Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 22

Müqəddəslik yolunda yeriyin

Müqəddəslik yolunda yeriyin

«Orada geniş bir yol olacaq… Müqəddəslik yolu» (ƏŞY. 35:8).

NƏĞMƏ 31 Rəbbin yoluyla daim get

İCMAL a

1, 2. Babildə yaşayan yəhudilər hansı vacib qərarı verməli idi? (Üzeyir 1:2—4).

 ALƏMƏ xəbər yayılıb! 70 ilə yaxındır Babildə əsir olan yəhudilər azadlığa buraxıldı. Onlar öz vətənlərinə — İsrailə geri qayıda bilərlər. (Üzeyir 1:2—4 ayələrini oxuyun.) Belə bir şey yalnız Yehovanın sayəsində mümkün idi. Çünki adətən babillilər əsirlərini azad etmirdi (Əşy. 14:4, 17). Amma Babil süquta uğradı və yeni hökmdar yəhudilərə bildirdi ki, ölkələrinə qayıda bilərlər. Hər bir yəhudi, xüsusilə də ailə başçıları qərar verməli idi: Babildə qalsınlar, yoxsa getsinlər? Bu qərarı vermək heç də asan deyildi. Nəyə görə?

2 Bəziləri yaşa dolmuşdu, onlar uzun səfərə çıxmağa ehtiyat edirdi. Əksər yəhudilər isə Babildə dünyaya gəlmişdi. Onlar Babildən qırağa çıxmamışdılar. Buna görə də İsrail onlar üçün sadəcə ata-babalarının yurdu idi. Bəzi yəhudilər isə Babildə varlanmışdı. Bu səbəbdən rahat ev-eşiklərini, işlərini qoyub naməlum bir diyara getmək onlar üçün çətin idi.

3. İsrailə qayıtmaq qərarına gələn yəhudiləri hansı nemət gözləyirdi?

3 İmanlı yəhudilər bilirdi ki, İsrailə qayıtmaq onların xeyrinədir. Bunun üçün istənilən qurbanı verməyə dəyər. Alacaqları ən böyük nemət ibadətləri ilə bağlı idi. Babildə bütpərəstlərin 50-dən çox məbədi olsa da, Yehovaya ibadət etmək üçün bir dənə də olsun məbəd yox idi. Orada heç qurbangah da yox idi ki, Musanın qanununda tələb olunduğu kimi israillilər qurban gətirsinlər. Həmçinin qurban təqdim etmək üçün kahinlər təyin olunmamışdı. Üstəlik, bütpərəst kişi və qadınların sayı Yehovanın xalqından qat-qat çox idi, onlar Yehovanın qayda-qanunlarını saymırdılar. Ona görə də ürəyində Allah xofu olan minlərlə yəhudi öz ölkələrinə qayıdıb pak ibadəti yenidən bərpa etməyin intizarında idi.

4. Yehova İsrailə qayıdan yəhudilərə nə vəd etmişdi?

4 Babildən İsrailə bu çətin səfər təxminən dörd ay çəkə bilərdi. Amma Yehova vəd etmişdi ki, onların qayıtmasına əngəl törədən bütün maneələri aradan qaldıracaq. Əşiya peyğəmbər yazmışdı: «Yehova üçün yolu təmizləyin! Allahımız üçün səhrada hamar yol düzəldin… Əyri-üyrü torpaq hamar olacaq, kələ-kötür yerlər düzəngaha dönəcək» (Əşy. 40:3, 4). Səhradan, dağların arasından keçən hamar bir yol təsəvvür edin. Belə bir yolla getmək hər səyahətçinin arzusudur. Onlar üçün dümdüz yolla getmək dağlı, dərəli-təpəli yolları aşaraq getməkdən daha asan olacaqdı. Həm də mənzilbaşına daha tez çatacaqdılar.

5. Babillə İsrailin arasından keçən məcazi yolun adı nə idi?

5 Bu gün yolların əksəriyyətinin adı və ya nömrəsi var. Əşiya peyğəmbərin danışdığı məcazi yolun da adı var. O yazmışdı: «Orada geniş bir yol olacaq, o yol Müqəddəslik yolu adlanacaq. Bu yolla murdar adam yeriməyəcək» (Əşy. 35:8). Bu vəd həmin dövrdə yaşayan israillilər üçün nə demək idi? Bəs bizim üçün hansı mənanı kəsb edir?

«MÜQƏDDƏSLİK YOLU» — O VAXT VƏ İNDİ

6. Nəyə görə yol müqəddəs adlanırdı?

6 «Müqəddəslik yolu». Bir yola verilə biləcək necə gözəl addır! Bəs nəyə görə bu yol müqəddəs adlanırdı? Çünki İsraildə «murdar adam»a, yəni əxlaqsızlıq, bütpərəstlik və ya digər ciddi günahlar törədən heç bir yəhudiyə yer olmayacaqdı. Geri qayıdan yəhudilər Allahın «müqəddəs xalqı» olacaqdı (Qan. 7:6). Amma bu o demək deyildi ki, onlar Babildən geri qayıtdılarsa, Yehovanı razı salmaq üçün özlərində heç bir dəyişiklik etməməlidirlər.

7. Bəzi yəhudilər hansı dəyişiklikləri etməli idi? Nümunə çəkin.

7 Bayaq qeyd etdiyimiz kimi, yəhudilərin əksəriyyəti gözünü Babildə açmışdı. Onların çoxu babillilərin düşüncəsini, dəyərlərini mənimsəmişdi. İlk yəhudilər İsrailə qayıdandan uzun illər sonra Üzeyir öyrəndi ki, onlardan bəziləri bütpərəst qadınlarla evləniblər (Çıx. 34:15, 16; Üzr. 9:1, 2). Daha sonra vali Nəhəmya xəbər tutdu ki, İsraildə doğulan uşaqlar yəhudilərin dilini bilmir. O buna məəttəl qaldı (Qan. 6:6, 7; Nəh. 13:23, 24). Allahın Kəlamının yazıldığı əsas dili — ibrani dilini bilməyən uşaqlar Yehovanı sevməyi, Ona ibadət etməyi necə öyrənəcəkdilər? (Üzr. 10:3, 44). Odur ki, yəhudilər həyatlarında köklü dəyişiklik etməli idi. Amma bunu İsraildə etmək daha asan idi, çünki burada pak ibadət tədricən bərpa olunurdu (Nəh. 8:8, 9).

Eramızın 1919-cu ilindən bəri milyonlarla kişi, qadın, uşaq Böyük Babili tərk edib və «Müqəddəslik yolu»nda yeriməyə başlayıb (8-ci abzasa baxın)

8. Nəyə görə qədimdə baş verən hadisələr bizim üçün maraqlı olmalıdır? (Üz qabığındakı şəklə baxın.)

8 Çoxları düşünə bilər: «Maraqlı məlumatdır. Amma qədimdə yəhudilərlə baş verənlərin bizə hansısa aidiyyəti var?» Var. Çünki bir növ biz də «Müqəddəslik yolu» ilə səyahət edirik. Məsh olunmuş və ya «başqa qoyun» olmağımızdan asılı olmayaraq, «Müqəddəslik yolu»nda qalmalıyıq. Çünki bu yol ruhani cənnətdən keçir və bizi Padşahlığın gətirəcəyi nemətlərə aparır b (Yəh. 10:16). Eramızın 1919-cu ilindən bəri milyonlarla kişi, qadın və uşaq yalan dinin dünya imperiyası olan Böyük Babili tərk edib və bu məcazi yolda yeriməyə başlayıb. Yəqin, siz də onların sırasındasınız. Bu yol təxminən 100 il öncə açılsa da, hazırlıq işləri əsrlər əvvəl başlamışdı.

YOL HAZIRLANIR

9. Əşiya 57:14 ayəsi «Müqəddəslik yolu»nda hazırlıq işlərinin görüldüyünü necə göstərir?

9 Qədimdə Yehova yəhudilərin Babili tərk etməsi üçün yoldakı maneələri aradan qaldırmışdı. (Əşiya 57:14 ayəsini oxuyun.) Bəs bizim dövrümüzdəki «Müqəddəslik yolu» barədə nə demək olar? 1919-cu ilə qədərki əsrlər ərzində Yehova ürəyində Allah xofu olan insanlar vasitəsilə Böyük Babildən çıxan yolu təmizlədi. (Əşiya 40:3 ayəsi ilə əlaqələndirin.) Onlar məcazi mənada yolda lazımi hazırlıq işləri apardılar ki, sonralar saleh insanlar Böyük Babildən çıxıb pak ibadətin bərpa olunduğu ruhani cənnətə daxil ola bilsin. Bu hazırlıq işlərinə nələr daxil idi? Gəlin bəzi sahələrə nəzər salaq.

Əsrlər ərzində ürəyində Allah xofu olan kəslər Böyük Babildən çıxan yolu təmizləmişdilər (10 və 11-ci abzaslara baxın)

10, 11. Müqəddəs Kitabın çapı və tərcüməsi oradakı həqiqətlərin yayılmasına necə kömək etmişdi? (Həmçinin şəklə baxın.)

10 Çap işi. 15-ci əsrin ortalarına kimi Müqəddəs Kitabın nüsxələri əllə köçürülürdü. Bu, çox vaxt aparırdı. Ona görə də nüsxələr çox çətin tapılırdı və od qiymətinə idi. Amma çap maşını ixtira olunandan sonra Müqəddəs Kitabı çap edib yaymaq asanlaşdı.

11 Tərcümə işi. Əsrlər ərzində Müqəddəs Kitab, əsasən, latın dilində olub. Bu dili də yalnız savadlı insanlar başa düşürdü. Çap işi geniş yayıldıqca ürəyində Allah xofu olan insanlar əllərindən gələni edirdilər ki, Müqəddəs Kitabı insanların başa düşdüyü dillərə tərcümə etsinlər. Artıq Müqəddəs Kitabı oxuyanlar din xadimlərinin öyrətdiklərini Müqəddəs Kitabdakı həqiqətlərlə müqayisə edə bilərdilər.

Allah xofu olan kəslər Böyük Babildən çıxan yolu təmizləmişdilər (12—14 abzaslara baxın) c

12, 13. Müqəddəs Kitabı araşdıran insanlar 19-cu əsrdə yalan dini təlimləri necə ifşa etmişdilər?

12 Müqəddəs Kitabı araşdırmaq üçün vəsaitlər. Allahın Kəlamını diqqətlə araşdıranlar oxuduqlarından çox şey öyrəndilər. Kilsənin nə qədər xoşuna gəlməsə də, onlar aşkar etdikləri həqiqətləri gizli saxlamırdılar. Məsələn, 19-cu əsrdə bir qrup insan kilsənin yalan dini təlimlərini ifşa edən bukletlər dərc etməyə başladı.

13 Təxminən 1835-ci ildə ürəyində Allah xofu olan Henri Qru, öləndən sonra insanla nə baş verdiyi barədə buklet dərc etdi. O, Müqəddəs Yazılar əsasında sübutlar gətirdi ki, kilsənin öyrətdiklərindən fərqli olaraq, biz ölməz ruhla doğulmuruq, ölməzlik Allahın bəxşişidir. 1837-ci ildə Corc Storz adlı bir keşiş qatarda gedərkən bu bukletin bir nüsxəsini tapdı. O, bukleti oxudu və vacib bir həqiqəti aşkar etdiyinə əmin oldu. Qərara gəldi ki, öyrəndiklərini başqaları ilə bölüşsün. 1842-ci ildə o, «Sual: Şər insanlar ölməzdir?» adlı silsilə nitqlər söylədi. Onun yazdıqları Çarlz Teyz Rassel adlı cavan oğlanın diqqətini çəkdi.

14. Rassel qardaşla məsləkdaşlarına onlardan öncə aparılan ruhani «yol işlərinin» hansı köməyi dəymişdi? (Həmçinin şəklə baxın.)

14 Rassel qardaşla məsləkdaşlarına onlardan öncə aparılan ruhani «yol işlərinin» hansı köməyi dəydi? Onlar Müqəddəs Kitabı tədqiq etməyə başlamazdan öncə artıq Müqəddəs Kitabın müxtəlif tərcümələri, lüğətləri, sözlər göstəricisi var idi və bu mənbələrə müraciət edə bilirdilər. Həmçinin Henri Qru, Corc Storz və bu kimi digər insanların araşdırmaları da onların əlindən tuturdu. Rassel qardaşla məsləkdaşları da ruhani yolun hazırlanmasında pay sahibi oldular. Onlar Müqəddəs Kitaba aid mövzularda çoxlu kitablar və bukletlər dərc etmişdilər.

15. 1919-cu ildə hansı mühüm hadisələr baş verdi?

15 1919-cu ildə Böyük Babil Allahın xalqı üzərində səlahiyyətini itirdi. Həmin il «sadiq və ağıllı nökər» fəaliyyətə başladı. Bu, düz vaxtında idi. Sadiq nökər təzəcə açılmış Müqəddəslik yolunda yerimək istəyən səmimi-qəlbli insanlara kömək etdi (Mət. 24:45—47). Bu yola qədəm qoyanlar onun hazırlığında əməyi keçən insanların zəhmətindən bəhrələnib Yehova barəsində daha çox elm ala bilərdilər (Məs. 4:18). Həmçinin onlar həyatlarında dəyişiklik edib Yehovanın buyruqlarına uyğun yaşaya bilərdilər. Yehova xalqının bir günün içində dəyişəcəyini gözləmirdi. O, xalqını yavaş-yavaş saflaşdırırdı. (« Yehova xalqını tədricən saflaşdırır» adlı çərçivəyə baxın.) Gün gələcək, hər bir addımımız Yehovanın qəlbini sevindirəcək. Onda çox xoşbəxt olacağıq! (Kol. 1:10).

«MÜQƏDDƏSLİK YOLU» HƏLƏ DƏ AÇIQDIR

16. 1919-cu ildən bəri «Müqəddəslik yolu»nda hansı təmir işi aparılıb? (Əşiya 48:17; 60:17).

16 Hər bir yolun vaxtaşırı təmirə ehtiyacı var. 1919-cu ildən bəri «Müqəddəslik yolu»nda gedən təmir işləri daha çox insana Böyük Babildən çıxmağa imkan yaradıb. Yeni təyin olunmuş sadiq və ağıllı nökər qolunu çırmalayıb işə başladı və 1921-ci ildə onlar həqiqətə maraq göstərənlərin Müqəddəs Kitabı öyrənməsi üçün bir nəşr dərc etdilər. «Allahın arfası» adlanan bu nəşr 36 dildə, təxminən altı milyon nüsxədə dərc olundu və çoxları həqiqəti məhz bu kitabdan öyrəndi. Təzəlikcə isə bizim Müqəddəs Kitab dərsləri aparmaq üçün yeni nəşrimiz işıq üzü gördü. Bu, «Əbədi xoşbəxt həyat!» kitabıdır. Axırzaman boyu Yehova təşkilatı vasitəsilə daima bol ruhani qida təqdim edib ki, hamımız «Müqəddəslik yolu»nda yeriməyə davam edə bilək. (Əşiya 48:17; 60:17 ayələrini oxuyun.)

17, 18. «Müqəddəslik yolu» bizi hara aparır?

17 Deyə bilərik ki, Allahın Kəlamını öyrənməyə başlayan hər bir insan «Müqəddəslik yolu»na qədəm qoyur. Bəzilərinin bu yolda səfəri qısa çəkir, sonra onlar bu yolla getmirlər. Digərləri isə qəti qərarlıdırlar ki, ta mənzilbaşına çatana kimi bu yolda qalsınlar. Bəs bu yol hara gedib çıxır?

18 «Müqəddəslik yolu» göydə yaşamaq ümidi olanları göydə «Allahın cənnəti»nə aparır (Vəhy 2:7). Yer üzündə yaşamağa ümid edənləri isə bu yol minilliyin sonunda alacaqları kamilliyə aparır. Əgər siz hal-hazırda bu yolla yeriyirsinizsə, qətiyyən geri boylanmayın. Yeni dünyaya aparan bu səyahəti tamamlayana kimi bu yolda qalın. Arzumuz budur ki, sağ-salamat mənzilbaşına çatasınız!

NƏĞMƏ 24 Yehovanın dağına gəlin

a Yehova Babildən İsrailə gedən məcazi yolu «Müqəddəslik yolu» adlandırmışdı. Keçmişdə olduğu kimi bu gün də Yehova xalqının qarşısında yol təmizləyir? Bəli, təmizləyir. Eramızın 1919-cu ilindən bəri milyonlarla insan Böyük Babildən çıxıb «Müqəddəslik yolu»na qədəm qoyub. Hər birimiz mənzilbaşına çatana qədər bu yolda irəliləməliyik.

c ŞƏKLİN İZAHI. Rassel qardaşla məsləkdaşları Müqəddəs Kitabı araşdıran zaman özlərindən öncəki dövrdə hazırlanmış vəsaitlərdən istifadə edirdilər.