiss edirlər. Belə vaxtlarda onlarla söhbət edib düşüncələrini öyrənmək daha asan olur». Yuxarıda adı çəkilən Katya bölüşür: «Məktəbdən sonra anamla birgə gözəl parka gəzməyə gedirdik. Bu cür rahat ab-havada məktəbdə baş verənləri, narahatlıqlarımı onunla bölüşmək daha asan olurdu».

16. Ailələr istirahət edərkən və əylənərkən Yehovanın yaratdıqlarından necə zövq ala bilərlər?

16 Bundan əlavə, Yehovanın yaratdıqları ailələrə istirahət etmək, birgə vaxt keçirib ailə bağlarını möhkəmləndirmək üçün fürsət yaradır. Müqəddəs Kitabda deyilir ki, «gülməyin öz vaxtı», «rəqs etməyin öz vaxtı» var (Vaiz 3:1, 4). Yehova istirahət etməyimiz üçün gözəl yerlər yaradıb. Bir çox ailələr təbiət qoynunda, şəhərdən kənarda, dağlarda və dəniz kənarında birgə vaxt keçirməyi xoşlayırlar. Bəzi uşaqlar parklarda qaçmağı, oynamağı, heyvanlara baxmağı, çayda, göldə və ya dənizdə üzməyi xoşlayırlar. Bizim Yehovanın yaratdığı xilqətdən həzz almağımız üçün çoxlu imkanlarımız var.

17. Nəyə görə valideynlər övladlarına Yehovanın yaratdıqlarından həzz almağa kömək etməlidirlər?

17 Cənnətdə valideynlər və uşaqlar Yehovanın yaratdıqlarından tam şəkildə həzz alacaqlar. Nə biz heyvanlardan qorxacağıq, nə də heyvanlar bizdən (Əşy. 11:6—9). Yehovanın yaratdıqları bizə əbədiyyən zövq verəcək (Zəb. 22:26). Amma övladlarınıza Yehovanın yaratdıqlarını görməyə kömək etmək üçün yeni dünyanı gözləməyin. Əgər indidən övladlarınıza xilqət vasitəsilə Yehova barədə öyrətsəniz, çox yəqin ki, onlar məzmurçunun sözlərinə şərik olacaqlar: «Ey Yehova, necə də böyük işlər görmüsən!» (Zəb. 92:5).

NƏĞMƏ 134 Övladlar Allahdan paydır

a Bir çox bacı-qardaşlarımızın valideynləri ilə birgə təbiət qoynunda keçirdikləri vaxtla bağlı çox gözəl xatirələri var. Həmin vaxt valideynləri yaranmış fürsətdən istifadə edərək onlara Yehovanın xüsusiyyətləri barədə öyrədirdilər. Bəs siz xilqətdən istifadə edərək uşaqlarınıza Yehovanın xüsusiyyətləri barədə necə öyrədə bilərsiniz? Məqalədə bu suala cavab tapacağıq.