Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 22

İlahi hikmət bələdçiniz olsun!

İlahi hikmət bələdçiniz olsun!

«Hikmət verən Yehovadır» (MƏS. 2:6).

NƏĞMƏ 89 Allahın sözünə əməl edənlər xoşbəxtdir

İCMAL *

1. Nəyə görə hər birimizin ilahi hikmətə ehtiyacı var? (Məsəllər 4:7).

 YƏQİN, hansısa mühüm qərarı verməzdən öncə dua edib Yehovadan hikmət istəmisiniz. Çünki hikmətə ehtiyac duyduğunuzu başa düşürdünüz (Yaq. 1:5). Süleyman padşah yazmışdı: «Ən əsası hikmətdir». (Məsəllər 4:7 ayəsini oxuyun.) Sözsüz ki, Süleyman burada bəşəri hikmətdən yox, Yehovanın verdiyi hikmətdən danışırdı (Məs. 2:6). Bəs ilahi hikmət bizə bu gün üzləşdiyimiz problemləri həll etməyə kömək edə bilər? Bəli, məqalədən görəcəyimiz kimi kömək edə bilər.

2. Əsl hikmətə yiyələnməyin bir yolu hansıdır?

2 Əsl hikmətə yiyələnməyin bir yolu öz hikmətləri ilə tanınan iki insanın məsləhətlərinin dərinliyinə varıb, onlara əməl etməkdir. Onlardan biri Süleyman padşahdır. Onun haqqında Müqəddəs Kitabda belə yazılıb: «Allah Süleymana hədsiz hikmət və bəsirət... verdi» (1 Pad. 4:29). İkincisi isə bənzərsiz hikmətə sahib olan İsa Məsihdir (Mət. 12:42). Onun haqqında qabaqcadan belə deyilmişdi: «Yehovanın ruhu onun üzərində olacaq, hikmət və dərrakə ruhu... onun üzərində olacaq» (Əşy. 11:2).

3. Bu məqalədə nə haqda danışacağıq?

3 Həm Süleyman padşah, həm də İsa Məsih Allahın verdiyi hikmət sayəsində həyatımızın vacib sahələri ilə bağlı gözəl məsləhətlər veriblər. Məqalədə bu sahələrin üçündən, pula və işə düzgün yanaşmaqdan, həmçinin özümüzə düzgün qiymət verməkdən danışacağıq.

PULA DÜZGÜN MÜNASİBƏT

4. Süleymanla İsanın maddi durumu arasında hansı fərq var idi?

4 Süleyman padşah hədsiz var-dövlətə sahib idi, o, cah-calal içində yaşayırdı (1 Pad. 10:7, 14, 15). İsa Məsih isə elə də çox şeyə sahib deyildi, heç öz evi də yox idi (Mət. 8:20). Bununla belə, onların hər ikisi maddi şeylərə düzgün yanaşırdılar. Çünki hər ikisinin sahib olduğu hikmətin mənbəyi Yehova Allah idi.

5. Nəyə görə deyə bilərik ki, Süleyman padşah pula düzgün yanaşırdı?

5 Süleyman padşah pulun insanın «sipəri» olduğunu inkar etmirdi (Vaiz 7:12). Pulla insan yaşamaq üçün zəruri şeyləri əldə edə bilir, yeri gələndə, ürəyi istəyən nəsə ala bilir. Amma bu qədər var-dövlətə sahib olmasına baxmayaraq, Süleyman dərk edirdi ki, puldan daha dəyərli şeylər var. Məsələn, o yazmışdı: «Təmiz ad böyük sərvətdən üstündür» (Məs. 22:1). O həmçinin fikir vermişdi ki, pulu sevən insanlar nadir hallarda əllərində olana qane olurlar (Vaiz 5:10, 12). Bundan əlavə, o, pula bel bağlamamağı məsləhət görmüşdü, çünki pul bu gün var, sabah yoxdur (Məs. 23:4, 5).

Maddi şeylərə münasibətiniz Padşahlığı hər şeydən üstün tutmağa mane olur? (6 və 7-ci abzaslara baxın) *

6. İsanın maddi şeylərə düzgün yanaşdığını nədən görmək olar? (Mətta 6:31—33).

6 İsa Məsih maddi şeylərə düzgün yanaşırdı. O, yeyib-içməyi xoşlayırdı (Luka 19:2, 6, 7). Bir dəfə o, əla növ şərab düzəltmişdi, bu, onun ilk möcüzəsi idi (Yəh. 2:10, 11). Həmçinin ölən günü onun əynində bahalı paltar var idi (Yəh. 19:23, 24). Amma maddi şeylər İsanın həyatında ən vacib yeri tutmurdu. O, davamçılarına demişdi: «Heç kim iki ağaya qulluq edə bilməz... Siz həm Allahın, həm də var-dövlətin qulu ola bilməzsiniz» (Mət. 6:24). İsa öyrədirdi ki, biz Padşahlığı hər şeydən üstün tutsaq, Yehova bizi lazım olan şeylərlə təmin edəcək. (Mətta 6:31—33 ayələrini oxuyun.)

7. Bir qardaş pula düzgün yanaşmağın hansı xeyrini görüb?

7 Bir çox bacı-qardaşlarımız Yehovanın pula düzgün yanaşmaqla bağlı verdiyi hikmətli məsləhətlərin faydasını görüblər. Görün Daniel adlı subay bir qardaş nə deyir: «Yeniyetmə yaşlarımda qərara gəldim ki, həyatımda ən əsas yeri ruhani işlərə verəcəyəm». Daniel sadə həyat sürdüyü üçün Yehovanın işində müxtəlif təyinatları icra edə bilmişdi. O, sözünə belə davam edir: «Tam səmimiyyətimlə deyirəm, seçdiyim həyat yoluna görə heç vaxt peşman olmamışam. Əlbəttə ki, həyatımda pula önəm versəydim, çox pul qazana bilərdim. Bəs onda indiki kimi gözəl dostlarım olardı? Padşahlığı hər şeydən üstün tutduğum üçün indi duyduğum qəlb rahatlığını duyardım? Nə qədər pulum olursa-olsun, heç nə Yehovanın verdiyi nemətlərin dəyərinə çata bilməz». Doğrudan da, fikrimizi pula yox, ruhani şeylərə cəmləyəndə çox xeyir tapırıq.

İŞƏ DÜZGÜN MÜNASİBƏT

8. Süleyman padşahın işə düzgün yanaşdığını haradan bilirik? (Vaiz 5:18, 19).

8 Süleyman padşah insanın əlinin zəhmətindən sevinc duymasını «Allahın bəxşişi» adlandırmışdı. (Vaiz 5:18, 19 ayələrini oxuyun.) O yazmışdı: «Hər zəhmətdə fayda var» (Məs. 14:23). Danışdığı şeylər Süleymana yad deyildi. O, çox zəhmətkeş insan idi! O, evlər tikmişdi, üzümlüklər, bağça-bağlar salmışdı, su hövzələri düzəltmişdi, şəhərlər inşa etmişdi (1 Pad. 9:19; Vaiz 2:4—6). Bunlar böyük zəhmət tələb edən işlər idi, şübhəsiz ki, bu, ona məmnunluq gətirirdi. Amma Süleyman xoşbəxtliyi yalnız bu şeylərdə axtarmırdı. O, Yehovanın da yolunda çoxlu işlər görmüşdü. Məsələn, o, Yehovanın əzəmətli məbədinin tikintisinə rəhbərlik etmişdi. Bu layihəni o, yeddi ilə başa çatdırmışdı! (1 Pad. 6:38; 9:1). Süleyman həm ruhani, həm də digər işlərlə məşğul olmuşdu və belə qənaətə gəlmişdi ki, insanın həyatında əsas yeri Allaha ibadət tutmalıdır. O yazmışdı: «Xülasə, deyilənlərin məğzi budur: Allahdan qorx, Onun əmrlərini yerinə yetir» (Vaiz 12:13).

9. İsa Məsihin işə düzgün yanaşdığı nədən görünür?

9 İsa Məsih də çox zəhmətkeş insan idi. O, gənc yaşlarında dülgər işləyirdi (Mark 6:3). Əlbəttə, İsanın valideynləri ona minnətdar idi ki, böyük külfəti dolandırmaqda onlara dəstək olur. İsa kamil olduğu üçün mükəmməl dülgər idi, yəqin ki, müştərisi də çox idi! Sözsüz ki, o, işini çox sevirdi, işinə can yandırırdı. Amma ruhani işlərə də həmişə vaxt ayırırdı (Yəh. 7:15). Sonralar İsa özünü xidmətə həsr edəndə təbliğ etdiyi insanlara demişdi: «Xarab olub gedən qida üçün əlləşməyin, əbədi həyat gətirən və daim qalan qidadan ötrü çalışın» (Yəh. 6:27). Dağüstü vəzində isə İsa Məsih belə sözlər demişdi: «Xəzinənizi göydə toplayın» (Mət. 6:20).

İşimizlə teokratik məsuliyyətlərimiz arasında tarazılığı necə qoruya bilərik? (10 və 11-ci abzaslara baxın) *

10. Bəzilərinin işdə nə kimi çətinliyi ola bilər?

10 İlahi hikmət bizə də işə düzgün yanaşmağa kömək edə bilər. Bir məsihi kimi, biz əlimizin halal zəhməti ilə dolanmalıyıq (Efes. 4:28). Dürüst və zəhmətkeş işçi olmağımız müdirlərimizin gözündən yayınmır, bəzən onlar bir işçi kimi bizdən razı olduqlarını deyirlər. Belə hallarda yaxşı niyyətdən irəli gələrək düşünə bilərik ki, Yehovanın Şahidləri haqda daha da yaxşı təəssürat oyatmaq üçün iş saatından artıq işləyək. Amma belə etsək, bir müddət sonra görəcəyik ki, ailəmizə və ruhani işlərə vaxt tapmırıq. Belə olan halda tarazlığı qorumaq üçün dəyişiklik etməliyik.

11. Bir qardaş işə düzgün yanaşmaqla bağlı nə öyrənib?

11 Vilyam adlı qardaş işə düzgün yanaşmağı bir ağsaqqaldan öyrənib. Həmin ağsaqqal əvvəllər onun müdiri olub. Vilyam deyir: «Bu qardaş işə düzgün yanaşmaq məsələsində çox gözəl örnəkdir. O, çox zəhmətkeşdir, işini keyfiyyətli gördüyünə görə müştəriləri ilə yaxşı münasibəti var. Amma axşam iş qurtarandan sonra o, işi işdə qoyur və bütün diqqətini ailəsinə, ibadətinə cəmləyir. Deyərdim ki, o, tanıdığım ən xoşbəxt insanlardan biridir!» *

ÖZÜMÜZƏ DÜZGÜN QİYMƏT VERƏK

12. Süleyman padşah bir vaxtlar özü haqda hansı fikirdə idi, bəs sonra nə baş verdi?

12 Süleyman padşah Yehovaya sadiq qaldığı vaxtlarda özünə düzgün qiymət verirdi. O, gəncliyində, hakimiyyətinin ilk illərində başa düşürdü ki, təcrübəsizdir, buna görə də Yehovadan rəhbərlik istəmişdi (1 Pad. 3:7—9). Süleyman həm də dərk edirdi ki, qürur təhlükəlidir. O yazmışdı: «Əcəldən qabaq qürur, süqutdan öncə təkəbbür gələr» (Məs. 16:18). Amma əfsuslar olsun ki, Süleyman padşah verdiyi məsləhətə özü əməl etmədi. Sonralar o qürurlandı və Allahın qanunlarına itaətsizlik etdi. Məsələn, Allahın qanunlarının birində deyilirdi ki, ibrani padşah «çoxlu arvad almamalıdır, yoxsa ürəyi haqq yolundan dönər» (Qan. 17:17). Süleyman padşah bu qanuna məhəl qoymayıb, 700 arvad və 300 cariyə aldı, onların da çoxu bütpərəst idi! (1 Pad. 11:1—3). Bəlkə də, Süleyman düşünürdü ki, bu, onun üçün heç bir təhlükə yaratmaz. Hər necə olsa da, o, bir müddət sonra Yehovadan uzaqlaşmağın acı nəticələrini yaşadı (1 Pad. 11:9—13).

13. İsa Məsihin təvazökarlığından nə öyrənə bilərik?

13 İsa Məsih həmişə özünə düzgün qiymət vermiş və təvazökarlığını qorumuşdu. Yer üzünə gəlməzdən öncə o, möhtəşəm işlər görmüşdü. «Göydə və yerdə olan hər şey» onun vasitəsilə yaradılmışdı (Kol. 1:16). Görünür, vəftiz olunanda o, Atası ilə birgə gördüyü işləri xatırlamışdı (Mət. 3:16; Yəh. 17:5). Amma o, bu şeylərə görə lovğalanmadı. Heç vaxt özünü başqalarından üstün tutmamışdı. İsa şagirdlərinə özü barədə belə demişdi: «İnsan Oğlu da ona görə gəlməyib ki, ona qulluq etsinlər, əksinə, o, xidmət etmək və bir çoxları uğrunda həyatını fidyə kimi vermək üçün gəlib» (Mət. 20:28). Həmçinin belə demişdi: «Oğul özündən bir şey edə bilməz» (Yəh. 5:19). Bu, necə də böyük təvazökarlıq idi! Doğrudan da, İsa Məsih bizim üçün çox gözəl nümunədir.

14. İsadan özümüzə düzgün qiymət verməklə bağlı nə öyrənirik?

14 İsa Məsih davamçılarına da özləri haqda düzgün fikirdə olmağı öyrədirdi. Onları ürəkləndirib demişdi: «Sizin isə başınızdakı tüklər belə, bir-bir sayılıb» (Mət. 10:30). Bu sözlər bizə çox qəlb rahatlığı verir, xüsusilə də özümüz haqda mənfi fikirdəyiksə. Bu, o deməkdir ki, Yaradanımız bizimlə maraqlanır, biz Onun gözündə dəyərliyik. Əgər biz Yehovanın xidmətçisi olmağa və yeni dünyada yaşamağa layiq olmadığımızı düşünürüksə, bir növ, Yehovanın bizimlə bağlı qərarında yanıldığını demiş oluruq. Biz isə bunu etmək istəməzdik.

Özümüzə düzgün qiymət verməməyimiz nə ilə nəticələnə bilər? (15-ci abzasa baxın) *

15. a) «Gözətçi qülləsi»ndə hansı məsləhət verilirdi? b) 24-cü səhifədəki şəkillərə əsasən, fikrimizi özümüzə cəmləsək, hansı nemətləri itirərik?

15 Təxminən 15 il bundan öncə «Gözətçi qülləsi»ndə özümüzə düzgün qiymət verməklə bağlı növbəti məsləhət verilmişdi: «Əlbəttə, biz özümüz haqqında böyük fikirdə olmamalıyıq. Eyni zamanda ifrata qapılıb özümüzü heç bir şeyə yaramayan hesab etmək də düzgün olmazdı. Əksinə, məqsədimiz özümüz haqqında sağlam nöqteyi-nəzərə malik olmaq, yəni həm güclü, həm də zəif cəhətlərimizi nəzərə almaqdır. Bir məsihi qadın belə deyir: “Mən pis insan deyiləm, amma mələk də deyiləm. Hamıda olduğu kimi, mənim də həm yaxşı, həm də pis cəhətlərim var”» *. Gördüyümüz kimi, özümüzə düzgün qiymət vermək bizim xeyrimizədir.

16. Nəyə görə Yehova bizə hikmətli məsləhətlər verir?

16 Yehova Kəlamı vasitəsilə bizə hikmətli məsləhətlər verir. O bizi sevir, istəyir ki, xoşbəxt olaq (Əşy. 48:17, 18). Ən hikmətli və ən çox xoşbəxtlik gətirən qərar Yehovanın qəlbini sevindirən işlər görməkdir. Onda biz bütün diqqəti pula, işə və özünə cəmləyən insanların yaşadığı problemlərdən uzaq olacağıq. Odur ki, gəlin hər birimiz hikmətli olaq və Yehovanın könlünü şad edək! (Məs. 23:15).

NƏĞMƏ 94 Allahın Kəlamına görə minnətdarıq

^ Həm Süleyman padşah, həm də İsa Məsih böyük hikmət sahibi idi. Onların hikmətinin qaynağı Yehova Allah idi. Bu məqalədə onların pulla və işlə bağlı verdiyi məsləhətləri araşdıracağıq. Həmçinin onlardan özümüzə düzgün qiymət verməyi öyrənəcəyik. Eləcə də bu sahələrlə bağlı Müqəddəs Kitabdakı məsləhətlərə əməl edib xeyrini görən dindaşlarımızdan danışacağıq.

^ «Gözətçi qülləsi» jurnalının 2015-ci il 1 fevral sayında dərc olunan «Gördüyün işi sevməyin yolu» adlı məqaləyə (rus.) baxın.

^ «Gözətçi qülləsi»nin 2005-ci il 1 oktyabr sayında dərc olunan «Müqəddəs Kitab sevinc əldə etməyinizə kömək edəcək» adlı məqaləyə baxın.

^ ŞƏKLİN İZAHI. Con və Tom eyni yığıncaqda xidmət edən cavan qardaşlardır. Con vaxtının çoxunu maşınının qulluğuna sərf edir. Tom isə maşını ilə bacı-qardaşları xidmətə və yığıncağa aparır.

^ ŞƏKLİN İZAHI. Con işdən sonra əlavə işləyir. O, müdirinin sözünü yerə salmaq istəmir. Buna görə də müdiri ondan işdən sonra işləməyi xahiş edəndə həmişə razılaşır. Yığıncaq xidmətçisi olan Tom elə həmin axşam bir ağsaqqalla birgə bir bacıya ruhlandırıcı ziyarəti edir. Tom artıq müdirinə deyib ki, həftənin bəzi günlərini Yehovaya ibadətlə bağlı işlərə ayırır.

^ ŞƏKLİN İZAHI. Conun fikri-zikri özündədir. Tom isə ruhani işləri həyatında hər şeydən üstün tutur. O, toplantı zalının təmirində iştirak edərkən çoxlu dostlar qazanır.