Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 20

Ümidimizi itirmədən təbliğ edək

Ümidimizi itirmədən təbliğ edək

«Toxumunu səhər çağı səp, axşama qədər qoy əlin boş durmasın» (VAİZ 11:6).

NƏĞMƏ 70 Layiqli adamları axtaraq

İCMAL *

İsa Məsih göyə qalxandan sonra şagirdləri bütün Yerusəlimdə və ətraf ərazilərdə şövqlə təbliğ etdilər (1-ci abzasa baxın)

1. İsa davamçılarına hansı nümunəni qoymuşdu və onlar onun nümunəsini necə izlədilər? (Üz qabığındakı şəklə baxın.)

İSA MƏSİH yer üzündə yaşayarkən insanların onu dinləyəcəyinə ümidini itirmədən təbliğ edirdi (Yəh. 4:35, 36). O istəyir ki, davamçıları da bu cür davransın (Luka 10:1, 5—11, 17). Nə qədər ki İsa yer üzündə idi, şagirdləri təbliğdə şövqlə iştirak edirdilər (Yəh. 16:32). Amma o öləndən sonra şagirdlərin bir müddətlik təbliğə həvəsi soyudu. Diriləndən sonra İsa onları yenidən diqqəti təbliğə cəmləməyə təşviq etdi. O, göyə qalxandan sonra şagirdlər o qədər böyük şövqlə təbliğ edirdi ki, düşmənlər belə demişdi: «Siz isə öz təliminizi bütün Yerusəlimə yaymısınız» (Həv. 5:28).

2. Yehova bu gün təbliğ işini necə avand edib?

2 İsa ilk məsihilərin təbliğ işinə rəhbərlik edirdi və Yehova da onların işini avand edirdi. Beləcə, çox insan həqiqəti qəbul etdi. Məsələn, eramızın 33-cü ilinin Əllinci gün bayramında 3000-ə yaxın insan vəftiz olundu (Həv. 2:41). Şagirdlərin sayı get-gedə daha da artırdı (Həv. 6:7). Üstəlik, İsa demişdi ki, axırzamanda təbliğ işi daha geniş vüsət alacaq (Yəh. 14:12; Həv. 1:8).

3, 4. Nəyə görə bəzi təbliğçilər üçün təbliğ işi çətindir və bu məqalədə nə haqda danışacağıq?

3 Hər birimiz çalışırıq ki, insanların xoş xəbərə hay verəcəyinə ümidimizi itirməyək. Bəzi ərazilərdə yaşayan bacı-qardaşlar üçün bu, asandır. Çünki o qədər çox insan Müqəddəs Kitabı öyrənmək istəyir ki, hətta onlara dərs keçməyə təbliğçi tapılmır; onlar adlarını siyahıya yazdırıb növbələrini gözləməli olurlar. Amma elə ərazilər var ki, orada təbliğ işi çox çətindir. İnsanları evdə tapmaq mümkün deyil, evdə olanlar isə Müqəddəs Kitaba demək olar ki, maraq göstərmir.

4 Əgər yaşadığınız ərazidə təbliğ işi çətindirsə, bu məqalədəki məsləhətlərdən yararlana bilərsiniz. Məqalədə bəzi təbliğçilərin daha çox insana müjdəni çatdırmaq üçün istifadə etdiyi üsullardan danışacağıq. Həmçinin öyrənəcəyik ki, insanların xoş xəbərə münasibətindən asılı olmayaraq, nəyə görə şövqlə təbliğ etməyə davam etməliyik.

İNSANLARI TAPMAQ ÇƏTİN OLSA DA, ÜMİDİNİZİ İTİRMƏYİN

5. Bir çox Yehovanın Şahidi hansı çətinliklərə üzləşir?

5 Getdikcə insanlara evlərində təbliğ etmək çətinləşir. Bəzi ərazilərdə insanlar mühafizə olunan binalarda və ya qapalı yaşayış komplekslərində yaşayır. Ola bilsin, qapıçı və ya mühafizəçi ev sakininin icazəsi olmadan kiminsə yaşayış ərazisinə girməsinə icazə verməsin. Başqa təbliğçilər maneəsiz şəkildə ev-ev təbliğ edə bilsələr də, insanları evdə tapmağa çətinlik çəkirlər. Elə təbliğçilər də var ki, az adamın yaşadığı kəndlərdə və ucqar ərazilərdə təbliğ edir. Onlar bir evə çatmaq üçün xeyli yol qət etməli olur. Hələ ev sakininin evdə olub-olmayacağı məlum deyil. Bu kimi çətinliklərə baxmayaraq, əlimiz təbliğ işindən soyumamalıdır. Üzləşdiyimiz maneələri aşmaq və daha çox insana təbliğ etmək üçün nə edə bilərik?

6. Hansı mənada təbliğçilər balıqçılara bənzəyir?

6 İsa təbliğ işinin balıqçılıq işinə bənzətmişdi (Mark 1:17). Bəzən balıqçılar günlərlə balıq tuta bilmir. Amma onlar təslim olmur. Onlar müəyyən tədbirlər görürlər: balıq tutmaq üçün vaxtı, məkanı və üsulu dəyişirlər. Biz də xidmətimizdə bu cür dəyişikliklər edə bilərik. Gəlin bu haqda danışaq.

İnsanların evdə az tapıldığı ərazilərdə təbliğ edərkən müxtəlif vaxtda, müxtəlif məkanda, müxtəlif üsullarla təbliğ edin (7—10 abzaslara baxın) *

7. Müxtəlif vaxtlarda təbliğ etməklə hansı nəticəni əldə edə bilərik?

7 Müxtəlif vaxtlarda təbliğ edin. İnsanların evdə olma ehtimalının yüksək olduğu vaxtlarda təbliğ etsək, daha çox insana rast gələcəyik. Axı nə vaxtsa insanlar evlərinə gəlir. Bəzi bacı-qardaşımız günorta və ya axşamüstü təbliğ etməyə üstünlük verir, çünki bu vaxt daha çox insana rast gəlirlər. Üstəlik, bu vaxtlarda ev sakinləri elə də gərgin olmur və qulaq asmağa meyilli olur. Həmçinin istəsəniz, Deyvid adlı ağsaqqalın istifadə etdiyi üsulu sınaqdan keçirə bilərsiniz. O, əməkdaşı ilə sahədə bir-iki saat təbliğ edəndən sonra açılmayan qapıları gedib yenə döyür. Deyvid deyir: «İkinci dəfə nə qədər insanın qapını açdığını görəndə məəttəl qalıram» *.

İnsanların evdə az tapıldığı ərazilərdə təbliğ edərkən müxtəlif vaxtlarda təbliğ edin (7 və 8-ci abzaslara baxın)

8. Vaiz 11:6 ayəsini təbliğ işinə necə tətbiq edə bilərik?

8 Biz təslim olmamalıyıq. Məqalənin əsas ayəsində necə davranmalı olduğumuz göstərilir. (Vaiz 11:6 ayəsini oxuyun.) Deyvid də təslim olmadı. O, bir qapını dəfələrlə döyəndən sonra, nəhayət, ev sakinini evdə tapdı. Müqəddəs Kitab əsasında söhbət o adama maraqlı gəldi. O belə dedi: «Burada səkkiz ildir yaşayıram, amma bir dəfə də olsun Yehovanın Şahidləri qapımı döyməyib». Deyvid deyir: «Fikir vermişəm ki, dəfələrlə etdiyim cəhdlərdən sonra evdə tapılan insanlar adətən xoş xəbərə qulaq asır».

İnsanların evdə az tapıldığı ərazilərdə təbliğ edərkən müxtəlif məkanlarda təbliğ edin (9-cu abzasa baxın)

9. Bəzi təbliğçilər insanlara təbliğ etmək üçün hansı üsullardan istifadə edir?

9 Müxtəlif məkanlarda təbliğ edin. Bəzi təbliğçilər insanlara xoş xəbəri çatdırmaq üçün təbliğ məkanını dəyişiblər. Məsələn, küçə təbliği və ədəbiyyat arabaları ilə təbliğ gözəl nəticələr verib. Bunun sayəsində ev-ev təbliğə icazə verilməyən binalarda yaşayanlara rast gəlmək mümkün olub. Bu kimi üsullar Yehovanın Şahidlərinə kömək edir ki, insanlarla üzbəüz söhbət etsinlər. Həmçinin bir çox təbliğçi fikir verib ki, parkda, bazarda və işgüzar ərazidə insanlar söhbət etməyə və ədəbiyyat götürməyə daha meyilli olur. Boliviyada xidmət edən Floran adlı bir rayon nəzarətçisi deyir: «Biz marketlərdə və işgüzar ərazilərdə günorta saat 1—3 arası təbliğ edirik. Çünki həmin saatlarda satıcıların işi nisbətən az olur. Adətən gözəl söhbətlərimiz alınır və hətta Müqəddəs Kitab dərsinə başlayırıq».

İnsanların evdə az tapıldığı ərazilərdə təbliğ edərkən müxtəlif üsullarla təbliğ edin (10-cu abzasa baxın)

10. İnsanlara təbliğ etmək üçün daha nə edə bilərik?

10 Müxtəlif üsullardan istifadə edin. Tutaq ki, siz hansısa qapını dəfələrlə döymüsünüz, müxtəlif vaxtlarda gəlmisiniz, amma evdə heç kimi tapmamısınız. Bəs həmin ev sakininə təbliğ etməyin başqa hansısa yolu var? Katarina deyir: «Evində heç vaxt tapmadığım insanlara məktub yazıram, üz-üzə deyəcəyim fikirləri məktubda qeyd edirəm». Deməli, nə öyrənirik? Əlinizdən gələni edin ki, bu və ya digər üsulla sahənizdəki hər bir kəsə təbliğ edəsiniz.

İNSANLARIN LAQEYDLİYİNƏ BAXMAYARAQ, TƏBLİĞDƏN SOYUMAYIN

11. Nəyə görə insanlar təbliğ etdiyimiz müjdəyə laqeyd yanaşır?

11 Bəzi insanlar bəyan etdiyimiz müjdəyə laqeyd yanaşır. Allah və Müqəddəs Kitab haqqında nəsə öyrənməyə ehtiyac duymadıqlarını düşünürlər. Dünyada bu qədər əzab-əziyyətin olduğuna görə Allaha inanmırlar. Onlar Müqəddəs Kitaba uyğun yaşadıqlarını iddia edən din xadimlərinin ikiüzlülüyünü gördüyü üçün Müqəddəs Kitab barəsində nəsə öyrənmək istəmirlər. Bir başqalarının başı iş-gücə, ailələrinə, problemlərinə qarışıb və düşünmürlər ki, Müqəddəs Kitab onlara necəsə kömək edər. İnsanlar təbliğ etdiyimiz müjdəyə laqeyd yanaşsa da, sevincimizi necə qoruya bilərik?

12. Filippililərə 2:4 ayəsini təbliğ işində necə tətbiq edə bilərik?

12 İnsanlara canıyananlıq göstərin. Bir çox insan əvvəlcə xoş xəbərə laqeyd yanaşsa da, daha sonra təbliğçinin onlara canıyananlıq göstərdiyini görüb, xoş xəbərə qulaq asıb. (Filippililərə 2:4 ayəsini oxuyun.) Məsələn, əvvəlki abzaslarda adı çəkilən Deyvid qardaş deyir: «Kimsə danışdıqlarımızın ona maraqlı olmadığını deyəndə biz Müqəddəs Kitabı və nəşrlərimizi çantaya qoyub deyirik: “Bölüşə bilərsiniz, niyə belə düşünürsünüz?”» Canıyananlıq göstərməyimiz insanların diqqətindən yayınmayacaq. Bəlkə də, nə dediyimiz onların yadında qalmayacaq, amma göstərdiyimiz səmimi münasibəti unutmayacaqlar. Hətta ev sakini danışmağımıza imkan verməsə də, biz dostyana münasibətimiz və üz ifadəmizlə hiss etdirə bilərik ki, onlara dəyər veririk.

13. Nə edə bilərik ki, xoş xəbər hər ev sakininə maraqlı gəlsin?

13 Ev sakininə başqa necə canıyananlıq göstərə bilərik? Təbliğ edərkən onların tələbatını və maraqlarını nəzərə almaqla. Tutaq ki, bu evdə uşağın olduğuna diqqət yetirdiniz, onda, ola bilsin, valideynlərə uşaqların tərbiyəsi ilə, yaxud ailənin xoşbəxtliyi ilə bağlı Müqəddəs Kitabdakı məsləhətlər maraqlı gələr. Yaxud görürsünüzsə ki, qapıda çoxlu qıfıl var, ev sakini ilə bu dünyada cinayətkarlığın artmasından, qorxu-hürkü içində yaşadığımızdan danışa bilərsiniz. Onda, ola bilsin, ev sakininə gələcəkdə cinayətkarlığın daha olmayacağını bilmək maraqlı gəlsin. Bir sözlə, təbliğ etdiyiniz hər bir insana Allahın Kəlamındakı məsləhətlərin dəyərini göstərin. Bir az öncə adı çəkilən Katarina deyir: «Həqiqəti öyrənməyim sayəsində həyatımın necə yaxşılaşdığını həmişə yadıma salıram». Bu, Katarinaya kömək edir ki, insanlarla əminliklə danışsın və sözsüz ki, insanlar da bunu hiss edir.

14. Məsəllər 27:17 ayəsinə əsasən, təbliğ əməkdaşları bir-birinə necə kömək edə bilər?

14 Başqalarının köməyindən yararlanın. Birinci əsrdə həvari Bulus işlətdiyi təbliğ və təlim üsullarını Timutiyə də öyrədirdi və onu təşviq edirdi ki, o, bu üsulları başqalarına da öyrətsin (1 Kor. 4:17). Timuti kimi, biz də yığıncağımızdakı təcrübəli təbliğçilərdən öyrənə bilərik. (Məsəllər 27:17 ayəsini oxuyun.) Məsələn, Şon adlı bir qardaş bir müddət kənd ərazisində öncüllük edirdi. Bu kəndin camaatı dinlərinə bağlı insanlar idi. Qardaş sevincini necə qorudu? O deyir: «Mümkün qədər çalışırdım təbliğə əməkdaşsız getməyim. Bir evdən o biri evə gedərkən yol boyu bir-birimizə təbliğ bacarığımızı yaxşılaşdırmağa kömək edirdik. Məsələn, ev sakini ilə necə danışdığımızı təhlil edirdik. Sonra isə müzakirə edirdik ki, gələn dəfə belə vəziyyətlə qarşılaşsaq, başqa necə cavab verə bilərik».

15. Nəyə görə təbliğ işində duanın vacib rolu var?

15 Duada Yehovadan kömək istəyin. Hər dəfə təbliğdə iştirak edərkən Yehovadan sizə yol göstərməsini xahiş edin. Onun qüdrətli müqəddəs ruhunun köməyi olmasa, heç birimiz heç nəyə nail ola bilmərik (Zəb. 127:1; Luka 11:13). Duada Yehovadan konkret kömək istəyin. Məsələn, Yehovadan xahiş edə bilərsiniz ki, sizi Onun haqqında öyrənmək istəyən, dinləməyə hazır olan insanların yanına yönəltsin. Duanıza uyğun davranaraq rast gəldiyiniz hər kəsə təbliğ edin.

16. Nəyə görə fərdi mütaliə təbliğ işi üçün zəruridir?

16 Fərdi mütaliəyə vaxt ayırın. Allahın Kəlamında deyilir: «Allahın yaxşı, xoş və kamil iradəsini dərk [edin]» (Rom. 12:2). Allah haqqında həqiqəti bildiyimizə əminliyimiz nə qədər çox olsa, təbliğdə bir o qədər inamla danışacağıq. Katarina deyir: «Bir müddət öncə anladım ki, Müqəddəs Kitabın bəzi əsas təlimlərinə imanımı möhkəmləndirməliyəm. Buna görə də Yaradanın mövcudluğuna, Müqəddəs Kitabın Allahın Kəlamı olduğuna və Allaha məxsus təşkilatın olduğuna dəlilləri təfsilatı ilə araşdırdım». Katarina deyir ki, fərdi mütaliə sayəsində imanı möhkəmləndi və xidmətdə sevinci artdı.

XİLAS İŞİNDƏ ÜMİDLƏ İŞTİRAK EDİRİK

17. Nəyə görə İsa Məsih təbliğ etməyə davam edirdi?

17 Baxmayaraq ki, bəziləri İsanın dediklərinə qarşı laqeyd idi, o, yenə də ümidini itirmədən təbliğ etməyə davam edirdi. Çünki bilirdi ki, insanların həqiqəti bilməyə çox ehtiyacı var və mümkün qədər çox insanın xoş xəbəri qəbul etməsinə imkan yaradırdı. O həm də bilirdi ki, əvvəl-əvvəl qulaq asmayan insanlar sonradan qulaq asmaq istəyəcək. Elə İsanın öz ailəsini götürək. Yer üzündə xidmət etdiyi üç il yarım ərzində heç bir qardaşı onun şagirdi olmadı (Yəh. 7:5). Amma İsa diriləndən sonra onlar onun davamçısı oldular (Həv. 1:14).

18. Nəyə görə biz təbliğ işinə davam edirik?

18 Biz bilmirik Müqəddəs Kitab həqiqətlərini kimlər qəbul edib, Yehovanın xidmətçisi olacaq. Bəzilərinə müjdəyə hay vermək üçün başqalarına nisbətən daha çox vaxt lazımdır. Hətta bizə qulaq asmaq istəməyənlər gözəl davranışımızı və ümidlə təbliğ etməyə davam etdiyimizi görüb, ola bilsin, axırda «Allahı mədh etsinlər» (1 But. 2:12).

19. 1 Korinflilərə 3:6, 7 ayələrinə əsasən, təbliğ işi ilə bağlı nəyi unutmamalıyıq?

19 Biz əkib-sulasaq da, böyüdənin Allah olduğunu unutmamalıyıq. (1 Korinflilərə 3:6, 7 ayələrini oxuyun.) Efiopiyada xidmət edən Getahun qardaş deyir: «Yaşadığım ərazidə 20 ildən çox vaxt ərzində məndən başqa Yehovanın Şahidi olmayıb. Amma indi mən də daxil olmaqla, burada 14 təbliğçi var. Həyat yoldaşım və üç övladım da vəftiz olunan 13 nəfərin sırasındadır. İbadət görüşlərində isə orta hesabla 32 nəfər iştirak edir». Getahun xoşbəxtdir ki, təbliğ etməyə davam edib və Yehovanın səmimi qəlbli insanları Öz təşkilatına cəlb etməsini səbirlə gözləyib! (Yəh. 6:44).

20. Hansı mənada biz xilasedicilərə bənzəyirik?

20 Yehova üçün bütün insanların həyatı qiymətlidir. Yehova İsa Məsihə son gəlməzdən öncə bütün millətlərdən olan insanları toplamaq işi həvalə edib və bizə də bu işdə İsa ilə əməkdaşlıq etmək şərəfi nəsib edib (Həq. 2:7). Təbliğ işini xilasetmə işinə, bizi isə qəza zamanı mədəndə qalmış işçiləri xilas edən xilasedicilərə bənzətmək olar. Cəmi bir neçə işçi sağ tapılsa da, bütün xilasedicilərin əməyi əvəzsizdir. Eyni şeyi təbliğ işi ilə də bağlı demək olar. Biz bilmirik, Şeytan dünyasından hələ nə qədər insanı xilas edə biləcəyik. Amma Yehova istənilən təbliğçi vasitəsilə onlara kömək edə bilər. Boliviyada yaşayan Andreas qardaş deyir: «Hesab edirəm ki, bir nəfərin həqiqəti qəbul edib vəftiz olunmasında bir təbliğçinin yox, çoxlarının əməyi keçib». Eynilə, gəlin biz də təbliğ işində ümidlə iştirak etməyə davam edək. Onda Yehova işimizi avand edəcək və xidmətdən əsl sevinc duyacağıq.

NƏĞMƏ 66 Müjdə verin

^ abz. 5 Bu gün təbliğdə əksər insanları evdə tapmaq çətindir, bir başqaları müjdəyə laqeyd yanaşır. Bəs ümidimizi üzmədən təbliğ etməyə bizə nə kömək edə bilər? Bu məqalədə təklif olunan məsləhətlər bizə bu sahədə kömək edəcək.

^ abz. 7 Təbliğçilər bu məqalədə müzakirə olunan təbliğ üsullarından istifadə edərkən məlumatların qorunması ilə bağlı dövlət qanunlarına uyğun davranmalıdır.

^ abz. 60 ŞƏKİLLƏRİN İZAHI. (Yuxarıdan aşağıya) Ər-arvad insanların evdə çətin tapıldığı ərazidə xidmət edir. Birinci ev sakini işdədir, ikincisi həkimə gedib, üçüncüsü isə alış-verişə gedib. Onlar birinci ev sakininə təbliğ etmək üçün axşamçağı gəlirlər. İkincisi ilə xəstəxananın yanında ədəbiyyat arabası ilə şahidlik verən zaman rastlaşırlar. Üçüncüsünə isə telefonla şahidlik verirlər.