Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 16

Xidmətdə əlinizdən gələni etdiyiniz üçün sevinin

Xidmətdə əlinizdən gələni etdiyiniz üçün sevinin

«Qoy hər kəs öz əməllərini yoxlasın» (QAL. 6:4).

NƏĞMƏ 37 Yehovanı bütün qəlbinlə sev

İCMAL a

1. Bizə böyük sevinc gətirən nədir?

 YEHOVA bizim xoşbəxt olmağımızı istəyir. Biz buna əminik, çünki sevinc müqəddəs ruhun bəhrəsidir (Qal. 5:22). Vermək almaqdan daha çox xoşbəxtlik gətirdiyi üçün biz təbliğ xidmətində tam iştirak edəndə, dindaşlarımıza müxtəlif yollarla kömək edəndə böyük sevinc duyuruq (Həv. 20:35).

2, 3. a) Qalatiyalılara 6:4 ayəsində vurğulanan hansı iki amil bizə sevincimizi qorumağa kömək edəcək? b) Bu məqalədə nəyi araşdıracağıq?

2 Həvari Bulus Qalatiyalılara 6:4 ayəsində sevincimizi qorumağa kömək edən iki amili vurğulayır. (Ayəni oxuyun.) Birincisi, biz öz gücümüz daxilində Yehovanın yolunda əlimizdən gələni etməliyik. Əgər belə ediriksə, onda xidmətimizdən sevinc duymalıyıq (Mət. 22:36—38). İkincisi, özümüzü başqaları ilə müqayisə etməməliyik. Ola bilsin, səhhətimiz yaxşıdır, müəyyən bacarıqlarımız var, yaxud hansısa sahədə təlim almışıq. Bütün bunlara görə Yehovaya minnətdar olmalıyıq. Axı nəyimiz varsa bizə O verib. Eyni zamanda əgər kimlərsə xidmətin hansısa sahəsində bizdən daha səriştəlidirsə, sevinməliyik. Çünki onlar bacarıqlarından özlərini ucaltmaq və ya şəxsi mənfəətləri üçün yox, Yehovanı şərəfləndirmək üçün istifadə edirlər. Buna görə də onlarla rəqabət aparmamalıyıq, onlardan öyrənməliyik.

3 Əgər ürəyimiz istəyən qədər xidmət edə bilmədiyimiz üçün pis oluruqsa, nə edə bilərik? Bu məqalədən bu sualın cavabını tapacağıq, həmçinin araşdıracağıq ki, öz qabiliyyətimizdən ən yaxşı şəkildə necə istifadə edə bilərik və başqalarının nümunəsindən nə öyrənə bilərik.

ÜRƏYİNİZCƏ XİDMƏT EDƏ BİLMƏDİYİNİZƏ GÖRƏ NARAHATSINIZ?

Həyatımızın hər çağında xidmətdə əlimizdən gələni etməyimiz Yehovaya xoşdur (4—6 abzaslara baxın) b

4. Bəzilərini nə ruhdan salır? Nümunə çəkin.

4 Yehovanın bəzi xidmətçiləri yaşlarına və səhhətlərinə görə əvvəlki qədər xidmət edə bilmədiklərinə görə məyus olurlar. Karol bacımız da belə hisslər keçirirdi. O, əvvəllər təbliğçilərə tələbat olan ərazidə xidmət edirdi. Bu müddət ərzində o, 35 nəfərə Müqəddəs Kitab dərsi keçmişdi və onlardan bəziləri ruhani cəhətdən inkişaf edib vəftiz olunmuşdu. Onun xidməti gözəl bəhrələr gətirirdi. Sonra onun səhhəti pisləşdi və demək olar ki, evdən çölə çıxa bilmədi. Karol deyir: «Bilirəm ki, səhhətimə görə başqaları qədər xidmət edə bilmirəm. Amma yenə də mənə elə gəlir ki, onlar məndən daha sədaqətlidirlər. Ürəyimdən çox xidmət etmək keçir, di gəl, canım əl vermir. Daxilimdəki bu mübarizə məni lap üzür». Karol bacı Yehovanın işinə çox can yandırır, afərin ona! Əmin ola bilərik ki, şəfqətli Allahımız ondan çox razıdır.

5. a) İstədiyimiz qədər xidmət edə bilmiriksə, nəyi özümüzə xatırlatmalıyıq? b) Şəkildə qardaşın həmişə Yehovanın yolunda əlindən gələni etdiyini nə göstərir?

5 Əgər istədiyiniz qədər xidmət edə bilmədiyinizə görə məyus olursunuzsa, özünüzə belə bir sual verin: «Yehova məndən nə gözləyir?» O istəyir ki, indiki vəziyyətinizdə əlinizdən gələni edəsiniz. Gəlin belə bir vəziyyəti təsəvvür edək: səksən yaşında olan bacı qırx yaşında etdiyi qədər xidmət edə bilmədiyi üçün məyus olur. Ona elə gəlir ki, əlindən gələni etsə də, Yehova ondan razı deyil. Bəs bu, doğrudan da, belədir? Əgər bacı qırx yaşında da, səksən yaşında da əlindən gələni edibsə, deməli, Yehovanın yolunda heç vaxt gücünü əsirgəməyib. Xidmətimizin Yehovanı razı salmadığını düşünürüksə, onda özümüzə xatırlatmalıyıq ki, buna Yehova qərar verir. Biz Yehovanın yolunda gücümüzü əsirgəmədən çalışırıqsa, Yehova bizə «afərin» deyir. (Mətta 25:20—23 ayələri ilə əlaqələndirin.)

6. Mariya bacıdan nə öyrənə bilərik?

6 Xidmətdən sevinc duymaq üçün diqqətimizi edə bilmədiyimiz yox, edə bildiyimiz şeylərə cəmləməliyik. Mariya adlı bacı xəstəliyi ucbatından çox xidmət edə bilmir. Əvvəl-əvvəl o, buna görə çox məyus olurdu və özünü yararsız hiss edirdi. Amma sonra o, yığıncaqlarında yataq xəstəsi olan bir bacı haqda düşündü və qərara gəldi ki, ona kömək etsin. Mariya bacı deyir: «Onunla birlikdə telefon və məktub vasitəsilə təbliğ edirdim. Hər dəfə evə qayıdanda özümü çox xoşbəxt hiss edirdim. Sevinirdim ki, bacıma kömək edə bilmişəm». Biz də diqqətimizi hal-hazırda xidmətdə bacardığımız şeylərə cəmləsək, daha çox sevinc duyarıq. Bəs əgər xidmətin hansısa sahəsində daha çox iş görə biləriksə və ya hansısa qabiliyyətimiz varsa, onda necə?

ƏNAMINIZDAN TAM İSTİFADƏ EDİN

7. Həvari Butrus məsihilərə hansı gözəl məsləhəti vermişdi?

7 Həvari Butrus Yehovanın ilhamı ilə yazdığı ilk məktubunda dindaşlarını təşviq etmişdi ki, sahib olduqları ənamları ilə bir-birini möhkəmləndirsinlər. O yazmışdı: «Hər kəs aldığı ənama əsasən, Allahın müxtəlif yollarla ifadə olunan lütfünün nümunəvi nökərbaşısı kimi bir-birinə xidmət etsin» (1 But. 4:10). Narahat olmamalıyıq ki, bizdə olan ənamı və bacarığı tam şəkildə istifadə etsək, birdən başqalarında paxıllıq yaranar və ya ruhdan düşərlər. Əgər belə düşünsək, onda biz Yehovanın yolunda var gücümüzlə xidmət etmiş olmarıq.

8. 1 Korinflilərə 4:6, 7 ayələrinə əsasən, nəyə görə öz bacarığımızla lovğalanmamalıyıq?

8 Biz sahib olduğumuz ənamlardan tam şəkildə istifadə etməliyik, amma bunlarla lovğalanmamalıyıq. (1 Korinflilərə 4:6, 7 ayələrini oxuyun.) Məsələn, ola bilsin, sizdə Müqəddəs Kitab dərsinə başlamaq çox yaxşı alınır. Siz bu bacarığınızdan istifadə etməlisiniz. Amma biri var, bacarığınızdan istifadə edəsiniz, biri də var, bununla öyünəsiniz. Tutaq ki, xidmətdə çox maraqlı bir hadisə baş verir və nəticədə, siz Müqəddəs Kitab dərsinə başlayırsınız. Bu hadisəni təbliğ qrupunuza danışmaq üçün səbirsizlənirsiniz. Amma qrupla görüşəndə görürsünüz ki, hansısa bacı xidmətdə bir nəfərə jurnal verdiyindən danışır. O, jurnal verib, siz isə dərsə başlamısınız. İndi nə edəcəksiniz? Bilirsiniz ki, öz hadisənizi danışsanız, hamı çox ruhlanacaq. Amma qərara gəlirsiniz ki, bacının sevincinə kölgə salmamaq üçün öz hadisənizi başqa vaxt danışasınız. Bu siz tərəfdən çox nəzakətli hərəkət olar. Amma eyni zamanda Müqəddəs Kitab dərsləri təklif etməyə qətiyyən son qoymayın. Sizin gözəl ənamınız var, onu istifadə edin.

9. Ənamlarımızı hansı məqsədlə istifadə etməliyik?

9 Gəlin yadda saxlayaq ki, istənilən istedadımız Yehovanın bəxşişidir. Ənamımızı özümüzü göstərmək üçün yox, yığıncağı möhkəmləndirmək üçün istifadə etməliyik (Filip. 2:3). Biz bacarığımızı və gücümüzü Yehovanın iradəsini yerinə yetirmək üçün istifadə edəndə sevinəcəyik. Axı biz bunu başqalarından qabağa keçmək və ya özümüzün kimdənsə üstün olduğunu göstərmək üçün etmirik, Yehovanı şərəfləndirmək üçün edirik.

10. Nəyə görə özümüzü başqaları ilə müqayisə etmək hikmətli deyil?

10 Özümüzü bir tələdən də gözləməliyik. Ehtiyatlı olmasaq, özümüzün güclü tərəfini başqasının zəif tərəfi ilə müqayisə edərik. Tutaq ki, bir qardaş çox gözəl nitqlər söyləyir. Bu onun güclü tərəfidir. Amma o, yaxşı natiqlik qabiliyyəti olmayan qardaşa ürəyində xor baxır. Halbuki həmin qardaşın natiqlik qabiliyyəti yaxşı olmasa da, başqa üstün cəhətləri var, məsələn, o, çox qonaqpərvərdir, uşaqlarına gözəl təlim-tərbiyə verir və ya xidmətdə çox fəaldır. Necə də xoşbəxtik ki, bizim çoxlu istedadlı bacı-qardaşlarımız var. Onlar öz bacarıqlarından Yehovaya xidmət etmək və dindaşlarına kömək etmək üçün istifadə edirlər.

BAŞQALARINDAN NÜMUNƏ GÖTÜRÜN

11. İsanın nümunəsini izləmək üçün nəyə görə var gücümüzlə çalışmalıyıq?

11 Düzdür, biz özümüzü başqaları ilə müqayisə etməməliyik. Amma sadiq insanlardan çox şey öyrənə bilərik. Məsələn, götürək İsa Məsihi. Onun kimi kamil ola bilməsək də, onun xüsusiyyətlərindən, gördüyü işlərdən çox şey öyrənə bilərik (1 But. 2:21). Biz onun nümunəsini izləmək üçün əlimizdən gələni etsək, həm Yehovanın yaxşı xidmətçisi olacağıq, həm də səriştəli təbliğçi.

12, 13. Davud padşahdan nə öyrənə bilərik?

12 Allahın Kəlamında bir çox sadiq kişi və qadınlar haqqında yazılıb. Onlar kamil olmasa da, məsihilər üçün gözəl örnəkdir (İbr. 6:12). Məsələn, götürək Davud padşahı. Yehova onun haqqında belə demişdi: «O, Mənim ürəyimcədir». Başqa bir tərcümədə belə yazılıb: «Çox bəyəndiyim bir insandır» (Həv. 13:22). Amma Davud qeyri-kamil idi. O, çoxlu günahlar etmişdi. Buna baxmayaraq, o bizim üçün gözəl nümunədir. Nəyə görə belə demək olar? Çünki məzəmmət olunanda özünə bəraət qazandırmadı, əksinə, tənbehi qəbul etdi və ürəkdən tövbə etdi. Nəticədə, Yehova onu bağışladı (Zəb. 51:3, 4, 10—12).

13 Davudun nümunəsini izləmək üçün özümüzə növbəti sualları verə bilərik: «Mən məsləhətə necə yanaşıram? Səhvimi dərhal qəbul edirəm, yoxsa özümə bəraət qazandırıram? Dərhal başqalarını günahlandırmıram? Bir də bu səhvi etməmək üçün əlimdən gələni edirəm?» Bu kimi sualların üzərində digər sadiq kişi və qadınlar haqqında oxuyanda da düşünə bilərsiniz. Onların üzləşdiyi vəziyyət sizin vəziyyətinizə oxşayır? Onlar hansı gözəl xüsusiyyətləri təzahür etdiriblər? Oxuduğunuz hər parçada özünüzdən soruşun: «Yehovanın bu sadiq xidmətçisinə bənzəmək üçün nə edə bilərəm?»

14. Dindaşlarımıza baxıb nə öyrənə bilərik?

14 Həmçinin biz yaşlı və gənc dindaşlarımızı da müşahidə edərək onlardan çox şey öyrənə bilərik. Məsələn, həmyaşıdlarının təzyiqinə, ailədəki təqiblərə, sağlamlığı ilə bağlı problemlərə, yaxud hər hansı başqa sınağa sədaqətlə tab gətirən dindaşınızı yadınıza salın. Onun hansı tərifəlayiq xüsusiyyətini siz də özünüzdə yetişdirmək istəyərdiniz? Onun nümunəsindən öz sınağınıza dözmək üçün faydalı şeylər öyrənə bilərsiniz. Nə xoşdur ki, gözümüzün qabağında nümunə götürüləsi belə bacı-qardaşlarımız var! Bu da sevinməyimiz üçün daha bir səbəbdir (İbr. 13:7; Yaq. 1:2, 3).

YEHOVAYA XİDMƏTİNİZDƏN SEVİNC DUYUN

15. Bulusun verdiyi hansı məsləhət xidmətdə sevinc duymağımıza kömək edə bilər?

15 Hərə öz bacarığını tam şəkildə istifadə etsə, yığıncaqda birlik və sülh olar. Məsələn, birinci əsrdəki məsihilərin müxtəlif ənamları və təyinatları var idi (1 Kor. 12:4, 7—11). Amma bu onlar arasında rəqabət və parçalanma yaratmırdı. Hətta Bulus təşviq etmişdi ki, onların hər biri «Məsihin bədənini inşa» etmək üçün bacardığını etsin. O, efeslilərə yazmışdı: «Hər bir üzv öz işini düzgün görəndə bu, bədənin böyüməsinə və məhəbbətdə möhkəmlənməsinə kömək edir» (Efes. 4:1—3, 11, 12, 16). Bu məsləhətə əməl edənlər yığıncaqda birliyin və sülhün olmasına töhfə verirdilər. Bu gün də biz yığıncaqlarda bunun şahidiyik.

16. Nəyə qəti qərarlı olmalıyıq? (İbranilərə 6:10).

16 Qətiyyən özünüzü başqaları ilə müqayisə etməyin. Məsihdən öyrənin və onun xüsusiyyətlərini təzahür etdirməyə can atın. Həmçinin Müqəddəs Kitabda yazılan və müasir dövrümüzdəki iman örnəklərindən çox şey öyrənə bilərsiniz. Daima xidmətdə əlinizdən gələni edirsinizsə, bir şeydən əmin olun: «Allah ədalətsiz deyil ki,.. çəkdiyiniz zəhməti unutsun». (İbranilərə 6:10 ayəsini oxuyun.) Bundan sonra da Yehovaya sevinclə xidmət edin. Unutmayın ki, Yehova Onun yolunda var gücünüzlə etdiyiniz xidməti çox dəyərləndirir.

NƏĞMƏ 65 İrəli get!

a Başqalarından görüb-götürmək yaxşı şeydir. Amma ehtiyatlı olmalıyıq ki, özümüzü onlarla müqayisə etməyək. Çünki bu zaman ya ruhdan düşərik, ya da lovğalanarıq. Məqalə bizə bu tələyə düşməməyə və sevincimizi qorumağa kömək edəcək.

b ŞƏKLİN İZAHI. Qardaş cavan vaxtlarında Beyteldə xidmət edib. Sonra ailə qurub və həyat yoldaşı ilə birgə öncül kimi xidmət edib. Övlad sahibi olandan sonra isə onlara təbliğ etməyi öyrədib. İndi o, yaşa dolub, yenə də xidmətdə əlindən gələni edir, məktub vasitəsilə şahidlik verir.