Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 20

Təcavüz qurbanlarına dayaq olun

Təcavüz qurbanlarına dayaq olun

«O,.. hər cür təsəlli Allahı olub hər dərdimizdə bizə təsəlli verir» (2 KOR. 1:3, 4).

NƏĞMƏ 134 Övladlar Allahdan paydır

İCMAL *

1, 2. a) İnsanın təbii olaraq təsəlliyə ehtiyac duyduğunu və təsəlli vermək qabiliyyətinə sahib olduğunu nümunə əsasında izah edin. b) Bəzi uşaqlar hansı travmanı alır?

İNSAN təbii olaraq təsəlliyə ehtiyac duyur və təsəlli vermək kimi qeyri-adi qabiliyyətə sahibdir. Misal üçün, uşaq yıxılıb dizini zədələyəndə ağlaya-ağlaya ata-anasının yanına qaçır. Valideynlər onun yarasını sağalda bilməsə də, adətən uşağı sakitləşdirməyə çalışır. Uşaqdan nə baş verdiyini soruşur, göz yaşlarını silir, əzizləyir və lazımdırsa, yarasına dərman sürtüb sarıyır. Bir az sonra uşaq sakitləşir və yenidən oynamağa başlayır. Bir müddət sonra isə yarası tamamilə sağalır.

2 Lakin uşaqlar bundan daha dərin travmalar alır. Bəzi uşaqlar cinsi zorakılığa məruz qalır. Ola bilsin, uşaq bir dəfə zorakılığa məruz qalıb, yaxud da bu, illər boyu davam edib. Hər bir halda, törədilən zorakılıq onların qəlbində dərin izlər qoyur. Bəzən günahkar yaxalanır və cəzalandırılır. Bəzi hallarda isə insana elə gələ bilər ki, o, heç vaxt cəza almayacaq. Lakin günahkar dərhal cəza alsa belə, uşaq uzun illər, hətta böyüyəndə də buna görə əzab çəkə bilər.

3. a) 2 Korinflilərə 1:3, 4 ayələrinə əsasən, Yehova xidmətçilərinə qarşı hansı münasibəti görmək istəyir? b) Hansı sualları araşdıracağıq?

3 Uşaq yaşlarında zorakılığa məruz qalan məsihi hələ də mənəvi əzab çəkirsə, ona necə kömək etmək olar? (2 Korinflilərə 1:3, 4 ayələrini oxuyun.) Təbii ki, Yehova Allah quzularının məhəbbət və təsəlli almasını istəyir. Buna görə də gəlin növbəti üç suala nəzər salaq: 1) Nə üçün uşaq vaxtı cinsi zorakılığa məruz qalanlara təsəlli vermək gərəkdir? 2) Kimlər onlara təsəlli verə bilər? 3) Onları necə təsəlli etmək olar?

TƏSƏLLİ NƏ ÜÇÜN GƏRƏKDİR?

4, 5. a) Nəyə görə uşaqların böyüklərdən fərqli olduğunu anlamaq vacibdir? b) Zorakılıq uşağın insanlara etibarına necə təsir edir?

4 Uşaq yaşlarında zorakılığa məruz qalanların bəziləri aradan uzun illərin keçməsinə baxmayaraq, hələ də təsəlliyə ehtiyac duyur. Nəyə görə? Bunu anlamaq üçün, ilk növbədə, uşaqların böyüklərdən olduqca fərqləndiyini dərk etməliyik. Zorakılıq adətən böyüyə başqa cür təsir edir, uşağa başqa cür. Gəlin bir neçə nümunəyə nəzər salaq.

5 Uşaqlar onları böyüdən, onların qayğısına qalan kəslərə yaxın olmağa və etibar etməyə ehtiyac duyur. Bu cür sıx münasibət nəticəsində uşaqlar özlərini təhlükəsizlikdə hiss edir və onları sevən şəxslərə etibar edə bilir (Zəb. 22:9). Əfsuslar olsun ki, çox vaxt uşaqlar zorakılığa öz yaşadıqları evdə, ailənin yaxın üzvləri və ya ailə dostları tərəfindən məruz qalır. Etibarı bu cür sarsılan uşaqlar uzun illər keçsə belə, başqalarına etibar edə bilmir.

6. Nə üçün cinsi zorakılıq qəddar və yaralayıcı hərəkətdir?

6 Uşaqlar özlərini qorumağa qadir deyil və onlara qarşı cinsi zorakılıq çox qəddar və yaralayıcı hərəkətdir. Hələ ailə qurub cinsi münasibətdə olmağa fiziki, emosional və əqli cəhətdən hazır olmayan uşağı seksual xarakterli hərəkətlərə məcbur etmək onun üçün böyük zərbədir. Zorakılıq onların cinsi əlaqəyə dair səhv düşüncəyə sahib olmalarına, özlərini dəyərsiz hiss etmələrinə və insanlara etibar etməmələrinə gətirib çıxara bilər.

7. a) Məkrli təcavüzkarlar nə üçün uşaqları asanlıqla aldada bilir və bunu necə edir? b) Bu cür yalanlar nə ilə nəticələnir?

7 Uşaqlarda düşünmək, nəticə çıxarmaq, yaxud təhlükəni sezib ondan qaçmaq qabiliyyəti tam inkişaf etmiş səviyyədə olmur (1 Kor. 13:11). Buna görə də məkrli təcavüzkarlar uşaqları asanlıqla aldada bilir. Onlar uşaqlara dəhşətli yalanlar aşılayır. Məsələn, uşaqlara deyirlər ki, bu şeyin baş verməsində uşağın özü günahkardır, bu gizli qalmalıdır, yaxud heç kəs uşağın dediklərinə inanmayacaq və bunu ciddiyə almayacaq, həmçinin böyüklə uşaq arasındakı seksual xarakterli hərəkətlərin normal olduğunu, bu yolla bir-birinə olan məhəbbətlərini ifadə etdiklərini söyləyirlər. Bu cür yalanlar ucbatından uşağın düşüncəsi korlanır və həqiqəti dərk etməsi uzun illər çəkir.

8. Nəyə görə əmin ola bilərik ki, Yehova zorakılığa məruz qalanlara təsəlli verməyə qadirdir?

8 Odur ki, cinsi zorakılığa məruz qalanların nəyə görə uzun illər əzab çəkdiyini anlamaq çətin deyil. Bu, necə də qəddar cinayətdir! Bu gün uşaq zorakılığının geniş yayılması göstərir ki, biz insanların doğmalarını sevmədiyi, pis adamların «get-gedə daha betər işlər» gördüyü bir dövrdə, axırzamanda yaşayırıq (2 Tim. 3:1—5, 13). Şeytan sözün əsl mənasında mənfur fəndlər işlədir və insanların onun istədiyi kimi davranması olduqca acınacaqlı haldır. Lakin Yehova Şeytandan və onun əlaltılarından qat-qat güclüdür. O, Şeytanın fəndlərindən bixəbər deyil. Əmin ola bilərik ki, Yehova çəkdiyimiz ağrı-acının fərqindədir və bizə lazımi təsəllini verməyə qadirdir. Xoşbəxtik ki, «hər cür təsəlli Allahı» Yehovaya ibadət edirik. O, «hər dərdimizdə bizə təsəlli verir ki, biz də Ondan aldığımız təsəlli ilə müxtəlif cür dərdi olanlara təsəlli verə bilək» (2 Kor. 1:3, 4). Bəs Yehova kimlərin vasitəsilə təsəlli verir?

TƏSƏLLİNİ KİMLƏR VERƏ BİLƏR?

9. Davud peyğəmbərin Zəbur 27:10 ayəsində dediyi sözlərə əsasən, Yehova valideyn qayğısından məhrum olanlara necə qayğı göstərir? 

9 Valideynləri tərəfindən etinasızlıq görənlərin, yaxud yaxınları tərəfindən zorakılığa məruz qalanların təsəlliyə xüsusilə ehtiyacı var. Davud peyğəmbər bilirdi ki, Yehova ən etibarlı təsəlli mənbəyidir. (Zəbur 27:10 ayəsini oxuyun.) O əmin idi ki, Yehova yaxınları tərəfindən pis rəftara məruz qalanlara Ata olacaq. Bəs Yehova bunu necə edir? Sadiq xidmətçiləri vasitəsilə. Dindaşlarımız bizim ruhani ailəmizdir. Misal üçün, İsa Məsih onunla birgə Yehovaya ibadət edənlərin onun qardaşları, bacıları və anası olduğunu söyləmişdi (Mət. 12:48—50).

10. Həvari Bulus ağsaqqal olaraq gördüyü işi necə təsvir etmişdi?

10 Gəlin məsihi yığıncağının hansı mənada ailəyə bənzədiyinə nəzər salaq. Həvari Bulus çox çalışqan, Yehovaya sadiq ağsaqqal idi. O, çox gözəl nümunə idi, hətta Yehovanın ilhamı ilə «mən Məsihdən nümunə götürdüyüm kimi, siz də məndən nümunə götürün» sözlərini demişdi (1 Kor. 11:1). Bulus ağsaqqal olaraq gördüyü işi belə təsvir etmişdi: «Biz sizinlə körpələrini əmizdirib əzizləyən ana kimi nəvazişlə davranmışıq» (1 Salon. 2:7). Eynilə bu gün də sədaqətli ağsaqqallar Müqəddəs Kitab əsasında təsəlli verərkən mülayim, mehriban sözlərdən istifadə edirlər.

Adətən, yetkin bacılar təsəlli verməyi çox gözəl bacarır (11-ci abzasa baxın) *

11. Ağsaqqallardan başqa kimlər təsəlli verə bilər?

11 Zorakılıq qurbanı olanları təkcə ağsaqqallar təsəlli edə bilər? Əlbəttə ki, yox. «Bir-birinizə təsəlli verin» göstərişi hər birimizə aiddir (1 Salon. 4:18). Ruhani cəhətdən yetkin bacılar təsəlliyə ehtiyac duyan bacılara böyük dəstək ola bilər. Maraqlıdır ki, Yehova əzab çəkənlərə necə təsəlli verdiyini göstərmək üçün Özünü oğluna təsəlli verən ana ilə müqayisə etmişdi (Əşy. 66:13). Müqəddəs Kitabda dərdli olanlara təsəlli verən çoxlu qadının nümunəsi yer alır (Əyy. 42:11). Məsihi qadınların mənəvi iztirab çəkən bacılarına dayaq olduğunu görmək Yehovanı fərəhləndirir. Bəzi hallarda ağsaqqallar yetkin bacıya xəlvətdə yaxınlaşıb mənəvi iztirab çəkən bacıya dayaq olmasını xahiş edə bilər. *

TƏSƏLLİNİ NECƏ VERMƏK OLAR?

12. Nədən ehtiyat etməliyik?

12 Əlbəttə, ehtiyatlı olmalıyıq ki, dindaşımızın danışmaq istəmədiyi şeylər barədə suallar verməyək (1 Salon. 4:11). Bəs kömək və təsəlli almaq istəyən dindaşımız üçün nə edə bilərik? Gəlin Müqəddəs Kitaba əsaslanan bir neçə üsula nəzər salaq.

13. 1 Padşahlar 19:5—8 ayələrinə əsasən, Yehovanın mələyi İlyas peyğəmbərə necə kömək etdi və biz ondan necə örnək ala bilərik?

13 Kömək etmək üçün nə isə edin. İlyas peyğəmbər düşmənlərin əlindən qaçanda o qədər pərişan olmuşdu ki, özünə ölüm arzulayırdı. Yehova bu pərişan bəndəsinin yanına Öz mələyini göndərdi. Mələk İlyas peyğəmbərə həmin vaxt ehtiyac duyduğu köməyi göstərdi. Ona isti çörək verib, yeməyə təşviq etdi. (1 Padşahlar 19:5—8 ayələrini oxuyun.) Müqəddəs Kitabdakı bu əhvalat vacib bir həqiqəti vurğulayır: bəzən etdiyimiz kiçik bir xeyirxahlıq kimin üçünsə böyük kömək ola bilər. Nə isə bişirmək, kiçik bir hədiyyə və ya ruhlandırıcı açıqca bağışlamaq dindaşımızı əmin edəcək ki, onu sevir və ona görə narahat oluruq. Xüsusilə də şəxsi mövzularda danışmağa çətinlik çəkənlər bu kimi praktiki kömək vasitəsilə dindaşlarına qayğı göstərə bilər.

14. İlyas peyğəmbərin hadisəsindən daha nə öyrənə bilərik?

14 Mənəvi iztirab çəkən dindaşınızın özünü təhlükəsizlikdə və arxayın hiss etməsinə kömək edin. İlyas peyğəmbərin hadisəsindən başqa bir şey də öyrənirik. Yehova Allah ona Hurib dağına qədər olan uzun yolu qət edə bilməsi üçün lazımi köməyi göstərdi. Yəqin ki, Yehovanın əsrlər öncə xalqı ilə əhd bağladığı bu ucqar ərazidə İlyas özünü təhlükəsizlikdə hiss etmişdi. Çünki nəhayət onu öldürmək istəyənlərdən uzaqda idi. Bundan hansı nəticəni çıxarırıq? Zorakılığın qurbanı olan şəxsə təsəlli vermək üçün, ilk öncə, onun özünü arxayın hiss etməsinə nail olmalıyıq. Məsələn, hansısa bacı ibadət evində yox, evdə, çay süfrəsi arxasında danışsa, özünü daha rahat və güvəndə hiss edə bilər. Başqasına isə ibadət evində danışmaq daha rahat gələ bilər. Ağsaqqallar bu kimi amilləri nəzərə almalıdır.

Səbirlə dinləyərək, ürəkdən dua edərək və təsəlliverici sözlər deyərək insanın dərdinə məlhəm ola bilərik (15—20 abzaslara baxın) *

15, 16. Yaxşı dinləyici olmaq nə deməkdir?

15 Yaxşı dinləyici olun. Müqəddəs Kitab aydın məsləhət verir: «Hər bir insan eşitməyə hazır olmalı, danışmağa... tələsməməlidir» (Yaq. 1:19). Bəs biz yaxşı dinləyiciyik? Ola bilsin, bizə elə gəlir ki, dinləmək sakitcə durub insana baxmaq və bir kəlmə də söyləməmək deməkdir. Lakin insanı həqiqətən dinləmək bundan artığını tələb edir. Məsələn, İlyas peyğəmbər nəhayət ürəyindəki ağrı-acını açıb Yehovaya deyəndə Yehova onu diqqətlə dinləyir. Yehova görür ki, İlyas qorxur, özünü yalnız hiss edir və gördüyü bütün işlərin hədər getdiyini düşünür. O, İlyasa keçirdiyi bütün narahatlıqları aradan qaldırmağa məhəbbətlə kömək edir. Beləcə, Yehova peyğəmbərini həqiqətən də dinlədiyini göstərir (1 Pad. 19:9—11, 15—18).

16 Bəs biz dinləyən zaman məhəbbətin izharı olan şəfqəti və canyananlığı necə ifadə edə bilərik? Çox vaxt hisslərimizi bir neçə nəzakətli, səmimi sözlə göstərə bilərik. Belə demək olar: «Başına gələnlərə görə çox üzülürəm! Heç bir uşaq bu cür rəftara layiq deyil!» Qarşı tərəfin dediklərini düz başa düşdüyümüzə əmin olmaq üçün bir-iki sual vermək olar. Məsələn, «Bununla filan şeyi nəzərdə tuturdun, hə?», yaxud «Sənin sözündən belə başa düşdüm ki... Düz başa düşmüşəm?» Məhəbbətin bu cür izharı qarşı tərəfi əmin edəcək ki, biz ona diqqətlə qulaq asırıq və dediklərini başa düşməyə çalışırıq (1 Kor. 13:4, 7).

17. Nə üçün danışmağa tələsməməli və səbirlə dinləməliyik?

17 Bununla belə, çalışın danışmağa tələsməyəsiniz. İnsana məsləhət vermək və ya düşüncəsinə düzəliş etmək üçün sözünü kəsməyin. Səbirli olun! İlyas ürəyini Yehovaya boşaldanda pərişan halda idi və fəğan edirdi. Yehova onun imanını möhkəmləndirəndən sonra o, yenə də dərdini eyni sözlərlə bildirmişdi (1 Pad. 19:9, 10, 13, 14). Bundan nə öyrənirik? Bəzən iztirab çəkən insana hisslərini bir dəfə bölüşmək kifayət etmir. Biz də istəyirik ki, Yehova kimi səbirlə dinləyə bilək. Həll yolunu göstərməyə çalışmaq əvəzinə, dindaşımıza canyananlıq, şəfqət göstərmək daha yaxşı olar (1 But. 3:8).

18. Dualarımız iztirab çəkənlərə necə təsəlli ola bilər?

18 İztirab çəkən dindaşınızla birgə ürəkdən dua edin. Ola bilsin, dərin kədər içində olan şəxs dua edə bilməsin. Buna səbəb insanın özünü Yehovaya yaxınlaşmağa layiq bilməməsi ola bilər. Təsəlli vermək üçün onunla birlikdə adını çəkərək dua edə bilərik. Duada onun bizim üçün və yığıncaq üçün nə qədər əziz olduğunu bildirmək olar. Yehovadan Onun üçün dəyərli olan bu quzusunun yarasına məlhəm çəkməsini, ona ürək-dirək verməsini diləyə bilərik. Bu cür dualar böyük təsəlli ola bilər (Yaq. 5:16).

19. Kiməsə təsəlli vermək üçün nə etmək olar?

19 Dərdə məlhəm, ürəyə təsəlli olan sözlər seçin. Danışmazdan öncə düşünün. Düşünülməmiş sözlər insanı yaralaya bilər. Xoş söz isə məlhəm ola bilər (Məs. 12:18). Odur ki, xoş, təsəlliverici, ovundurucu sözlər seçmək üçün Yehovaya dua edin. Unutmayın ki, ən güclü təsirə malik sözlər Müqəddəs Kitabda yazılmış Yehovanın sözləridir (İbr. 4:12).

20. Üzləşdikləri zorakılıq ucbatından bəziləri özləri haqda hansı fikirdədirlər və biz onlara nəyi xatırlada bilərik?

20 Uşaqlıqda zorakılığa məruz qalmış insan özünü ləkələnmiş, dəyərsiz, sevilməyən və sevilməyə layiq olmayan biri hesab edə bilər. Necə də dəhşətli yalandır! Müqəddəs Kitab vasitəsilə onlara Yehovanın gözündə nə qədər dəyərli olduqlarını xatırladın. (« Ayələr vasitəsilə təsəlli verin» adlı çərçivəyə baxın.) Yehovanın mələyinin taqətdən düşmüş və çarəsizliyə qapılan Dənyal peyğəmbəri məhəbbətlə necə möhkəmləndirdiyini yadınıza salın. Yehova bu əziz bəndəsinin Onun üçün çox dəyərli olduğunu bilməsini istəyirdi (Dən. 10:2, 11, 19). Eynilə, iztirab çəkən bacı-qardaşlarımız da Yehova üçün çox dəyərlidir!

21. Pis işlər görüb tövbə etməyən günahkarları nə gözləyir, bəs biz o vaxta qədər nə etməliyik?

21 Bacı-qardaşlarımıza təsəlli verərkən onlara Yehovanın məhəbbətini xatırladırıq. Yehovanın həmçinin ədalətli Allah olduğunu da heç vaxt unutmamalıyıq. Heç bir zorakılıq Yehovadan gizli qala bilməz, O, hər şeyi görür. Yehova tövbə etməyən günahkarı cəzasız qoymayacaq! (Say. 14:18). O vaxta qədər isə gəlin zorakılığa məruz qalanlara məhəbbətimizi göstərmək üçün əlimizdən gələni edək. Şeytan və onun dünyası tərəfindən qəddar rəftara məruz qalan hər bir kəsin yarasını Yehova birdəfəlik sağaldacaq. Bunu bilmək insana böyük təsəllidir. Tezliklə bizə əzab verən bütün bu şeylər bir daha yada düşməyəcək, bir daha xatırlanmayacaq! (Əşy. 65:17).

NƏĞMƏ 109 «Bir-birinizi səmimi qəlbdən, hərarətlə sevin»

^ abz. 5 Bəzən uşaq yaşlarında cinsi zorakılığa məruz qalanlar hətta illər sonra da əziyyət çəkir. Məqalə vasitəsilə bunun səbəbini daha yaxşı anlayacaq, həmçinin onlara kimlərin və necə kömək edə biləcəyini araşdıracağıq.

^ abz. 11 Zorakılığa məruz qalan insanın mütəxəssis köməyi alıb-almaması onun şəxsi qərarıdır.

^ abz. 76 ŞƏKLİN İZAHI. Bir yetkin bacı mənəvi iztirab çəkən bacıya təsəlli verir.

^ abz. 78 ŞƏKLİN İZAHI. Kədər içində olan bir bacını iki ağsaqqal ziyarət edir. O, yanında olması üçün həmin yetkin bacını da dəvət edib.