Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 21

Allahın verdiyi ənamları qiymətləndirək

Allahın verdiyi ənamları qiymətləndirək

«Ey Allahım Yehova, gördüyün işlər saya gəlməz, möcüzələrin, bizimlə bağlı fikirlərin nə çoxdur!» (ZƏB. 40:5).

NƏĞMƏ 5 Allahın ecazkar işləri

İCMAL *

1, 2. Zəbur 40:5 ayəsinə əsasən, Yehova bizə hansı ənamları bəxş edib və nəyə görə onları nəzərdən keçirmək vacibdir?

YEHOVA səxavətli Allahdır. Görün O bizə necə ənamlar bəxş edib: Yer kürəsi kimi misilsiz, gözəl evimiz, heyrətamiz beynimiz, ilahi incilərlə dolu dəyərli Müqəddəs Kitabımız var. Bunların sayəsində yaşayır, düşünür, ünsiyyət qurur, ən vacib suallarımıza cavab tapırıq. (Zəbur 40:5 ayəsini oxuyun.)

2 Məqalədə bu üç ənamı qısaca nəzərdən keçirəcəyik. Bu ənamların dəyəri haqda nə qədər çox düşünsək, onları bir o qədər qiymətləndirəcəyik və Yaradanımız Yehovanı razı salmaq istəyimiz daha da güclənəcək (Vəhy 4:11). Həmçinin məqalədəki məlumat sayəsində təkamül nəzəriyyəsi kimi saxta təlimə aldananlarla söhbət apararkən daha səriştəli olacağıq.

MİSİLSİZ YER KÜRƏSİ

3. Yeri başqa planetlərdən fərqləndirən nədir?

3 Yehovanın Yer kürəsini necə yaratdığına nəzər salanda Onun hikmətini aydın görürük (Rom. 1:20; İbr. 3:4). Yer Günəşin ətrafında dövr edən yeganə planet olmasa da, insanların yaşaması üçün hər bir şəraiti olan tək planetdir.

4. Yehovanın Yer kürəsini hikmətlə yaratdığını nə göstərir? Nümunə çəkin.

4 Müəyyən mənada Yer kürəsini əngin okeanda üzən qayığa bənzətmək olar. Amma insan əli ilə düzəldilən, adamlarla dolu qayıqla Yer kürəsi arasında mühüm fərqlər var. Misal üçün, qayıqdakı insanlar özləri özləri üçün oksigen, qida, su ehtiyatı yaratmalı olsaydılar və tullantıları qayıqdan kənara atmasaydılar, orada nə qədər qala bilərdilər? Sözsüz ki, çox keçməmiş ölərdilər. Yer kürəsi isə milyardlarla canlının yaşamasını təmin edir. O, yaşamağımız üçün bizi oksigen, qida, su ilə təchiz edir və bu ehtiyatlar heç vaxt tükənmir. Tullantılar Yer kürəsindən kənara, fəzaya atılmasa da, planetimiz yenə də gözəl və yaşamaq üçün əlverişli olaraq qalır. Bu, necə mümkündür? Yehova Yer kürəsini elə yaradıb ki, o, təkrar emal prosesini həyata keçirir. Bu məqalədə qısaca olaraq iki möhtəşəm dövrandan — oksigen dövranından və su dövranından danışacağıq.

5. Oksigen dövranı nədir və nəyi təsdiq edir?

5 Oksigen, insanlar da daxil olmaqla, bütün canlıların yaşaması üçün çox vacibdir. Hesablamalara görə, canlılar tənəffüs zamanı il ərzində yüz milyard ton oksigen udur, eyni zamanda karbon qazı buraxır. Bununla belə, atmosferdə nə oksigen tükənir, nə də karbon qazının həcmi həddindən çox olur. Nəyə görə? Çünki Yehova nəhəng ağaclardan tutmuş kiçik yosunlara kimi karbon qazını udub oksigen buraxan çoxlu orqanizmlər də yaradıb. Oksigen dövranı, sözün əsl mənasında, Həvarilərin işləri 17:24, 25 ayələrində yazılmış növbəti sözləri təsdiq edir: «[Allah] hamıya həyat, nəfəs... verir».

6. Su dövranı nədir və nəyi təsdiq edir? (Həmçinin « Su dövranı Yehovanın ənamıdır» adlı çərçivəyə baxın.)

6 Suyun yer üzündə maye halında mövcud olmasına səbəb planetimizin Günəşdən mükəmməl məsafədə yerləşməsidir. Əgər planetimiz Günəşə bir az yaxın olsa idi, bütün su buxarlanar və yer üzü ins-cins olmayan səhralığa dönərdi. Əgər Günəşdən bir az uzaq olsa idi, bütün sular donar və Yer kürəsi nəhəng buz topuna çevrilərdi. Bəli, Yehova Yer kürəsini ideal məkanda yerləşdirib, buna görə də su dövranı yer üzündə həyatın mövcudluğunu təmin edə bilir. Günəş okeanlardakı və yerin səthindəki suları isidir və onların buxarlanması nəticəsində buludlar yaranır. Hər il Günəş təxminən 500 000 kub kilometr suyu buxarlandırır. Buxarlanan su yağış və ya qar formasında yerə düşənə qədər təxminən on gün ərzində atmosferdə qalır. Nəhayətdə, okeanlara və başqa su hövzələrinə qayıdır və beləcə, su dövranı təkrarlanır. Bu önəmli, həyativacib su dövranı Yehova Allahın hikmətindən və qüdrətindən xəbər verir (Əyy. 36:27, 28; Vaiz 1:7).

7. Zəbur 115:16 ayəsində bəhs olunan ənamı qiymətləndirdiyimizi hansı yollarla göstərə bilərik?

7 Möhtəşəm planetimizi və içindəki hər bir neməti qiymətləndirdiyimizi necə göstərə bilərik? (Zəbur 115:16 ayəsini oxuyun.) Üsullardan biri Yehovanın yaratdıqları barədə düşünməkdir. Bu bizi verdiyi nemətlərə görə hər gün Yehovaya şükr etməyə təşviq edəcək. Bundan əlavə, yaşadığımız ərazini mümkün qədər təmiz saxlamaqla da bu ənamları qiymətləndirdiyimizi göstərə bilərik.

MİSİLSİZ BEYNİMİZ

8. Nəyə görə insan beynini mühəndislik möcüzəsi adlandırmaq olar?

8 İnsan beyni mühəndislik möcüzəsidir. İnsan ana bətnində olanda onun beyni öncədən qurulmuş ardıcıllıq üzrə inkişaf etməyə başlayır və dəqiqədə yüz minlərlə beyin hüceyrəsi yaranır! Tədqiqatçıların hesablamalarına əsasən, yetkin yaşda olan bir insanın beynində 100 milyarda yaxın neyron adlanan hüceyrə var. Sanki bu hüceyrələr nizamlı şəkildə ümumi çəkisi təxminən 1,5 kiloqram olan bir qutuya yığılıb. Gəlin heyrətamiz beynimizin nələrə qadir olduğuna nəzər salaq.

9. Danışmaq qabiliyyətimizin Allahın ənamı olduğunu nədən görmək olar?

9 Danışmaq qabiliyyətimiz bir möcüzədir. Gəlin bir anlıq danışarkən baş verən proseslər barədə düşünək. Bir söz söyləmək istədiyimiz zaman beynimiz dil, boğaz, dodaq, çənə və sinədə təxminən yüz əzələni birgə hərəkətə gətirməli olur. Dediyimiz sözün aydın tələffüz olunması üçün bu əzələlərin hər biri lazımi anda hərəkət etməlidir. Hər hansı dildə danışmaq qabiliyyətinə gəlincə, 2019-cu ildə dərc olunmuş bir hesabatda qeyd olunur ki, yeni doğulmuş körpələr tək-tək sözləri ayırd edə bilir. Bu hesabat bir çox tədqiqatçının gəldiyi qənaəti təsdiq edir: insanda dili başa düşmək və dil öyrənmək qabiliyyəti anadangəlmədir. Aydındır ki, danışmaq qabiliyyətimiz Allahın ənamıdır (Çıx. 4:11).

10. Allahın bəxş etdiyi danışmaq ənamına görə minnətdarlığımızı necə göstərə bilərik?

10 Danışmaq ənamını qiymətləndirdiyimizi necə göstərə bilərik? Bunun bir yolu təkamül nəzəriyyəsinə inananlara nəyə görə Allahın varlığına iman etdiyimizi izah etməkdir (Zəb. 9:1; 1 But. 3:15). Təkamül nəzəriyyəsini yayanlar iddia edir ki, yer və yer üzündəki həyat təsadüf nəticəsində əmələ gəlib. Müqəddəs Kitabın və bu məqalədəki bəzi fikirlərin vasitəsilə səmavi Atamız haqda şahidlik verə bilərik. Həmçinin bizi dinləməyə meyilli olanlara izah edə bilərik ki, Yehovanın yerin və göyün Yaradanı olduğuna nəyə görə inanırıq (Zəb. 102:25; Əşy. 40:25, 26).

11. Beynimizin möhtəşəm ənam olduğunu göstərən amillərdən biri hansıdır?

11 Yaddaşımız möhtəşəm ənamdır. Əvvəllər bir nəfərin hesablamasına görə güman edilirdi ki, insan beyni 20 milyon kitab həcmində məlumatı yadda saxlaya bilir. Amma indi təxmin edilir ki, yaddaşımız bundan dəfələrlə çox məlumat tutumuna malikdir. Bəs bunun sayəsində biz hansı xüsusi bacarığa sahibik?

12. Əxlaqi-mənəvi dəyərlərə yiyələnmək qabiliyyəti insanı heyvandan necə fərqləndirir?

12 Yer üzündəki bütün canlıların içində yalnız insan keçmiş hadisələri yada salıb təhlil etməklə əxlaqi-mənəvi dəyərlərə yiyələnə bilər. Bu qabiliyyət bizə daha üstün dəyərlərə sahib olmağa, düşüncə və həyat tərzimizi dəyişməyə kömək edir (1 Kor. 6:9—11; Kol. 3:9, 10). Biz vicdanımızı yaxşını pisdən ayırd etməyə öyrəşdirə bilirik (İbr. 5:14). Habelə, məhəbbət, şəfqət və mərhəmət kimi xüsusiyyətlərə yiyələnməyi, həmçinin ədalət məsələsinə Yehova kimi yanaşmağı bacarırıq.

13. Zəbur 77:11, 12 ayələrinə əsasən, yaddaş ənamından necə istifadə etməliyik?

13 Yaddaş ənamını qiymətləndirdiyimizi necə göstərə bilərik? Bunun bir yolu Yehovanın bu günə kimi bizə kömək etdiyini və təsəlli verdiyini həmişə özümüzə yaddaşlıq etməkdir. Bunun sayəsində Yehovanın gələcəkdə də bizə kömək edəcəyinə əminliyimiz artacaq. (Zəbur 77:11, 12 ayələrini oxuyun; 78:4, 7.) Daha bir üsul başqalarının bizim üçün etdiyi yaxşılıqları yadda saxlayıb bunlara görə minnətdar olmaqdır. Tədqiqatçılar hesab edir ki, minnətdar insanlar başqalarına nisbətən daha xoşbəxtdir. Digər tərəfdən, Yehova kimi, biz də bəzi şeyləri unutmağı bacarmalıyıq. Yehova mükəmməl yaddaşa sahib olsa da, biz tövbə edəndə bağışlayır və səhvlərimizi unudur (Zəb. 25:7; 130:3, 4). O istəyir ki, xətrimizə dəyən insanların peşman olduğunu görəndə biz də Onun kimi davranaq (Mət. 6:14; Luka 17:3, 4).

Beyin ənamından Yehovanı şərəfləndirmək üçün istifadə etməklə bu ənamı qiymətləndirdiyimizi göstəririk (14-cü abzasa baxın) *

14. Möhtəşəm beyin ənamına görə minnətdarlığımızı necə göstərə bilərik?

14 Möhtəşəm beyin ənamından onu verən Yaradanımızı şərəfləndirmək üçün istifadə etsək, bu ənamı qiymətləndirdiyimizi göstərərik. Bəziləri öz beynini xudbin məqsədlərə kökləyib: onlar yaxşılığa və pisliyə dair öz normalarını qoyur. Amma Yehova Yaradan olduğu üçün, sözsüz ki, Onun qoyduğu normalar bizim qoya biləcəyimiz istənilən normadan qat-qat üstündür (Rom. 12:1, 2). Biz Yehovanın qayda-qanununa tabe olanda əmin-amanlıq içində yaşayırıq (Əşy. 48:17, 18). Həmçinin dərk edirik ki, həyatımızın əsas amalı Yaradanımızı şərəfləndirmək və Onun qəlbini şad etməkdir (Məs. 27:11).

MÜQƏDDƏS KİTAB — MİSİLSİZ ƏNAM

15. Müqəddəs Kitab Yehovanın bəndələrinə məhəbbətini necə əyan edir?

15 Müqəddəs Kitab Allahdan nazil olan gözəl ənamdır. Allah yaratdığı bəndələri sevdiyi üçün bizə Kəlamın bəxş edib. Müqəddəs Kitab vasitəsilə Yehova ən vacib suallarımıza cavab verir: Biz necə yaranmışıq? Həyatın mənası nədir? Gələcəkdə bizi nələr gözləyir? Yehova bütün bəndələrinin bu suallara cavab almasını istəyir, buna görə də əsrlər boyu bəzi insanların ürəyinə Müqəddəs Kitabı çoxlu dillərə tərcümə etmək istəyi qoyub. Bu gün Müqəddəs Kitab tam və ya qismən 3000-dən çox dilə tərcümə olunub! Müqəddəs Kitab tarixdə ən çox dilə tərcümə edilmiş və ən geniş yayılmış kitabdır. Harada yaşamasından və hansı dildə danışmasından asılı olmayaraq, əksər insanların Müqəddəs Kitabı öz doğma dilində oxumaq imkanı var. (« Müqəddəs Kitab Afrika dillərində» adlı çərçivəyə baxın.)

16. Mətta 28:19, 20 ayələrinə əsasən, Müqəddəs Kitabı qiymətləndirdiyimizi necə göstərə bilərik?

16 Müqəddəs Kitabı hər gün oxumaqla, oxuduqlarımızdan nəticə çıxarmaqla və əlimizdən gəldiyi qədər onlara əməl etməklə bu kitabı qiymətləndirdiyimizi göstəririk. Kəlamdakı müjdəni mümkün qədər çox insana çatdırmaq da minnətdarlığımızın ifadəsidir (Zəb. 1:1—3; Mət. 24:14; Mətta 28:19, 20 ayələrini oxuyun).

17. Bu məqalədə hansı ənamlardan danışdıq və növbəti məqalədə hansı ənamlardan söz açacağıq?

17 Bu məqalədə biz Allahın bəxş etdiyi növbəti ənamlar haqda danışdıq: evimiz olan Yer kürəsi, heyrətamiz şəkildə yaradılmış beynimiz və Allahın ilhamı ilə yazılmış Müqəddəs Kitab. Amma Yehovanın bizə bəxş etdiyi gözlə görünməyən ənamlar da var. Bu ənamlar haqda növbəti məqalədə söz açacağıq.

NƏĞMƏ 12 Uca Allah Yehova

^ abz. 5 Bu məqalə Yehovaya və Onun bəxş etdiyi üç ənama minnətdarlığımızı artıracaq. Həmçinin Allahın varlığına şübhə edən kəslərlə söhbət aparmağa kömək edəcək.

^ abz. 64 ŞƏKLİN İZAHI. Bacı Allahın Kəlamındakı həqiqətləri mühacirlərə öyrətmək üçün xarici dil öyrənir.