Kontentə keç

Mündəricatı göstər

Bilirsiniz?

Bilirsiniz?

Müqəddəs Kitabın yazıldığı dövrdə papirusdan qayıq düzəldilirdi?

Papirus bitkisi

MƏLUMDUR ki, papirus qədim Misirdə əsas yazı materialı idi. Papirusdan yunanlar və romalılar da yazı üçün istifadə edirdilər *. Amma çox az adama məlumdur ki, qədimdə papirus təkcə yazı üçün yox, qayıq düzəltmək üçün də istifadə olunub.

Misir qəbrinin içində tapılmış iki qamış qayığın modeli

Təxminən 2700 il bundan qabaq Əşiya peyğəmbər yazmışdı ki, «Həbəş çaylarının axdığı bölgənin» camaatı «dəniz yolu ilə, suların o tayına qamış qayıqlarda qasidlər göndərib». Sonralar Ərəmya peyğəmbərlik etmişdi ki, Mada-Farslar Babil şəhərini işğal edəndə babillilər qaçmasın deyə onların «qamış qayıqlar»ını yandıracaqlar (Əşy. 18:1, 2; Ərm. 51:32).

Müqəddəs Kitab Allahdan nazil olub (2 Tim. 3:16). Buna görə də Müqəddəs Kitaba inanan insanlar bilsələr ki, arxeoloqlar qədimdə papirusdan qayıq düzəltmək üçün istifadə olunduğuna dair dəlillər tapıb, təəccüblənməzlər. Bəs nələrsə aşkarlanıb? Arxeoloqlar Misirdə qamış qayıqların düzəldiyinə dair dəlillər tapıblar.

QAMIŞ QAYIQLAR NECƏ HAZIRLANIRDI?

Misir qəbirlərinin üzərindəki rəsmlərdə və qabartmalarda qamışın necə becərildiyi və qayığın hazırlanması təsvir olunub. Kişilər papirus bitkisinin gövdələrini kəsirdilər, dəstə bağlayırdılar, sonra dəstələri bir-birinə bərkidirdilər. Bu bitkinin gövdəsi üçbucaq şəklindədir. Ona görə də bitkinin gövdələri bir-birinə kip oturur və çox möhkəm dəstələr alınır. Bir mənbəyə əsasən, qamış qayıqların uzunluğu 17 metrə çatırdı, hər iki tərəfə isə 10—12 avar yerləşirdi («A Companion to Ancient Egypt»).

Qamış qayığın düzəldilməsinin təsvir olunduğu Misir qabartması

NƏYƏ GÖRƏ QAYIQ DÜZƏLTMƏK ÜÇÜN PAPİRUSDAN İSTİFADƏ OLUNURDU?

Misirdə Nil vadisində papirus bol yetişirdi. Üstəlik, bu qamışdan qayıq düzəltmək daha asan idi. Sonralar böyük gəmilərin düzəldilməsində əsas material kimi taxtadan istifadə olunsa da, görünür, balıqçılar və ovçular qamışdan düzəldilmiş sallardan və kiçik qayıqlardan istifadəyə davam edirdilər.

İnsanlar uzun müddət qədim qamış qayıqlardan geniş istifadə ediblər. Eramızın I—II əsrlərində yaşamış yunan yazıçısı Plutarxın sözlərinə əsasən, qamış sallar hətta onun dövründə yaşayan insanlara da məlum idi.

^ abz. 3 Papirus bataqlıqlarda və zəif axarlı sularda bitən qamış bitkisidir. Bu bitkinin hündürlüyü 5 metrə qədər, dib hissəsinin diametri 15 santimetrə qədər ola bilər.