Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 21

Yehova dualarımıza necə cavab verir?

Yehova dualarımıza necə cavab verir?

«Dilədiyimiz şeyləri alacağımızı… bilirik, çünki Ondan istəmişik» (1 YƏH. 5:15).

NƏĞMƏ 41 Ey Allahım, eşit duamı

İCMAL a

1, 2. Dua ilə bağlı bizdə hansı suallar yarana bilər?

 YEHOVA dualarımıza cavab verir? Nə vaxtsa sizdə bu sual yaranıb? Əgər yaranıbsa, siz tək deyilsiniz. Çox bacı-qardaşımız deyir ki, əsas da problemləri olanda bu sual onları narahat edib. Problemlər zamanı bizə də Yehovanın dualarımıza cavab verdiyini görmək çətin ola bilər.

2 Yehovanın Öz xidmətçilərinin dualarına cavab verdiyinə nəyə görə əmin ola bilərik? (1 Yəh. 5:15). Məqalədə həm bu, həm də növbəti sualların cavabını tapacağıq: «Nəyə görə bəzən bizə elə gəlir ki, Yehova duamızı cavabsız qoyur? Yehova xidmətçilərinin duasına hansı yollarla cavab verir?»

BƏZƏN YEHOVA DUAMIZA GÖZLƏMƏDİYİMİZ TƏRZDƏ CAVAB VERİR

3. Nəyə görə Yehova Ona dua etməyimizi istəyir?

3 Müqəddəs Kitabı oxuyanda əmin oluruq ki, Yehova bizi sevir, biz Onun gözündə sanki ləl-cəvahirik (Həq. 2:7; 1 Yəh. 4:10). Elə buna görə də Yehova bizi Ona dua etməyə, Ondan kömək istəməyə təşviq edir (1 But. 5:6, 7). O istəyir ki, biz Ona yaxın olaq və üzləşdiyimiz problemlərə tab gətirə bilək.

Yehova Davud padşahın duasına cavab verib onu düşmənlərinin əlindən qurtardı (4-cü abzasa baxın)

4. Haradan bilirik ki, Yehova xidmətçilərinin duasına cavab verir? (Həmçinin şəklə baxın.)

4 Müqəddəs Kitabdan görmək olar ki, Yehova çox xidmətçisinin duasına cavab verib. Sizin ağlınıza kim gəlir? Ola bilsin, Davud padşah. Ömrü boyu onun həyatına təhlükə yaradan çoxlu düşmənləri olub və o, həmişə Yehovadan duada kömək istəyirdi. Bir dəfə o, Allaha yalvarmışdı: «Ey Yehova, duamı eşit, yalvarışımı dinlə, sədaqətinlə, ədalətinlə mənə hay ver» (Zəb. 143:1). Yehova da onun duasına cavab vermişdi, onu düşmənlərdən qurtarmışdı (1 İşm. 19:10, 18—20; 2 İşm. 5:17—25). Buna görə də Davud əminliklə demişdi: «Yehova Onu çağıranlara… yaxındır». Biz də buna əmin ola bilərik (Zəb. 145:18).

Yehova Bulusun duasına cavab verib ona dözməyə güc verdi (5-ci abzasa baxın)

5. Yehovanın keçmişdəki xidmətçiləri dualarına həmişə istədikləri cür cavab alıblar? Nümunə çəkin. (Həmçinin şəklə baxın.)

5 Bəzən Yehova duamıza gözləmədiyimiz tərzdə cavab verir. Belə bir şey həvari Bulusla da baş vermişdi. O, Allahdan xahiş etmişdi ki, canını cisminə batırılan «tikan»dan qurtarsın. Bulus düz üç dəfə konkret olaraq bu barədə dua etmişdi. Bəs Yehova onun bu dualarına cavab verdi? Bəli, amma Bulusun gözlədiyi tərzdə yox. Yehova onun problemini aradan qaldırmadı, ancaq ona güc verdi ki, sədaqətlə xidmətini davam etdirsin (2 Kor. 12:7—10).

6. Nəyə görə bəzən bizə elə gələ bilər ki, Yehova duamıza cavab vermir?

6 Bizim də bəzən duamıza aldığımız cavab gözlədiyimizdən fərqli ola bilər. Amma əmin ola bilərik ki, Yehova bizə kömək etməyin ən yaxşı yolunu bilir. Hətta O «düşündüyümüz hər bir şeydən qat-qat artığını etməyə qadir»dir (Efes. 3:20). Buna görə də Yehova duamıza gözləmədiyimiz vaxtda və ya tərzdə cavab verə bilər.

7. Duada xahişimizi nəyə görə dəyişmək lazım gələ bilər? Nümunə çəkin.

7 Yehovanın iradəsini daha yaxşı qavradıqca, ola bilsin, duada Ondan artıq başqa şeylər xahiş edək. Gəlin Martin Petsinger adlı qardaşın hadisəsinə baxaq. Evlənəndən çox keçməmiş Martin qardaşı tutub nasist həbs düşərgəsinə göndərdilər. Əvvəl-əvvəl o, dua edirdi ki, Yehova onu oradan çıxarsın, o da gedib arvadının qeydinə qalsın və yenidən təbliğ etsin. Üstündən iki həftə keçdi, amma qardaş gördü ki, Yehova hələ də onun üçün qapı açmır. Buna görə də o, dua edib dedi: «Yehova, mən necə davranım? Nə olar, mənə de». Bundan sonra o, düşərgədə olan digər qardaşların nələrə dözdüyü barədə düşündü. Onlar arvad-uşaqlarına görə çox narahat idilər. Onda Martin qardaş bu cür dua etməyə başladı: «Yehova, yeni təyinatıma görə çox sağ ol. Mənə kömək et ki, qardaşları möhkəmləndirim və ruhlandırım». O, növbəti doqquz il ərzində düşərgədə məhz belə də etdi!

8. Dua edərkən hansı vacib amili unutmamalıyıq?

8 Unutmamalıyıq ki, Yehovanın təyin etdiyi bir vaxt var və O, niyyətini həmin vaxt həyata keçirəcək. O, niyyət edib ki, bəşəriyyətə əzab verən bütün problemləri birdəfəlik, yerli-dibli aradan qaldırsın. Məsələn, təbii fəlakətləri, xəstəliyi və ölümü. Yehova Öz niyyətini Padşahlığı vasitəsilə həyata keçirəcək (Dən. 2:44; Vəhy 21:3, 4). O vaxta qədər isə Şeytana bu dünyanı idarə etməyə izin verib b (Yəh. 12:31; Vəhy 12:9). Əgər Yehova bəşəriyyətin problemlərini indi həll etsə, elə görünə bilər ki, Şeytan bu dünyanı yaxşı idarə edir. Buna görə də biz Yehovanın Öz niyyətini həyata keçirəcəyi vaxtı gözləyirik. Amma bu o demək deyil ki, o vaxta qədər Yehova bizi köməksiz qoyacaq. Gəlin görək O hansı yollarla dadımıza çatır.

YEHOVA DUALARIMIZA HANSI YOLLARLA CAVAB VERİR?

9. Qərar verməli olanda Yehova bizə necə kömək edir? Nümunə çəkin.

9 Yehova bizə hikmət verir. O, söz verir ki, düzgün qərarlar verməyimiz üçün bizə hikmət verəcək. Əsas da, ömrümüzün qalan hissəsinə təsir edəcək qərarlar verərkən Onun verdiyi hikmətə ehtiyacımız olur. Məsələn, subay qalmaq və ya ailə qurmaqla bağlı qərar verərkən (Yaq. 1:5). Mariya c adlı bir subay bacının nümunəsinə baxaq. Bacı öncül kimi xidmət edirdi və bundan sevinc duyurdu. Həmin ərəfədə o, bir qardaşla tanış olur. Mariya deyir: «Dostlaşdıqca bir-birimizə qarşı hisslərimiz yarandı. Başa düşdüm ki, qərar verməliyəm. Bu məsələ ilə bağlı Yehovaya xeyli dua etdim. Yehovanın mənə yol göstərməsinə ehtiyacım var idi. Amma onu da bilirdim ki, Yehova mənim yerimə qərar verməyəcək». Mariya deyir ki, Yehovadan hikmət istədi, Yehova da onun duasına cavab verdi. Necə? Mariya nəşrlərimizdə axtarış apararkən məhz onun suallarına cavab verən məqalələr tapdı. Yehovaya sadiq olan anasının da verdiyi hikmətli məsləhətə qulaq asdı. Anasının məsləhəti ona öz hisslərini müəyyən etməyə kömək etdi. Sonda Mariya düzgün qərar verə bildi.

Yehova bizə dözmək üçün gücü necə verir? (10-cu abzasa baxın)

10. Filippililərə 4:13 ayəsinə əsasən Yehova xidmətçilərinə necə kömək edir? Nümunə çəkin. (Həmçinin şəklə baxın.)

10 Yehova bizə dözməyə güc verir. O, həvari Bulusa üzləşdiyi çətinliyə tab gətirmək üçün güc verdiyi kimi bizə də güc verəcək. (Filippililərə 4:13 ayəsini oxuyun.) Görün Yehova Bencamin adlı qardaşa ağır şəraitə tab gətirməyə necə kömək etmişdi. O, gəncliyinin əksər illərində ailəsi ilə birlikdə Afrikada qaçqın düşərgəsində yaşayıb. Bencamin deyir: «Yehovaya durmadan dua edirdim ki, Onun bəyəndiyi kimi davrana bilim deyə mənə güc versin. O, duamı cavablandırdı: mənə qəlb rahatlığı verdi, təbliğ etmək üçün cəsarətləndirdi və nəşrlərimiz vasitəsilə məni ruhən möhkəmləndirdi. Bacı-qardaşların bioqrafiyasını oxumaq, Yehovanın onlara dözməyə necə kömək etdiyini öyrənmək Ona sadiq qalmaq qətiyyətimi gücləndirdi».

Yehova dindaşlarınız vasitəsilə sizə necə kömək edib? (11 və 12-ci abzaslara baxın) d

11, 12. Yehova ruhani ailəmiz vasitəsilə duamıza necə cavab verə bilər? (Həmçinin şəklə baxın.)

11 Yehova ruhani ailəmiz vasitəsilə duamıza cavab verir. İsa Məsih özünü qurban verməzdən bir az əvvəl Yehovaya ürəkdən dua etmişdi. O, Yehovaya yalvarırdı ki, Onun adına küfr danışmaqda ittiham olunub öldürülməsinə imkan verməsin. Yehova İsanın bu istəyini yerinə yetirmədi, bunun əvəzinə yanına onun mələk qardaşlarından birini göndərdi. Mələk də onu möhkəmləndirdi (Luka 22:42, 43). Yehova bizi də bacı-qardaşların zəngi və ya ziyarəti vasitəsilə ruhlandıra bilər. Hamımız çalışmalıyıq ki, dindaşlarımıza «xoş söz» demək üçün imkanlar axtaraq (Məs. 12:25).

12 Gəlin Miryam adlı bir bacının hadisəsinə nəzər salaq. Bir neçə həftə idi ki həyat yoldaşı vəfat etmişdi. O, evdə tək idi, kədərli idi, özünü çarəsiz hiss edirdi. Onun gözünün yaşı qurumurdu, kiminləsə dərdləşməyə ehtiyacı var idi. Miryam bacı deyir: «Kiməsə zəng etməyə taqətim yox idi, buna görə də Yehovaya ürəyimi boşaltdım. Elə ağlaya-ağlaya dua edirdim ki telefonuma zəng gəldi. Zəng edən yaxın dostumuz olan bir ağsaqqal idi». Bu ağsaqqal və onun həyat yoldaşı Miryama ürək-dirək verdi. Miryam əmindir ki, qardaşı zəng etməyə Yehova təşviq etmişdi.

Yehova başqaları vasitəsilə dadımıza necə çatır? (13 və 14-cü abzaslara baxın)

13. Yehova Ona xidmət etməyən insanlar vasitəsilə dualarımıza necə cavab verir? Nümunə çəkin.

13 Yehova Ona xidmət etməyən insanlar vasitəsilə dualarımıza cavab verə bilər (Məs. 21:1). Bəzən Yehova imanımıza şərik olmayan insanların ürəyində istək oyadır ki, bizim xeyrimizə nələrsə etsinlər. Məsələn, Nəhəmya Yerusəlimə qayıdıb şəhəri bərpa etmək istəyirdi. Yehova Artakserks padşah vasitəsilə onun bu istəyini yerinə yetirdi (Nəh. 2:3—6). Bu gün də Yehova Ona xidmət etməyən insanları təşviq edə bilər ki, Öz sadiq xidmətçilərinin dadına çatsın.

14. Sü Hinq bacının hadisəsində sizi ən çox ruhlandıran nə oldu? (Həmçinin şəklə baxın.)

14 Sü Hinq adlı bacı Yehovanın ona həkim vasitəsilə kömək etdiyini deyir. Onun oğlunun psixoloji problemləri var idi. Üstəlik, o, bədbəxt hadisə nəticəsində ciddi xəsarət almışdı. Buna görə də həm bacı, həm də həyat yoldaşı övladlarının qeydinə qalmaq üçün işdən çıxmalı olur. Nəticədə, onlar maddi cəhətdən korluq çəkməyə başlayırlar. Sü Hinq bacı deyir ki, artıq bıçaq sümüyə dirənmişdi, daha dözə bilmirdi. O, bütün ürəyini Yehovaya boşaldıb Ondan imdad dilədi. Həkim onların vəziyyətini görüb kömək etmək istədi. Nəticədə, onlar dövlətdən yardım aldılar və qalmağa ciblərinə uyğun ev tapdılar. Sü Hinq bacı deyir: «Biz bu işdə Yehovanın əlini gördük. Doğrudan da, O, “duaları eşidən” Allahdır» (Zəb. 65:2).

YEHOVANIN VERDİYİ CAVABI QƏBUL ETMƏK ÜÇÜN İMAN LAZIMDIR

15. Bir bacı Yehovanın onun dualarına cavab verdiyini necə başa düşdü?

15 Dualarımıza aldığımız cavab həmişə gözəçarpan şəkildə olmur. Amma aldığımız cavablar bizim Yehovaya sadiq qalmağımıza kömək edir. Ona görə də diqqətli olun ki, Yehovanın duanıza verdiyi cavabı görəsiniz. Yoko adlı bir bacıya elə gəlirdi ki, Yehova onun dualarına cavab vermir. Amma daha sonra o, duada Yehovadan istədiklərini qeyd etməyə başladı. Bir müddət sonra bacı həmin qeydlərinə nəzər saldı və gördü ki, sən demə, Yehova onun dualarının çoxuna cavab verib. Hətta bəziləri onun heç yadında da deyildi. Buna görə də vaxtaşırı biz də Yehovanın dualarımıza necə cavab verdiyi barədə düşünməliyik (Zəb. 66:19, 20).

16. Dua edərkən imanımızı necə göstərə bilərik? (İbranilərə 11:6).

16 İmanımız təkcə dua etməyimizdən görünmür. Yehovanın duamıza verdiyi cavabı hər təqdirdə qəbul etməklə də iman göstəririk. (İbranilərə 11:6 ayəsini oxuyun.) Mayk və Krisi adlı bir ər-arvadın nümunəsinə baxaq. Onlar Beyteldə xidmət etməyi qarşılarına məqsəd qoymuşdular. Mayk deyir: «Biz illərlə Beytel xidməti üçün blank doldurduq, Yehovaya bu məqsədimiz barədə dəfələrlə dua etdik. Amma bizi heç vaxt Beytelə dəvət etmədilər». Mayk və Krisi əmin idi ki, onların harada yararlı olacaqlarını Yehova daha yaxşı bilir. Buna görə də onlar oturub gözləmədilər, tələbat olan ərazidə öncül kimi xidmət etdilər, tikinti layihələrində iştirak etdilər. Hal-hazırda isə onlar səyyar xidmətdədirlər. Mayk sözünə davam edir: «Yehova dualarımıza həmişə gözlədiyimiz tərzdə cavab verməyib, amma cavabsız da qoymayıb və Onun verdiyi cavab düşündüyümüzdən qat-qat yaxşı olub».

17, 18. Zəbur 86:6, 7 ayələrinə əsasən nəyə əmin ola bilərik?

17 Zəbur 86:6, 7 ayələrini oxuyun. Davud peyğəmbər əmin idi ki, Yehova onun dualarını eşidir və cavablandırır. Siz də buna arxayın ola bilərsiniz. Məqalədə araşdırdığımız nümunələr sübut edir ki, Yehova problemlərə dözmək üçün bizə hikmət və güc verə bilər. O həmçinin ruhani ailəmiz və Ona xidmət etməyən insanlar vasitəsilə də bizə kömək edə bilər.

18 Düzdür, Yehova dualarımıza həmişə gözlədiyimiz tərzdə cavab vermir, amma onları cavabsız da qoymur. O bizə nəyin nə vaxt lazım olduğunu yaxşı bilir. Odur ki, imanla dua etməyə davam edin. Əmin olun ki, Yehova həm indi qeydinizə qalacaq, həm də gələcəkdə yeni dünyada «hər bir məxluqu istəyinə» çatdıracaq (Zəb. 145:16).

NƏĞMƏ 46 Yehova, Sənə şükr olsun

a Yehova söz verir ki, Onun iradəsinə məqbul olan duaları cavabsız qoymayacaq. Çətinliklərlə üzləşəndə əmin ola bilərik ki, O bizə sadiq qalmağa kömək edəcək. Gəlin görək Yehova dualarımıza necə cavab verir.

b Yehovanın Şeytana dünyanı idarə etməyə nəyə görə icazə verdiyi ilə bağlı ətraflı məlumat almaq üçün «Gözətçi qülləsi»nin 2017-ci il iyun sayında dərc olunan «Mühüm məsələni unutmayın» adlı məqaləyə baxın.

c Bəzi adlar şərtidir.

d ŞƏKLİN İZAHI. Bir ana qızı ilə qaçqın kimi başqa ölkəyə gəlir. Bacı-qardaşlar onları xoş qarşılayır və lazımi köməyi göstərir.