Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 23

Yahın alovunu söndürməyin!

Yahın alovunu söndürməyin!

«[Məhəbbətin] alovu alışıb-yanır; Yahın alovudur» (NƏĞ. 8:6).

NƏĞMƏ 131 «Allahın birləşdirdiyini insan ayırmasın»

İCMAL a

1. Müqəddəs Kitab əsl məhəbbəti necə təsvir edir?

 MƏHƏBBƏTİN «alovu alışıb-yanır; Yahın alovudur. Gur sular məhəbbəti söndürə bilməz, çaylar yuyub apara bilməz» b (Nəğ. 8:6, 7). Bu ayələrdə məhəbbət necə də gözəl təsvir olunub! Bu sözlər ər-arvadları əmin edir ki, məhəbbətləri tükənməz ola bilər.

2. Ər-arvadlar aralarındakı məhəbbətin soyumaması üçün nə etməlidir?

2 Aralarındakı məhəbbətin ömür boyu davam etməsi üçün ər də, arvad da öz tərəfindən nəsə etməlidir. Məsələn, götürək tonqalı. O, sonsuza qədər yana bilər, amma ona daima odun atmaq lazımdır. Əgər nəzarətsiz qalsa, alov tədricən sönəcək. Ər-arvadların da bir-birilərinə olan sevgi tonqalı sonsuzadək yana bilər. Amma bunun üçün onlar münasibətlərini daima möhkəmləndirməlidirlər. Bəzən maddi çətinliklər, səhhətlərindəki problemlər, uşaqların tərbiyəsi ilə bağlı narahatlıqlar ər-arvadları o qədər sıxır ki, aralarındakı sevginin soyuduğunu hiss edirlər. Əgər evlisinizsə, nikahınızda «Yahın alovu»nun daima yanması üçün nə edə bilərsiniz? Bu məqalədə münasibətlərinizi möhkəmləndirməyin və xoşbəxt ailəyə sahib olmağın üç yolunu araşdıracağıq c.

YEHOVA İLƏ MÜNASİBƏTİNİZİ MÖHKƏMLƏNDİRİN

Yusif və Məryəm kimi ər-arvadların Yehova ilə münasibətləri möhkəm olmalıdır (3-cü abzasa baxın)

3. Yehova ilə möhkəm münasibət ər-arvada aralarındakı məhəbbəti canlı saxlamağa necə kömək edir? (Vaiz 4:12). (Həmçinin şəklə baxın.)

3 «Yahın alovu»nun daim yanması üçün ər də, arvad da Yehova ilə münasibətini möhkəm saxlamalıdır. Bu onların nikahına necə kömək edir? Səmavi Ataları ilə münasibətlərinə dəyər verən ər-arvadlar canla-başla Onun məsləhətlərinə əməl edir. Bunun sayəsində onlar məhəbbətlərini soyudacaq problemlərdən uzaq olur və ya onların öhdəsindən gəlirlər. (Vaiz 4:12 ayəsini oxuyun.) Həmçinin ruhani düşüncəli insan Yehovaya bənzəməyə və Onun kimi xeyirxah, səbirli, bağışlayan olmağa çalışır (Efes. 4:32—5:1). Ərlə arvadda bu xüsusiyyətlər olanda məhəbbətlərinin getdikcə artması daha asan olur. 25 ildən çoxdur ki evli olan Lena bacı deyir: «Ruhən yetkin insanı sevmək, ona hörmət göstərmək asandır».

4. Nəyə görə Yehova gələcək Məsihin valideynləri kimi Yusiflə Məryəmi seçmişdi?

4 Müqəddəs Kitabdan bir hadisəyə baxaq. Yehova Davudun nəslindən o qədər adamın içindən gələcək Məsihin valideynləri kimi Yusiflə Məryəmi seçdi. Çünki onların hər ikisinin Yehova ilə möhkəm münasibəti var idi. Yehova bilirdi ki, Ona məhəbbət həmişə nikahlarının mərkəzində olacaq. Ər-arvadlar Yusiflə Məryəmin nümunəsindən nə öyrənə bilər?

5. Ərlər Yusifdən nə öyrənə bilər?

5 Yusif Yehovanın buyruqlarına canla-başla əməl edirdi. Onun yaxşı ər olmasının sirri də məhz bunda idi. Ən azı üç dəfə o, Yehovadan ailəsi ilə bağlı göstəriş almışdı. Hər dəfə də o bu göstərişlərə dərhal əməl edirdi. Halbuki bunlar asan tapşırıqlar deyildi (Mət. 1:20, 24; 2:13—15, 19—21). Allahın verdiyi buyruqlara əməl etməklə Yusif Məryəmi qorudu, ona dəstək oldu və onun qayğısına qaldı. Bir düşünün, Yusifin bu cür davranışını görəndə Məryəmin ona sevgisi və hörməti necə artırdı! Əziz ərlər, siz də Yusifdən örnək götürərək çalışın ailənizin qeydinə qalmaq üçün Müqəddəs Kitabdan məsləhətlər axtarasınız d. Sonra isə çətin olsa da, bu məsləhətlərə əməl edin. Bununla arvadınızı sevdiyinizi göstərəcəksiniz və nikahınızı möhkəmləndirəcəksiniz. Vanuatuda yaşayan və 20 ildən çoxdur evli olan bir bacı deyir: «Ərim Yehovanın məsləhətinə üz tutanda və Onun göstərişlərinə əməl edəndə ona hörmətim birə-beş artır. Özümü arxayın hiss edirəm və onun verdiyi qərarlara etibar edirəm».

6. Arvadlar Məryəmdən nə öyrənə bilər?

6 Məryəmin Yehova ilə öz münasibəti var idi. Onun imanı Yusifin etdiklərindən asılı deyildi. O, Müqəddəs Yazıları yaxşı bilirdi e. Həmçinin vaxt ayırıb öyrəndikləri barədə düşünürdü (Luka 2:19, 51). Yehova ilə bu cür sıx münasibəti olması onu mükəmməl həyat yoldaşı etmişdi. Bu gün çox arvadlar Məryəm kimi davranır. Məsələn, Emiko adlı bir bacı deyir: «Subay olanda mənim özümün ruhani cədvəlim var idi. Amma evlənəndən sonra artıq ərim ikimiz üçün dua edirdi, ailəvi ibadəti o aparırdı. Fikir vermişdim ki, artıq mənim imanım onun etdiklərindən asılıdır. Başa düşdüm ki, Yehova ilə münasibətlərimi möhkəmləndirmək üçün özüm də nəsə etməliyəm. Buna görə də indi mən Allahımla baş-başa qalmaq üçün vaxt ayırıram: dua edirəm, Müqəddəs Kitabı oxuyuram, oradakı fikirlərin dərinliyinə varıram» (Qal. 6:5). Əziz arvadlar, Yehova ilə dostluğunuzu möhkəmləndirdikcə ərinizin sizi tərifləmək, sevmək üçün daha çox səbəbi olacaq (Məs. 31:30).

7. Ər-arvadlar Yusiflə Məryəmdən Yehovaya birgə ibadət etməklə bağlı nə öyrənə bilər?

7 Bundan əlavə, Yusiflə Məryəm bir ər-arvad kimi əl-ələ verib Yehova ilə münasibətlərini möhkəm saxlamağa çalışırdılar. Onlar başa düşürdülər ki, bir ailə kimi Yehovaya ibadət etmək çox vacibdir (Luka 2:22—24, 41; 4:16). Ola bilsin, bunu etmək elə də asan deyildi, ailələri böyüdükcə bu daha da çətinləşirdi. Amma Yusif və Məryəm çıxış yolu tapırdılar. Onlar ər-arvadlar üçün çox gözəl nümunədirlər. Əgər Yusif və Məryəm kimi sizin də uşaqlarınız varsa, yəqin, yığıncaqlarda iştirak etmək, ailəvi ibadətə vaxt ayırmaq asan olmur. Bəlkə də, ikiniz bir yerdə mütaliə etməyə və ya dua etməyə vaxt tapa bilmirsiniz. Amma unutmayın ki, birgə Yehovaya ibadət etsəniz, həm Ona yaxınlaşacaqsınız, həm də bir-birinizə. Buna görə də Yehovaya ibadəti hər şeydən üstün tutun.

8. Nikahlarında gərginlik olan ər-arvadlar ailəvi ibadətlərindən tam fayda əldə etmək üçün nə edə bilərlər?

8 Ola bilsin, münasibətlərinizdə gərginlik var, birlikdə ailəvi ibadət keçirmək istəyiniz yoxdur. Onda qısaca olaraq ikinizin də maraq dairəsinə uyğun olan mövzular araşdırın. Bu sizin münasibətlərinizi möhkəmləndirəcək və Yehovaya birgə ibadət etmək istəyəcəksiniz.

BİRGƏ VAXT KEÇİRİN

9. Nəyə görə ərlə arvad birlikdə vaxt keçirməlidir?

9 Əziz ər-arvadlar, bir-birinizlə vaxt keçirməklə məhəbbətinizi alovlandıra bilərsiniz. Onda yoldaşınızın nə düşündüyündən, hansı hissləri keçirdiyindən bixəbər olmayacaqsınız (Yar. 2:24). 15 ildən çoxdur ki evli olan Liliya və Ruslan evlənəndən qısa müddət sonra bir şeyi müşahidə etdilər. Liliya deyir: «Gördük ki, düşündüyümüz kimi birlikdə çox vaxt keçirmək alınmayacaq. Günümüz işə, ev işlərinə gedirdi, uşaqlarımız olanda isə onlara vaxt ayırmalı olurduq. Başa düşdük ki, bir ər-arvad kimi birgə vaxt keçirməsək, getdikcə bir-birimizdən uzaqlaşacağıq».

10. Ər-arvadlar Efeslilərə 5:15, 16 ayələrindəki prinsipə necə əməl edə bilərlər?

10 Ər-arvadlar birlikdə vaxt keçirmək üçün nə edə bilər? Bunun üçün qabaqcadan vaxt təyin etmək olar. (Efeslilərə 5:15, 16 ayələrini oxuyun.) Nigeriyada yaşayan Uzondu adlı qardaş deyir: «Mən işlərimi planlaşdıranda qrafikimə arvadımla birgə keçirəcəyim vaxtı da daxil edirəm və bu ən vacib işlərimin sırasında olur» (Filip. 1:10). Moldovada bir rayon nəzarətçisinin həyat yoldaşı olan Anastasiya vaxtından səmərəli istifadə edir. O deyir: «Çalışıram, şəxsi işlərimi yoldaşım öz məsuliyyətləri ilə məşğul olan vaxt görüm. Bunun sayəsində qalan vaxtımızı bir yerdə keçirə bilirik». Bəs əgər cədvəliniz ucbatından baş-başa qalmaq üçün vaxt tapmaq çətindirsə, nə edə bilərsiniz?

Həyat yoldaşınızla birlikdə hansı işləri görə bilərsiniz? (11 və 12-ci abzaslara baxın)

11. Akvilas və Priskilla birlikdə hansı işləri görürdü?

11 Ər-arvadlar Akvilas və Priskilladan çox şey öyrənə bilər. Birinci əsrdəki məsihilərin onlara böyük hörməti var idi (Rom. 16:3, 4). Müqəddəs Kitabda onların nikahları ilə bağlı çox məlumat olmasa da, oradan öyrənirik ki, onlar birlikdə işləyirdi, təbliğ edirdi və başqalarına kömək edirdi (Həv. 18:2, 3, 24—26). Ümumiyyətlə, Müqəddəs Kitabda Akvilas və Priskillanın adı həmişə birlikdə çəkilir.

12. Ər-arvadlar birlikdə vaxt keçirmək üçün nə edə bilər? (Həmçinin şəklə baxın.)

12 Ər-arvadlar Akvilas və Priskillanın nümunəsini necə izləyə bilər? Gündəlik həyatda hər ikinizin görəcəyi çox iş olur. Bəlkə, bəzi işləri ayrılıqda görmək əvəzinə, bir yerdə edəsiniz? Məsələn, Akvilas və Priskilla bir yerdə təbliğ edirdi. Siz də müntəzəm belə edirsiniz? Həmçinin Akvilas və Priskilla bir yerdə işləyirdi. Ola bilsin, eyni yerdə işləmirsiniz. Bəs ev işlərini bir yerdə görə bilərsiniz? (Vaiz 4:9). Hansısa işi bir yerdə görəndə bir komanda kimi olursunuz və söhbət etmək imkanınız olur. Robert və Linda 50 ildən çoxdur ki evlidir. Robert deyir: «Düzünü desəm, birlikdə istirahət etmək üçün vaxtımız çox olmur. Amma mən qabları yuyanda yoldaşım onları qurulayır, ya da bağda işləyəndə o da yanıma gəlir. Bu məni çox sevindirir. Birlikdə çalışmaq münasibətlərimizi möhkəmləndirir. Bir-birimizə məhəbbətimiz get-gedə artır».

13. Münasibətlərinin, doğrudan da, möhkəm olması üçün ərlə arvad nə etməlidir?

13 Amma bir şeyi yadda saxlayın: bir yerdə olmaq hələ o demək deyil ki, münasibətləriniz möhkəmlənəcək. Braziliyada yaşayan bir bacı deyir: «İndiki dövrdə insanın fikrini yayındıran çox şey var. Ona görə də bizə elə gələ bilər ki, bir damın altındayıqsa, deməli, birgə vaxt keçiririk. Amma başa düşdüm ki, bir yerdə olmaq hələ işin yarısıdır. İşin digər yarısı isə həyat yoldaşına diqqət göstərməkdir». Bruno və arvadı Tayz həmişə çalışırlar ki, bir-birilərinə diqqət göstərsinlər. Bruno deyir: «Boş vaxtımızda telefonlarımızı qırağa qoyuruq və bir-birimizlə xoş söhbət edirik».

14. Əgər ər-arvad birgə vaxt keçirməyi xoşlamırsa, nə edə bilərlər?

14 Bəzi ər-arvadlar bir-biriləri ilə vaxt keçirməyi xoşlamır. Ola bilsin, onların maraqları üst-üstə düşmür və ya bəzi hərəkətləri bir-birilərini qıcıqlandırır. Bu zaman nə etmək olar? Yuxarıda danışdığımız tonqal nümunəsinə qayıdaq. Tonqal yanmağa başlayanda əvvəl-əvvəl gur yanmır. Bunun üçün ora əvvəlcə xırda odun parçaları, sonra isə böyük odun parçaları atmaq lazımdır. Eynilə siz də çalışın hər gün həyat yoldaşınızla az da olsa, vaxt keçirəsiniz. Aranızda münaqişə yaradacaq şeylərlə yox, ikinizin də xoşuna gələn şeylərlə məşğul olun (Yaq. 3:18). Bu cür kiçik addımlardan başlayıb, nəticədə, sevginizi alovlandıra bilərsiniz.

BİR-BİRİNİZƏ HÖRMƏT EDİN

15. Nikahda sevgini qorumaq üçün nəyə görə hörmət vacibdir?

15 Nikahda hörmətin vacib rolu var. Bu sanki tonqalın yanmasına kömək edən oksigen kimidir. Oksigen olmayanda alov çox keçməmiş sönür. Eynilə hörmət olmayanda ər-arvad arasındakı sevgi tez bir zamanda soyuyur. Amma bir-birilərinə hörmət göstərən ər-arvadlar aralarındakı sevgini qoruyurlar. Bir şeyi unutmayın: ola bilsin, siz düşünürsünüz ki, həyat yoldaşınıza hörmət edirsiniz. Bəs həyat yoldaşınız hansı fikirdədir? O özünə qarşı hörmət hiss edir? Peni və Aret 25 ildən çoxdur ki evlidir. Peni bacı deyir: «Bir-birimizə hörmət etdiyimiz üçün evimizdə xoş ab-hava var. İkimiz üçün də bir-birimizin fikri dəyərlidir, buna görə də nə düşündüyümüzü rahat deyə bilirik». Deməli, nə edə bilərsiniz ki, həyat yoldaşınız ona hörmət etdiyinizi hiss etsin? Gəlin İbrahim peyğəmbərlə Saranın nümunəsinə baxaq.

Ər arvadına diqqətlə qulaq asmaqla onun hisslərinə hörmət etdiyini göstərməlidir (16-cı abzasa baxın)

16. Ərlər İbrahim peyğəmbərdən nə öyrənə bilər? (1 Butrus 3:7). (Həmçinin şəklə baxın.)

16 İbrahim peyğəmbər Sara ilə hörmətcil davranırdı. O, Saranın fikirlərini, hisslərini nəzərə alırdı. Bir dəfə Sara çox dilxor idi, bütün qəzəbini İbrahimin üstünə tökmüşdü. Hətta bütün günahı onda görmüşdü. Bəs İbrahim nə etdi? Əsəbiləşib onunla kobud danışdı? Xeyr. O bilirdi ki, Sara itaətkar qadındır, həmişə ona dəstək olur. Ona qulaq asdı, məsələni həll etməyə çalışdı (Yar. 16:5, 6). Bu hadisədən hansı nəticəni çıxarırıq? Əziz ərlər, sizin ailədə qərar vermək ixtiyarınız var (1 Kor. 11:3). Amma arvadınızın fikrini nəzərə almaqla onu sevdiyinizi göstərəcəksiniz, xüsusilə də verəcəyiniz qərarın ona da təsiri olacaqsa (1 Kor. 13:4, 5). Yaxud ola bilər ki, yoldaşınız narahatlıq keçirsin, danışmağa ehtiyacı olsun. Bu zaman onun hisslərinə hörmət edib diqqətlə qulaq asacaqsınız? (1 Butrus 3:7 ayəsini oxuyun.) Anjela və Dmitri təxminən 30 ildir ki evlidir. Anjela ərinin ona hörmət etdiyini aydın görür. O deyir: «Dmitri həmişə mənə qulaq asmağa hazırdır. Özümü pis hiss edəndə, ya da sadəcə danışmaq istəyəndə Dmitri mənə həvəslə qulaq asır. Hətta emosional danışsam da, o mənimlə səbirlə davranır».

17. Arvadlar Saradan nə öyrənə bilər? (1 Butrus 3:5, 6).

17 Sara ərinin qərarlarını dəstəkləməklə ona hörmət etdiyini göstərirdi (Yar. 12:5). Bir dəfə İbrahim peyğəmbər gözlənilmədən gələn qonaqları evinə dəvət etmək qərarına gəlir. O, Saraya deyir ki, əlindəki işi qırağa qoyub çoxlu çörək bişirsin (Yar. 18:6). Sara da cəld tərpənib onun dediyini edir. Əziz arvadlar, siz də ərinizin qərarlarını dəstəkləməklə Saraya bənzəyə bilərsiniz. Bu, nikahınızı möhkəmləndirəcək. (1 Butrus 3:5, 6 ayələrini oxuyun.) Əvvəlki abzasda adı çəkilən Dmitri arvadının ona hörmət etdiyini hiss edir. O deyir: «Bəzən fikirlərimiz üst-üstə düşməsə də, Anjela mənim qərarlarımı ürəkdən dəstəkləyir. Bunu görmək mənə çox xoşdur. Hərdən verdiyim qərarın nəticəsi yaxşı olmur. Amma o məni heç vaxt tənqid etmir». Sənə hörmət edən birini sevmək çox asandır!

18. Ərlə arvadın məhəbbətlərini qorumasının hansı faydası olur?

18 Bu gün Şeytan istəyir ki, ər-arvadlar arasındakı sevgi alovunu söndürsün. O bilir ki, onların aralarındakı sevgi itsə, Yehovadan da uzaqlaşa bilərlər. Amma əsl sevgini heç nə söndürə bilməz! Odur ki, çalışın nikahınızdakı məhəbbət «Nəğmələr nəğməsi»ndə təsvir olunan məhəbbət kimi olsun. Qoy Yehova ailə həyatınızın mərkəzində olsun. Bir-birinizə vaxt ayırın, bir-birinizin hisslərinə və tələbatlarına hörmət edin. Belə etsəniz, nikahınız əsl məhəbbətin mənbəyi olan Yehovaya şərəf gətirəcək və nə qədər ki sağsınız, məhəbbətiniz alovlanmağa davam edəcək.

NƏĞMƏ 132 Nəhayət, bir bədənik

a Nikah Yehovanın insanlara verdiyi ənamdır. Nikah ər-arvada bir-birinə xüsusi məhəbbət göstərmək imkanı yaradır. Amma bu məhəbbət soyuya bilər. Əgər evlisinizsə, bu məqalə sizə kömək edəcək ki, aranızdakı məhəbbəti həmişə isti saxlayasınız və ailənizdə daim səadət olsun.

b Sarsılmaz və bitməz olan əsl məhəbbət «Yahın alovu» adlanır, çünki bu cür məhəbbətin mənbəyi Yehovadır.

c Həyat yoldaşınız imanınıza şərik olmasa da, bu məsləhətlər sizin münasibətlərinizi möhkəmləndirə bilər (1 Kor. 7:12—14; 1 But. 3:1, 2).

d Məsələn, jw.org saytında və «JW Library®» tətbiqində yer alan «Ailələrə kömək» silsilə məqalələrindəki faydalı məsləhətləri nəzərdən keçirin.