Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 23

Övladlarınıza Allah sevgisi aşılayın

Övladlarınıza Allah sevgisi aşılayın

«Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla və bütün ağlınla sev» (MƏT. 22:37).

NƏĞMƏ 134 Övladlar Allahdan paydır

İCMAL *

1, 2. Nəyə görə vəziyyətimiz dəyişəndə Müqəddəs Kitab prinsiplərinə baxışımız da dəyişir? İzah edin.

 TOY günlərində bəy və gəlin Müqəddəs Kitaba əsaslanmış nikah məruzəsinə diqqətlə qulaq asırlar. Nitqdə səslənən prinsiplər onlar üçün yeni deyil. Amma bu gündən etibarən bu prinsiplər onlar üçün böyük əhəmiyyət kəsb edəcək. Çünki artıq bir ər-arvad kimi bunları öz ailələrində tətbiq edəcəklər.

2 Məsihi ər-arvadlar valideyn olanda da eyni şey baş verir. Ola bilsin, onlar illər ərzində uşaqların təlim-tərbiyəsi ilə bağlı çoxlu nitqlər eşidiblər, amma indi özləri uşaq tərbiyə etməlidirlər və bu prinsiplər onlar üçün xüsusi əhəmiyyət daşıyır. Bu, çox böyük məsuliyyətdir. Bəli, vəziyyətimiz dəyişəndə Müqəddəs Kitabdan yaxşı bildiyimiz prinsiplərə baxışımız da dəyişir. Yehovanın xidmətçilərinin bütün ömürləri boyu, hər gün Müqəddəs Kitabı oxuyub üzərində düşünmələrinin səbəblərindən biri məhz budur (Qan. 17:19).

3. Bu məqalədə nəyi müzakirə edəcəyik?

3 Əziz valideynlər, bir məsihi kimi sizə ən böyük şərəflərdən biri nəsib olub. Siz övladınıza Yehova haqqında öyrədə bilərsiniz. Əlbəttə, övladınıza Allah haqqında sadəcə quru biliklər öyrətmək istəməzsiniz. İstəyərsiniz ki, ona Yehovanı ürəkdən sevməyə kömək edəsiniz. Bəs övladlarınızın ürəyinə Yehova sevgisini necə aşılaya bilərsiniz? Bu məqalədə valideynlərə kömək edəcək dörd Müqəddəs Kitab prinsipini araşdıracağıq (2 Tim. 3:16). Həmçinin öyrənəcəyik ki, bəzi məsihi valideynlər bu prinsipləri tətbiq etməyin hansı faydasını görüblər.

VALİDEYNLƏRƏ KÖMƏK EDƏCƏK DÖRD PRİNSİP

Hər işinizdə Yehovaya üz tutsanız və yaxşı nümunə olsanız, bu, övladınıza necə təsir edəcək? (4 və 8-ci abzaslara baxın)

4. Hansı prinsip valideynlərə uşaqlarının ürəyində Yehovaya məhəbbət oyatmağa kömək edə bilər? (Yaqub 1:5).

4 Prinsip 1: Yehovadan sizə yol göstərməsini diləyin. Uşağınızın ürəyində Yehovaya məhəbbət oyatmaq üçün Yehovadan hikmət istəyin. (Yaqub 1:5 ayəsini oxuyun.) Sizə ən gözəl məsləhəti O verə bilər. Bunu demək üçün çox əsasımız var. Gəlin onlardan ikisinə baxaq. Birincisi, Yehova ən ulu valideyndir (Zəb. 36:9). İkincisi, Onun verdiyi hikmətli məsləhətlər həmişə xeyrimizədir (Əşy. 48:17).

5. a) Yehovanın təşkilatı valideynlərə hansı köməyi göstərir? b) Amorimlər cütlüyünün videosundan uşaqların tərbiyəsi ilə bağlı nə öyrəndiniz?

5 Yehova Kəlamı və təşkilatı vasitəsilə bizə bol ruhani qida təqdim edir. Bu məlumatların köməyilə valideynlər övladlarının ürəyinə Yehovaya məhəbbət aşılaya bilərlər (Mət. 24:45). Məsələn, illər ərzində «Oyanın!» jurnalının «Ailələrə kömək» rubrikasında valideynlər üçün faydalı məsləhətlər dərc olunurdu. İndi bu rubrika saytımızda yerləşir. Həmçinin jw.org saytımızda çoxlu müsahibələr və səhnələşdirilmiş videolar var. Bu videolar valideynlərə kömək edə bilər ki, övladlarının tərbiyəsində Yehovanın verdiyi məsləhətləri tətbiq etsinlər * (Məs. 2:4—6).

6. Bir ata Yehovanın təşkilatı vasitəsilə verdiyi rəhbərlik haqda nə düşünür?

6 Bir çox valideynlər Yehovanın təşkilatı vasitəsilə göstərdiyi köməyə görə minnətdar olduqlarını deyiblər. Co adlı ata bölüşür: «Üç övladımızı həqiqətdə böyütmək elə də asan iş deyil. Yoldaşımla mən həmişə Yehovaya dua edib kömək istəyirik. Fikir vermişik ki, üzləşdiyimiz vəziyyətin öhdəsindən gəlmək üçün təşkilatımızın məqalələri və ya videoları düz vaxtında köməyimizə çatır. Biz həmişə Yehovanın rəhbərliyinə üz tutmuşuq». Co ilə arvadı fikir veriblər ki, bu vəsaitlər övladlarının Yehovaya yaxınlaşmasına kömək edir.

7. Nəyə görə valideynlər qoyduqları nümunəyə fikir verməlidirlər? (Romalılara 2:21).

7 Prinsip 2: Nümunə qoyun. Uşaqlar valideynlərini diqqətlə müşahidə edir və çox vaxt nə görürlər, onu da götürürlər. Düzdür, səhvsiz valideyn yoxdur (Rom. 3:23). Buna baxmayaraq, hikmətli valideynlər əllərindən gələni edirlər ki, uşaqlarına yaxşı nümunə olsunlar. (Romalılara 2:21 ayəsini oxuyun.) Bir ata uşaqları barədə deyir: «Onlar süngər kimi dediyimiz və etdiyimiz hər şeyi özlərinə çəkirlər, öyrətdiklərimizə uyğun davranmasaq, bunu mütləq bizə deyəcəklər». Beləcə, əgər istəyiriksə ki, övladlarımız Yehovanı sevsin, onda özümüzün Yehovaya güclü məhəbbəti olmalıdır və bu, aydın görünməlidir.

8, 9. Endryu və Emmanın dediklərindən nə öyrəndiniz?

8 Uşaqların ürəyinə Yehovaya sevgi aşılamağın yolları çoxdur. On yeddi yaşlı Endryu adlı qardaş belə deyir: «Valideynlərim həmişə duanın vacibliyini vurğulayıblar. Hətta özüm dua etsəm də, atam yenə də hər axşam mənimlə birlikdə dua edirdi. Valideynlərim həmişə bizə deyirdi: “Yehova ilə ürəyin nə qədər istəyir, o qədər danışa bilərsən”. Onların sayəsində mən də duaya xüsusi önəm verirəm. İndi mənim üçün Yehovaya dua etmək çox rahatdır. Ona məni sevən bir Ata kimi yanaşıram». Əziz valideynlər, unutmayın ki, sizin Yehovaya sevginiz uşağınızın ürəyində də Ona sevgi oyada bilər.

9 Gəlin Emma bacının nümunəsinə baxaq. Emmanın atası onları atıb getmişdi. Üstəlik, ailəsinin üstünə çoxlu borc qoymuşdu. Emma deyir: «Anam maddi cəhətdən korluq çəksə də, həmişə Yehovanın necə qayğıkeş olmasından, xidmətçilərinə ruzi yetirməsindən danışırdı. Anamın həyatından da görürdüm ki, o, buna ürəkdən inanır. O, təbliğdə insanlara öyrətdiklərinə özü də əməl edirdi». Bundan hansı nəticəni çıxarırıq? Valideynlər hətta çətin vəziyyətlərdə övladlarına gözəl nümunə qoya bilərlər (Qal. 6:9).

10. İsrailli valideynlərin övladları ilə söhbət etmək üçün hansı imkanları olurdu? (Qanunun təkrarı 6:6, 7).

10 Prinsip 3: Övladlarınızla müntəzəm ünsiyyət edin. Yehova israillilərə əmr etmişdi ki, övladlarına daima Onun haqqında öyrətsinlər. (Qanunun təkrarı 6:6, 7 ayələrini oxuyun.) Həmin dövrdə valideynlərin övladları ilə vaxt keçirmək və onların ürəyində Yehovaya məhəbbət oyatmaq üçün çoxlu imkanları olurdu. Məsələn, israilli oğlan uşaqları ataları ilə birlikdə tarlada əkin-biçin işi ilə məşğul olurdular, bəzən onlar saatlarla birgə vaxt keçirirdilər. Qız uşaqları isə günün əksər hissəsini analarının yanında olur, analarına tikiş, toxuculuq və digər ev işlərində kömək edirdilər. Valideynlərin uşaqları ilə birgə işləyə-işləyə vacib mövzularda söhbət etmək imkanları olurdu. Məsələn, onlar Yehovanın xeyirxahlığından və onların ailəsinə etdiyi köməkdən danışa bilərdilər.

11. Məsihi valideynlərin uşaqları ilə söhbət etmək imkanlarından biri hansıdır?

11 Zəmanə dəyişib. Bəzi ərazilərdə valideynlər uşaqları ilə bütün günü birgə vaxt keçirə bilmirlər. Çünki, ola bilsin, valideynlər işdə olur, uşaqlar isə məktəbdə. Buna görə də valideynlər övladları ilə ünsiyyət etmək üçün şərait yaratmalıdırlar (Efes. 5:15, 16; Filip. 1:10). Ailəvi ibadətdə bunun üçün gözəl imkan yaranır. Aleksandr adlı gənc qardaş deyir: «Atam ailəvi ibadət üçün həmişə hazırlıq görür və o yol vermir ki, nəsə bizim birgə vaxt keçirməyimizə mane olsun. Ailəvi ibadətdən sonra oradan-buradan danışırıq».

12. Ailəvi ibadət vaxtı ailə başçıları nəyi unutmamalıdırlar?

12 Əgər ailə başçısısınızsa, ailəvi ibadətin uşaqlarınıza maraqlı olması üçün nə edə bilərsiniz? Bəlkə, onlarla yeni nəşrimiz olan «Əbədi xoşbəxt həyat!» kitabını araşdırasınız? Bu nəşri araşdırarkən gözəl söhbət etmək imkanınız olacaq. Uşaqlarınızın öz hisslərini, narahatlığını sizinlə bölüşməsini istəyirsinizsə, ailəvi ibadət vaxtı onlara moizə oxumayın və onları danlamayın. Həmçinin uşağınız Müqəddəs Kitab prinsiplərinə zidd fikir söyləyəndə kəskin reaksiya verməyin. Əksinə, fikirlərini dürüst şəkildə dediyinə görə minnətdarlığınızı bildirin və təşviq edin ki, həmişə açıq danışsın. Uşağınızın nə düşündüyünü biləndə ona daha çox köməyiniz dəyəcək.

Valideynlər övladlarına Yehovanın yaratdıqları vasitəsilə Onun xüsusiyyətləri barədə necə öyrədə bilərlər? (13-cü abzasa baxın)

13. Valideynlər övladlarına başqa hansı yollarla Yehovaya yaxınlaşmağa kömək edə bilərlər?

13 Əziz valideynlər, övladlarınızın Yehovaya yaxınlaşmasına kömək etmək üçün gün ərzində fürsətlər axtarın. Onlara Yehova haqqında dərs keçəndən-keçənə öyrətməyin. Liza adlı bir ana deyir: «Biz təbiətdə gördüyümüz hər bir şey vasitəsilə çalışırdıq ki, övladlarımıza Yehova haqqında nəsə öyrədək. Məsələn, itimizin hansısa hərəkəti uşaqlarımızı güldürəndə onlara deyirdik ki, bu, Yehovanın da bizim kimi yumor hissinin, həyat sevgisinin olduğunu göstərir».

Əziz valideynlər, övladlarınızın dostlarını tanıyırsınız? (14-cü abzasa baxın) *

14. Valideynlərin uşaqlarına yaxşı dostlar seçməyə kömək etməsi nəyə görə vacibdir? (Məsəllər 13:20).

14 Prinsip 4: Övladlarınıza yaxşı dostlar tapmağa kömək edin. Allahın Kəlamında aydın yazılıb ki, dostlar bizə ya yaxşı, ya da pis təsir edir. (Məsəllər 13:20 ayəsini oxuyun.) Bəs siz övladlarınızın dostlarını tanıyırsınız? Onların dostları ilə birgə vaxt keçirirsiniz? Övladlarınıza Yehovanı sevən kəslərlə dostlaşmağa necə kömək edə bilərsiniz? (1 Kor. 15:33). Yehova ilə sıx münasibətləri olan dindaşlarınızla ailəlikcə vaxt keçirmək uşaqlarınıza yaxşı dostlar tapmağa kömək edə bilər (Zəb. 119:63).

15. Valideynlər uşaqlarına yaxşı dostlar tapmağa necə kömək edə bilərlər?

15 Gəlin görək Toni adlı bir qardaş və onun yoldaşı uşaqlarına yaxşı dost tapmağa necə kömək ediblər. O deyir: «İllər ərzində yoldaşımla birgə evimizə bacı-qardaşları dəvət etmişik. Onların arasında cavanlar da olub, yaşlılar da. Onlarla birgə yemək yemişik və ailəvi ibadət keçirmişik. Bu, Yehovanı sevən, Ona qulluq edən kəslərlə tanış olmağın gözəl yoludur. Evimizdə rayon nəzarətçiləri, xüsusi təyinatlı müjdəçilər və digər bacı-qardaşlar qonaq qalıb. Uşaqlarımız onların təcrübəsindən, şövqündən və fədakarlığından çox şey öyrənib. Bütün bunlar uşaqlarımızın Yehovaya yaxınlaşmalarına kömək edib». Əziz valideynlər, uşaqlarınıza yaxşı dostlar seçməyə mütləq kömək edin.

ÜMİDİNİZİ İTİRMƏYİN!

16. Əgər övladınız Yehovaya xidmət etmək istəmədiyini desə, nə edə bilərsiniz?

16 Ola bilsin, əlinizdən gələni etsəniz də, övladınız artıq Yehovaya xidmət etmək istəmədiyini deyir. Bu zaman düşünməyin ki, bir valideyn kimi vəzifənizin öhdəsindən gələ bilməmisiniz. Yehova, övladınız da daxil olmaqla, hər birimizə iradə azadlığı, yəni Ona ibadət edib-etməməyi seçmək bacarığı verib. Əgər övladınız Yehovanı tərk edibsə, onun bir gün geri qayıdacağına ümidinizi itirməyin. İtmiş oğul haqda məsəli yadınıza salın (Luka 15:11—19, 22—24). Həmin oğlan salehlik yolundan çox uzaqlaşmışdı, amma axırda geri qayıtdı. Kimsə deyə bilər: «Bu, bir məsəldir. Həyatda belə bir şey çətin ki olsun». Amma Eli adlı bir qardaşın hadisəsi göstərir ki, bu, mümkündür.

17. Elinin hadisəsi sizi necə ruhlandırdı?

17 Eli valideynləri haqda deyir: «Onlar Yehovanı və Kəlamını sevməyim üçün əllərindən gələni etmişdilər. Amma yeniyetməlik illərimdə onların öyrətdiklərinə qarşı çıxmağa başladım». Eli ikili həyat sürürdü. Valideynləri ona Yehovadan ayrılmamağa nə qədər kömək etməyə çalışsa da, o, onlara qulaq asmadı. Eli evi tərk etdi və pis əməllərlə məşğul oldu. Buna baxmayaraq, o, hərdənbir dostuna Müqəddəs Kitab haqda danışırdı. Eli deyir: «Dostuma nə qədər çox Yehova haqda danışırdım, bir o qədər çox Yehova haqda düşünürdüm. Ürəyimdə yatan həqiqət toxumları, o toxumlar ki, valideynlərim böyük zəhmətlə əkmişdilər, tədricən də olsa, cücərməyə başladı». Bir müddət sonra Eli həqiqətə geri qayıtdı *. Şübhəsiz, valideynləri Elinin ürəyinə körpə yaşlarından Yehovaya sevgi aşıladıqlarına görə çox sevinirdilər (2 Tim. 3:14, 15).

18. Övladlarına Yehovanı sevməyi öyrətmək üçün əllərindən gələni edən valideynlərlə bağlı fikirlərinizi bölüşün.

18 Əziz valideynlər, sizin müstəsna bir imkanınız var: yeni nəslə Yehovaya ibadət etməyi öyrətmək (Zəb. 78:4—6). Bu, asan iş deyil. Sizə afərin ki, övladlarınıza kömək etmək üçün gücünüzü əsirgəmirsiniz! Övladlarınıza Yehovaya sevgi aşılamaq, Onun tərbiyəsi və öyüd-nəsihəti ilə böyütmək üçün həmişə əlinizdən gələni etsəniz, əmin ola bilərsiniz ki, Yehovanın ürəyi şad olacaq (Efes. 6:4).

NƏĞMƏ 135 Yehova nəvazişlə çağırır: «Oğlum, hikmətli ol»

^ Məsihi valideynlər uşaqlarını çox sevirlər. Onlar uşaqlarının maddi və mənəvi cəhətdən qeydinə qalmaq üçün böyük zəhmət çəkirlər. Ən əsası isə valideynlər uşaqlarının Yehovanı sevməsi üçün əllərindən gələni edirlər. Bu məqalədə müzakirə olunan dörd prinsip valideynlərə bu məqsədə çatmağa kömək edə bilər.

^ «Gözətçi qülləsi»nin 2012-ci il 1 aprel sayında dərc olunan «Müqəddəs Kitab həyatları dəyişir» adlı məqaləyə (rus.) baxın.

^ ŞƏKLİN İZAHI. Ata oğlunun dostunu tanımaq üçün onlarla birgə basketbol oynayır.