Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 10

Köhnə şəxsiyyətdən qurtulmaq mümkündür

Köhnə şəxsiyyətdən qurtulmaq mümkündür

«Köhnə şəxsiyyəti əməlləri ilə birgə əyninizdən [çıxarın]» (KOL. 3:9).

NƏĞMƏ 29 Daşıdığımız ada layiq yaşayaq

İCMAL *

1. Müqəddəs Kitabı öyrənməzdən öncə həyatınız necə idi?

 YEHOVANIN ŞAHİDLƏRİ ilə Müqəddəs Kitabı öyrənməzdən öncə həyatınız necə idi? Çoxlarımız həmin vaxtları heç yadına da salmaq istəmir. Çünki, xasiyyətimizi və düşüncəmizi bu dünyanın dəyərləri, pisə və yaxşıya dair baxışları formalaşdırırdı. Nəticədə, «bu dünyada ümidsiz və Allahsız» yaşayırdıq (Efes. 2:12). Amma Müqəddəs Kitabı öyrənməyə başlayandan sonra həyatımız büsbütün dəyişdi.

2. Müqəddəs Kitabdan bilik almağın sayəsində nəyi anladınız?

2 Müqəddəs Kitabdan bilik almağın sayəsində anladınız ki, göydə sizi çox sevən Atanız var. Öyrəndiniz ki, Onu razı salmaq və xidmətçilərindən ibarət ailəsinə daxil olmaq üçün həyat tərzində, düşüncənizdə köklü dəyişikliklər etməlisiniz. Yehovanın bəyəndiyi işləri görməyi, bəyənmədiyi əməllərdən uzaq durmağı öyrənməlisiniz (Efes. 5:3—5).

3. Koloslulara 3:9, 10 ayələrində Yehova bizə nə buyurur və bu məqalədə nə haqda danışacağıq?

3 Yehova Yaradanımız və səmavi Atamızdır. Onun ailəsinin davranışı ilə bağlı qaydalar qoymağa haqqı çatır. O buyurur ki, vəftiz olunmazdan öncə biz «köhnə şəxsiyyəti əməlləri ilə birgə» əynimizdən çıxarıb ataq *. (Koloslulara 3:9, 10 ayələrini oxuyun.) Bu məqalə vəftiz olunmaq istəyənlərə növbəti üç suala cavab tapmağa kömək edəcək: 1) Köhnə şəxsiyyət nədir? 2) Nəyə görə Yehova onu əynimizdən çıxarmağı buyurur? 3) Bunu necə edə bilərik? Artıq vəftiz olunmuş şəxslərə isə bu məqaləni araşdırmaq köhnə şəxsiyyətə qayıtmamağa kömək edəcək.

«KÖHNƏ ŞƏXSİYYƏT» NƏDİR?

4. Köhnə şəxsiyyətin qulu olan insana nələr xasdır?

4 Köhnə şəxsiyyətin qulu olan insanın düşüncəsi və davranışı cismanidir. Adətən belə insan xudbin, qəzəbli, naşükür və qürurlu olur. O, pornoqrafik materiallara, zorakı və əxlaqsız filmlərə baxır. Sözsüz ki, onun yaxşı xüsusiyyətləri də var, bəlkə də, əməllərinə və ya sözlərinə görə peşmançılıq çəkir, amma özündə nələrisə dəyişmək üçün güclü istəyi yoxdur (Qal. 5:19—21; 2 Tim. 3:2—5).

Köhnə şəxsiyyəti əynimizdən çıxaranda günahlı əməllərin və arzuların əsarətindən qurtuluruq (5-ci abzasa baxın) *

5. Köhnə şəxsiyyəti əynimizdən tamamilə çıxara bilərik? İzah edin (Həvarilərin işləri 3:19).

5 Qeyri-kamil olduğumuz üçün heç birimiz bütün pis fikirləri və arzuları ürəyimizdən və ağlımızdan tamamilə çıxara bilmərik. Bəzən danışığımızda və davranışımızda sonradan peşmançılığını çəkəcəyimiz səhvlərə yol verəcəyik (Ərm. 17:9; Yaq. 3:2). Amma biz köhnə şəxsiyyəti əynimizdən çıxaranda artıq günahlı düşüncələrin və əməllərin qulu olmuruq. Tamamilə başqa bir insan oluruq (Əşy. 55:7; Həvarilərin işləri 3:19 ayəsini oxuyun).

6. Nəyə görə Yehova yanlış fikirlərdən və pis vərdişlərdən yaxa qurtarmağımızı istəyir?

6 Yehova bizi yanlış düşüncədən və pis vərdişlərdən yaxa qurtarmağa təşviq edir. Çünki O bizi çox istəyir və bizim xoşbəxt olmağımızı arzulayır (Əşy. 48:17, 18). O bilir ki, biz günahlı arzulara təslim olanda həm özümüzə, həm də ətrafımızdakı insanlara zərər yetiririk. Bunu görmək isə Yehovaya qəlb ağrısı verir.

7. Romalılara 12:1, 2 ayələrinə əsasən, qarşımızda hansı seçim var?

7 Xüsusiyyətlərimizdə dəyişiklik etmək istədiyimiz üçün, ola bilsin, dostlarımızdan və ailə üzvlərimizdən kimsə bizi ələ salsın (1 But. 4:3, 4). Onlar deyə bilər ki, istədiyimiz kimi yaşamağa ixtiyarımız var, heç kim bizə yol göstərməməlidir. Amma əslində, onlar azad deyillər, Şeytanın idarə etdiyi dünyanın təsiri altındadırlar. (Romalılara 12:1, 2 ayələrini oxuyun.) Hər birimizin qarşısında seçim var: ya biz günahın və Şeytanın dünyasının formalaşdırdığı köhnə şəxsiyyəti əynimizdə saxlayacağıq, ya da izin verəcəyik ki, Yehova bizi dəyişib mümkün olan qədər yaxşı insana çevirsin (Əşy. 64:8).

KÖHNƏ ŞƏXSİYYƏTİ NECƏ ÇIXARA BİLƏRSİNİZ?

8. Köhnə şəxsiyyətdən yaxa qurtarmağımız üçün hansı köməyimiz var?

8 Yehova bilir ki, yanlış düşüncəni dəyişmək və pis vərdişlərdən yaxa qurtarmaq üçün müəyyən vaxt və güc sərf etmək lazımdır (Zəb. 103:13, 14). Amma Yehova Kəlamı, müqəddəs ruhu və təşkilatı vasitəsilə bizə hikmət və güc verir, həmçinin lazımi dəyişikliklər etməyimizə kömək edir. Şübhəsiz, siz Yehovanın köməyini artıq görmüsünüz. Bəs köhnə şəxsiyyəti əyninizdən çıxarmaq və vəftizə yararlı olmaq üçün daha nələr edə bilərsiniz?

9. Allahın Kəlamı sizə necə kömək edə bilər?

9 Müqəddəs Kitabın köməyi ilə özünüzü yaxşıca təhlil edin. Allahın Kəlamı güzgüyə bənzəyir. Bizə düşüncəmizi, danışığımızı, davranışımızı yoxlamağa kömək edir (Yaq. 1:22—25). Müqəddəs Kitab dərsi keçən müəlliminiz və ya başqa yetkin məsihi sizə özünüzü təhlil etməyin yolunu göstərə bilər. Məsələn, onlar Kəlam vasitəsilə həm zəif, həm də güclü cəhətlərinizi görməyə kömək edə bilərlər. Nəşrlərimizdən pis vərdişlərinizi tərgitməyə kömək edəcək məsləhətlər tapmağın üsulunu öyrədə bilərlər. Yehova da sizin köməyinizə çatmağa həmişə hazırdır. O sizi hamıdan yaxşı tanıdığı üçün sizə kömək etməyin ən yaxşı yolunu bilir (Məs. 14:10; 15:11). Odur ki, Ona dua etməyi və Kəlamını hər gün mütaliə etməyi vərdişə çevirin.

10. Elinin hadisəsindən nə öyrəndiniz?

10 Yehovanın ən yaxşı qayda-qanunlar verdiyinə bütün qəlbinizlə inanın. Onun buyurduğu hər bir şey bizim xeyrimizədir. Yehovanın qayda-qanunlarına uyğun yaşayanlarda özünə hörmət hissi yaranır, onlar həyatda məna tapırlar və əsl xoşbəxtliyi duyurlar (Zəb. 19:7—11). Yehovanın buyruqlarına əməl etməyənlər isə günahlı bədənin əməllərinin qulu olurlar və bunun acı nəticələrini biçirlər. Eli adlı bir nəfərin başına gələnlər buna əyani sübutdur. O, Yehovanı sevən bir ailədə böyüyüb. Amma Eli yeniyetmə yaşlarında özünə yaxşı dostlar seçmədi. O, narkotik qəbul etməyə, əxlaqsız həyat yaşamağa və oğurluq etməyə başladı. Eli fikir verdi ki, hədsiz qəzəbli, zorakı insana çevrilib. O deyir: «Bir məsihi kimi etməməli olduğum hər əməli törədirdim». Amma Eli uşaqlıqdan öyrəndiklərini unutmamışdı və sonradan Müqəddəs Kitabı yenidən öyrənməyə başladı. O, var gücü ilə çalışdı ki, pis vərdişlərindən qurtulsun və 2000-ci ildə vəftiz olundu. Yehovanın qanunlarına uyğun yaşamağın ona hansı xeyri oldu? O deyir: «İndi ürəyim rahatdır və vicdanım təmizdir» *. Bu nümunə göstərir ki, Yehovanın buyruqlarına əməl etməyənlər özlərinə ziyan vururlar. Hətta bu halda belə Yehova onlara dəyişməyə kömək etməyə hazırdır.

11. Yehova nələrə nifrət edir?

11 Yehovanın nifrət etdiyi şeylərə nifrət edin (Zəb. 97:10). Müqəddəs Kitabda yazılıb ki, «təkəbbürlə baxan gözlər, yalan danışan dil, günahsız qan tökən əllər» Yehova üçün iyrəncdir (Məs. 6:16, 17). O həmçinin «zorakı, hiyləgər adamdan» ikrah edir (Zəb. 5:6). Yehova bu cür əməllərə o qədər nifrət edir ki, Nuh peyğəmbərin dövründə dünya zorakılıqla dolduğu üçün bütün pisliyi yer üzündən silmişdi (Yar. 6:13). Başqa bir sahəyə baxaq. Məlaki peyğəmbər vasitəsilə Yehova demişdi ki, günahsız həyat yoldaşından boşanmaq üçün fənd quranlara nifrət edir. Yehova onların ibadətini qəbul etmir və davranışlarına görə Ona hesabat verəcəklər (Məl. 2:13—16; İbr. 13:4).

İylənmiş ərzağı yemək fikri bizdə hansı hissi oyadırsa, Yehovanın bəyənmədiyi işi görmək də bizdə eyni hissləri oyatmalıdır (11 və 12-ci abzaslara baxın)

12. «Pislikdən ikrah etmək» nə deməkdir?

12 Yehova Allah buyurur ki, «pislikdən ikrah» edək (Rom. 12:9). «İkrah» sözü çox güclü bir hissi bildirir. Bu, nəyəsə hədsiz dərəcədə nifrət etmək, ondan iyrənmək deməkdir. Məsələn, əgər sizə bir qab iylənmiş yeməyi yemək təklif olunsaydı, nə edərdiniz? Adam hətta bunu fikirləşəndə belə ürəyi ağzına gəlir. Eynilə Yehovanın bəyənmədiyi işi görmək fikrinin özü bizdə ikrah oyatmalıdır.

13. Nəyə görə ağlımızı qorumalıyıq?

13 Ağlınızı qoruyun. Bizim fikirlərimiz əməllərimizə təsir edir. Elə buna görə də İsa Məsih demişdi ki, ciddi günah etməyimizə gətirib çıxaran fikirləri özümüzdən uzaqlaşdıraq (Mət. 5:21, 22, 28, 29). Axı biz səmavi Atamızın qəlbini sevindirmək istəyirik, elə deyilmi? Buna görə də çox vacibdir ki, ağlımıza gələn istənilən pis fikri dərhal qovaq!

14. Danışığımız nədən xəbər verir və özümüzə hansı sualları verməliyik?

14 Danışığınıza nəzarət edin. İsa demişdi: «Ağızdan çıxan şeylər... ürəkdən gəlir» (Mət. 15:18). Doğrudan da, bizim danışığımız daxilən necə insan olduğumuzdan xəbər verir. Özünüzə növbəti sualları verin: «Həqiqəti deməyim məni pis vəziyyətə salsa da, yalan danışmamağa çalışıram? Bir evli insan kimi, diqqətli olurammı ki, əks cinsdən olan insanla flirt etməyim? Pozğun danışıqdan vəbadan qaçırmış kimi qaçıram? Kimsə əhvalımı korlayanda sakit şəkildə cavab verirəm?» Bu suallar üzərində düşünməyin sizə böyük köməyi dəyə bilər. Danışığı paltarın düymələrinə bənzətmək olar. Düymələri açanda paltarı əynimizdən rahat çıxara bilirik. Eləcə də danışığınızda yalan, təhqiramiz və ədəbsiz sözlər işlətməsəniz, köhnə şəxsiyyəti əyninizdən çıxarmaq daha asan olacaq.

15. Köhnə şəxsiyyətimizi «dirəyə mıxlamaq» nə deməkdir?

15 Qəti tədbir görün. Həvari Bulus həyat tərzimizdə dəyişiklik etməyin vacibliyini vurğulamaq üçün təsirli nümunə çəkmişdi. Yazmışdı ki, biz köhnə şəxsiyyəti dirəyə mıxlamalıyıq (Rom. 6:6). İsa Məsih Yehovanı razı salmaqdan ötrü dirəkdə mıxlanmağa hazır olduğu kimi, biz də Yehovanı razı salmaqdan ötrü Onun nifrət etdiyi əməlləri öldürməyə hazır olmalıyıq. Yalnız bu addımları atdığımız təqdirdə təmiz vicdana sahib olacağıq və əbədi yaşamaq ümidimiz olacaq (Yəh. 17:3; 1 But. 3:21). Unutmayın ki, Yehova bizə görə Öz qayda-qanunlarını dəyişməyəcək, Onun qayda-qanunlarına uyğun gəlmək üçün biz dəyişməliyik (Əşy. 1:16—18; 55:9).

16. Nəyə görə günahlı arzularla mübarizə aparmağa davam etməlisiniz?

16 Günahlı arzularınızla mübarizə aparmağa davam edin. Hətta vəftiz olunandan sonra da siz günahlı arzularınızla mübarizə aparacaqsınız. Gəlin Maurisyu adlı bir nəfərin həyatına nəzər salaq. O, gənc yaşlarından homoseksual həyat tərzi sürürdü. Sonralar Maurisyu, Yehovanın xidmətçiləri ilə rastlaşdı və Müqəddəs Kitabı öyrənməyə başladı. O, həyatında dəyişikliklər etdi və 2002-ci ildə vəftiz olundu. Maurisyu artıq uzun illərdir ki, Yehovaya sədaqətlə xidmət edir. Buna baxmayaraq, o deyir: «Etiraf etməliyəm ki, bəzən yanlış arzularla mübarizə aparıram». Maurisyu qoymur ki, bu şeylər onu ruhdan salsın. O deyir: «Bu arzularıma yenilməməklə Yehovanın qəlbini sevindirməyim məni ürəkləndirir» *.

17. Nabihanın hadisəsində sizi nə ruhlandırdı?

17 Duada Yehovadan kömək istəyin; öz gücünüzə yox, Yehovanın müqəddəs ruhuna arxalanın (Qal. 5:22; Filip. 4:6). Köhnə şəxsiyyəti əynimizdən çıxarmaq və bir daha geyinməmək üçün çox qətiyyətli olmalıyıq. Nabiha adlı bir qadının hadisəsinə nəzər salaq. Altıca yaşı olanda atası onu atıb getmişdi. Bu, Nabihanın qəlbinə dərin yara vurmuşdu. Böyüdükcə Nabiha çox qəzəbli, aqressiv bir insan oldu. O, narkotik satışı ilə məşğul olmağa başladı. Buna görə həbs olundu və bir neçə ilini həbsxanada keçirtdi. Həbsxanaya gələn Yehovanın Şahidləri onunla Müqəddəs Kitabı öyrənməyə başladılar. Nabiha həyatında köklü dəyişikliklər etdi. O deyir: «Pis vərdişlərimin bəzilərindən əl çəkmək mənə o qədər də çətin olmadı. Lakin siqareti atanacan çox əzab çəkdim». Nabiha siqareti tərgitmək üçün bir ildən çox mübarizə apardı və nəhayətdə, bu asılılıqdan yaxa qurtara bildi. O, bunu necə bacardığını bölüşür: «Ən böyük kömək Yehovaya usanmadan dua etməyim oldu». İndi o hamıya deyir: «Əminəm ki, əgər mənim kimi insan Yehovanı razı salmaq üçün həyatında belə dəyişikliklər edə bildisə, deməli, bunu hər kəs bacarar!» *

VƏFTİZƏ YARARLI OLA BİLƏRSİNİZ!

18. 1 Korinflilərə 6:9—11 ayələrinə əsasən, Yehovanın bir çox xidmətçisi nəyə nail olub?

18 Birinci əsrdə Yehovanın Məsihlə birgə padşahlıq etmək üçün seçdiyi bəzi insanlar əvvəllər pis əməllərlə məşğul olmuşdular. Onların arasında əxlaqsızlar, homoseksuallar və oğrular var idi. Amma Yehovanın müqəddəs ruhunun köməyi ilə onlar özlərində dəyişikliklər edə bilmişdilər. (1 Korinflilərə 6:9—11 ayələrini oxuyun.) Eynilə bu gün də milyonlarla insan Müqəddəs Kitabın köməyi ilə həyatlarında dəyişikliklər edib *. Bu insanlar dərinə kök salmış vərdişlərindən yaxa qurtara biliblər. Onların nümunəsi sübut edir ki, siz də pis vərdişlərinizi tərgidib, vəftiz olunmaq üçün yararlı ola bilərsiniz.

19. Növbəti məqalədə nə haqda danışacağıq?

19 Vəftiz olunmaq istəyənlər köhnə şəxsiyyəti əyinlərindən çıxarmaqla yanaşı, yeni şəxsiyyəti də əyinlərinə geyinməlidirlər. Növbəti məqalədən öyrənəcəyik ki, onlar bunu necə edə bilərlər və başqaları onlara bu sahədə necə kömək edə bilər.

NƏĞMƏ 41 Ey Allahım, eşit duamı

^ Vəftizə yararlı olmaq üçün biz özümüzdə lazımi dəyişikliklər etməliyik. Bu məqalədə öyrənəcəyik ki, köhnə şəxsiyyət nədir, nəyə görə onu əynimizdən çıxarmalıyıq və bunu necə edə bilərik? Növbəti məqalədə isə öyrənəcəyik ki, vəftiz olunandan sonra da özümüzdə dəyişikliklər etmək üçün nələr edə bilərik.

^ BƏZİ İFADƏLƏRİN İZAHI. «Köhnə şəxsiyyəti əyindən çıxarmaq» Yehovanın bəyənmədiyi xüsusiyyətlərdən və arzulardan azad olmaq deməkdir. Bunu vəftiz olunmazdan öncə etməyə başlamalıyıq (Efes. 4:22).

^ Ətraflı məlumat almaq üçün «Gözətçi qülləsi»nin 2012-ci il 1 aprel sayında yerləşən «Müqəddəs Kitab həyatları dəyişir. Mən Yehovaya geri dönməyə qərar verdim» adlı məqaləyə (rus.) baxın.

^ Ətraflı məlumat almaq üçün «Gözətçi qülləsi»nin 2012-ci il 1 may sayında yerləşən «Müqəddəs Kitab həyatları dəyişir. Mənə çox xeyirxahlıq göstərdilər» adlı məqaləyə (rus.) baxın.

^ Ətraflı məlumat almaq üçün «Gözətçi qülləsi»nin 2012-ci il 1 oktyabr sayında yerləşən «Müqəddəs Kitab həyatları dəyişir. Mən qəzəbli və aqressiv bir insan oldum» adlı məqaləyə baxın.

^ « Müqəddəs Kitab həyatları dəyişir» adlı çərçivəyə baxın.

^ ŞƏKLİN İZAHI. Yanlış düşüncə və pis vərdişləri köhnə paltar kimi əynimizdən çıxarıb atmalıyıq.