TƏLİM MƏQALƏSİ 11
Vəftizdən sonra da «yeni şəxsiyyəti» geyinin
«Yeni şəxsiyyəti geyinin» (KOL. 3:10).
NƏĞMƏ 49 Yehovanın ürəyini sevindirək
İCMAL *
1. Xasiyyətimizi əsasən nə formalaşdırır?
BƏZİLƏRİMİZ bir neçə gündür, bəzilərimiz isə uzun illərdir vəftiz olunub. Bundan asılı olmayaraq, hər birimiz istəyirik ki, Yehovanın bəyəndiyi bir insan olaq. Belə insan olmaq üçün isə düşüncəmizi idarə etməliyik. Çünki düşüncəmizin xasiyyətimizə böyük təsiri var. Əgər fikrimiz-zikrimiz nəfsimizi təmin etməkdədirsə, danışığımız da, davranışımız da pis olacaq (Efes. 4:17—19). Yox əgər ağlımızı yaxşı şeylərlə qidalandırırıqsa, onda öz danışığımızla və hərəkətimizlə Yehovanın qəlbini sevindirəcəyik (Qal. 5:16).
2. Bu məqalədə hansı sualları müzakirə edəcəyik?
2 Ötən məqalədən öyrəndik ki, pis fikirlərin ümumiyyətlə ağlımıza gəlməməsi mümkünsüzdür. Amma bu fikirlərə uyğun davranıb-davranmamaq bizim əlimizdədir. Vəftiz olunmamışdan qabaq Yehovanın nifrət etdiyi danışığa və davranışa son qoymalıyıq. Bu, köhnə şəxsiyyəti əynimizdən çıxarmaq üçün ən başlıca və ən mühüm addımdır. Amma Yehovanı tam şəkildə razı salmaq üçün biz həmçinin «yeni şəxsiyyəti geyinin» əmrinə də tabe olmalıyıq (Kol. 3:10). Bu məqalədə növbəti sualların cavabını tapacağıq: «“Yeni şəxsiyyət” nədir? Onu necə geyinə bilərik? Bu şəxsiyyətin əynimizdə qalması üçün nə edə bilərik?»
«YENİ ŞƏXSİYYƏT» NƏDİR?
3. «Yeni şəxsiyyət» nədir və insanın onu geyindiyi nədən görünür? (Qalatiyalılara 5:22, 23).
3 «Yeni şəxsiyyəti» geyinən insan çalışır ki, düşüncəsi və davranışı ilə Yehovaya bənzəsin. Belə insan müqəddəs ruhun bəhrəsini əks etdirir. Müqəddəs ruhun onun düşüncəsini, hisslərini və hərəkətlərini formalaşdırmasına izin verir. (Qalatiyalılara 5:22, 23 ayələrini oxuyun.) Məsələn, o, Yehovanı və Onun xalqını sevir (Mət. 22:36—39). Sınaqlar zamanı sevincini qoruyur (Yaq. 1:2—4). O, sülhpərvərdir (Mət. 5:9). Başqalarına qarşı səbirlidir, xeyirxahdır (Kol. 3:13). Yaxşılıq etməyi sevir (Luka 6:35). Öz əməlləri ilə sübut edir ki, səmavi Atasına imanı güclüdür (Yaq. 2:18). Kimsə onu özündən çıxarmağa çalışsa da, mülayim davranır, tamah qarşısında özünə hakim olur (1 Kor. 9:25, 27; Tit. 3:2).
4. Nəyə görə Qalatiyalılara 5:22, 23 ayələrində yazılan xüsusiyyətlərin hamısını təzahür etdirməliyik?
4 «Yeni şəxsiyyəti» geyinmək üçün Qalatiyalılara 5:22, 23 ayələrində və digər ayələrdə qeyd olunan bütün xüsusiyyətləri özümüzdə yetişdirməliyik *. Bu xüsusiyyətlərin hansınasa əhəmiyyətsiz yanaşmaq olmaz, hamısını eyni anda təzahür etdirməliyik. Nəyə görə? Səbəblərdən biri odur ki, bu xüsusiyyətlərin hansısa yönləri digər xüsusiyyətlərlə əlaqəlidir. Məsələn, əgər siz insanlara məhəbbət bəsləyirsinizsə, onlara qarşı həm səbirli, həm də xeyirxah olacaqsınız. Əgər siz yaxşı insan olmaq istəyirsinizsə, mülayim və özünüzə hakim olmalısınız.
«YENİ ŞƏXSİYYƏTİ» NECƏ GEYİNƏ BİLƏRİK?
5. «Məsihin düşüncəsinə» sahib olmaq nə deməkdir və nəyə görə onu yaxından tanımalıyıq? (1 Korinflilərə 2:16).
5 1 Korinflilərə 2:16 ayəsini oxuyun. «Yeni şəxsiyyəti» geyinmək üçün biz «Məsihin düşüncəsinə» sahib olmalıyıq. Yəni İsanın düşüncə tərzi haqda öyrənməliyik və ona bənzəməyə çalışmalıyıq. İsa Allahın ruhunun bəhrəsini mükəmməl şəkildə təzahür etdirir. O, Yehovanın xüsusiyyətlərini qüsursuz güzgütək dəqiqliklə əks etdirir (İbr. 1:3). Biz İsa Məsih kimi düşünməyi öyrəndikcə həm davranışımızda, həm də xüsusiyyətlərimizdə ona daha çox bənzəyəcəyik (Filip. 2:5).
6. «Yeni şəxsiyyəti» geyinərkən hansı amilləri unutmamalıyıq?
6 İsanın nümunəsini izləmək, həqiqətənmi, mümkündür? Ola bilsin, belə düşünürük: «İsa kamil idi, mən heç vaxt onun kimi ola bilmərəm». Əgər siz də belə fikirləşirsinizsə, növbəti amilləri yadda saxlayın. Birincisi, biz Yehovanın və İsanın bənzərində yaradılmışıq. Deməli, onlara oxşamağa çalışa bilərik və müəyyən dərəcədə də olsa, bu bizdə alınacaq (Yar. 1:26). İkincisi, Allahın müqəddəs ruhu Kainatda ən qüdrətli qüvvədir. Onun köməyi ilə biz təkbaşına heç vaxt görə bilməyəcəyimiz işləri görə bilərik. Üçüncüsü, Yehova hal-hazırda bizdən müqəddəs ruhun bəhrəsini mükəmməl surətdə əks etdirməyimizi gözləmir. O, yerüzü cənnətdə yaşamaq ümidi olanların kamilliyə yetişməsi üçün min il vaxt verəcək (Vəhy 20:1—3). İndi Yehovanın bizdən istəyi odur ki, əlimizdən gələni edək və Onun köməyinə arxalanaq.
7. İndi nəyi araşdıracağıq?
7 İsadan konkret nədə nümunə götürə bilərik? Biz indi müqəddəs ruhun bəhrəsinə daxil olan dörd xüsusiyyəti qısaca nəzərdən keçirəcəyik və araşdıracağıq ki, İsa bu xüsusiyyətləri necə təzahür etdirirdi və biz ondan necə örnək ala bilərik. Həmçinin müəyyən suallar olacaq və onların köməyi ilə yeni şəxsiyyəti nə dərəcədə yaxşı geyindiyimizi təhlil edə biləcəyik.
8. İsa məhəbbət xüsusiyyətini necə təzahür etdirmişdi?
8 İsa Yehovanı çox sevdiyi üçün həm Onun yolunda, həm də bizlərdən ötrü qurbanlar verib (Yəh. 14:31; 15:13). O, yer üzündə sürdüyü fədakar həyat tərzi ilə insanlara olan böyük məhəbbətini sübut etdi. Hətta bəziləri ona qarşı çıxsa da, o, hər gün məhəbbətlə və şəfqətlə davranırdı. Ən əsası da insanlara sevgisini onlara Allahın Padşahlığı haqqında danışmaqla göstərirdi (Luka 4:43, 44). Üstəlik, o, günahkarların əlində əzabla ölməyə razı olmaqla göstərdi ki, Allahı və insanları özündən də çox sevir. Bununla da bizim əbədi yaşamağımız üçün yol açdı.
9. Məhəbbət göstərməkdə İsaya necə bənzəyə bilərik?
9 Biz Yehovanı sevdiyimiz üçün özümüzü Ona həsr edib vəftiz olunmuşuq. Bu sevgidən irəli gələrək İsa kimi biz də insanlarla yaxşı rəftar etməliyik. Həvari Yəhya yazmışdı: «Gördüyü qardaşını sevməyən adam görmədiyi Allahı sevə bilməz» (1 Yəh. 4:20). Özümüzə növbəti sualları verə bilərik: «İnsanları ürəkdən sevirəm? Hətta insanlar mənimlə kobud davransa da, onlara şəfqət göstərirəm? Məhəbbət məni vaxtımı və vəsaitimi sərf edib, insanlara Yehova haqda öyrətməyə təşviq edir? Bunu çoxları zəhmətimi qiymətləndirməsə də, mənə qarşı çıxsa da, etməyə hazıram? Şagird hazırlamaq işinə daha çox vaxt sərf etmək üçün nə edə bilərəm?» (Efes. 5:15, 16).
10. İsanın sülhpərvər olduğunu nədən görürük?
10 İsa sülhpərvər insan idi. İnsanlar onunla pis davrananda o, pisliyə pisliklə cavab vermirdi. Amma təkcə bununla kifayətlənmirdi. Gərgin vəziyyəti yumşaltmaq üçün təşəbbüs göstərirdi. Başqalarını da təşviq edirdi ki, aralarındakı anlaşılmazlığı həll etsinlər. Məsələn, onlara öyrədirdi ki, ibadətlərinin qəbul olunması üçün qardaşları ilə küsülü qalmamalıdırlar (Mət. 5:9, 23, 24). İsa hər dəfə şagirdlərinə kömək edirdi ki, kimin böyük olması üstündə etdikləri mübahisəyə son qoysunlar (Luka 9:46—48; 22:24—27).
11. Biz necə sülhpərvər ola bilərik?
11 Sülhpərvər insan olmaq üçün mübahisələrdən qaçınmaq azdır. Biz başqaları ilə fikirayrılığı yaranan zaman sülhü bərpa etmək üçün təşəbbüs göstərməliyik və bacı-qardaşlarımızı da buna təşviq etməliyik (Filip. 4:2, 3; Yaq. 3:17, 18). Özümüzə növbəti sualları verə bilərik: «Başqaları ilə aramda sülh yaratmaq üçün qurbanlar verməyə hazıram? Bacı-qardaşlar xətrimə dəyəndə onlara qarşı kin saxlayıram? Hətta düşünsəm də ki, problemin səbəbkarı qarşı tərəfdir, sülh yaratmaq üçün özüm təşəbbüs göstərirəm? Münasibdirsə, araları dəyən dindaşlarımı bir-biriləri ilə münasibətlərini düzəltməyə təşviq edirəm?»
12. İsa xeyirxah olduğunu necə göstərmişdi?
12 İsa xeyirxah insan idi (Mət. 11:28—30). Bunu onun hətta gərgin vəziyyətlərdə belə başqaları ilə nəzakətlə davranmasından və güzəştə getməsindən görmək olar. Məsələn, bir dəfə finikiyalı qadın İsaya yalvarmışdı ki, onun xəstə uşağını sağaltsın. İsa əvvəl-əvvəl onun xahişini yerinə yetirmək istəməsə də, onun böyük imanını görüb uşağını sağaltmışdı (Mət. 15:22—28). Amma İsanın xeyirxah olması o demək deyildi ki, o, məsləhət vermirdi. Bəzən o, xeyirxahlığını sevdiyi kəslərə düzəliş etməklə göstərirdi. Məsələn, bir dəfə Butrus İsanı Allahın iradəsini yerinə yetirməkdən çəkindirmək istəyəndə İsa onu digər şagirdlərin qarşısında məzəmmət etmişdi (Mark 8:32, 33). O, bununla Butrusu alçaltmaq istəmirdi, ona nəsihət vermək istəyirdi. Həmçinin digər şagirdlərə də başa salmaq istəyirdi ki, ona dəstək olmalıdırlar. Düzdür, yəqin, Butrus bir az pis olmuşdu, amma bu məsləhətin xeyrini gördü.
13. Həqiqətən xeyirxah olduğumuz nədən görünəcək?
13 Sevdiyimiz insanlara qarşı xeyirxah davranmağımız bəzən onlarla açıq danışmağımızdan görünəcək. Belə məqamlarda İsadan örnək alaraq Müqəddəs Kitabdakı prinsiplərə əsasən məsləhət verin. Bu zaman nəzakətli davranın. Onlar haqqında müsbət fikirdə olun, etibar edin ki, sizi və Yehovanı sevdiyi üçün məsləhətinizi qəbul edəcək. Özünüzə növbəti sualları verin: «Çox istədiyim bir insan səhv addım atanda ona məsləhət verməyə cəsarətim çatır? Məsləhət vermək lazım gələndə bunu mehriban şəkildə edirəm, yoxsa kobud şəkildə? Məni məsləhət verməyə nə təşviq edir: insanın hərəkətindən qıcıqlandığım üçün məsləhət verirəm, yoxsa onun yaxşılığını düşünürəm?»
14. İsa yaxşılıq xüsusiyyətini necə təzahür etdirirdi?
14 İsa həm yaxşılığın nə olduğunu bilir, həm də yaxşılıq edir. O, Allaha sevgisindən irəli gələrək həmişə düzgün şeyləri düzgün niyyətdən irəli gələrək edir. Yaxşılıq xüsusiyyəti özünü başqalarının rifahı naminə edilən xeyirxah əməllərdə büruzə verir. Düzgün davranışın nə olduğunu bilmək kifayət deyil; biz düzgün davranmalıyıq və bunu düzgün niyyətdən etməliyik. Bəzən bizdə belə bir sual yarana bilər: «Məgər yaxşı bir şeyi səhv niyyətdən irəli gələrək də etmək olar?» Bəli, olar. Məsələn, İsanın dövründə bəzi insanlar kasıblara sədəqə verəndə bunu elə tərzdə edirdilər ki, başqaları da görsün və onları tərifləsin. Buna görə də onların savab işləri Yehovanın gözündə əhəmiyyətini itirirdi (Mət. 6:1—4).
15. Sözün əsl mənasında yaxşı insan olmaq üçün nə etməliyik?
15 Biz sözün əsl mənasında yaxşı insan olmaq istəyiriksə, yaxşı işləri xudbin niyyətlə etməməliyik. Növbəti suallar üzərində düşünə bilərsiniz: «Mən düzgün davranışın nə olduğunu sadəcə bilirəm, yoxsa bunu edirəm? Yaxşı işi hansı niyyətlə görürəm?»
YENİ ŞƏXSİYYƏTİ «KÖHNƏLMƏYƏ» QOYMAYIN
16. Hər gün nə etməliyik və nəyə görə?
16 Biz düşünməməliyik ki, yeni şəxsiyyəti geyinmək üçün etdiyimiz dəyişikliklər yalnız vəftiz olunana qədərdir. Biz bu gözəl geyimimizi həmişə yaxşı vəziyyətdə saxlamağa çalışmalıyıq. Bunu etməyin üsullarından biri Allahın ruhunun bəhrəsinə daxil olan xüsusiyyətləri hər gün təzahür etdirməkdir. Nəyə görə? Çünki Yehova daim fəaliyyətdədir və Onun ruhu da fəal qüvvədir (Yar. 1:2). Buna görə də ruhun bəhrəsinə daxil olan hər bir xüsusiyyət bizi hərəkətə təşviq edə bilər və etməlidir də. Məsələn, şagird Yaqub yazmışdı: «Əməlsiz iman... ölüdür» (Yaq. 2:26). Eyni şeyi müqəddəs ruhun bəhrəsinə daxil olan digər xüsusiyyətlər barədə də demək olar. Hər dəfə onları təzahür etdirəndə Allahın fəal qüvvəsinin bizdə fəaliyyət göstərdiyini sübut edirik.
17. Müqəddəs ruhun bəhrəsini təzahür etdirə bilməyəndə nə etməliyik?
17 Bəzən uzun illər vəftiz olunmuş məsihilərdə də ruhun bəhrəsini təzahür etdirmək alınmır. Amma önəmlisi odur ki, biz bu xüsusiyyətləri təzahür etdirmək üçün daim çalışaq. Məsələn, belə bir nümunəyə baxaq: tutaq ki, sizin sevdiyiniz hansısa bir paltarınız cırılıb. Nə edəcəksiniz? Onu dərhal tullayacaqsınız? Xeyr. Çalışacaqsınız ki, onu tikəsiniz. Gələcəkdə isə daha ehtiyatlı olacaqsınız. Eynilə hansısa vəziyyətdə kiməsə qarşı xeyirxah olmamısınızsa, səbirlə və ya məhəbbətlə davranmamısınızsa, ruhdan düşməyin. Səmimi qəlbdən üzr istəsəniz, həmin insanla münasibətinizi düzəltmək üçün sanki bir tikiş atacaqsınız. Gələcəkdə isə çalışın ki, daha yaxşı davranasınız.
18. Nəyə əmin ola bilərik?
18 Necə də xoşbəxtik ki, bizim İsa kimi gözəl örnəyimiz var. İsa kimi düşünməyi öyrəndikcə onun kimi davranmaq daha asan olacaq. Onun kimi davrananda isə yeni şəxsiyyəti əynimizə daha yaxşı geyinəcəyik. Bu məqalədə biz müqəddəs ruhun bəhrəsinə daxil olan yalnız dörd xüsusiyyətə baxdıq. Məsləhət görərdik ki, vaxt ayırıb ruhun bəhrəsinə daxil olan digər xüsusiyyətləri də araşdırasınız və onları nə dərəcədə yaxşı təzahür etdirdiyiniz haqqında düşünəsiniz. Bu haqda məqalələri tapmaq üçün «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaitində «Məsihi həyatı» bölməsinə daxil olub «Ruhun bəhrəsi» yarımbaşlığına baxın. Əmin olun ki, əlinizdən gələni etsəniz, Yehova da sizə yeni şəxsiyyəti geyinməyə və onu əyninizdən çıxarmamağa kömək edəcək.
NƏĞMƏ 127 Necə insan olmalıyam?
^ Əvvəllər hansı əməl sahibi olmağımızdan asılı olmayaraq, hər birimiz «yeni şəxsiyyəti» geyinə bilərik. Bunun üçün düşüncə tərzimizi dəyişməyə davam etməli və İsaya bənzəməyə çalışmalıyıq. Bu məqalədə İsanın düşüncə tərzi və insanlarla rəftarı haqda öyrənəcəyik və görəcəyik ki, vəftiz olunandan sonra da ondan necə nümunə götürə bilərik.
^ Qalatiyalılara 5:22, 23 ayələrində müqəddəs ruhun köməyi ilə inkişaf etdirdiyimiz bütün yaxşı xüsusiyyətlər sadalanmayıb. Bu haqda «Gözətçi qülləsi» jurnalının 2020-ci il iyun sayında yerləşən «Oxucuların sualları» rubrikasında tapa bilərsiniz.