Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 18

NƏĞMƏ 1 Allahın ülvi sifətləri

Bütün dünyanın mərhəmətli Hakiminə etibar edin!

Bütün dünyanın mərhəmətli Hakiminə etibar edin!

«Bütün dünyanın Hakimi ədalətsiz davrana bilməz» (YAR. 18:25).

ƏSAS FİKİR

Məqalədə Yehovanın qeyri-saleh insanları dirildərkən mərhəmətlə və ədalətlə davranacağını daha dərindən araşdıracağıq.

1. Yehova İbrahim peyğəmbəri nəyə əmin etdi?

 ƏSRLƏR öncə Yehova Allah mələyini göndərib İbrahim peyğəmbərə bir xəbər çatdırdı. O, Sədum və Əmurə şəhərlərini məhv edəcəyini bildirdi. Bu xəbər sadiq peyğəmbəri bərk narahat etdi. O, Yehovadan soruşdu: «Doğrudanmı, Sən şər adamla bir yerdə saleh adamı da məhv edəcəksən?.. Bütün dünyanın Hakimi ədalətsiz davrana bilməz». Yehova səbirlə bu əziz dostuna vacib bir şeyi öyrətdi: Allah heç vaxt saleh insanları məhv etməz. Bunu bilmək təkcə İbrahim peyğəmbərə yox, bu gün hər birimizə qəlb rahatlığı verir (Yar. 18:23—33).

2. Yehovanın hökmlərinin ədalətli və mərhəmətli olduğuna necə əmin ola bilərik?

2 Bəs necə əmin ola bilərik ki, Yehovanın hökmləri ədalətli və mərhəmətlidir? Çünki Yehova insanların ürəyini görür (1 İşm. 16:7). Hətta O hər bir insanın ürəyindəkilərdən agahdır (1 Pad. 8:39; 1 Saln. 28:9). Bunu bilmək adamı heyran qoyur. Yehovanın çıxardığı hökmləri biz heç vaxt axıra qədər anlaya bilmərik. Elə buna görə də həvari Bulus Yehova haqda demişdi: «Onun hökmləri ağlasığmazdır» (Rom. 11:33).

3, 4. Bəzən bizdə hansı suallar yarana bilər və bu məqalədə nədən danışacağıq? (Yəhya 5:28, 29).

3 Yehovanın yollarının haqq olduğunu bilsək də, İbrahim peyğəmbər kimi bizdə də müəyyən suallar yarana bilər: «Yehovanın hökmü ilə ölən insanlar üçün hər hansı ümid var? Məsələn, Sədum və Əmurədə ölən insanlar dirilə bilər? Ola bilərmi ki, Yehova qeyri-salehləri dirildəndə onlardan da bəzilərini diriltsin?» (Həv. 24:15).

4 Əvvəlcə, gəlin görək dirilmə ilə bağlı nələri bilirik. Bu yaxınlarda «dirilib həyata qovuşacaq» və «dirilib mühakimə olunacaqlar» sözlərinin mənasına aydınlıq gətirildi a. (Yəhya 5:28, 29 ayələrini oxuyun.) Gətirilən yeni izahatdan sonra başqa dəyişikliklərə də ehtiyac yarandı. Bu və növbəti məqalədə həmin dəyişikliklərdən bəhs edəcəyik. Öyrənəcəyik ki, Yehovanın adil hökmləri ilə bağlı nələri bilmirik və nələri bilirik.

BİLMƏDİKLƏRİMİZ

5. Əvvəlki nəşrlərimizdə Sədum və Əmurədə məhv edilən insanlarla bağlı nə deyilirdi?

5 Əvvəlki nəşrlərimizdə Yehovanın hökmü ilə ölən insanların aqibəti ilə bağlı məsələ araşdırılıb. Belə izah olunurdu ki, Sədum və Əmurədəki kimi Yehovanın hökmü ilə ölən insanların gələcəkdə dirilməsinə ümid yoxdur. Amma «sadiq nökər» dua edib bu məsələni yenidən dərindən araşdırandan sonra gördü ki, bunu tam əminliklə deyə bilmərik. Nəyə görə?

6. a) Yehovanın qeyri-saleh insanlara hökm çıxardığı ilə bağlı hansı hadisələr var? b) Biz nəyi bilmirik?

6 Bu məsələ ilə bağlı başqa suallar da yaranır. Müqəddəs Kitabda Yehovanın qeyri-saleh insanlara hökm çıxardığı bir neçə hadisə var. Məsələn, Nuhun Daşqınında naməlum sayda insan ölmüşdü. Yehova israillilərə Vəd edilmiş diyarda yeddi xalqı məhv etməyi əmr etmişdi. Bir gecənin içində Yehovanın mələyi 185 000 Aşşur əsgərini öldürmüşdü (Yar. 7:23; Qan. 7:1—3; Əşy. 37:36, 37). Yehovanın həmin insanları əbədilik məhv etdiyini və onların dirilməsinə ümidin olmadığını demək üçün Müqəddəs Kitabda kifayət qədər məlumat var? Xeyr, yoxdur. Nəyə görə belə deyirik?

7. Daşqında və Kənan diyarında məhv olan insanlarla bağlı nəyi bilmirik? (Həmçinin şəklə baxın.)

7 Yehovanın həmin insanları bir qrup olaraq məhv etdiyini bilirik, amma Onun ayrı-ayrılıqda hər bir insanla bağlı hansı fikirdə olduğunu bilmirik. Həmçinin ölən insanların da Yehova haqda öyrənmək və tövbə etmək imkanının olub-olmadığı da bizə məlum deyil. Müqəddəs Kitabda deyilir ki, Daşqın baş verdiyi dövrdə Nuh «salehlik carçısı» idi (2 But. 2:5). Amma orada deyilmir ki, Nuh nəhəng gəmi tikə-tikə yer üzündə yaşayan hər bir insana təbliğ edib. Eyni şeyi Kənan diyarında yaşayan xalqlar barədə də demək olar. Biz bilmirik, orada yaşayan şər insanların hamısının Yehova haqda öyrənib pis əməllərindən əl çəkmək imkanları olmuşdu, ya yox.

Nuh və ailəsi nəhəng gəmi tikir. Biz bilmirik, Nuh peyğəmbər Daşqından əvvəl gəmi tikə-tikə yer üzündəki bütün insanlara bir-bir təbliğ etmişdi, ya yox (7-ci abzasa baxın)


8. Sədum və Əmurədə ölən insanlarla bağlı nəyi bilmirik?

8 Bəs Sədum və Əmurədə ölən insanlar barədə nə demək olar? Düzdür, onların arasında Lut adlı saleh insan yaşayırdı. Amma Lutun onların hamısına təbliğ etdiyinə əminik? Xeyr. Söz yox ki, onlar şər əməl sahibləri idi. Bəs onların hamısına nəyin səhv, nəyin düz olduğu öyrədilmişdi? Yadınızdadırsa, bir dəfə şəhərin kişiləri Lutun qonaqlarını zorlamaq istəyirdilər. Müqəddəs Kitaba əsasən onların arasında «uşaqdan tutmuş qocaya kimi» bütün kişilər var idi (Yar. 19:4; 2 But. 2:7). Oradakı azyaşlı oğlan uşaqları əxlaqi cəhətdən elə pis mühitdə böyümüşdülər ki, ola bilsin, hərəkətlərinin iyrənc olduğunu başa düşmürdülər. Bəs onda əminliklə deyə bilərikmi ki, mərhəmətli Allahımız Yehova onların heç birini diriltməyəcəyinə qərar verib? Xeyr, bunu deyə bilmərik. Yehova ilə İbrahim peyğəmbərin söhbətindən görürük ki, həmin şəhərdə heç on nəfər də saleh insan yoxdur (Yar. 18:32). Deməli, onlar qeyri-saleh insanlar idi və Yehova da haqlı olaraq onlara əməllərinin əvəzini verdi. İndi əminliklə deyə bilərikmi ki, Yehova qeyri-salehləri dirildəndə onların heç birini diriltməyəcək? Xeyr, bunu əminliklə deyə bilmərik.

9. Süleyman padşahla bağlı nəyi bilmirik?

9 Digər tərəfdən, Müqəddəs Kitabda saleh insanın sonradan qeyri-saleh olduğu hadisələr də yazılıb. Buna bir misal olaraq Süleyman padşahın adını çəkmək olar. O, Yehovanı tanıyırdı, Ona necə ibadət etməli olduğunu bilirdi. Buna görə də Yehovanın əli onun üzərində idi. Amma sonradan Süleyman saxta allahlara ibadət etməyə başladı. Onun işlədiyi günahlar Yehovanı qəzəbləndirdi və İsrail xalqı əsrlər ərzində Süleymanın işlədiyi günahların altını çəkdi. Düzdür, Müqəddəs Kitabda yazılıb ki, «Süleyman ata-babalarına qovuşdu». Bildiyiniz kimi onun ata-babaları Davud padşah və digər sadiq kişilər olub (1 Pad. 11:5—9, 43; 2 Pad. 23:13). Bəs Süleymanla bağlı yazılan bu fikir onun diriləcəyinə zəmanət verir? Müqəddəs Kitabda bu barədə heç nə yazılmayıb. Kimsə deyə bilər: «Axı “ölmüş adam günahdan azaddır”» (Rom. 6:7). Düzdür, elədir. Amma bu o demək deyil ki, ölənlərin hamısı diriləcək, çünki insanın ölməyi ona yenidən yaşamaq hüququ qazandırmır. Dirilmə məhəbbətli Allahımızın hədiyyəsidir (Əyy. 14:13, 14; Yəh. 6:44). Yehova bu hədiyyəni kimlərə verir? Ona əbədiyyən xidmət etməsini istədiyi kəslərə. Bəs bu hədiyyədən Süleymana da pay düşəcək? Bunu Yehova bilir, biz yox. Amma bir şeyə əminik ki, Yehova haqq-ədalətlə qərar verəcək.

BİLDİKLƏRİMİZ

10. Yehova insanları məhv etmək istəyir? (Hizqiyal 33:11). (Həmçinin şəklə baxın.)

10 Hizqiyal 33:11 ayəsini oxuyun. Yehova insanlarla bağlı hansı hökmü çıxarmaq istəyir? O bunu Kəlamı vasitəsilə bizə açıqlayır. Hizqiyal peyğəmbərin yazdığı fikri həvari Butrus da yazmışdı: «Yehova... heç kəsin məhv olmasını istəmir» (2 But. 3:9). Bu təsəlliverici fikirləri nəzərə alaraq bilirik ki, Yehova əsaslı səbəb olmadan kimisə həmişəlik məhv etməz. O, mərhəməti bol olan Allahdır və mümkün olan hər vəziyyətdə mərhəmət göstərir.

Qeyri-salehlərin dirilməsi zamanı bir-birindən fərqli olan çoxlu sayda insanın Yehova haqda öyrənmək imkanı olacaq (10-cu abzasa baxın)


11. Kimlər dirilməyəcək və bunu haradan bilirik?

11 Bəs kimlər dirilməyəcək? Bu barədə nə bilirik? Müqəddəs Kitabda bununla bağlı çox az insan haqda məlumat var b. Məsələn, İsanın sözlərinə əsasən, Yəhuda İskəryut dirilməyəcək (Mark 14:21; Yəh. 17:12) c. Çünki Yəhuda bilərəkdən və qəsdən Yehovaya, Onun Oğluna qarşı çıxmışdı (Mark 3:29) d. İsa onun əleyhinə olan din xadimləri barədə də demişdi ki, onlar öləndən sonra dirilməyəcəklər (Mət. 23:33; Yəh. 19:11) e. Həvari Bulus da tövbə etməyən dönüklərin dirilməyəcəyinə dair xəbərdarlıq etmişdi (İbr. 6:4—8; 10:29).

12. Yehovanın mərhəməti ilə bağlı nəyi bilirik? Nümunələr çəkin.

12 Bəs Yehovanın mərhəməti barədə nə bilirik? O, «heç kəsin məhv olmasını» istəmədiyini necə göstərib? Gəlin Yehovanın ciddi günah işləmiş kəslərə necə mərhəmət göstərdiyini yadımıza salaq. Davud padşah zina, qatillik kimi ağır günahlar işləmişdi. Amma o, tövbə etdi və Yehova mərhəmət göstərib onu bağışladı (2 İşm. 12:1—13). Mənəssə padşah da ömrünün çox hissəsində olmazın günahlar törətmişdi. O nə qədər ağır günahlar işləsə də, Yehova onun tövbəsini qəbul etdi və mərhəmət göstərib onu bağışladı (2 Saln. 33:9—16). Bu nümunələr bizə xatırladır ki, Yehova insana mərhəmət göstərmək üçün əsas olduğunu görürsə, belə də edir. O bu cür insanları dirildəcək, çünki onlar ağır günah işlədiklərini başa düşüb tövbə ediblər.

13. a) Yehova neynəvalılara nəyə görə mərhəmət göstərmişdi? b) İsa Məsih neynəvalılar barədə nə demişdi?

13 Biz Yehovanın neynəvalılara da mərhəmət göstərdiyini bilirik. Yehova Yunusa demişdi: «Onların şər əməlləri dərgahıma yetişib». Amma neynəvalılar günahlarına görə tövbə etdilər. Allah da onları bağışladı. Yehova Yunusdan qat-qat mərhəmətli idi. O, qəzəblənmiş peyğəmbərinə xatırlatdı ki, neynəvalılar «yaxşını pisdən» ayıra bilmirlər (Yun. 1:1, 2; 3:10; 4:9—11). Sonralar İsa Məsih Yehovanın ədalət və mərhəməti barədə öyrədən zaman onların nümunəsini çəkmişdi. İsa demişdi ki, hökm vaxtı tövbə etmiş neynəvalılar diriləcəklər (Mət. 12:41).

14. Neynəvalılar hansı mənada «dirilib mühakimə olunacaqlar»?

14 Neynəvalıların «hökm vaxtı» diriləcəyi deyiləndə hansı dövr nəzərdə tutulur? İsa ölülərin «dirilib mühakimə» olunacağı dövrdən danışırdı (Yəh. 5:29). O bu sözləri deyərkən özünün minillik hakimiyyəti dövrünü nəzərdə tuturdu. Həmin dövrdə həm salehlər, həm də qeyri-salehlər diriləcək (Həv. 24:15). Qeyri-salehlər «dirilib mühakimə olunacaqlar», yəni Yehova və İsa onların öyrəndiklərinə necə hay verdiklərini müşahidə edəcək, əməllərini qiymətləndirəcək. Əgər dirilmiş neynəvalılardan kimsə Yehovaya ibadət etmək istəməsə, o, əbədi məhvə məhkum olunacaq (Əşy. 65:20). Amma Yehovaya sədaqətlə qulluq etmək istəyənlərə əbədi yaşamaq imkanı veriləcək (Dən. 12:2).

15. a) Nəyə görə Sədum və Əmurə camaatından heç kəsin dirilməyəcəyini demək düzgün olmazdı? b) Yəhuda 7 ayəsindəki sözlərin mənası nədir? ( Çərçivəyə baxın.)

15 İsa Sədum və Əmurə camaatından danışanda demişdi ki, «Hökm günündə» onların vəziyyəti İsanı və onun təlimlərini rədd etmiş insanların vəziyyətindən yüngül olacaq (Mət. 10:14, 15; 11:23, 24; Luka 10:12). İsa nə demək istəyirdi? Kimsə düşünə bilər ki, İsa burada mübaliğədən istifadə etmişdi. Amma görünür, bu belə deyil. Yadınızdadırsa, İsa neynəvalıların hökm vaxtı diriləcəyini deyəndə bunu hərfi mənada demişdi f. O, Sədum və Əmurə camaatı haqda da hərfi mənada danışmışdı. Hər iki hadisədə eyni «Hökm günü»ndən söhbət gedir. Neynəva kimi Sədum və Əmurə camaatının da əməlləri pis idi. Amma neynəvalılardan fərqli olaraq, Sədum və Əmurədəkilərin tövbə etmək imkanı olmamışdı. Yadınızdadırsa, İsa bir qrup insanın «dirilib mühakimə» olunacağını demişdi. Bura «pis əməl sahibləri» daxil olacaq (Yəh. 5:29). Buradan görmək olar ki, ola bilsin, Sədum və Əmurə camaatı üçün də müəyyən ümid var. Onların ən azından bəziləri, ehtimal ki, diriləcək. Bizim onlara Yehova və İsa Məsih haqqında danışmaq imkanımız ola bilər.

16. Yehova kimin diriləcəyinə necə qərar verəcək? (Ərəmya 17:10).

16 Ərəmya 17:10 ayəsini oxuyun. Bu ayə bildiklərimizi icmal etməyə kömək edir. Yehova həmişə «ürəyi araşdırır», «ən gizli fikirləri yoxlayır». Gələcəkdə insanları dirildəndə də O, həmişə olduğu kimi «hər kəsə yollarına, əməllərinə görə» əvəz verəcək. İnsanı diriltməklə bağlı qərar verərkən Yehova lazım olan yerdə qəti, mümkün olan yerdə isə mərhəmətlə davranacaq. Əgər Müqəddəs Kitabda insanın dirilib-dirilməyəcəyi ilə bağlı dəqiq məlumat yoxdursa, biz onun dirilməyəcəyini dilimizə gətirməməliyik.

«BÜTÜN DÜNYANIN HAKİMİ» ƏDALƏTSİZ DAVRANMAZ

17. Ölən insanları gələcəkdə nə gözləyir?

17 Adəmlə Həvva Şeytana qoşulub Yehovaya qarşı üsyan edəndən bəri dünyada milyardlarla insan ölüb. «Ölüm» çox qəddar «düşmən»dir! (1 Kor. 15:26). Bəs ölüləri qarşıda nə gözləyir? Məsihin sadiq davamçıları olan məhdud sayda insan — cəmi 144 000 nəfər dirilib göydə ölməzliyi alacaq (Vəhy 14:1). Salehlərin dirilməsi zamanı Yehovanı sevən böyük sayda sadiq kişi və qadın diriləcək. Onlar Məsihin minillik hakimiyyəti dövründə və sonuncu sınaq zamanı saleh qalsalar, yer üzündə əbədi yaşayacaqlar (Dən. 12:13; İbr. 12:1). Həmçinin Məsihin minillik hakimiyyəti dövründə «qeyri-salehlər» — Yehovaya heç vaxt qulluq etməyən və hətta pis əməl sahibi olan insanlar diriləcək. Onlara əməllərini düzəldib Yehovanın xidmətçisi olmaq imkanı veriləcək (Luka 23:42, 43). Amma bəzi insanlar çox mənfur olublar, Yehovaya, Onun niyyətinə dikbaşlıqla qarşı çıxıblar. Yehova belə insanları diriltməməyə qərar verib (Luka 12:4, 5).

18, 19. a) Yehovanın ölən kəslərlə bağlı verdiyi qərarlara nəyə görə etibar edə bilərik? (Əşiya 55:8, 9). b) Növbəti məqalədə söhbət nədən gedəcək?

18 Yehovanın hər bir hökmünü ədalətlə verdiyinə tam şəkildə əmin ola bilərik? Əlbəttə! Onun hər işi mükəmməldir, hikməti misilsizdir, O, «bütün dünyanın» mərhəmətli Hakimidir. İbrahim peyğəmbər bunu çox yaxşı başa düşürdü. Yehova Oğlu İsa Məsihə təlim verib və ona insanları mühakimə etmək səlahiyyəti verib (Yəh. 5:22). Həm Yehova, həm də İsa hər bir insanın ürəyindəkilərdən agahdır (Mət. 9:4). Buna görə də onların hər bir insanla bağlı verdikləri qərar ədalətli olacaq!

19 Bəli, Yehova hər şeyin ən yaxşısını bilir. Buna həmişə etibar edin. Biz heç vaxt insanları Yehova kimi mükəmməl mühakimə edə bilmərik, bu iş üçün yararlı deyilik. (Əşiya 55:8, 9 ayələrini oxuyun.) Ona görə də biz bu məsələni bütünlüklə Yehovanın və Oğlu İsa Məsihin öhdəsinə buraxırıq. Bilirik ki, Padşahımız İsa Məsih Atasının ədalət və mərhəmət xüsusiyyətlərini mükəmməl şəkildə əks etdirəcək (Əşy. 11:3, 4). Bəs Yehova ilə İsa böyük müsibət zamanı insanları necə mühakimə edəcək? Bununla bağlı nələri bilmirik? Bəs nəyi bilirik? Növbəti məqalədə bu suallara cavab tapacağıq.

NƏĞMƏ 57 Hər cür insana müjdə çatdıraq

b Adəm, Həvva və Qabilin dirilib-dirilməyəcəyini öyrənmək üçün «Gözətçi qülləsi»nin 2013-cü il 1 yanvar sayının 12-ci səhifəsindəki haşiyəyə baxın.

c Yəhya 17:12 ayəsindəki «həlaka gedən adam» ifadəsi göstərir ki, Yəhuda İskəryut öləndə əbədilik həlak olacaqdı, dirilməyəcəkdi.

e jw.org saytında «Hansı günah bağışlanmır?» adlı məqaləyə baxın.

f Mübaliğə — təsvir edilən hadisənin, faktın, prosesin təsir gücünü artırmaq üçün onları həddindən artıq şişirtmə, qəsdən böyütmə üsuludur. Amma İsanın Sədum və Əmurə camaatı ilə bağlı dedikləri hərfi mənada idi, mübaliğə deyildi.