TƏLİM MƏQALƏSİ 20
Dualarınızı yaxşılaşdırın
«Ürəyinizi Ona açın» (ZƏB. 62:8).
NƏĞMƏ 45 Qəlbimdəki düşüncələr
İCMAL a
1. Yehova xidmətçilərini nə etməyə təşviq edir? (Həmçinin şəklə baxın.)
TƏSƏLLİYƏ ehtiyac duyanda, nə edəcəyimizi bilməyəndə kimə üz tuta bilərik? Cavab məlumdur. Biz Yehova Allaha dua edə bilərik. O Özü bizi buna təşviq edir. İstəyir ki, Ona tez-tez, həmişə dua edək (1 Salon. 5:17). Bilirik ki, çəkinmədən Yehovaya üz tutmaq və hər məsələ ilə bağlı Ondan məsləhət istəmək olar (Məs. 3:5, 6). Yehova səxavətli Allah olduğu üçün gün ərzində nə qədər dua edəcəyimizə məhdudiyyət qoymur.
2. Bu məqalədə nəyi araşdıracağıq?
2 Dua bizim üçün çox qiymətli hədiyyədir. Amma işimiz başımızdan aşdığı üçün bəzən dua etməyə vaxt tapa bilmirik və ya görürük ki, dualarımızı yaxşılaşdırmaq lazımdır. Xoşbəxtlikdən Müqəddəs Kitabda bizi təşviq edən, bizə öyüd verən çoxlu məsləhətlər var. Məqalədə İsanın nümunəsindən duaya necə vaxt ayıra biləcəyimizi öyrənəcəyik. Həmçinin araşdıracağıq ki, dualarımızı yaxşılaşdırmaq üçün hansı beş mövzunu duamıza daxil edə bilərik.
İSA DUAYA VAXT AYIRIRDI
3. İsa dua ilə bağlı nəyi bilirdi?
3 İsa bilirdi ki, dualarımız Yehova üçün çox qiymətlidir. O, yer üzünə gəlməzdən uzun illər öncə Yehovanın mömin kişi və qadınların dualarına cavab verdiyini görürdü. Məsələn, Atası Hənnənin, Davudun, İlyasın və digər insanların səmimi dualarına cavab verəndə İsa Onun yanında idi (1 İşm. 1:10, 11, 20; 1 Pad. 19:4—6; Zəb. 32:5). Elə buna görə də şagirdlərini təşviq edirdi ki, tez-tez və çəkinmədən dua etsinlər (Mət. 7:7—11).
4. İsanın dualarından nə öyrənirik?
4 Yehovaya etdiyi dualarla İsa davamçılarına nümunə qoymuşdu. O, xidməti boyunca Yehovaya dəfələrlə dua etmişdi. Onun işi çox idi, ətrafında da həmişə adamlar olurdu. Ona görə də dua etmək üçün konkret vaxt ayırırdı (Mark 6:31, 45, 46). Tək qalıb Yehovaya dua edə bilsin deyə o, səhər ertədən oyanırdı (Mark 1:35). Ən azı bir dəfə İsa vacib qərar verməzdən öncə bütün gecəni dua etmişdi (Luka 6:12, 13). Ölümündən öncəki gecə isə o, dəfələrlə dua etmişdi. Çünki yer üzündəki təyinatının ən çətin hissəsini tamamlamaq üzrə idi (Mət. 26:39, 42, 44).
5. Dua edərkən İsadan necə nümunə götürə bilərik?
5 İsanın nümunəsindən öyrənirik ki, nə qədər məşğul olsaq da, duaya vaxt ayırmalıyıq. Ola bilsin, İsa kimi bizə də bunun üçün konkret vaxt təyin etmək lazımdır. Ya səhər bir az tez oyana bilərik, ya da axşam bir az gec yata bilərik. Bununla Yehovaya göstəririk ki, Onun verdiyi ənam bizim üçün dəyərlidir. Görün Lin adlı bir bacı ilk dəfə dua ənamı haqqında eşidəndə hansı hissləri keçirmişdi. O deyir: «Biləndə ki, Yehova ilə istədiyim vaxt danışa bilərəm Ona yaxın dostum kimi yanaşmağa başladım. İstəyirdim ki, dualarımı daha da yaxşılaşdırım». Sözsüz ki, bu hisslər bizə də tanışdır. Bəs nə barədə dua edə bilərik? Gəlin beş əsas mövzuya nəzər salaq.
DUA ÜÇÜN BEŞ VACİB MÖVZU
6. Vəhy 4:10, 11 ayələrinə əsasən Yehova nəyə layiqdir?
6 Yehovanı mədh edin. Həvari Yəhya ona nazil olan bir möhtəşəm vəhydə görür ki, iyirmi dörd ağsaqqal Yehovaya səcdə qılır. Onlar Yehovanı mədh edib deyirdilər ki, O, «şana, şərəfə, qüdrətə» layiqdir. (Vəhy 4:10, 11 ayələrini oxuyun.) Eynilə sadiq mələklərin də Yehovanı vəsf etmək üçün səbəbləri çoxdur. Onlar göydə Yehovanın yanındadırlar, Onu yaxşı tanıyırlar, Yehovanın hər işində Onun xüsusiyyətlərini aydın görürlər. Yehovanı müşahidə etdikcə Onu daha çox ucaltmaq istəyirlər (Əyy. 38:4—7).
7. Yehovanı nəyə görə mədh edə bilərik?
7 Biz də dualarımızda Yehovanı mədh etməliyik. Duada Onu nə üçün sevdiyimizi, nəyə görə Ona valeh olduğumuzu deyə bilərik. Müqəddəs Kitabı mütaliə edən zaman Yehovada ən çox bəyəndiyiniz xüsusiyyətləri tapmağa çalışın (Əyy. 37:23; Rom. 11:33). Sonra isə Ona bu xüsusiyyətlərinə görə ürəyinizdən keçənləri deyin. Yehovanı həm bizim, həm də xalqı uğrunda etdiklərinə görə də vəsf edə bilərik. O, həmişə bizim qeydimizə qalır, bizi qoruyur (1 İşm. 1:27; 2:1, 2).
8. Yehovaya nələrə görə minnətdar ola bilərik? (1 Salonikililərə 5:18).
8 Yehovaya şükür edin. Duada Yehovaya minnətdarlığımızı bildirmək üçün o qədər səbəbimiz var ki! (1 Salonikililərə 5:18 ayəsini oxuyun.) Sahib olduğumuz hər bir yaxşı şeyə görə Yehovaya şükür edə bilərik. Axı hər bir gözəl payın mənbəyi Odur (Yaq. 1:17). Yehovaya bu möhtəşəm Yer kürəsinə görə və digər yaradılış möcüzələrinə görə minnətdarlığımızı bildirə bilərik. Həmçinin aldığımız nəfəsə, ailəmizə, dostlarımıza və ümidimizə görə Ona şükür etməyi unutmamalıyıq. Ən əsası da Yehovaya şükür etməliyik ki, Onunla dost olmağımıza imkan yaradıb.
9. Nəyə görə Yehovaya minnətdarlığımızı artırmalıyıq?
9 Yehovaya minnətdar olmağımızın səbəblərini düşünmək üçün xüsusilə səy göstərməliyik. Ətrafımız naşükür insanlarla doludur. İnsanlar elə hey nəyisə əldə etmək istəyirlər. Onlar sahib olduqları şeylərə görə minnətdar olmağı unudurlar. Əgər bu düşüncə bizim də zehnimizə hopsa, dualarımız xahişlər siyahısına çevriləcək. Bunun baş verməməsi üçün Yehovanın bizdən ötrü etdiklərinə görə minnətdarlığımızı artırmalıyıq və bunu Ona bildirməliyik (Luka 6:45).
10. Minnətdar olmaq bir bacıya sınaqlara dözməyə necə kömək edib? (Həmçinin şəklə baxın.)
10 Minnətdar olmaq bizə çətinliklərə dözməyə kömək edir. Gəlin Künq-Sük b adlı bir bacının nümunəsinə baxaq. Ona bədxassəli ciyər xəstəliyi diaqnozu qoyulmuşdu. O deyir: «Bu xəstəlik mənə güclü zərbə idi, mənə elə gəlirdi ki, hər şeyi itirmişəm, çox qorxurdum». Bəs bacı bütün bunlara necə tab gətirdi? O deyir: «Hər gecə yatmazdan qabaq evin damına çıxıb həmin gün aldığım beş xeyir-duaya görə ucadan dua edirəm. Bundan sonra canıma rahatlıq çökür və məndə Yehovaya məhəbbətimi izhar etmək istəyi yaranır». Bacı başa düşdü ki, Yehova ən ağır vəziyyətlərdə belə bizə dayaq olur və verdiyi nemətlər üzləşdiyimiz çətinliklərdən qat-qat çoxdur. Künq-Sük bacı kimi biz də hətta çətinliklərimiz zamanı Yehovaya çox şeyə görə minnətdar ola bilərik. Duada Ona minnətdarlığımızı bildirmək bizə dözməyə və qəlb rahatlığımızı qorumağa kömək edəcək.
11. Nəyə görə İsa göyə qayıdandan sonra şagirdlərinə cəsarət lazım idi?
11 Dua edin ki, təbliğdə cəsarətli olasınız. İsa Məsih göyə qalxmazdan əvvəl şagirdlərinə xatırlatdı ki, onlar «Yerusəlimdə, bütün Yəhudiyyədə və Səməriyyədə, hətta yerin ucqarlarınadək» onun haqqında şahidlik verməlidirlər (Həv. 1:8; Luka 24:46—48). Bunun üstündən çox keçməmiş yəhudi din rəhbərləri həvari Butrusu və Yəhyanı tutub Sinedrionun önünə gətirdilər və onlardan tələb etdilər ki, daha təbliğ etməsinlər, hətta onları hədələdilər (Həv. 4:18, 21). Bəs Butrusla Yəhya nə etdi?
12. Həvarilərin işləri 4:29—31 ayələrinə əsasən şagirdlər nə etdilər?
12 Yəhudi din rəhbərlərinin təhdidlərinə cavab olaraq Butrusla Yəhya belə dedi: «Özünüz fikirləşin: Allahın qarşısında Allahı qoyub sizə qulaq asmaq nə dərəcədə düzgündür? Biz gördüyümüz və eşitdiyimiz şeylər barəsində danışmaya bilmərik» (Həv. 4:19, 20). Butrusla Yəhya azadlığa buraxılanda şagirdlər Yehovaya dua edib Onun iradəsini yerinə yetirmək üçün kömək istədilər. Onlar belə dua etdilər: «Öz qullarına qüvvət ver ki,.. Sənin sözünü bundan sonra da cəsarətlə danışaq». Yehova onların bu səmimi duasına cavab verdi. (Həvarilərin işləri 4:29—31 ayələrini oxuyun.)
13. Jin-hyuk qardaşdan nə öyrənirik?
13 Hökumət qadağan etsə də, təbliğ etməyə davam etməklə şagirdlərin nümunəsini izləyə bilərik. Jin-hyuk adlı bir qardaş hərbi xidmətdən imtina etdiyinə görə həbs olunmuşdu. Həbsxanada ona birnəfərlik kamerada olan məhbuslara qulluq etmək tapşırılmışdı. Qardaş sadəcə maraqlanmalı idi ki, onlara nə lazımdır. Bundan artıq söhbətlərə, o cümlədən Müqəddəs Kitab haqqında danışmağa icazə yox idi. O dua etdi ki, hər fürsət yarananda cəsarətlə, eyni zamanda ehtiyatla həqiqəti danışsın (Həv. 5:29). Qardaş deyir: «Yehova duamı eşidib mənə cəsarət və hikmət verdi. Mən kameraların qapısı ağzında beş dəqiqəlik Müqəddəs Kitab dərslərinə başladım. Gecə isə məktublar yazırdım və səhərisi gün məhbuslara verirdim». Yehova bizə də xidmətimizi icra etməyə kömək edəcək. Bunun üçün Jin-hyuk qardaş kimi Ondan cəsarət və hikmət istəməliyik.
14. Problemlərə dözməyə bizə nə kömək edə bilər? (Zəbur 37:3, 5).
14 Problemlərinizə dözmək üçün Yehovadan kömək istəyin. Çoxlarımız xəstəliklər, emosional problemlər, əzizlərimizin itkisi, ailə daxili çətinliklər, təqiblər və digər problemlərlə üzləşirik. Hələ bir pandemiyalar və müharibələr olanda bu şeylərə dözmək daha da çətin olur. Bu zaman ürəyinizi Yehovaya boşaldın. Yaxın dostunuza özünüzlə bağlı nə deyərdinizsə, eyni şeyləri Yehovaya da deyin. Əmin olun ki, Yehova sizin işinizi yoluna qoyacaq. (Zəbur 37:3, 5 ayələrini oxuyun.)
15. Dua çətinliklərə sinə gərməyə necə kömək edir? Nümunə çəkin.
15 Daima dua etmək bizə çətinliklərə sinə gərməyə kömək edəcək (Rom. 12:12). Yehova xidmətçilərinin nələr yaşadığını yaxşı bilir, onların fəryadlarını eşidir (Zəb. 145:18, 19). İyirmi doqquz yaşı olan Kristi adlı bir öncül bacı öz həyatında bunun şahidi olub. Onun səhhətində qəfildən ciddi problem yaranmışdı. Nəticədə, o, dərin depresiyaya düşmüşdü. Bundan bir müddət sonra isə onun anasında ölümcül xəstəlik aşkarlandı. Kristi deyir: «Yehovaya bütün ürəyimlə dua edirdim ki, hər günümü başa vurmağa mənə kömək etsin. Çalışırdım, ruhani işlərlə müntəzəm məşğul olum, məsələn, yığıncaqlardan qalmayım, fərdi mütaliə edim. Dua mənə həyatımın qaranlıq anlarından keçməyə kömək etdi. Bilirdim ki, Yehova həmişə yanımdadır. Məhz bu fikir mənə təsəlli verirdi. Səhhətimdəki problemlər dərhal həll olunmadı. Amma Yehova dualarıma cavab olaraq mənə sakitlik və qəlb rahatlığı verdi». Gəlin heç vaxt unutmayaq ki, Yehova «mömin bəndələri sınaqlardan necə qurtarmağı» yaxşı bilir (2 But. 2:9, 10).
16. Nəyə görə nəfsimizə üstün gəlmək üçün Yehovanın köməyinə ehtiyacımız var?
16 Yehovadan xahiş edin ki, nəfsə üstün gələsiniz. Günahlı olduğumuz üçün həmişə nəfsimizlə mübarizə aparırıq. Şeytan isə bu mübarizəmizi daha da çətinləşdirir. Məsələn, o, əxlaqsız əyləncələrlə zehnimizi korlamağa çalışır. Bu cür əyləncələr ağlımızda çirkin fikirlər yaradır. Bu fikirlər bizi Yehovanın gözündə napak edir və ciddi günaha sürükləyir (Mark 7:21—23; Yaq. 1:14, 15).
17. Dua etdikdən sonra nəfsimizə üstün gəlmək üçün nə etməliyik? (Həmçinin şəklə baxın.)
17 Yehovanın köməyi ilə nəfsimizə üstün gələ bilərik. İsa davamçılarına öyrətdiyi duaya belə bir xahiş daxil etmişdi: «Qoyma yolumuzu azaq, bizi Şərirdən xilas et» (Mət. 6:13). Yehova dadımıza çatmağa hazırdır, yetər ki, bunu Ondan istəyək. Bundan əlavə, duamıza uyğun davranmalıyıq. Bunu necə edə bilərik? Əlinizdən gələni edin ki, Şeytan dünyasında geniş yayılmış fikirlərə daha az məruz qalasınız (Zəb. 97:10). Həmçinin Müqəddəs Kitabı mütaliə edərək ağlınızı sağlam fikirlərlə doldurun. Bununla yanaşı, yığıncaq görüşlərində və təbliğdə iştirak etmək də düşüncənizi qorumağa kömək edəcək. Yehova isə qoymayacaq ki, siz «gücünüz çatmayan sınaqlara məruz qalasınız» (1 Kor. 10:12, 13).
18. Dua ilə bağlı hər birimiz nə etməliyik?
18 Biz son dərəcə çətin bir vaxtda yaşayırıq. Buna görə də sadiq qalmaq üçün hər birimizin dua etməyə indi daha çox ehtiyacı var. Odur ki, hər gün Yehovaya ürəkdən dua etmək üçün vaxt ayırın. Yehova istəyir ki, dua edib ürəyimizi Ona açaq (Zəb. 62:8). Duada Yehovanı mədh edin, gördüyü işlərə görə minnətdarlığınızı bildirin. Xidmətdə cəsarətli olmaq üçün kömək diləyin. Yehovaya yalvarın ki, istənilən problemə tab gətirmək və nəfslə mübarizə aparmaq üçün sizə güc versin. Qoymayın ki, nəsə və ya kimsə sizin Yehovaya müntəzəm dua etməyinizə mane olsun. Bəs Yehova dualarımıza necə cavab verir? Növbəti məqalədə bu vacib sualın cavabını araşdıracağıq.
NƏĞMƏ 42 Allah bəndəsinin duası
a Dualarımızın dostumuza yazdığımız səmimi məktub kimi olmasını istəyirik. Amma bəzən duaya vaxt tapmaq çətin olur, ya da bilmirik, nə haqda dua edək. Məqalədə bu iki mövzu barədə danışacağıq.
b Künq-Sük bacı barədə «Gözətçi qülləsi»nin 2015-ci il 15 yanvar sayında oxuya bilərsiniz.