Axırzamanda rəqib padşahlar
Bu sxemdəki bəzi peyğəmbərliklər eyni zaman kəsiyində yerinə yetib. Bu peyğəmbərliklərin hamısı axırzamanda yaşadığımızı sübut edir (Dən. 12:4)
Ayələr: Vəhy 11:7; 12:13, 17; 13:1—8, 12
Peyğəmbərlik. «Vəhşi heyvan» əsrlərdir dünyanı idarə edir. Axırzamanda onun yeddinci başı yaralanır. Sonra bu baş sağalır və «bütün bəşər» vəhşi heyvanın ardınca gedir. Şeytan vəhşi heyvan vasitəsilə məsh olunmuş məsihilərdən «qalanlara» qarşı vuruşur.
İcrası. Daşqından sonra Yehovanın düşmənləri hakimiyyət sürməyə başladı. Əsrlər sonra, Birinci Dünya müharibəsi ərzində Britaniya imperiyası hədsiz dərəcədə zəiflədi. Birləşmiş Ştatlarla ittifaqa girəndən sonra isə yenidən gücləndi. Xüsusilə də axırzamanda Şeytan bütün hökumətlərdən istifadə edərək Allahın xalqını təqib edir.
Ayələr: Dən. 11:25—45
Peyğəmbərlik. Axırzaman ərzində şimal padşahı ilə cənub padşahı arasında rəqabət gedir.
İcrası. Almaniya və İngiltərə-Amerika imperiyası bir-birilə vuruşdu. 1945-ci ildə Sovet İttifaqı və müttəfiqləri şimal padşahı oldu. 1991-ci ildə Sovet İttifaqı devrildi, bir müddət sonra Rusiya və müttəfiqləri şimal padşahı oldu.
Ayələr: Əşy. 61:1; Məl. 3:1; Luka 4:18
Peyğəmbərlik. Yehova Padşahlıq qurulmazdan öncə «yolu hazırla»maq üçün elçisini göndərir. Elçi «həlimlərə müjdə» verməyə başlayır.
İcrası. 1870-ci ildən etibarən Çarlz Teyz Rassel və yoldaşları Müqəddəs Kitab həqiqətlərinə aydınlıq gətirmək üçün onu ciddi-cəhdlə araşdırmağa başladılar. 1881-ci ildə onlar başa düşdülər ki, Allahın xidmətçiləri təbliğ etməlidir. Buna görə də «1000 təbliğçi lazımdır» və «Müjdəçilik işi üçün məsh edilmişlər» adlı məqalələr nəşr etdilər.
Ayələr: Mət. 13:24—30, 36—43
Peyğəmbərlik. Düşmən buğdanın arasına alaq toxumu səpir. Biçin dövrünə qədər alaq otunun böyüməsinə və buğdanı gizlətməsinə izin verilir. Biçin vaxtı alaq otları buğdaların arasından yığılır.
İcrası. 1870-ci ildən həqiqi məsihilərlə saxta məsihilər arasındakı fərq daha aydın görünür. Axırzamanda həqiqi məsihilər yığıncağa toplanır, saxta məsihilərdən ayrılır.
Ayələr: Dən. 2:31—33, 41—43
Peyğəmbərlik. Müxtəlif metallardan ibarət heykəlin ayaqları dəmir və gil qarışığından ibarətdir.
İcrası. Gil Britaniya və Amerika dövlətlərinin tabeliyində olub hökumətə qarşı qalxan sadə xalqı təmsil edir. Xalq hərəkatları bu dövlətlərin dəmirəbənzər güclə fəaliyyət göstərmək bacarığını zəiflədir.
Ayələr: Mət. 13:30; 24:14, 45; 28:19, 20
Peyğəmbərlik. Buğda «anbara» toplanır, Ağa «sadiq və ağıllı nökər»i «evindəki qulluqçular»ın üzərinə təyin edir. «Padşahlıq haqqındakı... müjdə» bütün yer üzündə təbliğ edilməyə başlayır.
İcrası. 1919-cu ildə sadiq nökər Allahın xalqı üzərində rəhbərlik etməyə təyin olundu. Həmin vaxtdan etibarən Müqəddəs Kitab tədqiqatçıları təbliğ işini irəli aparır. Bu gün Yehovanın Şahidləri 200-dən çox ölkə və ərazidə təbliğ edir və 1000-dən çox dildə Müqəddəs Kitaba əsaslanan nəşrlər dərc edir.
Ayələr: Dən. 12:11; Vəhy 13:11, 14, 15
Peyğəmbərlik. İkibuynuzlu vəhşi heyvan yeddibaşlı «vəhşi heyvanın surəti»nin düzəldilməsində təşəbbüs göstərir və ona «nəfəs ver»ir.
İcrası. İngiltərə-Amerika dünya imperiyasının təşəbbüsü ilə Millətlər Cəmiyyəti yarandı. Başqa millətlər də bu təşkilata qoşuldu. Nəticədə şimal padşahı da Millətlər Cəmiyyətinin üzvü oldu, amma bu üzvlük 1926—1933-cü illər ərzində davam etdi. Daha sonra yaranan BMT kimi, Millətlər Cəmiyyətinə də yalnız Allahın Padşahlığının layiq olduğu şərəf verildi.
Ayələr: Dən. 8:23, 24
Peyğəmbərlik. Vəhmli padşah «görünməmiş bərbadlıqlar» törədir.
İcrası. İngiltərə-Amerika dünya imperiyası böyük dağıntılara səbəb olub. Misal üçün, İkinci Dünya müharibəsi zamanı Birləşmiş Ştatlar ikili dünya imperiyasına düşmən olan xalqın üzərinə iki atom bombası ataraq tarixdə misli görünməmiş dağıntılar törətdi.
Ayələr: Dən. 11:31; Vəhy 17:3, 7—11
Peyğəmbərlik. «Onbuynuzlu, al-qırmızı rəngli» heyvan dibsiz quyudan çıxır və səkkizinci padşah olur. Dənyal kitabında bu padşah «viranəlik gətirən iyrənc şey» adlanır.
İcrası. İkinci Dünya müharibəsi ərzində Millətlər Cəmiyyəti fəaliyyətinin sonuna doğru gedirdi. Müharibədən sonra «iyrənc şey», yəni BMT yaradıldı. Millətlər Cəmiyyəti kimi, BMT-yə də Allahın Padşahlığının layiq olduğu şərəf verilir. BMT dinə hücum edəcək.
Ayələr: 1 Salon. 5:3; Vəhy 17:16
Peyğəmbərlik. Millətlər «sülh və təhlükəsizlik» bəyanatı verir, sonra «on buynuz və vəhşi heyvan fahişəyə» hücum çəkir və onu məhv edir. Bundan sonra isə bütün millətlər məhv edilir.
İcrası. Millətlər sülh və təhlükəsizliyə nail olduqlarını iddia edəcəklər. Sonra BMT-yə daxil olan millətlər yalan dini təşkilatları məhv edəcək. Bununla böyük müsibət başlayacaq. Böyük müsibət Armageddonda Şeytan dünyasının qalan hissəsi məhv olanda başa çatacaq.
Ayələr: Hizq. 38:11, 14—17; Mət. 24:31
Peyğəmbərlik. Yəcuc Allahın xalqının ölkəsinə soxulacaq. Sonra mələklər Allahın «seçdiklərini» yığacaq.
İcrası. Şimal padşahı digər hökumətlərlə birlikdə Allahın xalqına hücum edəcək. Bu hücumun başlamasından bir qədər sonra məsh olunmuş məsihilərin yerdə qalan hissəsi göyə yığılacaq.
Ayələr: Hizq. 38:18—23; Dən. 2:34, 35, 44, 45; Vəhy 6:2; 16:14, 16; 17:14; 19:20
Peyğəmbərlik. «Ağ at»ın «belində oturan» kəs Yəcucu və onun ordusunu məhv edərək qələbəsini başa vurur. «Vəhşi heyvan» «alovlu gölə» atılır və nəhəng heykəl çilik-çilik edilir.
İcrası. Allahın Padşahlığının Padşahı Məsih Allahın xalqını xilas edəcək. O, 144 000 hakimiyyət şəriki və mələklər ordusu ilə birgə millətlər birliyini məhv edəcək. Beləcə, Şeytan dünyasına tamamilə son qoyulacaq.