Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 21

Yehova sizə güc verəcək

Yehova sizə güc verəcək

«Mən zəif olanda güclüyəm» (2 KOR. 12:10).

NƏĞMƏ 73 Bizə cəsarət ver

İCMAL *

1, 2. Yehovanın Şahidləri hansı çətinliklərlə üzləşir?

HƏVARİ BULUS Timutini və onun simasında bütün məsihiləri xidmətlərini tam şəkildə yerinə yetirməyə təşviq etmişdi (2 Tim. 4:5). Hər birimiz Bulusun bu məsləhətinə əməl etməyə çalışırıq. Amma təbii ki, bu, elə də asan deyil. Bir çox bacı-qardaşımıza təbliğ işində iştirak etmək üçün böyük cəsarət lazımdır (2 Tim. 4:2). Məsələn, bəziləri fəaliyyətimizə məhdudiyyət qoyulduğu və ya qadağan olunduğu ərazilərdə yaşayır. Onlar azadlıqdan məhrum olmağı gözə alıb təbliğ işində iştirak edirlər!

2 Yehovanın xalqı müxtəlif problemlərlə üzləşir və bu onları ruhdan sala bilər. Məsələn, çoxları ailələrinin ən zəruri tələbatlarını ödəmək üçün gecə-gündüz işləməli olur. Əlbəttə ki, onlar çox xidmət etmək istəyərdilər, amma həftənin sonunda artıq gücləri tükənmiş olur. Bir başqalarının xroniki xəstəlik və ya yaşlılıq əl-qolunu bağlayıb. Onların arasında hətta elələri var ki, heç evdən çölə çıxa bilmir. Bu bacı-qardaşlar xidmətdə çox az iştirak edə bilir. Digərləri isə daima dəyərsizlik hissindən əziyyət çəkir. Yaxın Şərqdə yaşayan Meri * adlı bacı deyir: «Bədbin fikirləri dəf etmək üçün o qədər əlləşib-vuruşuram ki, mənəvi cəhətdən gücüm qalmır. Sonra da özümü qınayıram ki, niyə vaxtımı və gücümü xidmətə sərf etmədim, hədər etdim».

3. Bu məqalədə nə haqda danışacağıq?

3 Hansı çətinliyimiz olursa olsun, Yehova bizə güc verə bilər ki, şəraitimiz çərçivəsində xidmətimizi davam etdirək. Yehovanın bunu hansı üsullarla etdiyini araşdırmazdan öncə, gəlin görək O, həvari Bulusa və Timutiyə necə kömək etmişdi. Görəcəyik ki, Yehovanın verdiyi güc sayəsində onlar çətinliklərinə rəğmən, xidmətlərini tam yerinə yetirdilər.

YEHOVA BİZƏ TƏBLİĞ ETMƏYİMİZ ÜÇÜN GÜC VERİR

4. Həvari Bulusun hansı çətinlikləri var idi?

4 Həvari Bulusun üzləşdiyi çətinliklərin sayı-hesabı yox idi. Bunlara sinə gərmək üçün onun Yehovanın köməyinə ehtiyacı var idi. Məsələn, o, düşmənləri tərəfindən döyülmüş, daşa basılmış və həbs olunmuşdu (2 Kor. 11:23—25). Bulus vaxtaşırı bədbin fikirlərlə mübarizə apardığını öz dili ilə demişdi (Rom. 7:18, 19, 24). Həmçinin o, cisminə bir tikan kimi batırılan hansısa xəstəliklə mübarizə aparırdı. Bu bəladan qurtulmaq üçün o, dönə-dönə Allaha yalvarmışdı (2 Kor. 12:7, 8).

Bulus və Timuti nəyin sayəsində xidmətlərini yerinə yetirə bilmişdi? (5 və 6-cı abzaslara baxın) *

5. Bulus üzləşdiyi çətinliklərə baxmayaraq, hansı işləri görmüşdü?

5 Bütün bu çətinliklərə baxmayaraq, Bulus Yehovanın verdiyi güc sayəsində xidmətini davam etdirə bilmişdi. Görün o, hansı işləri görüb. Məsələn, Bulus Romada ev dustağı olarkən yəhudi rəhbərlərinin və ola bilsin, dövlət məmurlarının qarşısında müjdəni cəsarətlə müdafiə etmişdi (Həv. 28:17; Filip. 4:21, 22). O həmçinin İmperator qvardiyasında çoxlarına təbliğ etmişdi. Eləcə də yanına gələn hər kəsə şahidlik verirdi (Həv. 28:30, 31; Filip. 1:13). Bu vaxt ərzində Yehova müqəddəs ruhu ilə Bulusa məktublar yazdırmışdı. Bu məktubların ta o vaxtdan bu günə qədər məsihilərə böyük faydası olub. Üstəlik, Bulusun nümunəsi Romadakı bacı-qardaşları möhkəmləndirmişdi, bunun sayəsində onlar «Allahın sözünü cəsarətlə, qorxmadan» təbliğ etmişdilər (Filip. 1:14). Baxmayaraq ki, Bulus bəzən istədiyi qədər xidmət edə bilmirdi, amma olduğu şəraitdə bacardığını edirdi. Onun başına gələnlər «müjdənin yayılmasına xidmət etmişdir» (Filip. 1:12).

6. 2 Korinflilərə 12:9, 10 ayələrinə əsasən, Bulus nəyin sayəsində xidmətini yerinə yetirə bilmişdi?

6 Bulus bütün bu işləri öz gücünə yox, Yehovanın gücü sayəsində etdiyini başa düşürdü. O demişdi ki, o, zəif olanda Allahın gücü «özünü bütünlüklə göstərir». (2 Korinflilərə 12:9, 10 ayələrini oxuyun.) Ona görə də Bulus həbs olunmasına, təqib və digər çətinliklərlə üzləşməsinə baxmayaraq, Yehovanın müqəddəs ruhu ilə verdiyi güc sayəsində xidmətini tam yerinə yetirə bilmişdi.

Timuti nəyin sayəsində xidmətlərini yerinə yetirə bilmişdi? (7-ci abzasa baxın) *

7. Xidmətini yerinə yetirməyə Timutiyə nələr mane ola bilərdi?

7 Bulusun gənc əməkdaşı Timutinin də xidmətini yerinə yetirmək üçün Yehovanın gücünə ehtiyacı var idi. Timuti Bulusa uzun təbliğ səfərlərində yol yoldaşı olmuşdu. Həmçinin Bulus onu başqa yığıncaqları da ziyarət edib ruhlandırmağa göndərmişdi (1 Kor. 4:17). Bəlkə də, Timuti özünü bu işə yararlı sanmırdı. Yəqin, elə buna görə Bulus ona demişdi ki, «qoy gənc olduğuna görə heç kəs sənə saymazyana yanaşmasın» (1 Tim. 4:12). Üstəlik, həmin vaxtlarda Timutinin də cisminə batırılan tikan var idi — o, tez-tez naxoşlayırdı (1 Tim. 5:23). Amma Timuti bilirdi ki, Yehova qüdrətli müqəddəs ruhu ilə ona kömək olacaq, müjdəni təbliğ etmək və bacı-qardaşlara xidmət etmək üçün ona güc verəcək (2 Tim. 1:7).

YEHOVA BİZƏ SADİQ QALMAĞIMIZ ÜÇÜN GÜC VERİR

8. Yehova bu gün xalqını necə gücləndirir?

8 Bu gün Yehova xalqına «insan gücündən üstün olan güc» verir ki, Ona sədaqətlə xidmət edə bilsinlər (2 Kor. 4:7). Gəlin Yehovanın bizə kömək etmək üçün təqdim etdiyi dörd vasitəyə nəzər salaq: dua, Müqəddəs Kitab, dindaşlarımız və xidmətimiz.

Yehova bizi dua vasitəsilə gücləndirir (9-cu abzasa baxın)

9. Dua bizi necə gücləndirə bilər?

9 Dua vasitəsilə. Efeslilərə 6:18 ayəsində Bulus bizi Allaha «hər an» dua etməyə təşviq edir. Duamıza cavab olaraq Yehova bizi gücləndirəcək. Məsələn, Boliviyada yaşayan Cani qardaş Yehovanın köməyini hiss etmişdi. Problemlər bir anda onu ağuşuna almışdı: həyat yoldaşı, atası və anası eyni vaxtda ciddi xəstəliyə tutulmuşdu. Cani üçün üç xəstəyə baxmaq çox ağır idi. Anası vəfat etdi. Yoldaşının və atasının sağalması isə xeyli vaxt çəkdi. Cani o günləri xatırlayaraq deyir: «Ən dözülməz vaxtlarda mənə həmişə duada ürəyimi açıb boşaltmaq kömək edib». Yehova Caniyə tab gətirə bilsin deyə güc vermişdi. Boliviyada ağsaqqal kimi xidmət edən Ronaldın anasında xərçəng aşkar olunmuşdu. Bir aydan sona anası vəfa etdi. Bu itkiyə dözməyə ona nə kömək etdi? Ronald deyir: «Yehovaya dua edəndə ürəyimi Ona boşaldıram, keçirdiyim bütün hissləri danışıram. Bilirəm ki, O məni hamıdan yaxşı başa düşür, hətta mənim özümdən də yaxşı». Bəzən bizə elə gəlir ki, problemlərin içində boğuluruq, bilmirik nə haqda dua edək. Hətta elə olur ki, hisslərimizi, fikirlərimizi ifadə etməyə söz tapmırıq. Bu halda belə, Yehova bizi dua etməyə çağırır (Rom. 8:26, 27).

Yehova bizi Müqəddəs Kitab vasitəsilə gücləndirir (10-cu abzasa baxın)

10. İbranilərə 4:12 ayəsinə əsasən, Müqəddəs Kitabı dərindən mütaliə etmək nəyə görə vacibdir?

10 Müqəddəs Kitab vasitəsilə. Bulus güc və təsəlli üçün Allahın Kəlamına üz tuturdu. Biz də gərək belə edək (Rom. 15:4). Allahın Kəlamını dərindən mütaliə edəndə Yehova müqəddəs ruhu ilə kömək edə bilər ki, oxuduqlarımızı vəziyyətimizə tətbiq edək. (İbranilərə 4:12 ayəsini oxuyun.) Yuxarıda adı çəkilən Ronald deyir: «Yaxşı ki, hər axşam Müqəddəs Kitabı oxumaq vərdişinə yiyələnmişəm. Yehovanın xüsusiyyətləri, bəndələrini nə qədər sevdiyi haqda çox düşünürəm. Beləcə, hər dəfə yenidən güc alıram».

11. Müqəddəs Kitabı oxumaq yaslı bacımıza necə güc vermişdi?

11 Allahın Kəlamını mütaliə edəndə biz problemlərimizə düzgün yanaşmağı öyrənirik. Görün Müqəddəs Kitabı oxumaq yoldaşını itirən yaslı bacımıza necə kömək edib. Bir ağsaqqal ona «Əyyub» kitabını oxumağı məsləhət gördü. O, kitabı oxuyanda əvvəlcə Əyyubu yanlış düşüncələrinə görə qınamağa başladı. Ürəyində ona belə deyirdi: «Ay Əyyub, nahaq belə düşünürsən!» Amma birdən anladı ki, əslində, özü də Əyyub kimi düşünür. Oxuduqları bacıya düşüncələrini dəyişməyə kömək etdi və ərinin itkisinə dözmək üçün güc verdi.

Yehova bizi dindaşlarımız vasitəsilə gücləndirir (12-ci abzasa baxın)

12. Yehova dindaşlarımız vasitəsilə bizi necə gücləndirir?

12 Dindaşlarımız vasitəsilə. Yehovanın bizə dayaq olmaq üçün istifadə etdiyi digər bir vasitə iman bacı-qardaşlarımızdır. Bulus dindaşlarına belə yazmışdı: «İstəyirəm ki, hamımız... bir-birimizi ruhlandıraq» (Rom. 1:11, 12). Yuxarıda adı çəkilən Meri də dindaşlarının arasında olmağı çox qiymətləndirir. O deyir: «Yehova hətta heç mənim problemlərimdən xəbəri olmayan bacı-qardaşlar vasitəsilə mənə kömək edib. Onlar məni ruhlandıran sözlər deyirdilər, açıqca yazıb göndərirdilər. Həmişə də bu lap yerinə düşürdü. Mənə həmçinin mənimlə eyni problemləri olan bacılarla dərdləşmək kömək edir. Onlardan çox şey görüb götürürəm. Ağsaqqallar da həmişə çalışır ki, yığıncaq üçün dəyərli olduğumu hiss edim».

13. Yığıncaqda bir-birimizi necə gücləndirə bilərik?

13 İbadət görüşləri bir-birimizi ruhlandırmaq üçün ən gözəl yerlərdən biridir. Yığıncağa gələndə yaxşı olar ki, bacı-qardaşları sevdiyinizi, onlara minnətdarlığınızı ifadə edəsiniz. Beləcə, bu üsulla onları möhkəmləndirə bilərsiniz. Məsələn, bir dəfə yığıncaqdan əvvəl Piter adlı ağsaqqal həyat yoldaşı imanda olmayan bir bacıya demişdi: «Səni burada görmək adamı çox ruhlandırır. Həmişə uşaqlarının altısını da səliqəli geyindirib yığıncağa gətirirsən. Qabaqcadan şərhlər hazırlayırlar». Bacının gözləri doldu. Qardaşa minnətdarlığını bildirərək dedi: «Bir bilsən, bu sözlərə bu gün nə qədər ehtiyacım var idi».

Yehova bizi xidmət vasitəsilə gücləndirir (14-cü abzasa baxın)

14. Xidmət bizə necə kömək edir?

14 Xidmət vasitəsilə. Biz Müqəddəs Kitab həqiqətləri haqda insanlara danışanda gücümüz təzələnir və bu, insanların bizə qulaq asıb-asmamasından asılı deyil (Məs. 11:25). Steysi bacı xidmətin gücünə özü şahid olub. Ailə üzvlərindən biri yığıncaqdan kənar olunduğu üçün o, çox pərişan halda idi. Elə hey düşünürdü: «Bəlkə də, ona başqa necəsə kömək edə bilərdim». Bu fikirlər ona aman vermirdi. Bəs ona özünü toxdamağa nə kömək etdi? Xidmət! Xidmət edəndə insanların köməyə möhtac olduğu haqda düşünməyə başladı. O deyir: «Həmin vaxt Yehova mənə bir hədiyyə etdi. Mən bir nəfərlə Müqəddəs Kitab dərsinə başladım. O, çox sürətlə inkişaf edirdi. Bu məni əməlli-başlı dirçəltdi. Məni ayaqda saxlayan ən əsas şey xidmət olub».

15. Merinin sözlərindən nə öyrənirik?

15 Bəzilərinin vəziyyəti təbliğ işində çox şey etməyə yol vermir. Əgər sizinlə də vəziyyət belədirsə, unutmayın ki, Yehova əlinizdən gələni etməyinizi çox qiymətləndirir. Yuxarıda adı çəkilən Meri əcnəbidilli əraziyə köçmüşdü. Dili yaxşı bilmədiyindən özünü yararsız hiss edirdi. Meri deyir: «Bir müddət mən yalnız sadə şərh verməyi, ayə oxumağı və xidmətdə buklet təqdim etməyi bacarırdım». Buna görə də o, səlis danışanlarla müqayisədə, təbliğdə heç bir xeyrinin dəymədiyini düşünürdü. Amma sonra vəziyyətə başqa cür baxmağı öyrəndi. O başa düşdü ki, dili yaxşı bilməsə də, Yehova üçün yararlı ola bilər. Meri deyir: «Həyatları xilas edən həqiqət olduqca sadədir və bu həqiqət insanların həyatını dəyişir».

16. Evdən çıxa bilməyənlərə ruhdan düşməməyə nə kömək edə bilər?

16 Yehova bilir ki, bəzilərimiz səhhətimizə görə evdən çölə çıxa bilmirik, amma ürəyimiz təbliğ etmək istəyilə döyünür. Yehova şərait yarada bilər ki, biz tibb işçilərinə, yaxud qulluğumuzda duran insanlara təbliğ edək. Əgər biz indi etdiyimiz xidmətlə əvvəllər etdiyimiz xidməti müqayisə etsək, ruhdan düşə bilərik. Amma Yehovanın indi bizə necə kömək etdiyi haqda düşünsək, bu bizi gücləndirəcək və istənilən sınağa sevinclə sinə gərə biləcəyik.

17. Vaiz 11:6 ayəsinə əsasən, nəyə görə təbliğ işimizi davam etdirməliyik?

17 Biz bilmirik əkdiyimiz həqiqət toxumlarından hansı kök atıb cücərəcək. (Vaiz 11:6 ayəsini oxuyun.) Məsələn, 80 yaşlarında olan Barbara adlı bacı müntəzəm olaraq telefon və məktub vasitəsilə təbliğ edir. Bir dəfə o, məktublardan birinin içinə «Gözətçi qülləsi»nin 2014-cü il 1 mart sayını * qoymuşdu. Orada «Allahın sizin uğrunuzda verdiyi qurban» adlı məqalə var idi. Bacı məktubu özü də bilmədən yığıncaqdan kənar edilmiş bir ər-arvada göndərdi. Onlar jurnalı dönə-dönə oxudular. Kişi sanki Yehovanın onunla birbaşa danışdığını hiss etdi. Bu ər-arvad yığıncaqlara gəlməyə başladı. Yığıncaqdan kənar edilmələrindən təxminən 27 il sonra onlar yenidən Yehovanın Şahidi oldular. Təsəvvür edirsiniz, Barbara bacı yazdığı bir məktubun belə gözəl bəhrə gətirdiyini görəndə necə ruhlanmış və möhkəmlənmişdi!

Yehova bizi 1) dua, 2) Müqəddəs Kitab, 3) dindaşlarımız və 4) xidmət vasitəsilə gücləndirir (9, 10, 12 və 14-cü abzaslara baxın)

18. Yehovadan güc almaq üçün nə edə bilərik?

18 Yehova tükənməz gücündən bəhrələnməyimiz üçün dua, Müqəddəs Kitab, dindaşlarımız və xidmətimiz kimi çoxlu vasitələr təqdim edib. Bunlardan yararlananda göstəririk ki, Yehovanın bizə kömək etməyə qadir olduğuna və bunu istədiyinə arxayınıq. Odur ki, gəlin həmişə Yaradanımıza pənah aparaq. Çünki O, «sidqi-ürəkdən Ona bağlı olanların rifahı üçün gücünü» göstərir (2 Saln. 16:9).

NƏĞMƏ 61 Haydı, irəli, ey Şahidlər!

^ abz. 5 Biz çox çətin zəmanədə yaşayırıq. Amma Yehova bizi köməksiz qoymayıb. Bu məqalədə Yehovanın həvari Bulusa və Timutiyə necə kömək etdiyindən danışacağıq. Onların həyatında çoxlu çətinlikləri olsa da, xidmətlərini davam etdirə bilmişdilər. Yehova bizə də bu gün müxtəlif vasitələrlə kömək edir. Bu məqalədə onların dördünü araşdıracağıq.

^ abz. 2 Ad şərtidir.

^ abz. 17 Jurnalın bu sayı Azərbaycan dilində yoxdur.

^ abz. 54 ŞƏKLİN İZAHI. Romada ev həbsində olan Bulus bir neçə yığıncağa məktublar yazır və yanına gələnlərə müjdəni təbliğ edir.

^ abz. 56 ŞƏKLİN İZAHI. Timuti yığıncaqları ziyarət edib bacı-qardaşları ruhlandırır.